Mehriban Əliyevanın IV amnistiya təşəbbüsü
Növbəti humanizm aktı 10 min ailəyə sevinc bəxş edəcək
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin yürütdüyü siyasəti rəhbər tutaraq və amnistiyanın tərbiyəvi əhəmiyyətinə inanaraq, cinayət törətmiş şəxslərin öz əməllərini və onların nəticələrini dərk etməklə islah olunacaqlarına ümid edərək 28 May - Respublika Günü münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü ilə çıxış edib. Bu məqsədlə hazırlanan “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılacaq.
Mərhəmət və insanpərvərlik ulu öndərin əsasını qoyduğu humanizm siyasətinin qayəsidir
Amnistiya cəzanın ləğv edilməsi və ya yüngülləşdirilməsidir. Azərbaycanda amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Milli Məclis tərəfindən qəbul edilir. Təbii ki, cinayət cəzasız qalmamalıdır. Hər bir cinayətin layiqli cəzası olmalıdır. Cəza hüququnun reallaşdırılmasında belə ədalətə söykənmək isə Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasətinin əsas qayələrindən biridir. Məhz Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra ölkəmizdə demokratik dəyərlərin başlıca meyarlarından sayılan insan hüquq və azadlıqlarının təsbit olunmasına və cəmiyyətdə humanizm prinsiplərinin bərqərar edilməsinə diqqətlə yanaşılmağa başlandı. Ümummilli lider daim humanizm məfkurəsindən çıxış edərək mərhəmət və insanpərvərlik kimi ən ali keyfiyyətləri əldə rəhbər tuturdu. Ulu öndərin humanizm ideyalarına böyük önəm verməsi və real həyatda bunu təcəssüm etdirən addımlar atması vətəndaş həmrəyliyinə, insanların hakimiyyətə olan etimadının da yüksəlməsinə xidmət etdi. Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistliyin nəticəsində əfv və amnistiya təsisatları yaradıldı, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv fərmanı qəbul edildi. Bu amnistiya aktları 77 mindən çox insana şamil edildi, onlardan 21 min 325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olundu. Ulu öndər həmçinin törətdiyi cinayət əməlindən peşmançılıq keçirən, cəzasının bir hissəsini çəkən 3 mindən artıq şəxsi də əfv etdi. Ulu öndər Heydər Əliyev böyük humanistlik nümayiş etdirərək imzaladığı əfv fərmanları ilə 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərində iştirak edən insanların da bir qismini bağışladı.
Ötən 13 ildə ümummilli liderin Azərbaycan dövlətçiliyinin qüdrətlənməsinə, ölkənin sosial-iqtisadi inkişafına xidmət edən konsepsiyaların uğurla həyata keçirilməsinin nəticəsi kimi respublikamız bütün sahələrdə böyük tərəqqiyə nail olmuş, dünya birliyində layiqli yerini möhkəmləndirmişdi. Eyni zamanda, ulu öndərin humanizm siyasəti ənənələrinə sadiqlik Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edib. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev əfvetmə institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin edib, hər zaman mərhəmət, insanpərvərlik və humanizm məfkurəsinə söykənib. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq keçirən, azad cəmiyyətə və normal həyata qovuşmaq istəyən məhkumların əfvlə bağlı müraciətlərini nəzərə alan dövlət başçısı bayram və əlamətdar günlərdə imzaladığı əfv sərəncamları ilə onların bir qismini cəzalarının çəkilməmiş hissəsindən tam və ya qismən azad edib. Dövlət başçısı son 13 ildə imzaladığı əfv fərman və sərəncamları ilə 6 min 472 nəfərə azadlıq bəxş edib.
Heydər Əliyev Fondunun əsas məramlarından biri
Ulu öndərin mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış etmək, humanizm ideyalarını həyata keçirmək Heydər Əliyev Fondunun da başlıca məramlarından biridir. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə 2007-ci ildə ulu öndərin xatirəsinə həsr olunmuş, 2009-cu ildə Novruz bayramı, 2013-cü ildə isə Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilib.
