Albalılıq yaşayış sahəsində tikilmiş 322 nömrəli orta məktəbin təntənəli açılışı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də “Bilik günü” münasibətilə Bakının Əzizbəyov rayonunun Buzovna, Şüvəlan, Binə qəsəbələrində və Yasamal rayonunda bir neçə orta məktəbdə olmuşdur.
Prezident İlham Əliyev əvvəlcə Buzovna qəsəbəsinin Albalılıq yaşayış sahəsində inşa olunmuş 322 nömrəli orta məktəbin təntənəli açılışı mərasimində iştirak etmək üçün buraya gəldi. Qəsəbə sakinləri, təhsil işçiləri, şagirdlər, valideynlər Prezidenti və xanımı Mehriban Əliyevanı gül-çiçəklə, böyük hörmət və ehtiramla qarşıladılar.
Prezident İlham Əliyev müasir standartlara uyğun, təxminən doqquz aya tikilmiş məktəbin rəmzi açılışını bildirən lenti kəsdi, ümumi sahəsi 25 min kvadratmetr olan bu təhsil ocağının ayrı-ayrı sinif, kompüter otaqlarına, idman salonuna və yeməkxanasına baxdı. 64 sinif otağından ibarət 1296 şagird yerlik məktəbdə 70-dək müəllim çalışır və burada hər cür şərait yaradılmışdır. Heydər Əliyev Fondu məktəbin iki informatika otağına 16 ədəd müasir tipli kompüter hədiyyə etmiş və bunlar internet şəbəkəsinə qoşulmuşdur. Məktəbin qazanxanası, su anbarları, nasos və transformator stansiyaları da vardır.
Təməli 2006-cı ilin dekabrında qoyulmuş məktəb Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə, Bakı şəhəri qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı çərçivəsində inşa edilmişdir. 24 min sakini olan Buzovna qəsəbəsinin bu yaşayış sahəsində fəaliyyət göstərən 1176 yerlik məktəbdə 3 min şagirdin təhsil alması böyük çətinlik yaradırdı. Ona görə də yeni məktəbin tikilməsi barədə Mehriban xanıma müraciət olunmuşdu.
Sonra təhsil ocağının açılışı və yeni dərs ilinin başlaması münasibətilə mərasim keçirildi.
Mərasimi məktəbin direktoru Mürvət Mirzəyev açdı.
Xalq qəzeti.- 2007.- 16 sentyabr.- № 208.- S. 5.