Çap etmək   ⁞     ⁞   Azərbaycan Mədəniyyətinin Dostları Fondu

Azərbaycan Prezidenti Heydər Əliyev Respublika Dövlət İncəsənət Muzeyinin albom-kataloqunun təqdimat mərasimində iştirak etmişdir


Yanvarın 25-də Azərbaycan Prezidenti Heydər Əliyev respublika Dövlət İncəsənət Muzeyinin albom-kataloqunun təqdimat mərasimində iştirak etmişdir. Albom-kataloq Azərbaycan mədəniyyətinin dostları fondunun və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) köməyi ilə nəşr olunmuşdur.

Təqdimat mərasimini respublikanın mədəniyyət naziri Polad Bülbüloğlu giriş sözü ilə açaraq vaxt tapıb bu mərasimdə iştirak etdiyinə görə Azərbaycan Prezidenti Heydər Əliyevə dərin minnətdarlığını və təşəkkürünü bildirdi. Qədim əsrlərdən müasir dövrə qədər yaradılmış Azərbaycan, Qərbi Avropa, rus, Şərq ölkələri təsviri və dekorativ-tətbiqi sənət əsərlərinin nümayiş etdirildiyi Dövlət İncəsənət Muzeyinin yeni albom-kataloqunun “Azərbaycan mədəniyyətinin dostları fondu”nun də ABƏŞ-in birgə köməyi ilə nəşr edilməsini mühüm hadisə kimi qiymətləndirən natiq mədəniyyətimizin digər sahələri üzrə də belə albomların hazırlanmasının vacib olduğunu söylədi.

Polad Bülbüloğlu Azərbaycan Dövlət İncəsənət Muzeyinin albom-kataloqunun ilk nüsxəsini dövlətimizin başçısı Heydər Əliyevə təqdim etdi.

Sonra söz ABƏŞ-in vitse-prezidenti Art Makxaffiyə verildi. O, Azərbaycan Dövlət İncəsənət Muzeyinin albom-kataloqunun nəşr olunmasında yaxından iştirak etməkdən məmnun qaldıqlarını bildirdi. Azərbaycanın neft yataqlarının birgə işlənməsi barədə imzalanmış “Əsrin müqaviləsi”nin həyata keçirilməsi sahəsində ABƏŞ-in gördüyü işlərdən bəhs edən cənab Makxaffi Beynəlxalq Əməliyyat Şirkətinin Azərbaycan İncəsənətinin geniş təbliğində bundan sonra da yaxından iştirak edəcəyini vurğuladı.

“Azərbaycan mədəniyyətinin dostları fondu”nun sədrlərindən biri olan ABŞ səfirinin xanımı Ənn Kozlariç mərasimdə çıxış edərək bu albom-kataloqun nəşr edilməsində ABƏŞ-lə birlikdə yaxından iştirak etmələrindən məmnun olduğunu söylədi. Bu nəşrin Azərbaycan incəsənətinin geniş təbliğində böyük əhəmiyyət kəsb etdiyini nəzərə çarpdıran xanım Kozlariç xalqımızın zəngin ənənələrə malik incəsənətinin dünya xalqları mədəniyyəti arasında özünəməxsus yer tutmasından razılıqla söhbət açdı.

Xanım Kozlariç daha sonra yeni albom-kataloqun təqdimatı münasibətilə təşkil olunmuş konsert barədə ətraflı məlumat verdi. Xalq artisti, professor Fərhad Bədəlbəylinin müşayiəti ilə xalq artistləri Xuraman və Fidan Qasımovalar, artistlərdən Muxtar Vəliyev, Azər Zeynalov Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa edərək dinləyiciləri heyran qoydular.

Konsertdən sonra Azərbaycan Prezidenti Heydər Əliyev ifaçılarla səmimi görüşdü və onlara yeni-yeni yaradıcılıq uğurları arzuladı.

Mərasimdə Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, xarici işlər naziri Həsən Həsənov, təhsil naziri Lidiya Rəsulova, Bakıda səfərdə olan Rusiya Federasiyası Prezidentinin müşaviri Emil Pain, ABŞ-ın ölkəmizdəki səfiri Riçard Kozlariç və digər rəsmi şəxslər iştirak edirdilər.


Azərbaycan.- 1997.- 26 yanvar.- № 17.- S. 2