“Azərbaycan Mədəniyyətinin Dostları” Fondu yaradılmışdır
Mehriban xanım Əliyevanın və ABŞ-ın Bakıdakı səfirinin həyat yoldaşı xanım Enn Kozlariçin təşəbbüsü və onların həmsədrliyi ilə “Azərbaycan Mədəniyyətinin Dostları” ( Az.MD) Fondu yaradılmışdır. Bu münasibətlə aprelin 29-da M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında gecə keçirilmişdir.
Fondun həmsədri xanım Enn Kozlariç çıxış edərək demişdir ki, Fondu yaratmaqda əsas məqsəd Azərbaycan mədəniyyətini dünya miqyasında daha yaxşı tanıtmaq, geniş təbliğ etmək, incəsənət xadimlərinə maddi yardım göstərməkdir.
Sonra bədii rəhbər və baş dirijor Yalçın Adıgözəlzadənin rəhbərliyi ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin və xalq artisti Fərhad Bədəlbəylinin ifasında klassik musiqi əsərləri səslənmişdir.
Gecədə Dövlət müşaviri Vəfa Quluzadə, Baş nazirin müavini İzzət Rüstəmov, Xarici İşlər Naziri Həsən Həsənov, Prezident Aparatının Humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, Mədəniyyət Naziri Polad Bülbüloğlu, BMT-nin Azərbaycandakı nümayəndəsi Mahmud əl-Səid, səfirliklərin rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.
Azərbaycan.- 1995.- 2 may.- № 80.- S. 1.