Humanizm, millilik və dövlətçiliyə bağlılıq
Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti məhz bu amillər üzərində təşəkkül tapıb
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın Qətər dövlətinə səfəri birinci ledinin təhsil, elm, səhiyyə, sosial xarakterli aksiyalarda fəal rol oynaması ilə yanaşı, onun peşəkarlığa və vətənpərvərliyə əsaslanan fəaliyyətinin də gerçək mahiyyətini nümayiş etdirdi. Bu səfərin fonunda belə bir reallıq öz təsdiqini tapdı ki, Mehriban xanım Əliyeva təkcə, humanitar sahələrdə deyil, siyasət, xüsusi ilə beynəlxalq münasibətlər müstəvisində də zəngin təcrübəyə malikdir. Və onun malik olduğu bu keyfiyyətlər ölkəmizin beynəlxalq imicinin formalaşmasında, Azərbaycan reallıqlarının təbliğ olunmasında mühüm rol oynamaqdadır. Bu amilə rəğmən, etiraf etməliyik ki, Mehriban xanım Əliyeva xeyriyyəçilikdən tutmuş, ölkənin səhiyyə və təhsil sisteminin, mədəniyyət və incəsənətinin inkişafı, Azərbaycanın beynəlxalq aləmdəki reputasiyasının formalaşması sferalarında ciddi və məhsuldar aktivlik nümayiş etdirir.
Mehriban xanım Dohaya səfəri çərçivəsində YUNESKO və Qətərin Təhsil Fondu tərəfindən təşkil olunmuş “Ərəb dövlətlərində savadlılıq, tərəfdaşlığın qurulması və yeni yanaşmaların təşviqi” mövzusunda regional konfransda iştirak edib. Mehriban xanımın fəaliyyətinə beynəlxalq ictimaiyyətin verdiyi yüksək qiymətin təzahürüdür ki, məhz təhsil məsələlərinə həsr olunmuş növbəti konfrans Bakıda keçiriləcək. “Zəmanənin ən böyük təzadlarından biri ondan ibarətdir ki, əldə edilən tərəqqi, kommunikasiya imkanları insanların birləşməsinə, daha çox ünsiyyət qurmasına şərait yaratsa da, gerçək həyatda biganəlik artır, insanlar arasında uçurum yaranır. Bu gün dünyanın qarşılaşdığı ən ağrılı problemlərdən biri mənəvi idealların ucuzlaşması, onların saxta ideallarla əvəzlənməsidir”. Birinci ledinin bu fikirləri və ən əsası bu gerçəkliyin doğurduğu çətinliklərin aradan qaldırılmasına yardım etməsi, umanlara kömək əlini uzatması olduqca təqdirəlayiq haldır.
Azərbaycanda birinci ledinin gündəlik fəaliyyəti çox gərgin və eyni zamanda zəngindir. O, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri olaraq Azərbaycan mədəniyyəti və incəsənətini dünyada təbliğ edir, ölkənin beynəlxalq imicinin formalaşması işinə önəmli töhfələrini verir, eyni zamanda səriştəli diplomat olaraq ölkəmizi bir çox mötəbər beynəlxalq toplantılarda uğurla təmsil edir. Biz bu reallığın Mehriban xanımın Birləşmiş Ştatlara səfəri gedişində şahidi olduq. Qətər Əmirliyinə səfəri də məhz bu amili növbəti dəfə göstərir. Azərbaycanın özündə isə Mehriban Əliyeva Heydər Əliyevin adını daşıyan və onun özü kimi əzəmətli olan amallara xidmət edən Fond vasitəsilə xeyriyyəçilik missiyasının daşıyıcısıdır. Özünün də dediyi kimi, bu gün müxtəlif hakimiyyət strukturlarının laqeydliyi və biganəliyi ilə üzləşən köməksiz insanların “ümid qapısı”na çevrilmiş Heydər Əliyev Fondunun fəaliyyət fəlsəfəsi bir ideya və amala söykənir: yaxşılıq!
