Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşəbbüsü ilə muğam axşamı keçirilmişdir
Martın 21-də Novruz bayramı münasibətilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Mədəniyyətinin Dostları Fondu YUNESKO-nun dəstəyilə reallaşdırdığı "Muğam dəstgahları” layihəsi çərçivəsində muğam axşamı keçirmişdir.
Salona toplaşanlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, xanımı Mehriban Əliyevanı və Gürcüstan Prezidentinin xanımı Sandra Elizabet Rulofsu hərarətli alqışlarla qarşıladılar.
Dövlət Mahnı və Rəqs Ansamblının ifasında milli rəqs ifa olunduqdan sonra səhnəyə gələn Bahar qızı iştirakçıları əziz Novruz bayramı münasibətilə təbrik etdi və dedi ki, ölkəmiz müstəqillik qazandıqdan sonra bu bayram dövlət səviyyəsində qeyd olunur. Yeni həyatın canlanmasının müjdəçisi olan Novruzu xalqımız həmişə dərin məhəbbət və sevgi ilə qarşılayır.
Milli geyimli qızlar su, yel, od və torpaq çərşənbələrin mahiyyəti barədə məlumat verdilər. Bildirildi ki, bütün bunlara görə ta qədimdən Novruz bayramı dörd həftə davam edir.
Sonra Azərbaycanın əməkdar artisti Mənsum İbrahimov və xalq artisti Səkinə İsmayılova "Rast” və “Hümayun” muğamlarını məharətlə ifa etdilər. Onların çıxışları və həmişəyaşar muğamlarımiz böyük maraqla dinlənildi, sürəkli alqışlarla yüksək qiymətləndirildi.
Milli Məclisin sədri Murtuz Ələsgərov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər müvəffəqiyyətlə keçən konsertdə olmuşlar.