Çap etmək   ⁞     ⁞   UNESCO

Azərbaycanla YUNESKO arasında əlaqələr genişlənir

Azərbaycanın YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilməsi ölkəmizin beynəlxalq arenada nüfuzunun daha bir göstəricisidir

Dünya ölkələri arasında elm, təhsil və mədəniyyət körpüsü salmaq və bu vasitə ilə bütün dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək göstərmək məqsədini həyata keçirən YUNESKO bu ali ideyasını bir xətt olaraq davam etdirir. Xalqların dil, din və irqindən asılı olmayaraq, əməkdaşlığın genişləndirilməsində, sülh və təhlükəsizliyin möhkəmləndirilməsində müstəsna rola malik olan bir təşkilat kimi, 1945-ci ildən fəaliyyətdə olan YUNESKO-ya bu gün 190-dan artıq dövlət üzvdür. Bu dövlətlər sırasında Azərbaycanın da yeri var. YUNESKO ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu mühümdür. Belə ki, Ümummilli Lider 1993-cü ilin dekabr ayında Fransa Respublikasında rəsmi səfərdə olarkən YUNESKO-nun o zamankı baş direktoru Federiko Mayorla görüşü bu əlaqələrin yaranmasında addım olub.

Bu görüşün nəticəsi olaraq YUNESKO-ya üzv dövlət kimi 1994-cü ildə Heydər Əliyevin Sərəncamı ilə Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Milli Komissiya yaradılıb. Heydər Əliyev Azərbaycan və YUNESKO əlaqələrinin inkişaf perspektivlərini nəzərə alaraq, hər zaman bu sahəyə diqqət ayırırdı. Daha sonra Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə YUNESKO ilə əlaqələri möhkəmləndirmək və Azərbaycan elminin, təhsilinin və mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan YUNESKO çərçivəsində qəbul edilmiş bir sıra konvensiyalara qoşulur. Bu konvensiyalara qoşulmaq xüsusi əhəmiyyət kəsb edən məsələlərdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu mötəbər təşkilatla əlaqələrin inkişaf etdirilməsinə böyük diqqətlə yanaşır. Görülən işlərin davamı olaraq, 2005-ci il tarixində Prezident İlham Əliyev YUNESKO ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır. Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla mədəniyyət sahəsində qurduğu geniş əməkdaşlıq əlaqələri ölkəmizin milli-mədəni ənənələrə sadiq qalaraq, dünya sivilizasiyasına inteqrasiyası üçün əlverişli şərait yaradıb.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyilə Azərbaycan YUNESCO münasibətləri yüksək inkişaf səviyyəsinə yüksəlib

Müasir dövrümüzdə Azərbaycan YUNESKO münasibətlərinin inkişafında və möhkəmlənməsində Heydər Əliyev Fondunun xüsusi xidmətlərini qeyd etməliyik. Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və YUNESKO-nun ideyalarına sadiqliyinə görə bu təşkilatın xoşməramlı səfiri adına layiq görülüb. Azərbaycanın Birinci Xanımının ciddi səyləri nəticəsində, Azərbaycan muğamı YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olundu. Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, İçərişəhər, Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi YUNESKO-nun Dünya Mədəni İrs siyahısına; aşıq sənəti, xalçaçılıq sənəti, tar ifaçılığı və hazırlanması sənəti, eləcə də, Novruz bayramı YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edildi. YUNESKO ilə Azərbaycan arasında elm təhsil və mədə¬niyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün Bakıda bir sıra beynəlxalq tədbirlər keçirildi. YUNESKO ilə Azərbaycan arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda da bir sıra beynəlxalq tədbirlər keçirilmişdir.

Azərbaycan-YUNESKO əlaqələri ildən-ilə daha da genişlənir. Təşkilatın 36-cı sessiyasında Azərbaycan YUNESKO Baş Konfransının vitse-prezidenti seçilmişdir. Daha sonra Azərbaycanın YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin vitse-prezidenti seçilməsi bu əlaqələrin daha da möhkəmliyinə dəlalət etmiş oldu.

Bu, YUNESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın yüksək fəaliyyəti sayəsində ölkəmiz ilə qurum arasında əlaqələrin möhkəm bir şəkildə qurulmasını özündə ehtiva edir. Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyilə Azərbaycan-YUNESKO münasibətləri yüksək inkişaf səviyyəsinə yüksəlib. YUNESKO hər bir xalqın mədəniyyətinin dünyaya çatdırılması üçün mühüm vasitədir. Bu mühüm vasitə ilə Azərbaycan mədəniyyətinin təbliğində, onun həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük rola malikdir. Müasir həyatımızda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyeva Azərbaycanın haqq səsini YUNESKO-nun tribunasından dünyaya çatdırır.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanın ənənəvi klassik musiqisini dünya miqyasında tanıtmaq məqsədilə Bakıda Beynəlxalq Muğam Mərkəzi tikildi, Beynəlxalq Muğam festivalları keçirildi. 2009-cu ildə 1-ci Beynəlxalq Muğam Festivalı çərçivəsində YUNESKO-nun sabiq Baş Direktoru Koişiro Matsuura ölkəmizə səfər etdi, səfəri çərçivəsində Novruz bayramı şənliklərinə də qatıldı. “Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində Azərbaycanla YUNESKO arasında sıx əməkdaşlıq yaranmışdır” - bu fikrin müəllifi də Koişiro Matsuuradır.

