Ana səhifə   ⁞   Bioqrafiya   ⁞   E-Kitablar   ⁞   Biblioqrafiya
Çap etmək   ⁞     ⁞   Azərbaycan Gimnastika Federasiyası

Bakıda bədii gimnastika üzrə 27-ci Dünya çempionatı başa çatdı


Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində bədii gimnastika üzrə 27-ci Dünya çempionatı başa çatmışdır. Oktyabrın 9-da – yarışların axırıncı günü komandaların lent, habelə üç halqa və iki gürzlə qrup təmrinlərində final yarışları keçirilmişdir.

Lentlə təmrinlərdə birinci yeri Bolqarıstan komandası tutmuşdur. İkinci yerə İtaliya, üçüncü yerə isə Rusiya komandaları çıxmışdır. Üç halqa və iki gürzlə təmrinlərin yekunlarına görə İtaliya komandası birinci olmuşdur. Rusiya komandası gümüş, Belarus idmançıları isə bürünc medala layiq görülmüşdür.

Qaliblərə medalları Azərbaycan Gimnastika Federasiyasının prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva təqdim etmişdir.

Respublika Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov çempionatın bağlanış mərasimində bildirmişdir ki, son illər Azərbaycanda dəfələrlə Avropa və dünya səviyyəli idman yarışları keçirilmişdir. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin apardığı və ölkəmizin iqtisadi sosial inkişafına, idman və bədən tərbiyəsi hərəkatına diqqət yetirilməsinə

yönəlmiş siyasətin qanunauyğun nəticəsidir. Dünyanın idman ictimaiyyətinin diqqəti bir neçə gün idi ki, idmanın Olimpiya növü üzrə Dünya çempionatının keçirildiyi və planetimizin ən güclü gimnastlarının toplaşdığı Bakıya yönəlmişdi. Bu yarışın çox yüksək səviyyədə keçirilməsi federasiyanın prezidenti Mehriban Əliyevanın göstərdiyi daimi qayğının sayəsində mümkün olmuşdur. A.Həsənov gimnastikanın inkişafına daha böyük təkan verəcək bu çempionatın ölkəmizdə keçirilməsi üçün Beynəlxalq Gimnastika Federasiyasının (FİG) Azərbaycana göstərdiyi etimadı da yüksək qiymətləndirdi.

FİG-in prezident Bruno Qrandi gözəllik və zəriflik bayramına çevrilən çempionat yüksək səviyyədə keçirildiyinə görə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə, Respublika Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya, Gənclər, İdman və Turizm Nazirliyinə minnətdarlığını bildirmişdir. O, Mehriban xanım Əliyevaya Beynəlxalq Federasiyanın vımpelini və xüsusi medalını təqdim etmişdir.

Milli Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənova və çempionatın təşkilat komitəsinin icraçı direktoru Namiq Əmiraslanova FİG-in medalları təqdim olunmuşdur.

Mehriban Əliyeva Beynəlxalq Federasiyanın endirilmiş bayrağını Bruno Qrandiyə verdi. Bruno Qrandi bayrağı Avropa Gimnastika İttifaqının prezidenti, Yunanıstan Gimnastika Federasiyasının prezidenti, Dimitrios Dimitropulosa təqdim etdi. Növbəti dünya çempionatı 2007-ci ildə Yunanıstanın Patrı şəhərində keçiriləcəkdir.

FİG-in prezidenti çempionatı bağlı elan etdi. Sonra qala konsert olmuşdur.

Oktyabrın 10-da Bakıda FİG İcraiyyə komitəsinin iclası keçirilmişdir. İclasda federasiyanın gələn il üçün tədbirlər təqvimi, federasiyanın 125 illiyinin keçirilməsi məsələsi müzakirə edilmiş, İcraiyyə komitəsinin bədii gimnastika və idman gimnastikası, akrobatika üzrə üzvlərinin hesabatları dinlənilmişdir. Hakimlik qaydalarında dəyişikliklər və digər məsələlər də müzakirə edilmişdir.


Xalq qəzeti.- 2005.- 11 oktyabr.- № 236.- S. 3.