Çap etmək   ⁞     ⁞   Azərbaycan Mədəniyyətinin Dostları Fondu

Gennadi Xazanovun Bakıda yaradıcılıq gecəsi

Azərbaycan Prezidenti Heydər Əliyev artistin konsertində olmuşdur


Xəbər verdiyimiz kimi, tanınmış estrada artisti, Rusiyanin xalq artisti Gennadi Xazanovun sentyabrın 26-da Respublika sarayında yaradıcıliq gecəsi olmuşdur.

Azərbaycan Prezidenti Heydər Əliyevi ölkənin baş konsert salonuna toplaşmış tamaşaçılar hərarətlə qarşıladılar.

Gennadi Xazanov tamaşaçıların ümidlərini bu dəfə də doğruldaraq, onları Rusiya gerçəkliyinin yeni reallıqları barədə yumorlu və satiralı miniatürləri, həmişə olduğu kimi, yenə də duzlu-məzəli, məharətlə və təqlidedilməzliklə ifa etdi.

Miniatürlərin mövzusu məşhur adamların, əlamətdar hadisələr və ya dövlət idarələrinin yubileyləri barədə idi. Mahmud Esembayevin,- miniatürlərdən biri onun yubileyinə həsr edilmişdi.- “Uşaqlıq dostu“ tamaşaçıları ürəkdən güldürdü. Ən çox “Qafqaz əsiri” filmindən yoldaş Saaxov kimi yaxşı tanıdığımız Rusiya aktyoru Vladimir Etuş miniatürdə gülməli dərəcədə aciz görünürdü. Gennadi Xazanov bu dəfə onu kapitalizmin “dəyərlərini və ləzzətini” heyrətamiz surətdə tezliklə mənimsəmiş və kosmonavt, təyyarəçi və qütbçü olmaq arzusunun daşını atmış öz şagirdlərinin ovqatını heç cür anlaya bilməyən adi bir məktəb müəllimi kimi təqdim etdi.

Satirik böyük oktyabr sosialist inqilabının 80 illiyinə həsr olunmuş miniatürdə dünya proletariatının rəhbəri – Vladimir İliç Leninin də “payını verdi”. ”Ən insani insan” tamaşaçıların gözləri qarşısında insaniyyətsiz insancığaz kimi canlandı. Doğrudur Gennadi Xazanovun özü insanı əvvəlcə bütləşdirməyi, sonra da ayağının altına salıb palçıqda amansızcasına tapdalamağı düzgün saymır.

Gennadi Xazanov öz çıxışını qurtardıqdan sonra tamaşaçılar onu bir xeyli səhnədən buraxmadılar. O ayaq saxlayaraq, artıq tamamilə ciddi halda prezident Heydər Əliyevi 75 illiyi münasibətilə təbrik etdi və ümidvar olduğunu söylədi ki, onun 100 illik yubileyində Bakıya gələcəkdir. Bu xoş arzular tamaşaçılar tərəfindən gurultulu və sürəkli alqışlarla qarşılandı.

Aktyor özünün açıqladığı kimi, bunu ona görə demir ki. təbrik olunan şəxs salondadır, həm də ona görə demir ki, bunu etməyi kimsə tapşırmışdır, məhz ona görə deyir ki, dövlətimizin başçısına səmimi hörmət hissləri bəsləyir. Gennadi Xazanov onun dediklərini təbliğat və ya təşviqat kimi başa düşməməyə çağırdı, çünki, onun fikrincə, “yalnız müalicəyə ehtiyacı olan adamım anlaşmadığın təbliğ etmək və bu barədə danışmaq səfehlikdir”. O prezident Heydər Əliyevə ən əvvəl ona görə hörmət edir ki, o, Azərbaycanda normal, dinc həyat yaratmışdır.

Gennadi Xazanov ciddi danışmaqla yanaşı, zarafatından da qalmayaraq,- bu isə belə janrın aktyoru üçün təbii haldır,- sözünə davam etdi: “Demək istəyirəm ki, Azərbaycanın bəxti çox gətirib, çünki burada elə bir insan işləyir, yaşayır və Allaha şükürlər olsun, dərk edir ki, Azərbaycanın normal dövlət olacağına bəslənilən ümidlər bu insanla bağlanıla bilər”. Tamaşaçılar valeh idilər.

* * *

Konsertdən sonra Azərbaycan prezidenti Heydər Əliyev Gennadi Xazanovla görüşüb söhbət etdi.

Dövlətimizin başçısına konsertə gəldiyinə görə təşəkkür edən artist onu prezident Heydər Əliyevin yubileyinə dəvət etmədiklərindən zarafatyana incidi.

Dövlətimizin başçısı öz yubileyini qeyd etmədiyini söylədi, sonra isə gözəl çıxışına görə Gennadi Xazanova təşəkkürünü bildirdi. O dedi: Mənə xoşdur ki, bakılı tamaşaçılar artisti unutmur və onun çıxışlarını yenə də heyranlıqla qarşılayırlar. Respublikamızın Rəhbərinin fikrincə, bu ona sübutdur ki, Azərbaycanın müstəqillik qazandığı gündən yeddi il keçməsinə baxmayaraq, ölkəmiz əvvəllər bir dövlətin tərkibində olduğu Rusiya ilə əlaqəni kəsmir, verilişləri məmləkətimizə də translyasiya edilən Rusiyanın telekanalları sayəsində “burada rus dili saxlanılır”.

Gennadi Xazanov dedi ki, Bakıda özünü 16 il öncə Heydər Əliyev Moskvaya işləməyə getməzdən əvvəl burada olduğu vaxtlardakı kimi, yenə də yaxşı hiss edir. Dövlətimizin başçısı bunun cavabında bildirdi ki, o da Moskvada olarkən Gennadi Xazanovla görüşür, bütün ailəsi ilə birlikdə estrada teatrına onun konsertlərinə gedirdi.

Görüşün sonunda Xazanov Prezident Heydər Əliyevə bir daha səmimi qəlbdən təşəkkür etdi və özünə sadiq qalaraq, onun Gənc qalmasının sirri ilə maraqlandı.


Azərbaycan.- 1998.- 29 sentyabr.- № 224.- S. 4.