Son illər Heydər Əliyev Fondunun dövlət və milli maraqlar baxımından müstəsna çəkili layihələrin uğurla gerçəkləşdirilib cəmiyyətin etimadını qazanmasında istisnasız olaraq Mehriban xanım Əliyevanın yüksək işgüzarlığı və enerjisi, habelə daxilindən gələn insanpərvərlik hisslərinin mühüm rolu olub. Bütün bu layihələrin əsasında Azərbaycanın milli genefondunun qorunub saxlanması vəzifəsi dayanır. Həcminə görə respublikamızda analoqu olmayan “Azərbaycan” informasiya portalının yaradılması, “Yeniləşən Azərbaycana - yeni məktəb”, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” layihələr, “Qarabağ xanəndələri” adlı diskin buraxılması, “Qarabağ həqiqətləri” kitabının ərsəyə gəlməsi Mehriban xanımın həyatımızın ən müxtəlif sahələrinə qayğı və himayəsinin, ən əsası isə bu sferelardakı problemlərin həllinə nail olmaq istəyinin əyani təcəssümüdür. Təəccüblü olsa da faktdır-bu gün bir sıra instansiyaların öhdəsindən gələ bilmədikləri problemlərin həllini vətəndaşlar Heydər Əliyev Fondunda tapırlar. Bu isə birinci ledinin humanizmə söykənən fəaliyyətinin siyasi çalarlar qazanması, missiyanın sırf ictimai aktivlik çərçivələrini aşması deməkdir. Ölkənin birinci ledisinin fəaliyyəti təbii ki, Prezidentin ictimai nüfuzuna təsir etməmiş deyil. Bütün ölkələrdə bu belədir və bir qayda olaraq birinci ledilər öz fəaliyyətləri ilə dövlət başçılarının ən yaxın silahdaşlarına çevrilirlər. Digər tərəfdən, əgər cəmi üç illik fəaliyyətlə prezident xanımı cəmiyyətin ən müxtəlif təbəqələrinin rəğbətini qazanıbsa, deməli, bunda bir tərəfdən dövlət başçısının da payı var, digər tərəfdən isə bu faktor ölkə rəhbərinin əhali arasındakı reytinqinə ciddi təsir göstərir.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, xalqımızı, onun mədəniyyətini, incəsənət və ədəbiyyatını bütün dünyada təbliğ edən, üç dildə çap olunan “Azərbaycan İRS” jurnalının baş redaktoru olan Mehriban Əliyeva bütün imkanlarını, intellekt və bacarığını xalqımızın azad, firavan həyatı üçün səfərbər edib və bu yolda əzmkarlıqla çalışır. Bunu təsdiqləyən onlarla, yüzlərlə fakt var. Azərbaycanın birinci ledisi hansısa ayrıca götürülmüş sahənin inkişafı naminə fəaliyyət göstərmir. Ümumən, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva ölkəmizin ictimai-mədəni həyatında müstəsna rol oynamaqdadır. Bu münasibətlərdə ən mühüm nailiyyət isə Mehriban Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri seçilməsidir. YUNESKO ilə əlaqələrin yeni mərhələsinə bu seçim öz təsirini göstərir. Təsadüfi deyil ki, Dohaya səfəri gedişində Qətər əmirinin xanımı da Mehriban Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri kimi fəaliyyətini təqdir etdi. Sözsüz ki, Mehriban Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri adına layiq görülməsi, Azərbaycan Prezidenti, Mehriban xanımın həyat yoldaşı kimi İlham Əliyev üçün ikiqat önəm daşıyır. Bu baxımdan, Prezident də haqlı olaraq hesab edir ki, Mehriban xanım xoşməramlı səfir adını daşımağa layiqdir: “O, həmişə insanlara xoş münasibəti, xoş niyyəti ilə seçilib. Bu onun xasiyyətinin fərqləndirici cəhətidir. Əminəm ki, bu yeni işdə də fəal çalışacaq və fəaliyyəti ilə ümumi məqsədlərimizə töhfəsini əsirgəməyəcək”. Onu da etiraf etməliyik ki, Fond daha çox gələcəyə hesablanmış addımlar atmağı bacarır və təşkilatın diqqət yetirdiyi sahələr cəmiyyətin olduqca həssas qütbləridir. Bu qütblərin mərkəzində isə milli genefondumuzun inkişafı və xalqımızın minilliklərdən keçirib bu günə çatdırdığı mədəni-etnoqrafik ənənələr dayanır. Fondun fəaliyyəti çoxşaxəlidir. Təhsil, səhiyyə, elm və texnologiya, mədəniyyət, ekologiya, idman, sosial problemlər - bütün bu sahələrdə Heydər Əliyev Fondu tərəfindən çoxşaxəli proqramlar hazırlanaraq uğurla həyata keçirilir. Ümumiyyətlə, Heydər Əliyev Fondu öz fəaliyyətini müasir zamanın tələbinə cavab verən şəkildə qurmağa, insanları narahat edən problemləri aşkar etməyə, bu problemlərin həlli yolunda lazımi tədbirlər həyata keçirməyə və uğurlu nəticələri əldə etməyə çalışır.