Heydər Əliyevin ideyalarını layiqincə gerçəkləşdirən fond ötən 12 ildə fəaliyyəti ilə Azərbaycanın həyatında necə böyük rol oynadığını, qarşıya qoyduğu məqsədlərin əhəmiyyətinə, miqyasına və sanbalına görə ölkəmizdə və regionda analoqu olmayan ictimai qurum olduğunu sübut edib. Bu müddətdə Heydər Əliyev Fondunun gördüyü işlər, həyata keçirdiyi layihələr doğrudan da, olduqca geniş spektrli, maraqlı və rəngarəngdir. Ulu öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan, xalqımızın gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən fond fəaliyyəti ilə insanların ümid yerinə çevrilib.
Heydər Əliyev Fondunun uğurlarının əsasında dayanan əsas amil ona rəhbərlik edən ölkəmizin birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası sədrinin müavini Mehriban xanım Əliyevanın əzmkarlığıdır. İnsanlara qayğı və təmənnasız xidməti, xeyriyyəçiliyi prioritet elan edən ölkəmizin birinci xanımı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, mədəniyyətimizin, mənəvi dəyərlərimizin təbliğini, milli genefondumuzun qorunmasını və cəmiyyətin diqqətini bu istiqamətlərə cəlb etməyi özünün vətəndaşlıq borcu hesab edir. Mehriban xanım Əliyeva öz səylərini əhalinin ən zəif müdafiə olunan təbəqələrinə, xəstə və valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək göstərilməsinə yönəldir. Onun təşəbbüsü ilə qaçqınların və məcburi köçkünlərin, talassemiya və diabet xəstəliklərindən əziyyət çəkən uşaqların dəstəklənməsinə yönəlmiş müxtəlif proqramlar, uşaq evlərinin yenidən qurulması və onlar üçün yeni binaların tikintisi layihələri məhz bu məqsədə xidmət edir.
Qeyd etdiyimiz kimi, indiyədək Heydər Əliyev Fondunun təşəbbüsü ilə üç dəfə amnistiya elan edilib. Bu da ondan xəbər verir ki, fond xeyriyyəçilik, səhiyyə və təhsil sisteminin, mədəniyyət və incəsənətin inkişafı, mədəni irsimizin dünyada təbliği, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və ölkəmizin dünyadakı imicinin formalaşması ilə yanaşı, ulu öndərin humanizm məfkurəsindən çıxış edən amnistiya təşəbbüsçüsüdür.
Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə birinci dəfə Milli Məclis 2007-ci il mayın 8-də “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında” qərar qəbul edib və 9877 şəxs cəzadan azad olunub. Penitensiar müəssisələrdə cəza çəkən 2861, intizam xarakterli hərbi hissədə saxlama cəzası çəkən 104, islah işləri növündə cəza çəkən 2091, ictimai işlər növündə cəza çəkən 226 və maddi vəziyyəti ilə əlaqədar 3 milyon manatdan artıq məbləğdə cəriməni ödəyə bilməyən 4225 məhkum amnistiya nəticəsində cəzalardan azad edilib. Həmçinin şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 370 məhkum barəsində də amnistiya tətbiq edilib.
Fond tərəfindən növbəti amnistiya təşəbbüsü 2009-cu ildə edilib. 7 mart 2009-cu il tarixdə Milli Məclis “Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında” qərar qəbul edib. Qərar 9564 nəfər məhkuma şamil edilib və onlardan 1700-ü cəzaçəkmə yerlərindən azad olunub. Böyük ictimai təhlükə törətməyən və bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, birinci və ya ikinci qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar amnistiyanın təsir dairəsinə düşüblər. Qərar həmçinin azadlıqdan məhrum edilmiş və cəzalarının bitməsinə bir il qalmış, islah işləri, ictimai işlər cəzasına məhkum edilmiş şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara şamil edilib.
