Çap etmək   ⁞     ⁞   Azərbaycan Mədəniyyətinin Dostları Fondu

Respublika sarayında xeyriyyə konserti


Noyabrın 25-də Respublika Sarayında Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşəbbüsü ilə «Uşaqlar gələcəyimizdir» devizi altında xeyriyyə konserti olmuşdur. Salona toplaşanlar Azərbaycan Prezidenti Heydər Əliyevi hərarətli alqışlarla qarşıladılar.

Tədbirin aparıcısı Nərgiz Cəlilova məlumat verdi ki, xeyriyyə konserti respublikamızda şəkər xəstəliyinə tutulmuş uşaqlara yardım məqsədilə təşkil edilmişdir. Konsertdən əldə edilən vəsait uşaqların müalicəsi üçün lazım olan cihazların, tibb ləvazimatının və dava-dərmanın, habelə Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu üçün xüsusi UZİ aparatının alınmasına xərclənəcəkdir. Aparıcı Fondun sədri Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə indiyədək bir neçə belə humanist tədbir keçirildiyini bildirdi və uşaqlar ona təşəkkür etdi.

Xüsusi vurğulandı ki, dövlətimizin başçısının ölkəmizdə gənclərə, uşaqlara göstərdiyi diqqət və qayğı nəticəsində onların sağlam və gümrah böyüməsi üçün lazımi şərait yaradılmışdır.

Sonra Azərbaycanın görkəmli incəsənət xadimləri xalq artistləri Fərhad Bədəlbəyli, Fidan və Xuraman Qasımova bacıları, Alim Qasımov, müğənnilər Brilyant Dadaşova, Zülfıyyə Xanbabayeva, Xəyalə Manaflı, habelə «Bakılı oğlanlar» klubu, «Rast» qrupu, «Bəri bax» ansamblı, Dövlət Kamera Orkestri, Dövlət Uşaq Filarmoniyasının rəqs ansamblı, eləcə də Rusiyanın tanınmış estrada müğənniləri Larisa Dolina, Batırxan Şukenov, Aleksandr Buynov, Andrey Qubin və «Strelki» qrupu konsert proqramı ilə çıxış etdilər. Onların ifa etdikləri bir-birindən gözəl və rəngarəng mahnılar, musiqi nömrələri, о cümlədən Prezidentin nəvəsi Leyla Əliyevanın sözlərinə bəstələnmiş «Tənha oturacaq» mahnısı böyük maraqla dinlənildi, alqışlarla qarşılandı.

* * *

Konsert başa çatdıqdan sonra respublikamızın Prezidenti Heydər Əliyev səhnə arxasına gələrək Azərbaycanın və Rusiyanın incəsənət ustalarını uğurlu çıxışları münasibətilə təbrik etdi, onlara yeni nailiyyətlər arzuladı:

− Çox gözəl konsertinizə görə sizi təbrik edirəm. Siz bu gün Azərbaycanın mədəniyyətinin, incəsənətinin yeni nailiyyətlərini bir daha nümayiş etdirdiniz. Ancaq bunun məni çox sevindirən mənası ondan ibarətdir ki, uşaqlar həm oynayırlar, həm də onlara qayğı göstərilir. Xüsusən şəkər xəstəliyi olan uşaqlar üçün bu gün xeyriyyə konserti verildi.

Sizin hər birinizin çıxışı, təbiidir ki, bizi çox sevindirir, insanlara sevinc gətirir. Sizin ifaçılığınızla, gözəl səsinizlə, mahnılarınızla, rəqslərinizlə bərabər, bugünkü çıxışınız məni ona görə çox sevindirdi ki, bu, xəstə uşaqlara, о cümlədən şəkər xəstəliyinə tutulmuş uşaqlara kömək üçün təşkil olunmuşdur. Şəkər xəstəliyi elə bir ağır xəstəlik deyildir. Bu xəstəliyə adətən yaşlı adamlar tutulurlar, ancaq uşaqlar da xəstələnirlər. Amma onları sağaltmaq müalicə və vəsait tələb edir. Mən çox məmnunam ki, bu xeyriyyə konserti onların müalicəsinə kömək edəcəkdir. Ona görə də «Mədəniyyətin Dostları» Fondunun təşəbbüsü, - Mehriban Əliyeva buradadır, - çox böyük tərifə və hər cür dəstəyə layiqdir. Mən ümid edirəm ki, bu, şübhəsiz, digər xeyriyyə təşkilatları üçün nümunə olacaq ki, onlar uşaqlar, xəstə uşaqlar haqqında düşünsünlər, belə uşaqlara qayğı göstərsinlər, xalqımızın, cəmiyyətimizin, xüsusən uşaqların sağlamlığının möhkəmləndirilməsinə öz töhfələrini versinlər.