Təkcə 2006-cı ildə Fonda 3000-dən artıq vətəndaşın müraciət ünvanlaması bu qurumun ictimai təsisat kimi cəmiyyətdə əlahiddə nüfuz və etimada malik olduğunu nümayiş etdirir. Deməli, insanlar Mehriban Əliyevaya güvənir və ona müraciət edən vətəndaşların sayının ildən-ilə artması məhz bu inamın real göstəricisidir. Mehriban Əliyevanın yüksək humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn bu uğurlu fəaliyyətin qayəsində isə məhz millətə və dövlətə səmimi xidmət istəyi, məramı dayanır. “Bəzən cəmiyyətdə insan elə bir vəziyyətə düşür ki, bütün döydüyü qapılar onun üzünə bağlı qalır. O, öz dərdi ilə, öz problemi ilə təkbaşına qalır və ona elə gəlir ki, heç bir şey və heç kəs ona kömək edə bilməz. Bu halda, o, üzünü bizim fonda tutur. Mən demək istəmirəm ki, biz dərhal onun bütün problemlərini həll edirik. Amma o insan burada nə biganəliklə, nə soyuq münasibətlə rastlaşmaz və hökmən onun problemlərinin həlli üçün mümkün olan bütün vasitələrdən istifadə ediləcəkdir”. Bu fikirlərə rəğmən, ictimai rəy Mehriban xanımın fəaliyyətini təqdir edir.
Heydər Əliyev Fondu milli mədəni irsimizi, tarixi keçmişi araşdırıb yeni-yeni faktları aşkara çıxaran elm adamlarına da daim dəstək olur. Elə bu amalın nəticəsi kimi, tanınmış elm xadimi, professor Səadət Abdullayevanın “Azərbaycan xalq çalğı alətləri” kitabı fondun maliyyə yardımı nəticəsində işıq üzü görüb, Fondun təşəbbüsü ilə gənc rəssam Aida Mahmudovanın fərdi sərgisi təşkil olunub, İngiltərənin Çelsi Rəssamlıq Universitetində təhsil alan həmyerlimizin Bakıda ilk dəfə olaraq əsərləri nümayiş etdirilib. Bu kimi faktlar bir daha Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinə təmənnasız diqqət və qayğısının bariz nümunəsidir. Heydər Əliyev Fondu Azərbaycan xalqının kökü çox qədimlərə gedən sənət xəzinəsinə, ulu muğamlarımıza sahib çıxaraq, bu sahəyə də yaxından himayədarlıq etdi. Belə ki, ilkin nəticələrdən biri “Qarabağ xanəndələri” adlı albomun nəfis tərtibatda buraxılmasıdır. Həmçinin, Fond rəhbərliyinin təşəbbüsü ilə “Qarabağ” kitabının çapa hazırlanması da Azərbaycanın, Qarabağın tarixi keçmişinin öyrənilməsinə və təbliğinə diqqətin dəyərli təzahürlərindəndir. Digər bir layihə isə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun bütün əsərlərinin CD və DVD -də buraxılmasını əhatə edir. Heydər Əliyev Fondu sosial sferaya aid aktual məsələləri - qaçqın və məcburi köçkünlərin, uşaq evlərinin, internat məktəblərinin, müxtəlif ağır xəstəliklərdən əziyyət çəkən insanların problemlərini də daim diqqətdə saxlayır. Prezident İlham Əliyevin “Bakı şəhərində tarixi-memarlıq abidələrinin