Bioqrafiya

  • Əliyeva Mehriban Arif qızı 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub.
  • 1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 
  • 1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 
  • 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib. 
  • 1995-ci ildə onun təşəbbüsü ilə hal-hazırda rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondu təsis olunub. 
  • 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan - İrs” jurnalını təsis edib. 
  • 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib və həmin vəzifədə özünü gözəl təşkilatçı kimi nümayiş etdirib. Onun beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının Bədii Gimnastika üzrə 2003 və 2004-cü il Dünya Kuboku yarışlarının və 2005-ci il Dünya Çempionatının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynayıb. 
  • 2004-cü il may ayının 10-dan Azərbaycan xalqının ümummilli liderinin zəngin irsinin öyrənilməsi və həmçinin Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi ilə yaradılan Heydər Əliyev Fonduna rəhbərlik edir.
  • 2004-cü il dekabrın 28-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib. 
  • 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 
  • 2005-ci ildə “Evtanaziya və təbabətdə humanizm problemi” mövzusunda dissertasiya işi müdafiə edib və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.
  • 2005-ci il noyabrın 6-da Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Əzizbəyov ikinci seçki dairəsindən irəli sürülüb, 92.12% (23106 səs) səs toplayaraq deputat seçilib.
  • 2010-cu il noyabrın 7-də Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülüb, 94,49% (31797 səs) səs toplayaraq deputat seçilib. 
  • 2013-cü il yanvarın 17-də Birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirmək məqsədi ilə yaradılmış Təşkilat Komitəsinin sədri təyin olunub.
  • 2013-cü il iyunun 7-də Yeni Azərbaycan Partiyasının sədr müavini vəzifəsinə seçilib. 
  • 2015-ci ilin oktyabrın 15-də IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ilin may ayında Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri təyin olunub.
  • 2015-ci il noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər seçki dairəsindən irəli sürülüb, 96,7% (38 029 səs) toplayaraq deputat seçilib. 
  • Azərbaycan Respublikasının Prezidentinin 21 fevral 2017-ci il tarixli Sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib.
  • Ailəlidir, iki qızı, bir oğlu, beş nəvəsi var.