Burada Moskvadan gəlmiş qonaqlarımız vardır. Yəqin ki, onlar məni başa düşmür və Anar Məmmədxanov da tərcümə etmir. Sən niyə tərcümə etmirsən?

Anar MƏMMƏDXANOV: Cənab Prezident, baş üstə, tərcümə edərəm.

Heydər ƏLİYEV: Edə bilməyəcəksən. Mən dediyim sözləri onlara çatdıra bilməyəcəksən.

Anar MƏMMƏDXANOV: Əlbəttə, Sizin hər bir sözünüzün böyük mənası vardır. Rusca heç ona uyğun sözlər yoxdur.

Heydər ƏLIYEV: Rusca var, rusca sözlər çoxdur.

Konsert ona görə gözəldir ki, Fondda bizə dəfələrlə dedikləri kimi, burada həm Azərbaycanın, həm də Rusiyanın, Moskvanın ulduzları toplaşıblar. Bu, salondakıların münasibətindən də görünürdü. İkincisi də, mən ulduzların hamısını, doğrudur, hamısını olmasa da, hər halda tanıyıram. Bu konsertin Azərbaycan musiqisindən ibarət hissəsində bizim Fidan və Xuraman Qasımovalar kimi görkəmli müğənnilərimizin iştirakının özü bu tədbirin səviyyəsini qaldırır. Bizim qədim muğamlarımızı yeni səpgidə təqdim edən Alim Qasımovun və digərlərinin - Brilyant xanımın, Zülfıyyə xanımın və bir çox başqalarının, əlbəttə ki, Fərhad Bədəlbəylinin adlarını da çəkməliyik. Fərhad Bədəlbəyli həmişəki kimi, yenə də royalda gözəl ifa etdi. Bütün başqaları da. Əlbəttə, uşaqların rəqsləri xüsusi hisslər doğurur, bu, olduqca təsirlidir. Bir baxın, necə balaca, qəşəng və gözəl uşaqlardır, necə rəqs edirlər, gülürlər, bizə baxırlar.

Hesab edirəm ki, bizim moskvalı qonaqlarımız müasir estradanın ən yaxşı nümunələrini göstərdilər. İndi camaat, xüsusən gənclər estradanı sevir. Əlbəttə, biz də sevirik, elə bilməyin ki, təkcə gənclər sevir. Mən özüm də sevirəm, salonda oturub qonaqlarımızı məmnuniyyətlə dinləyirdim. Onların səsləri də gözəldir, musiqi də, mahnılar da gözəldir. Ümumiyyətlə, bütövlükdə hamısı gözəldir. Bizim həmyerlimiz Dolina burada həmişə heyranlıq doğurur. Ancaq bu gün onunla birlikdə burada çıxış edən başqaları da var, ola bilsin, onlar bundan əvvəl Azərbaycanda olublar, bəlkə də olmayıblar. Bir sözlə, hamısı yaxşı formada idi, hamı ruh yüksəkliyi ilə, ürəklə çıxış edirdi.

Sizin səsləriniz və ifaçılıq məharətiniz, şübhəsiz ki, dinləyicilərə çox böyük zövq verdi. Mənə dedilər ki, bu konsertə gəlmək arzusunda olanların sayı lap çox idi, amma bilet tapa bilməyiblər. Bəziləri isə bir təhər buna imkan tapmaq üçün gəliblər. Salonda boş yer yox idi. Bu, əlbəttə, Azərbaycanın incəsənət xadimlərinə, xüsusən də Rusiyanın incəsənət xadimlərinə göstərilən böyük maraqdan xəbər verir. Buraya gəldiyinizə görə, - bugünkü çıxışınıza, mahnılara, rəqslərə görə sağ olun, hamı rəqs edir və oxuyurdu - bu, çox orijinaldır.

