Çap etmək   ⁞     ⁞   Millət vəkili

Mərhəmətlilik, xeyirxahlıq, bağışlamaq bacarığı ən ali keyfiyyətlərdəndir


Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın amnistiya təşəbbüsü ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.

Bu il dövlət müstəqilliyimizin yenidən bərpa olunmasının 25 ili tamam olur. Ötən bu dövrdə Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salmaqla hər bir sahə üzrə görülən işlərin və onların uğurlu nəticələrinin xronologiyasını diqqətə çatdırmış olarıq.

Müstəqil dövlətimiz demokratiya yolunu seçərək, bu istiqamətdə bütün maneələri dəf etdi, həyata keçirdiyi uğurlu demokratik islahatlarla dünyanın diqqətində dayandı. “Azərbaycan demokratiya yolu ilə gedir və gedəcəkdir. Bu, bizim strateji kursumuzun mahiyyətini təşkil edir və biz heç vaxt bu yoldan dönməyəcəyik.” söyləyən ulu öndər Heydər Əliyev insan hüquqlarının qorunmasını və müdafiəsini dövlətin siyasətində prioritet məsələ kimi öndə saxlayırdı. O bildirirdi ki, əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar. 1995-ci ilin noyabrın 12-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan milli Konstitusiyamızda əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquqlarının müdafiəsinə xidmət edir. Qəbul olunan qanunlarda da bu amil qorunur. “Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq” fikri ilə prioritetləri açıqlayan Prezident İlham Əliyev eyni zamanda bildirir ki, iqtisadi artım, cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz: “İqtisadi cəhətdən güclü olan bilərsən, amma demokratiya yoxdursa, şəffaflıq yoxdursa, insan hüquqları qorunmursa, uğur qazana bilməzsən.”

İnsan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davam etdirilməsi məqsədilə Prezident İlham Əliyev 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nı təsdiq etdi. “Hər bir vətəndaşın hüququnun qorunması bizim üçün çox önəmlidir” söyləyən dövlətimizin başçısı İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi tədbirlər davamlılığı ilə diqqət çəkir. Cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” yeni istiqamətləri müəyyən edib. Bu kimi addımlar bir daha təsdiq edir ki, hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Ötən illər ərzində Azərbaycan insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirmiş, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir. Demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni məhkəmə sistemi, konstitusiya nəzarəti, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatlar yaradılmış, hüquq-mühafizə fəaliyyəti təkmilləşdirilmiş, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin fəaliyyəti genişlənmiş, insan hüquqlarının təmini sahəsində effektiv müdafiə mexanizmləri formalaşdırılmışdır.

Hazırda Azərbaycanın yaşadığı yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. Qarşıdan gələn illər üçün Azərbaycanın normativ-hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, elmi-analitik işlərin stimullaşdırılması, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələr müəyyən edilir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 18 iyunun ölkəmizdə İnsan Hüquqları Günü kimi təsis edilməsi də insan amilinə verilən dəyərin əsas göstəricisidir. Hər sahədə Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin humanizm siyasəti imzaladığı əfv fərmanları ilə təsdiqlənir. Bayram ərəfələrində dövlətimizin başçısının imzaladığı əfv fərmanları ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır, bu günədək həmin sənədlər əsasında yüzlərlə məhbus azadlığa qovuşub.

Azərbaycan inkişaf, tərəqqi yolunda inamla irəliləyir. Bu yeniliklərin qəbul olunan qanunlarda, Konstitusiyamızda da öz əksini tapması zamanın tələbinə çevrilib. 2009-cu ilin martında keçirilən referendumda Konstitusiyamızın 29 maddəsinə edilən 40-a yaxın əlavə və dəyişikliklərin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasına, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə xidmət edir. “Dövlətin ali məqsədi” maddəsinə edilən əlavəyə əsasən, dövlətin məqsədi insan hüquq və azadlıqların qorunması ilə yanaşı, onları yüksək həyat şəraiti ilə təmin etməkdir.