Mükafatlar

  • 2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb. 
  • 2005-ci ilin martında “2004-cü ilin ictimai xadimi” nominasiyası üzrə “Caspian Energy İntegration Award-2005” beynəlxalq mükafatına layiq görülüb. 
  • 2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb. 
  • 2005-ci ildə “Lider qadınlar” İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan Sosiologiya Assosiasiyasının keçirdiyi sorğunun nəticələrinə əsasən Azərbaycan qadınına xas yüksək əxlaqi keyfiyyətlərinə, geniş xeyriyyəçilik fəaliyyətinə görə “İlin qadını” elan edilib.
  • 2006-cı il yanvarın 5-də Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu ölkəmizin təhsil sisteminin inkişafında xidmətlərinə, milli mədəni irsimizin qorunub saxlanılmasına və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsi üçün gördüyü işlərə, bədii gimnastika üzrə 27-ci dünya çempionatının respublikamızda yüksək səviyyədə hazırlanıb keçirilməsinə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə “2005-ci ilin adamı” elan edib.
  • 2006-cı ilin martında mədəni-mənəvi dəyərlərin qorunub saxlanmasına verdiyi töhfələrə görə BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) qızıl medalına layiq görülüb. 
  • 2006-cı il noyabrın 23-də sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb.
  • 2007-ci il yanvarın 29-da Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatına layiq görülüb.
  • 2007-ci ilin mayında genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülüb.
  • 2009-cu il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə təşkil olunmuş mərasimdə Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatı ilə təltif edilib.
  • 2009-cu il sentyabrın 14-də Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə təltif edilib. 
  • 2010-cu il fevralın 15-də Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə Fransa Respublikası Prezidentinin Sərəncamı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib.
  • 2010-cu il iyulun 30-da mədəniyyətlərarası dialoqun möhkəmlən-dirilməsindəki xidmətlərinə görə UNESCO-nun “Qızıl Motsart” medalı təqdim edilib.
  • 2011-ci il iyunun 24-də daha yaxşı dünya qurmaq üçün göstərdiyi dəyərli fəaliyyətinə görə Krans Montana Forumunun Qızıl medalına layiq görülüb.
  • 2012-ci il fevralın 13-də səhiyyənin, ətraf mühitin, sülhün və humanizmin qorunması ilə bağlı qlobal problemlərin həllinə verdiyi sanballı töhfələrə görə Rusiya Federasiyasının İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülüb.
  • 2012-ci il aprelin 13-də MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası (HƏŞ) və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən “Birlik Ulduzları” dövlətlərarası mükafatı təqdim edilib.
  • 2012-ci il iyunun 29-da Bakıda keçirilən Krans Montana Forumu çərçivəsində daha yaxşı dünya qurmaq üçün göstərdiyi genişmiqyaslı fəaliyyətinə görə Krans Montana Forumunun “Prix de la Fondation” mükafatı təqdim edilib.
  • 2012-ci ildə “mərhəmətinə, xeyirxahlığına, xalqların rifahı naminə yorulmaz fəaliyyətinə və kazaklara göstərdiyi köməyə görə” Beynəlxalq Kazak Akademiyasının ali “Kazak şöhrəti” (“Kazatskaya slava”) mükafatına layiq görülüb. 
  • 2013-cü ilin yanvarında Pakistanın nüfuzlu “Daily Times” qəzeti və Qadın Könüllülər Təşkilatı Heydər Əliyev Fondunun 2012-ci ildə Pakistanın bütün əyalətlərində keçirdiyi humanitar aksiyalara, o cümlədən təhsil və səhiyyə sahəsində gördüyü işlərə görə  “Humanizm simvolu – 2012-ci ilin adamı” elan edib. 
  • 2013-cü il dekabrın 27-də Pakistanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı - 2013” mükafatına layiq görülüb.
  • 2013-cü il martın 8-dən 2014-cü il yanvarın 10-dək Fransanın Ərəb Mədəni İrsi Mərkəzi və Misirin “Nefertiti Media Productions” şirkətinin birgə keçirdiyi sorğunun nəticəsinə görə, UNESCO-nun Xoşməramlı səfiri kimi fəaliyyətindəki xüsusi xidmətləri nəzərə alınmaqla, həmçinin mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfələrə görə 2014-cü ilin ən nüfuzlu qadını adına layiq görülüb. 
  • 2014-cü ilin mayında sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının “Kybele” fəxri mükafatına layiq görülüb. 
  • 2014-cü ilin mayında Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə “The Business Year” jurnalı tərəfindən “İlin Birinci Xanımı” mükafatına layiq görülüb. 
  • 2014-cü ilin iyununda Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı ilə təltif olunub. 
  • 2014-cü ilin avqustun 14-də “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilib.
  • 2014-cü ilin avqustunda İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə Küveyt Dövlətinin Fəxri diplomu ilə təltif edilib.
  • 2015-ci il fevralın 11-də Pakistanda göstərdiyi xidmətlərə, eləcə də verdiyi böyük töhfələrə görə Pakistan İslam Respublikasının “Hilal-e Pakistan” ali ordeni ilə təltif olunub. 
  • 2015-ci il martın 26-da Serbiya qarşısında ictimai, mədəni və humanitar sahələrdə xüsusi xidmətlərinə görə Serbiya Respublikasının yüksək dövlət mükafatı – “Sreten” ordeni ilə təltif edilib. 
  • 2015-ci il iyun 29-da Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
  • 2015-ci il noyabrın 12-də Azərbaycanda qadınların və uşaqların hüquqlarının qorunması, həmçinin gender bərabərliyi sahəsində göstərdiyi xidmətlərə görə BMT-nin Əhali Fondunun xatirə diplomu və hədiyyəsi təqdim edilib.
  • 2016-cı il yanvarın 21-də Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden ilə təltif edilib.
  • 2016-cı il martın 1-də Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu “Bakı-2015” birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsində oynadığı müstəsna rola, Azərbaycanın müsbət imicinin dünyada tanıdılması istiqamətində göstərdiyi genişmiqyaslı fəaliyyətə, Azərbaycan və dünya mədəniyyətinin qarşılıqlı inteqrasiyası üçün gördüyü işlərə, ölkədə multikulturalizm mühitinin formalaşdırılmasındakı töhfələrə və ardıcıl xeyriyyəçilik fəaliyyətinə görə "2015-ci ilin adamı" mükafatını təqdim edib.
  • 2016-cı il martın 6-da Macarıstanın “Xidmətlərə görə Komandor Xaçı” ordeni ilə təltif edilib.
  • 2017-ci ilin mayın 9-da Olimpiya idman növü olan gimnastikanın inkişafındakı böyük xidmətlərinə görə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yüksək mükafatı ilə təltif olunub.
  • 2017-ci ilin iyunun 2-də Azərbaycan memarlıq irsinin qorunub saxlanılmasında fəaliyyətinə və bu sahəyə verdiyi töhfələrə görə Azərbaycan Memarlar İttifaqının fəxri üzvü seçilib və “Akademik Mikayıl Hüseynov” xatirə medalı ilə təltif olunub.