Moiseyev Ansamblı Bakıda
Azərbaycan Prezidenti Heydər Əliyev Moiseyev kollektivinin konsertdə olmuşdur
Dekabrda 93 yaşını qeyd edəcək və bu məşhur ansamblın banisi olan tanınmış baletmeysterin kollektivi Bakıya Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, onun sədri Mehriban Əliyevanın dəvəti ilə gəlmişdir.
Azərbaycan Prezidenti Heydər Əliyev konsertdə olmuşdur. Ölkənin əsas konsert salonuna toplaşan tamaşaçılar dövlətimizin başçısını hərarətlə alqışlamışlar.
Ansambl öz pərəstişkarlarının ümidlərini doğrultdu. Bənzərsiz milli geyimlərin əfsanəvi gözəlliyi, qəlbləri riqqətə gətirən hərarətli musiqi və coşğun rəqslər, ifaçıların yüksək məharəti və ustalığı tamaşaçılarda böyük heyranlıq doğururdu. Onlar konserti açan sürətli və eyni zamanda lirik rus xalq «Yay» rəqsindən başlayaraq cənublulara xas ehtirasla ifa edilmiş, nikbinlik, ruh yüksəkliyi doğuran və günəşin zərrin şüaları kimi bərq vuran «Araqon xotası»nadək hər bir rəqs nömrəsini sürəkli, gurultulu alqışlarla qarşılayırdılar. Rəqs sənətinin qızıl fonduna daxil olmuş həmin rəqslər və digər nömrələrin əksəriyyəti Bakı tamaşaçısına çoxdan və yaxşı tanışdır. Bunlar «Qədim şəhər Kadrili», moldovanların «Cok» rəqslərindən süita, yunan «Sirtaki»si, italyan «Siciliya tarantellası», xüsusi artistlik məharəti tələb edən kalmık rəqsi və Argentina çobanlarının bütün dünyada daim heyranlıqla qarşılanan «Qauço» rəqsidir. Köhnəlməyən və öz orijinallığını həmişə saxlayan bir rəqs - Rusiyanın əməkdar artisti Aleksandr Matus-Marçukun ifa etdiyi «İki körpənin güləşməsi» adlı nanay xalq oyunu tamaşaçılarda, həmişə olduğu kimi, yenə də məftunluq və fərəhli gülüş doğurmuşdur.
Az tanınmış, amma çox gözəl və yumor hissi ilə ifa olunmuş «Fin polkası», xoş ovqat oyadan və rəqs etmək əhvalı doğuran yəhudi «Hava-nagila»sı, geyimlərin al-əlvanlığı və hərəkətlərin rəvanlığı ilə valeh edən Misir rəqsi, habelə məzəli belarus rəqsi «Yuroçka» bakılıları ürəkdən sevindirdi.
Əlbəttə ki, İqor Moiseyevin Bakı tamaşaçısına şəxsi hədiyyəsi üslubca orijinal və mürəkkəb ünsürlərlə dolu şən Azərbaycan xalq rəqsi «Çobanı» salondakılara xüsusi sevinc bəxş etdi.
* * *
Ansamblın ifa etdiyi bütün rəqs nömrələrinin quruluşçusu ən adlı-sanlı maestro İqor Moiseyev və Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli yüksək sənətə, ustalığa görə artistlərə təşəkkürünü bildirmiş tamaşaçıların gurultulu alqışları altında konsertdən sonra səhnəyə çıxdılar.
Fərhad Bədəlbəyli bu konsertlə tamaşaçılara bağışlanmış sehrli anlara görə İqor Moiseyevə təşəkkür edərək, Prezident Heydər Əliyevin fasilə zamanı İqor Moiseyevlə qısa və səmimi görüşü zamanı dediyi bu sözləri misal gətirdi: «Moiseyev tarixə düşmüş insandır».
BMA-nın rektoru Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, onun sədri Mehriban Əliyevanın dəvətini qəbul etdiyinə görə İqor Moiseyevə təşəkkür edərək dedi ki, ansamblın Bakıda verdiyi bu konsert xeyriyyə konsertidir. O, nəqliyyat xərclərini öz üzərinə götürmüş «AB finans» firmasına da təşəkkür etdi.
Sonra İqor Moiseyev tamaşaçılara müraciət etdi. O dedi: «13 illik ayrılığımız sizə bəslədiyimiz xoş hissləri və sizin bizə səmimi duyğularınızı əsla azaltmayıb. Bunu biz bugünkü uğurdan və bizi necə qarşılamağınızdan görürük». O, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun salonda olan sədri Mehriban Əliyevaya dəvətə görə təşəkkür etdi. Ansambl bu dəvətə cavab vermişdir, çünki kollektivi Bakı həmişə yaxşı qəbul etmiş və o, buraya həmişə ən səmimi hisslərlə gəlmişdir. Maestro dedi: «Mən də, truppamız da xoşbəxtik ki, əlaqələrimiz nəinki qırılmamışdır, hətta möhkəmlənmişdir».