Bütün hüquqlarımız dövlət tərəfindən qorunur. Vətəndaşların sərbəst toplaşmasını, seçki proseslərində sərbəst iştiraklarını təmin edən qanunvericilik bazası mövcuddur. Təbii ki, hüquqlarımızla yanaşı, vəzifələrimiz də vardır. Dövlətimizin başçısı bildirir: “Bu gün Azərbaycanda bütün azadlıqlar mövcuddur. Ancaq eyni zamanda, qanun-qayda da var. Azərbaycanda Konstitusiyada təsbit olunmuş bütün azadlıqlar, hüquqlar qorunur. Eyni zamanda, hər bir vətəndaş da məsuliyyətini hiss etməlidir. Heç kimə imkan verilməyəcək ki, qanunu pozsun. Heç kimə imkan verilməyəcək ki, hansısa müstəsna güzəştlərə malik olsun. Hamı necə, başqası da elə. Biz hüquqi dövlət qururuq. Qanunun aliliyi bizim üçün başlıca şərtdir və heç kimə, heç bir şəxsə, heç bir qüvvəyə imkan verilməyəcək ki, qayda-qanunu pozsun, qeyri-qanuni hərəkətlər etsin.”Bu, dövlət-vətəndaş münasibətləridir. Dövlət üzərinə düşən məsuliyyəti qəbul etdiyi qanunlarla, mühüm əhəmiyyətli Dövlət Proqramları ilə gerçəkləşdirir. Ölkə vətəndaşı isə cəmiyyətin idarə olunmasında mühüm rol oynayan qanunlara hörmətlə yanaşmalı və onlara yüksək səviyyədə riayət etməlidir. Hər bir sahənin inkişafına xidmət edən yeni-yeni qanun layihələrinin hazırlanması və qəbulu, mövcud sənədlərin təkmilləşdirilməsi cəmiyyətin idarə olunmasında əsas rol oynayan qanunlara verilən önəmi nümayiş etdirir. Qeyd etdiyimiz kimi, 1995-ci ildən imzalanan əfv fərmanları və Amnistiya Aktları da dövlətin insan hüquq və azadlıqlarının qorunmasına xüsusi diqqətinin bariz nümunəsidir.

Məlum olduğu kimi, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva 28 May- Respublika Günü münasibətilə “Amnistiya aktı haqqında” qanun layihəsinin qəbul olunması ilə bağlı parlamentə müraciət edib. Bu gün (20 may) qanun layihəsi parlamentdə müzakirəyə çıxarılacaq. Mehriban xanım Əliyevanın bu təşəbbüsü ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Qeyd edək ki, bu, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın amnistiya aktı ilə bağlı Milli Məclisə dördüncü müraciətidir. Qəbul olunmuş hər bir amnistiya aktını humanizm prinsiplərinin, ideyalarının qələbəsi kimi dəyərləndirən Mehriban xanım Əliyeva bildirir: “Əsası dahi Heydər Əliyev tərəfindən 1994-cü ildə qoyulmuş bu siyasət nəticəsində minlərlə insan azadlığa buraxılaraq normal həyata qayıdıb və bu gün də bu ənənələr davam edir. Allah vergisi olan insan ömrü hər bir şeydən uca və dəyərlidir. Hər bir insan ləyaqətlə və azad yaşamağa layiqdir. Eyni zamanda, hər bir insan öz ömrünün, öz taleyinin hökmdarıdır. Səhv etmiş, yolunu azmış insanlara həyatda yeni şans verməklə, onları bağışlayıb cəmiyyətimizə qaytarmaqla biz onlara yenidən həyatın, azadlığın dəyərini dərk etməyə, öz səhvlərini anlayıb doğru yola qayıtmağa kömək edirik. Hər zaman mərhəmətlilik, geniş qəlblilik, xeyirxahlıq, bağışlamaq bacarığı ən ali və insani keyfiyyətlər kimi qiymətləndirilib.”

Atılan addımların qısa təhlili Azərbaycan dövlətinin siyasətində insan amilinə dəyəri nümayiş etdirməklə yanaşı, islahatların zamanın tələbinə uyğun olaraq təkmilləşdirildiyini təsdiqləyir.


Yeganə Əliyeva

İki sahil.- 2016.- 20 may- № 90.- S. 3.