Azərbaycanın görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrin yubileylərinin YUNESKO çərçivəsində qeyd edilməsi də bu qurumla əlaqələrin yüksək səviyyəsinin bariz göstəricisidir. Füzulinin 500 illik, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik, “Leyli və Məcnun” operasının ilk tamaşasının, dünya şöhrətli alim, akademik Yuşif Məmmədəliyevin, görkəmli yazıçı, alim Mir Cəlal Paşayevin 100 illik yubileyləri, habelə, bu sıradan olan digər tədbirlər YUNESKO çərçivəsində böyük təntənə ilə qeyd edilib.

Mehriban xanım Əliyevanın YUNESKO-nun mənzil-qərargahında Xoşməramlı səfirlərin toplantılarında, qurumun mötəbər tədbirlərində iştirakı, keçirdiyi görüşlər, YUNESKO-nun dünya mədəniyyəti və dayanıqlı inkişafda rolu, dünyada təhsilin vəziyyəti və digər aktual mövzularda çıxışları da böyük maraqla qarşılanır. Fondun prezidenti həmin tədbirlərdə diqqəti, həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldir, işğal altında olan ərazilərimizdə tarixi, mədəni abidələrimizin məhv edilməsindən narahatlığını bildirir, bir sözlə, YUNESKO-nun mötəbər 'tribunasından Azərbaycan həqiqətlərinin çatdırılması üçün bacarıqla istifadə edir.

Azərbaycan 90 səslə ən çox səs yığaraq, komitəyə üzv seçilməyə nail olub

YUNESKO-nun mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə gerçəkləşən mədəni tədbirlər, Azərbaycanın inkişafı, tarixi, mədəniyyəti ilə bağlı təqdimatlar, ölkəmizin mədəni abidələri, təbiəti, səfalı yerləri, xalçaçılıq sənəti, mətbəxi barədə bir-birindən maraqlı nəşrlər, kataloqlar da ölkəmizin tanıdılması baxımından böyük önəm daşıyır.

Azərbaycanın Birinci Xanımının YUNESKO-nun xoşməramlı səfirləri arasında da çox böyük nüfuzu var. Qurumda daim nəcib təşəbbüsləri ilə seçilən Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilir, onun gördüyü işləri Xoşməramlı səfirlər üçün örnək hesab edirlər.

Bu əlaqələrin davamı olaraq, bu günlərdə Azərbaycan YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib.

Xarici işlər Nazirliyi və Mədəniyyət Nazirliyi bununla əlaqədar birgə bəyanat yayıblar. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bəyanatda deyilir ki, iyunun 4-6-da Fransanın Paris şəhərində UNESCO-nun baş qərargahında təşkilatın Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyasına üzv ölkələrin 7-ci Baş Assambleyası keçirilib. Sessiya çərçivəsində Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitədə azad olmuş yerlərə seçkilər keçirilib, ikinci qrup üzrə 2 yerə Azərbaycan, Belarus, Gürcüstan, Polşa, Slovakiya, Rumıniya və Makedoniya olmaqla, 7 dövlət namizədliyini irəli sürmüşdü. Aparılmış geniş təbliğat-təşviqat kampaniyası nəticəsində, Azərbaycan qrupda 90 səslə namizədlər arasında ən çox səs yığaraq, komitəyə üzv seçilməyə nail olub. Digər yerə isə 52 səslə Polşa seçilib.

Azərbaycan Respublikası 2010-2014-cü illərdə Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitədə təmsil olunub və ölkəmizə yenidən bu etimadın göstərilməsi beynəlxalq müstəvidə, o cümədən, YUNESKO-da Azərbaycanın qazandığı nüfuzun növbəti təsdiqidir.

Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul olunması Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın dəstəyi və qayğısı, Azərbaycan Respublikası xarici işlər və mədəniyyət nazirliklərinin birgə fəaliyyəti nəticəsində ölkəmizin YUNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.

Bəyanatda o da qeyd olunur ki, 2018- 2022-ci illəri əhatə edən dövr ərzində komitəyə üzv dövlət olaraq Azərbaycan dünyada qeyri-maddi irsin qorunmasına öz töhfəsini vermək və zəngin təcrübəsini paylaşmaq, üzv dövlətlərlə əməkdaşlıq ruhunda birgə fəaliyyət həyata keçirmək, Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyadan irəli gələn məqsədlərin həyata keçirilməsinə yaxından dəstək vermək, həmçinin, qeyri-maddi mədəni irs incilərimizi beynəlxalq səviyyədə təşviq etmək istiqamətində səylərini əsirgəməyəcək.

Zümrüd Bayramova

Səs.-2018.-12 iyun.-№111.-S.6.