Çap etmək   ⁞     ⁞   Fond haqqında

Gürcüstandakı Azərbaycan məktəblərinə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilmişdir


Xalqımızın ümummilli lideri Heydər Əliyev xaricdə yaşayan soydaşlarımızın problemləri ilə daim maraqlanır, qayğı və diqqətini əsirgəmirdi. Ulu öndərin bu ənənəsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sentyabrın 14-də Kvemo-Kartli-Borçalı bölgəsinin Marneuli rayon mərkəzində Heydər Əliyev Fondu tərəfindən Gürcüstanın Azərbaycan məktəblərinin 1-ci sinif şagirdlərinə içində lazımi dərs ləvazimatı olan 3200 çantanın hədiyyə edilməsi buna əyani sübutdur. Hədiyyəni Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva təqdim etmişdir.

Qənirə Paşayeva Azərbaycan-Gürcüstan xalqlarının dostluq əlaqələrindən, xaricdə yaşayan soydaşlarımıza Azərbaycan dövlətinin diqqət və qayğısından söhbət açmışdır.

Gürcüstan azərbaycanlıları daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya təşəkkür etmişlər. Mehriban xanım Əliyevanın gürcüstanlı soydaşlara, xüsusən də məktəblilərə daim diqqət və qayğı göstərdiyi vurğulanmışdır.


Xalq qəzeti.- 2007.- 15 sentyabr.- № 207.- S. 2.