Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Heydər Əliyev Fondu və UNDP-nin fiziki qüsurlu insanlar ilə bağlı layihələrinin 2013-cü ildə də davam etdirilməsi barədə fikir mübadiləsi aparılmışdır


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 11-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (UNDP) daimi nümayəndəsi Antonius Broek ilə görüşüb.

Mehriban Əliyeva Heydər Əliyev Fondunun UNDP ilə əməkdaşlığının 2005-ci ildən başladığını diqqətə çatdırıb. İndiyədək bir çox layihələrin həyata keçirildiyini deyən Mehriban Əliyeva bunlardan ən böyüyünün “Kor və görmə qabiliyyəti zəif olan insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsi” layihəsi olduğunu vurğulayıb, layihə çərçivəsində Bakıda və regionlarda bu qəbildən olan insanlar üçün İKT mərkəzlərinin inşa olunduğunu diqqətə çatdırıb.

Başqa layihələr barədə də danışan Heydər Əliyev Fondunun prezidenti bunların içindən ətraf mühitin qorunması və mədəniyyət sahələrində görülmüş işləri xatırladıb. Azərbaycanın birinci xanımı gələcəkdə də bu istiqamətdə fəaliyyətin genişləndiriləcəyinə əminliyini ifadə edib.

Antonius Broek həmin layihələrin davam etdirilməsi istiqamətində təkliflərə açıq olduqlarını vurğulayıb. O, Azərbaycanın birinci xanımını ölkəmizin ilk telekommunikasiya peykinin orbitə buraxılması münasibətilə təbrik edib, bunu böyük uğur adlandırıb.

Görüşdə Heydər Əliyev Fondu və UNDP-nin fiziki qüsurlu insanlar ilə bağlı layihələrinin bu il də davam etdirilməsi barədə fikir mübadiləsi aparılıb, 2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya ili” elan olunması ilə əlaqədar ətraf mühitin qorunması və informasiya-kommunikasiya sahəsində işlərin genişləndirilməsi təklif edilib.


Azərbaycan.- 2013.- 12 fevral.- № 32.- S. 2.