Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun nümayəndələri məktəblərdə olublar


Bu dəfə Sabirabad və Biləsuvar rayonları ərazilərində məskunlaşan məcburi köçkünlərin yaşadıqları şəhərciklərdə olmuşlar.

Torpaqlarından didərgin düşmüş soydaşlarımıza diqqət və qayğı dövlətimizin qarşısında duran ən ümdə məsələlərdən biridir. Təsadüfi deyil ki, ölkəmiz üçün əlamətdar olan günlərdə qaçqın və məcburi köçkün bacı-qardaşlarımız ayrı-ayrı qurumlar tərəfindən yad edilir, problemlərinin həlli istiqamətində müvafiq addımlar atılır. Ulu öndərimiz Heydər Əliyevin adını daşıyan fond da bu qəbildən olan vətəndaşlarınızı həmişə diqqət mərkəzində saxlayır, onların dərdlərini azacıq da olsa unutdurmağa çalışır.

Sentyabrın 15-də fondun nümayəndələrinin Sabirabad və Biləsuvar rayonları ərazisində məskunlaşan məcburi köçkünlərlə görüşləri də eyni missiyaya xidmət edirdi. Burada nümayəndələr didərgin soydaşlarımızın məskunlaşdıqları şəhərciklərdəki məktəblərdə olmuş, şagirdləri "Bilik günü" münasibətilə təbrik etmiş, ilk dəfə birinci sinfə gedənlərə hədiyyələr vermişlər.

Qeyd edək ki, Sabirabad rayonunun Qalaqayın kəndində Füzuli rayonunun 26 və 27 nömrəli, Zəngilan rayonunun 16 nömrəli, Cəbrayıl rayonunun Dəmşalaq və Çərəkən kənd məktəbləri yerləşir. Fondun Qalaqayın kəndinə səfərləri artıq ənənə halını alıb. Belə ki, fond tərəfindən keçənilki "Bilik günü"ndə də burada görüşlər keçirilib.

Sabirabadda "Bilik günü" münasibətilə keçirilən mərasimdə təhsil sahəsindəki problemlərə biganə qalmayan Heydər Əliyev Fondunun, xüsusən fondun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilərək hazırda bütün sahələrdə olduğu kimi, təhsil sistemində də Heydər Əliyev siyasətinin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd edilib. Bu da təsadüfi deyil. Belə ki, dövlət başçısı İlham Əliyevin 2004-cü il 21 avqust tarixli sərəncam ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı", həmçinin Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehri-ban xanım Əliyevanın təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində həyata keçirilən tədbirlər təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən mühüm amillərdir. Bu isə sözsüz ki, gənc nəslin təlim-tərbiyəsinə ən böyük qayğı kimi qiymətləndirilməlidir.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da məcburi köçkün soydaşlarımızla keçirilən görüşlərdə fondun təhsil sahəsinin inkişafına xüsusi önəm verdiyini qeyd edib və bu istiqamətdə artıq müəyyən uğurlara nail olunduğunu önə çəkib. Belə ki, fondun vəsaiti ilə müxtəlif regionlarda tikilən 132 məktəbin 100-ü artıq istifadəyə verilib. Lakin göründüyü kimi, fond yurd-yuvalarından didərgin düşmüş məktəbliləri də diqqətdən kənarda saxlamır və onlara müxtəlif yardımlar edir. Elə sözügedən tədbir çərçivəsində də fond öz adından birinci sinfə gedən uşaqlara şagird çantaları və dərs ləvazimatı, "Dövlətqaçqınkom" adından isə məktəbli geyimləri hədiyyə etdi. Həmçinin məktəb kitabxanalarına Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən kitab bağışlanıldı.

Yeni tədris ilinin başlanması ilə əlaqədar Heydər Əliyev Fondunun nümayəndələri Cəbrayıllı məcburi köçkünlərin məskunlaşdığı Biləsuvar 6 nömrəli qəsəbəsindəki 8 nömrəli orta məktəbə də baş çəkiblər. Məlumat üçün deyək ki, bu məktəbdə 364 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 40 müəllim məşğul olur. Bu il məktəbin məzunlarından 8 nəfər ali və orta ixtisas məktəblərinə qəbul edilib.

3 nömrəli qəsəbədə İsmayıl Quliyev adına Böyük Mərcanlı kənd orta məktəbində keçirilən görüş də məktəb kollektivinə böyük ruh yüksəkliyi bəxş edib.

Qeyd edək ki, Biləsuvarda cəbrayıllıların məskunlaşdıqları qəsəbələrin memarı ümummilli Liderimiz Heydər Əliyevdir. Lakin təəssüf ki, o, altı qəsəbənin heç birinin açılışında iştirak edə bilmədi. Bu işi isə dahi rəhbərimizin yolunun layiqli davamçısı, o zaman baş nazir olan cənab İlham Əliyev gördü.

Sevindirici haldır ki, Cəbrayıl rayonu işğal olunsa da, müəllimlərin fədakarlığı sayəsində təhsili yaşayır və inkişaf edir. Bu il rayon məktəblərinin məzunlarından 177 nəfəri müxtəlif ali və orta ixtisas məktəblərinin tələbəsi olub. Şagirdlərin belə yüksək nəticələr göstərməsində təbil ki, Heydər Əliyev Fondunun da əməyi böyükdür. Təkcə ona görə yox ki, fond məktəblərdə təhsilin səviyyəsinin yüksəldilməsi üçün addımlar atır, həm də ona görə ki, fond ən mühüm layihələrindən olan "Azərbaycan" internet portalı vasitəsilə beynəlxalq aləmdə ölkəmiz haqqında tam, həqiqi və dolğun təsəvvür yaratmaqla, Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğalçılıq müharibəsinin tarixi kökləri, erməni terrorizmi və ermənilərin azərbaycanlılara qarşı yerit-dikləri soyqırım siyasəti haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqla bərabər, eyni zamanda gənclərimizdə vətənpərvərlik ruhunu artıraraq onları üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə sövq edir. Bundan əlavə, fond Qarabağın tarixinə dair sanballı kitab çap etdirməklə, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və s. haqqında ingilis dilində kitabçalar hazırlamaqla gənc nəslin doğru-düzgün məlumatlandırılmasında mühüm rol oynayır.

Biz ulu öndər Heydər Əliyevin adını daşıyaraq onun ideyalarının uğurla həyata keçirilməsində misilsiz xidmətlər göstərən fonda və onun prezidenti Mehriban xanım Əliyevaya uğurlar arzulayır, çoxşaxəli fəaliyyətinin nəticəsi olaraq xalqın məhəbbətini qazandığı kimi, səsini də qazanacağına inanırıq.


Sevinc Paşayeva

Azad Azərbaycan.- 2005.- 18 sentyabr.- S. 2.