Azərbaycan Respublikası Milli Məclisi sonuncu dəfə 2013-cü il mayın 7-də ulu öndər Heydər Əliyevin əbədiyaşar xatirəsinə xalqımızın ehtiramını ifadə edən, onun zəngin mənəvi irsini yaşadan, milli dövlətçilik və humanizm ideyalarını yeni nəsillərə aşılayan Heydər Əliyev Fondunun təşəbbüsünü dəstəkləyərək ümummilli liderin 90 illik yubileyi münasibətilə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” qərar qəbul edib. Bu qərar 10 min 40 şəxsi əhatə edib. Qərar Penitensiar Xidmət üzrə 2834 nəfər məhkuma tətbiq olunub. Onlardan 679 nəfər cəzaçəkmə müəssisələrindən, 1588 nəfər məntəqə tipli cəzaçəkmə müəssisələrindən azad edilmiş, 567 nəfərin isə cəza müddətləri 6 ay azaldılmışdı. Qərar Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, 34 nəfər xarici ölkə vətəndaşlarına da şamil edilmişdi.
Ümumiyyətlə, son 21 il ərzində 106 mindən artıq şəxsə amnistiya tətbiq olunub, 10 min nəfərə yaxın məhkum isə əfv olunub.
Növbəti amnistiya aktı 10 min şəxsi əhatə edəcək
Bu gün isə Milli Məclisdə Heydər Əliyev Fondunun və şəxsən Mehriban xanım Əliyevanın təklifi ilə növbəti əfv təşəbbüsü müzakirəyə çıxarılacaq. Bununla bağlı deputat Mehriban Əliyevanın Milli Məclisə müraciətində deyilir:
“28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına mühüm və əlamətdar hadisə kimi əbədi olaraq daxil olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyəti dövründə xalqın müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə nümayiş etdirmiş və Azərbaycanın müstəqil dövlət kimi dünyanın siyasi xəritəsinə yazılmasında və tanınmasında müstəsna xidmətləri olmuşdur.
Azərbaycan xalqı XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini qazanmazdan öncə ümummilli lider Heydər Əliyev Xalq Cümhuriyyətinin ideallarını yaşadaraq onun varisi olduğunu təsdiq etmiş və Naxçıvana rəhbərlik etdiyi dövrdə cümhuriyyətin üçrəngli bayrağı ilk dəfə rəsmi olaraq dalğalandırılmışdır.
Azərbaycan xalqının xoşbəxtliyi onda olmuşdur ki, müstəqil dövlətçiliyin müqəddəratının həll edildiyi ağır günlərdə - 1993-cü il iyunun 15-də dünya şöhrətli siyasətçi və müdrik dövlət xadimi ulu öndər Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıdaraq Azərbaycanı parçalanmaq və müstəqil dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas etmişdir.
Son zamanlar Heydər Əliyev Fonduna ünvanlanmış məhkum edilmiş şəxslər və onların ailə üzvlərinin çoxsaylı müraciətləri ilə əlaqədar aparılan təhlillər cinayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və digər zəruri hallar nəzərə alınmaqla həmin şəxslərə münasibətdə humanizm və mərhəmət prinsiplərinin nümayiş etdirilməsini zəruri edir”.
Müraciətdə bildirilir ki, amnistiya aktının layihəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar, ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcək.
Həmçinin azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi bir ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara amnistiya tətbiq edilməklə cəzadan azad olunmaları gözlənilir. Aparılan təhlillərə əsasən, təqribən 10 min şəxsin amnistiya aktının təsiri altına düşməsi, onlardan 3500-ə yaxın məhkumun azadlıqdan məhrumetmə yerlərindən azad edilməsi proqnozlaşdırılır.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə elan edilən amnistiyalar minlərlə insanı azadlığa qovuşdurub, onların qayıtmasını həsrət və intizarla gözləyən ana-bacıların, övladların, ahıl valideynlərin hədsiz sevincinə səbəb olub. Hər zaman humanizm məfkurəsindən çıxış edən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə növbəti amnistiyanın elan edilməsi cəmiyyətimizin xoş olan əhval-ruhiyyəsini daha da canlandıracaq, neçə-neçə ailələrə səadət, sevinc bəxş edəcək. Amnistiya aktına əsasən, cəzadan azad edilmiş şəxslər müasir Azərbaycan dövlətinin layiqli vətəndaşı olacaq, qanunlara hörmət ruhunda davranaraq Vətənə və xalqa sədaqətlə xidmət edəcəklər.
Rəşad Cəfərli
Azərbaycan.- 2016.- 20 may.- № 108.- S.1, 3.