Çap etmək   ⁞     ⁞   Fond haqqında

Oğuz şəhərinin “Gənclik” qəsəbəsində Heydər Əliyev Fondu tərəfindən inşa olunan məktəb binasında tikinti işlərinin gedişi ilə tanışlıq


Azərbaycan Prezidenti İlham Əliyev avqustun 18-də Oğuz şəhərinin “Gənclik” qəsəbəsində inşasına bu yaxınlarda başlanmış 244 şagird üçün nəzərdə tutulmuş məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olmuşdur.

Dövlətimizin başçısına məlumat verildi ki, Heydər Əliyev Fondunun vəsaiti hesabına tikilən və yeni dərs ilində şagirdləri qəbul edəcəkdir. Binanı “Dayaq” müəssisəsi tikir, yerli inşaatçılara kömək üçün Bakıdan da mütəxəssislər gəlmişdir.

Prezident İlham Əliyev məktəbin layihəsi ilə tanış oldu, tikinti işləri yaxından maraqlandı, sinif otaqlarının genişləndirilməsi işlərin keyfiyyətlə görülməsi barədə müvafiq tapşırıqlar verdi.

Sonra dövlətimizin başçısı məktəbin yaxınlığında qəsəbə sakinləri ilə görüşüb söhbət etdi.

İlham Əliyev: Gözəl rayondur, gözəl təbiəti var

Sakinlər: Cənab Prezident, Sizin sayənizdə bundan sonra daha da gözəl olacaqdır

İlham Əliyev: Beş-altı məktəb tikilir. Bunun hamısı inkişafdır. Demək, ölkə irəliyə gedir, imkanlar artır. Belə olan halda, ilk növbədə, insanların daha da yaxşı yaşamasını təmin etməliyik, uşaqlar yaxşı oxumalı, yaxşı savad almalıdırlar. Bütün məktəblərə kompüter qoyulmalıdır. Üç il ərzində Azərbaycanın bütün məktəblərində kompüter olacaqdır. Müasir dünyada gərək uşaqlar kompüteri öyrənsinlər. Biz məktəbdə oxuyanda heç kompüter yox idi. Amma görün uşaqlar indi necə bilirlər, öyrənirlər

Sakinlər: Bu il birinci mərhələdə 110 nəfər ali məktəblərə daxil oldu. Sənəd verənlər isə 434 nəfər idi

İlham Əliyev: Demək, burada uşaqlar yaxşı oxuyurlar

Sakinlər: Bəli, cənab Prezident, uşaqlarımızın çoxu savadlıdır. Müəllimlərimizdə savadlıdırlar. Cənab Prezident, icra hakimiyyətinin başçısı rayona da yaxşı rəhbərlik edir. Qaçqınlara kömək edir, ondan çox razıyıq

İlham Əliyev: Mən onu üç ay bundan əvvəl təyin etdim. Hiss edirəm ki, yaxşı işləyir. İlk növbədə gərək insanlara diqqət olsun. Birinci növbədə sosial məsələlər həll edilməli, maaş olmalıdır, müəssisələr yaranmalı, iş yerləri açılmalıdır, çatışmazlıqlar aradan qaldırılmalıdır, Bunların hamısı olacaqdır

Sakinlər: Cənab Prezident, rayonumuza tez-tez gəlin

İlham Əliyev: Gələcəyəm. Bu gün parkda keçirdiyim görüşdə ağsaqqal dedi ki, Azərbaycanın rəhbəri ilk dəfə Oğuza gəlir

Sakinlər: Cənab Prezident, biz çoxdan arzulayırdıq ki, Siz gələsiniz

İlham Əliyev: Mən də çoxdan arzulayırdım, yaxşı ki, bu arzumu həyata keçirdim. Burada tikilən məktəb böyük, müasir standartlara cavab verən məktəb olacaqdır. Uşaqlar gərək yaxşı şəraitdə oxusunlar. Bakıda məktəblər necə tikilirsə, burada da elə olacaqdır.

Sakinlər: Cənab Prezident, Allah Sizin canınızı sağ eləsin. Sizə uzun ömür, cansağlığı arzu edirik. Ulu öndərimiz Heydər Əliyevə Allahdan rəhmət diləyirik. Ruhu şad olsun, gözəl rəhbər və gözəl insan idi

İlham Əliyev: İndi onun siyasəti Azərbaycanda davam etməlidir. Başqa yol yoxdur. Bu yol inkişaf yoludur, tərəqqi yoludur

Sakinlər: Cənab Prezident, biz Axıska turkləriyik. 90 nəfərik burada

İlham Əliyev: Çoxdan yaşayırsınız burada?

Sakinlər: Cənab Prezident, 1989-cü ildə Özbəkistandan gəlmişik. İndi biz bilmirik qaçqınıq, ya yerliyik

İlham Əliyev: Siz qaçqın deyilsiniz, bizim yerlımizsınız. Axıska türkləri bizim qardaşlarımızdır

Sakinlər: Cənab Prezident, Axıska türkləri burada az olsa da, bilin ki, biz hamımız Sizi çox istəyirik. Və çox arzu edirdik kı. Siz bizim rayonumuza gələsiniz

İlham Əliyev: Mən də Sizi çox istəyirəm. Azərbaycan bizim hamımızın vətənidir. Özbəkistanda o hadisələr baş verdi, siz buraya gəldiniz. Siz hiss edirdiniz ki, bura vətəndir.

Sakinlər: Cənab Prezident, burada Ermənistan qaçqınları da var. Təxminən 2500 nəfərik. Bizim iş problemimiz var. Işləmək istəyirik.

İlham Əliyev: Bilirəm, çalışıram bu problemi həll edim. İlk növbədə emal müəssisələri tikilməlidir, kənd təsərrüfatı texnikası çatmır. Çünki kənd təsərrüfatı ilə məşğul olmaq üçün texnika olmalıdır. Bu məqsədlə "Aqrolizinq” Səhmdar Cəmiyyəti yaratdıq və bütün bölgələrdə texnika icarəyə veriləcəkdir. Xüsusilə, kənd yerlərində iş yerlərinin açılması əsas vəzifəmizdir.

Sakinlər: Mehriban xanım da çox sağ olsun, Allah ondan da. Sizdən də razı olsun

İlham Əliyev: Mehriban da Xalxal kəndinə gedibdir. Orada da məktəb tikilir

Sakinlər: Cənab Prezident, mənim kredit məsələsində problemim var

İlham Əliyev: Kredit üçün müraciət eləmisən?

Sakinlər: Cənab Prezident, deyirlər, gərək girov qoyasan. Girov qoymağa da heç nəyim yoxdur. Bəs mən nə edim, krediti necə götürüm?

İlham Əliyev: Əvvəllər ümumiyyətlə heç bir kredit verilmirdi. Kreditlərin verilməsinə son üç ildə başlanıbdır. Birinci il verilmişdir 40 milyard manat, ondan sonrakı il 100 milyard manat verilmişdi. Bu il 200 milyard manat, gələn il 400 milyard manat olacaqdır. Amma hələlik hamıya kredit çatmır. Siz gərək Sahibkarlığa Kömək Milli Fonduna müraciət edəsiniz.

Dövlətimizin başçısı sakinlərin problemlərinin müsbət həll olunması üçün lazımı kömək göstəriləcəyini bildirdi.


Xalq qəzeti.- 2005.- 20 avqust.- № 192.- S. 3.