Ədalətin mərhəməti
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə indiyədək gerçəkləşən 4 amnistiya aktı ümumilikdə 39481 məhkuma şamil edilib
Müasir Azərbaycanda daxili siyasət kursunun mühüm istiqamətlərindən biri demokratik təsisatların təkmilləşdirilməsi, insan hüquqlarının təmini və müdafiə edilməsidir. Bu, nəticə etibarilə, çoxşaxəli humanizm siyasətinin həyata keçirilməsini şərtləndirən başlıca amillərdəndir.
Sivil cəmiyyətdə insan haqlarının təminatına və ümumbəşəri humanist dəyərlərin bərqərar olmasına xidmət edən əfv və amnistiya aktları olduqca yüksək dəyərləndirilir. Ümummilli lider Heydər Əliyevi böyük şəxsiyyət və lider kimi xarakterizə edən mühüm keyfiyyətlərdən biri də məhz bu idi ki, o, günahkarı cəzalandırmağı da, şans verərək bağışlamağı da bacarırdı. Azərbaycan müstəqillik yoluna qədəm qoyduqdan sonra ölkəmizdə insanlıq və humanizm prinsiplərinə xidmət edən xeyirxah əməllərin çox şahidi olmuşuq. İnsanlara böyük sevinc bəxş edən, onlara səmimi, ülvi hisslər aşılayan əfv və amnistiya aktları ümummilli liderin xalq və dövlət maraqları naminə reallaşdırdığı misilsiz işlər sırasında daim xüsusi qeyd olunur.
Ulu öndərin möhkəm təməllər üzərində əsasını qoyduğu siyasəti bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev də əfvetmə institutunun çevik və işlək mexanizmlər əsasında fəaliyyətini təmin etmişdir. Hər bir vətəndaşın Prezidenti olduğunu tam sübuta yetirmiş cənab İlham Əliyev hətta cinayət əməlinə yol vermiş insanların da taleyinə biganə deyildir. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin müraciətlərinə əsaslanan, məhkumların səhhətini, ailə vəziyyətini, bu müddətdə davranışlarını nəzərə alan, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətini önə çəkən Prezident İlham Əliyev vaxtaşırı əfv sərəncamı imzalayır. Dövlət başçısı bu addımları ilə törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirən günahkar şəxslərin islah olunaraq düz yola qayıtması, onların cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra layiqli vətəndaş kimi azad cəmiyyətə qovuşması, bir daha cinayət əməli törətməməsi üçün lazımı tədbirlər görür. Son 13 ildə dövlət başçısı 29 əfv sərəncamı imzalayaraq 6472 nəfərə azadlıq bəxş edib.
Bağışlamaqla, xoş niyyətlə və mərhəmətlə bu dünyada bir çox şeyləri yaxşılığa doğru dəyişdirmək mümkündür. Əsrlər boyu insanda insanlığı qoruyub saxlayan məhz humanizm ideyaları, humanizm prinsipləri olub. Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, düşüncəsinə, əsrlərdən bəri formalaşan dəyərli ənənələrimizə xas olan ən gözəl keyfiyyətləri nümayiş etdirən ümummilli lider Heydər Əliyevin hər zaman ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutan Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da bu istiqamətdə gördüyü işlər göz önündədir. İnsanların zehninə, düşüncəsinə xeyirxahlıq toxumu səpərək fədakarlığı ilə tək Azərbaycana deyil, bütün dünyaya son dərəcə gözəl bir örnək - mərhəmət və humanistlik nümunəsi sərgiləyən Mehriban Əliyeva amnistiya aktlarının qəbul edilməsi təşəbbüsü ilə çıxış edərək Milli Məclisə qərar layihələri göndərir. Mayın 20-də qəbul olunan qərar layihəsi isə sayca 4-cü təşəbbüsü oldu. Xatırladaq ki, Milli Məclis tərəfindən qəbul edilmiş 2007-ci il 8 may tarixli qərarla 9877 məhkum, 2009-cu il 17 mart tarixli qərarla 9564 məhkum, 2013-cü il 7 may tarixli qərarla 10.040 məhkum, 2016-cı il 20 may tarixli qərarla isə 10.000 məhkum barəsində amnistiya tətbiq edilib.
Beləliklə, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə gerçəkləşən 4 amnistiya aktı ümumilikdə 39481 məhkuma şamil edilib. Heydər Əliyev ideallarını yaşadan, humanizm, mərhəmətlik və insanpərvərlik ənənələrini davam etdirən Mehriban xanım Əliyevanın 28 may Respublika Günü münasibəti ilə Milli Məclisə göndərdiyi amnistiya aktının təsdiqi 3500 məhbusun azadlığa qovuşması ilə nəticələnəcək.
Onu da əlavə edək ki, amnistiya aktına əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəkdir.
Həmçinin azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi bir ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara amnistiya tətbiq edilməklə cəzadan azad olunmaları gözlənilir.
Eyni zamanda, bu qərar qüvvəyə mindiyi günədək cəzasının çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər (amnistiya tətbiq olunmasına məhdudiyyətlər nəzərə alınmaqla) təyin olunmuş cəzalardan azad ediləcəklər. O cümlədən 4 ildən artıq olmayan müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda çəkilməmiş cəza 6 ay azaldılacaq.
Qərara əsasən, intizam xarakterli hərbi hissədə saxlama cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən 2 ilədək olan şəxslər, əsas cəza kimi 2 min manatdan artıq miqdarda cərimə cəzası təyin edilmiş şəxslər, azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş şəxslər, azadlıqdan məhrumetmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər və azadlıqdan məhrumetmə cəzasının çəkilməsi təxirə salınmış şəxslər təyin olunmuş cəzalardan azad ediləcəklər.
Tam əminliklə söyləmək olar ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə gerçəkləşən 4 amnistiya aktının 39481 ailəyə sevinc bəxş etməsi humanizmin, yüksək insani dəyərlərin, mərhəmət hissinin cəmiyyətə aşılanmasına, ictimai şüura hakim kəsilməsinə yönəlmişdir. Heydər Əliyev Fondu cəmiyyəti mərhəmət və humanizm ruhunda kökləməyə yönəlmiş nəcib addımlarını bu gün də inamla davam etdirir. İnanırıq ki, Heydər Əliyev Fondu bundan sonra da insan hüquq və azadlıqlarının keşiyində etibarlı dayanmaqla, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu siyasətinə öz töhfəsini verəcək.
Rəşad Baxşəliyev
Azərbaycan.- 2016.- 22 may.- № 110.- S. 1.