Əvvəllər isə belə deyildi, yaxşı müğənni səhnəyə çıxır, bir yerdə dayanır, musiqiçilər çalır və o, oxuyurdu. İndi isə artıq başqa zəmanədir. Amma biz həmin vaxtları xatırlayırıq. İndi isə rəqs edir, atılıb-düşür, oxuyurlar. Mən fıkirləşırəm ki, bu, necə mümkün olur? Buradan oraya qaçmaq, tullanmaq, bəzən hətta salto etmək və eyni zamanda oxumaq lazımdır. Əlbəttə, bütün bunlar bu zəmanəyə, xüsusən də bütün dünyada, о cümlədən həm Rusiyada, həm də Azərbaycanda gənclərə xas olan hallardır.

Əziz dostlar, siz bu gün çox gözəl çıxış etdiniz. Mən sizə təşəkkür edirəm ki, siz buraya gəlmisiniz, bugünkü əla çıxışınıza görə təşəkkürümü bildirir və sizə yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Təbii ki, bu konsertdə bizə böyük fərəh verən bir də odur ki, salondakılar rus musiqisini və Azərbaycan musiqisini eyni dərəcədə sevirlər. Azərbaycan mahnıları, rus mahnıları eyni ruh yüksəkliyi ilə qarşılanır. Hesab edirəm ki, bu, çox mühüm cəhətdir. Əlbəttə, mən şadam ki, bizim xalqımız, xüsusən gənclərimiz təkcə öz milli musiqimizi sevməklə kifayətlənmirlər. Onlar öz milli mədəniyyətlərinə böyük məhəbbət bəsləyirlər, eyni zamanda başqa xalqların, ilk növbədə bütün Rusiya xalqlarının musiqisini və mahnılarını dinləməyi xoşlayırlar. Ona görə ki, biz həmişə Rusiya ilə bağlı olmuşuq.

«Bakılı oğlanlar» klubunun üzvləri buradadırlar. Mən sizi qazandığınız qələbə münasibətilə təbrik edirəm. Ümumiyyətlə, sizə oturub tamaşa edəndə, şübhəsiz ki, diqqət yayınır, amma televiziya ilə baxanda hərəkətləri, mimikanı və s. yaxından görürsən, bu, daha yaxşıdır. Ancaq şübhəsiz ki, siz məni də unutmursunuz, sizin dostluq şarjınız həmişə xoşuma gəlir, əgər bacarsanız, daha nəsə tapın. Mən bilirəm, bax o, bu işləri yaxşı bilir, boyu balaca olduğuna görə burada çox da gözə dəymir. Ancaq dediklərimin hamısını çox yaxşı təqdim edir. O, çox adamları yamsılayır, hərəni də müxtəlif şəkildə. Bu gün sizin çıxışınız qısa oldu, sonra aşıq rolunda sənin qardaşın çıxış etdi. Gələn dəfə sizinlə görüşərik.

Mən sizi bir daha təbrik edirəm. Sizə cansağlığı, uğurlar diləyir və ən xoş arzularımı yetirirəm.

Larisa DOLİNA: Biz də Sizə cansağlığı arzulayırıq. Çox sağ olun. Heydər Əliyeviç, icazə verin, Sizinlə görüşməyimiz münasibətilə üzünüzdən öpüm.

Prezident Heydər Əliyev xeyriyyə konsertinin iştirakçıları ilə xatirə şəkli çəkdirdi.

Mədəniyyət naziri Polad Bülbüloğlu, Prezidentin İcra Aparatının şöbə müdiri Fatma Abdullazadə, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti İlham Əliyev, onun xanımı - Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri Mehriban Əliyeva konsertdə olmuşlar.


Azərbaycan.- 2000.- 26 noyabr.- № 272.- S. 1.