* * *
Azərbaycan Prezidenti Heydər Əliyev konsertdən sonra səhnə arxasına gələrək ansamblla görüşdü.
Dövlətimizin başçısı onda böyük təəssürat doğuran gözəl çıxışa görə artistlərə təşəkkür etdi və konsertin birinci hissəsinə baxa bilmədiyinə təəssüfləndiyini söylədi.
Ölkəmizin rəhbəri sözünə davam edərək dedi: «Sizin ansambl məşhurdur, onun artıq 62 yaşı var, mən özüm onu 30, yaxud 40 il olar ki, tanıyıram və rəqqaslarınızın çıxışına da həmişə məftun olmuşam. Sizin yaradıcılığınız həmişə heyranlıq doğurubdur və görüşümüz zamanı dediyim kimi, bu, nəinki Rusiyanın və keçmiş Sovet İttifaqının mədəni həyatında, həm də bütün dünyada nadir hadisədir. Məsələn, mən ikinci belə ansambl tanımıram. Siz başqalarında olmayan öz dəst-xəttinizə, özünüzə xas gözəlliyə, xarakterə, temperamentə maliksiniz».
Prezident Heydər Əliyev İqor Moiseyevin rəqqasları seçmək istedadını da qeyd etdi və bildirdi ki, onların dəyişməsi ansamblın ustalığının yüksək səviyyəsinə təsir göstərmir.
Respublikamızın rəhbəri dedi: «Siz tamaşaçıların münasibətini hiss etdiniz və bunu görmək mənə çox xoş idi. Bu, tamaşaçılarımızın sizin sənətinizə məhəbbətindən də, sənətinizi başa düşməsindən də xəbər verir. İndi müxtəlif dövlətlərdə yaşamağımıza baxmayaraq, tamaşaçılarımız sənətinizi yenə də qiymətləndirirlər. Mən belə alqışları, nidaları çoxdan eşitməmişdim. Sizin hamınızı təbrik edirəm, sizin hamınız gözəl və heyrətamiz rəqs edirsiniz. Məsələn, «Fin polkası»nı götürək. Onu iki adam ifa edir. Amma nə qədər orijinaldır! Ancaq məni hamısından çox nanay xalq oyunu heyrətləndirdi. Mən bu rəqsi ilk dəfə gördüm. Nə isə qeyri-adi bir rəqsdir. O, bunların hamısını necə edirsə, bunu bir nəfərin etdiyini dərhal başa düşmürsən. Gözəldir, hamınızı təbrik edirəm, çox şadam ki, siz bizə təşrif gətirdiniz».
Sonra İqor Moiseyev «Mən xatırlayıram...» kitabını Prezident Heydər Əliyevə bağışladı. Maestroya təşəkkürünü bildirən dövlətimizin başçısı dedi ki, şübhəsiz, bu kitab da İqor Moiseyevin həyat və yaradıcılığı kimi maraqlıdır.
Bundan sonra söhbət Azərbaycanın xalq artisti Əminə Dilbazinin iştirakı ilə davam etdi. Prezident Heydər Əliyev dedi ki, Əminə xanım Azərbaycanda bütün xalq rəqsləri ifaçılığının banisidir. Əminə Dilbazi onun çoxdan tanıdığı İqor Moiseyevin nərdi və armudu stəkanları sevdiyini qeyd edərək dedi: «Mən gənclik illərimi, Moiseyevin ansamblının bütün gözəlliyini xatırladım. Moiseyevin bütün məktəbini saxlayıb yaşatmaq lazımdır, çünki bu məktəb ümumdünya əhəmiyyətinə malikdir. Bu məktəb standart pedaqoqlar, baletmeysterlər məktəbi deyildir, o, tapıntıdır, rəqs mədəniyyətidir, rəqs tarixidir».
Prezident Heydər Əliyev «İki körpənin güləşi» nanay xalq oyununun ifaçısı Aleksandr Matus-Marçuku gözəl və heyranedici çıxışa görə xüsusi təbrik etdi.
Görüşün sonunda dövlətimizin başçısı gözəl konsertə görə ansamblın bütün üzvlərinə bir daha təşəkkür etdi. Artistlər də təbriklərə və xoş sözlərə görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildirdilər.
Azərbaycan.- 1998.- 8 noyabr.- № 261.-S. 1.