Ankarada Xocalı soyqırımının 14-cü ildönümü ilə əlaqədar mitinq və sərgi keçirilmişdir
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Xocalı soyqırımının 14-cü ildönümü ilə əlaqədar fevralın 24-də Türkiyə paytaxtındakı Esterqon qalasında Heydər Əliyev Fondunun və Azərbaycanın Ankaradakı səfirliyinin təşkil etdiyi mitinqə toplaşan qardaş ölkə ictimaiyyətinin və burada yaşayan azərbaycanlıların yüzlərlə nümayəndəsi erməni terroruna və Azərbaycan torpaqlarının işğalına son qoyulması tələblərini səsləndirmişdir. Esterqon qalasına gedən yol boyu ermənilərin törətdikləri vəhşilikləri pisləyən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən plakatlar asılmışdı.
Milli Məclisin deputatı Qənirə Paşayeva Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Xocalı faciəsinin 14-cü ildönümü ilə əlaqədar müraciətini oxudu.
Tədbirdə çıxış edən Ankaranın Keçiörən bələdiyyə başqanı Turqut Altınok Xocalıda ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərin bütün türk dünyasına qarşı təcavüz olduğunu və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində qardaş Türkiyənin hər zaman ölkəmizin ədalətli mövqeyini dəstəklədiyini söylədi.
Milli Məclisin deputatları Elman Məmmədov və Havva Məmmədova ermənilərin Xocalı şəhərində və Azərbaycanın işğal olunmuş digər torpaqlarında törətdikləri qırğınların bütün insanlığa qarşı ağır cinayət olduğunu vurğuladılar, xalqımızı daim dəstəklədiyinə görə qardaş Türkiyəyə minnətdarlıqlarını bildirdilər. Ölkəmizin Ankaradakı səfiri Zakir Həşimov Xocalı faciəsinin soyqırımı kimi dünyada tanıdılması istiqamətində Türkiyə və Azərbaycanın apardığı məqsədyönlü fəaliyyətin bundan sonra da uğurla davam etdirilməsinin zəruriliyini vurğuladı.
Tədbir iştirakçıları Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə Əbədi məşəllərin açılış mərasimində iştirak etdilər. Əbədi məşəlləri səfir Zakir Həşimov və bələdiyyə başqanı Turqut Altınok alovlandırdılar.
Sonda Türkiyə ictimaiyyətinin nümayəndələri, Ankaradakı diplomatik korpusun təmsilçiləri Heydər Əliyev Fondunun və Azərbaycan səfirliyinin Esterqon Türk Mədəniyyət Mərkəzində təşkil etdikləri, Xocalı faciəsinin dəhşətlərindən bəhs edən sərgi ilə tanış oldular. Burada Xocalı qırğınından bəhs edən sənədli film nümayiş etdirildi.
Xalq qəzeti.- 2006.- 25 fevral.- № 42.- S. 2.