Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın ABŞ-a işgüzar səfəri davam edir


Dekabrın 7-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Ağ evdə ABŞ-ın birinci xanımı Lora Buş ilə görüşmüşdür. Mehriban xanım Əliyeva ABŞ-a səfəri zamanı göstərilən qonaqpərvərliyə görə xanım Lora Buşa təşəkkürünü bildirmişdir. Səmimi şəraitdə keçən söhbətdə iki ölkənin birinci xanımları Azərbaycan-ABŞ münasibətlərinin möhkəmləndirilməsində təhsil, səhiyyə, mədəniyyət sahələrinin rolundan danışmışlar.

Mehriban xanım Əliyeva və Lora Buş bu sahələrdə öz ölkələrində həyata keçirilən proqram və layihələr barədə bir-birilərinə məlumat vermişlər. Azərbaycanda Heydər Əliyev Fondu tərəfindən təhsil sahəsində həyata keçirilən layihələr ABŞ-ın birinci xanımında xüsusi maraq doğurmuşdur. Görüşdə vurğulanmışdır ki, hər iki ölkənin gələcəyi baxımından təhsil sahəsinə yönəldilən sərmayə ən dəyərlisidir. Bu sahədə birgə səylərin görülməsinin əhəmiyyətindən də danışılmışdır. Bununla bağlı Mehriban xanım Əliyeva Lora Buşun Amerikanın xarici ölkələrlə əməkdaşlıq təcrübəsi barədə məlumatını maraqla dinləmişdir. Görüşün sonunda Mehriban xanım Əliyeva ABŞ-ın birinci xanımını ölkəmizə səfərə dəvət etmişdir.


Xalq qəzeti.- 2006.- 8 dekabr.- № 275.- S. 7.