bərpası və qorunması haqqında” imzaladığı sərəncam Azərbaycan mədəniyyətinin bir çox qiymətli nümunələrinin dünya inciləri sırasına daxil olması kimi müstəsna bir məqsədi nəzərdə tutur. Dövlət başçısının sərəncamında bildirilir ki, bu qərar Bakı şəhərindəki tarixi-memarlıq abidələrini milli-mədəni sərvət kimi qoruyub saxlamaq, yetişməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında onların rolunu gücləndirmək və ölkəmizə gələn çoxsaylı qonaqlar arasında lazımi səviyyədə təbliğini təmin etmək məqsədi ilə qəbul olunub.
Dövlət başçısının sərəncamında nəzərdə tutulan vəzifələr uzun müddətdir ki, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın ardıcıl təşəbbüsləri ilə yüksək səviyyədə icra olunmaqdadır. Mehriban xanım daim xalqımızın mədəni irsinin qorunmasının və gələcək nəsillərə çatdırılmasının tərəfdarı kimi çıxış edir. YUNESKO-nun xoşməramlı səfiri kimi fərqli mədəniyyətləri bir araya gətirmək missiyasını öz üzərinə götürmüş Mehriban Əliyevanın bu sahədə fəaliyyəti hələ 10 il əvvələ, “Azərbaycan Mədəniyyətinin Dostları Fondu”nun yaradılması dövrünə gedib çıxır. Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu dünyanın ən mötəbər mədəniyyət qurumları ilə əməkdaşlıq çərçivəsində ölkəmizdəki tarixi abidələrin qorunması üçün həyata keçirilən tədbirlərdə də fəal iştirak edir. Gəncə şəhərində Cavadxan türbəsinin, Comərd Qəssab məqbərəsinin, Bakının Şüvəlan qəsəbəsində yerləşən Pirhəsən ziyarətgahının bərpası, Abdulla Şaiqin ev-muzeyinin təmiri buna parlaq nümunədir. YUNESKO-nun xoşməramlı səfiri Azərbaycanın tanınmış oğul və qızlarının adı ilə bağlı tarixi abidələrin bərpasını yalnız keçmişə hörmət və tarixi həqiqətin bərpası kimi deyil, eyni zamanda, gənc nəsli milli-vətənpərvərlik ruhunda tərbiyə etməyin əsas elementi, azərbaycançılıq ideologiyasının inkişafı kimi qiymətləndirir: “Biz ölkənin maraq dairəsində baş verən hadisələri diqqətlə izləyir və yaranan problemlərin həlli üçün bütün səyləri göstəririk. Mən Azərbaycanın tanınmış oğul və qızlarının adı ilə bağlı tarixi abidələrin bərpasını yalnız keçmişə hörmət və tarixi həqiqətin bərpası kimi deyil, eyni zamanda, gənc nəsli milli-vətənpərvərlik ruhunda tərbiyə etməyin əsas elementi, Heydər Əliyevin azərbaycançılıq ideologiyasının inkişafı kimi qiymətləndirirəm”.
Fondun prezidentinin şəxsi səyləri nəticəsində Azərbaycan xalqının milli sərvəti sayılan qeyri-maddi irsimiz də, xüsusilə muğam bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri sırasına daxil edilmişdir. Mehriban Əliyevanın Azərbaycan muğamlarının öyrənilməsi və təbliği ilə bağlı fəaliyyəti onun milli-mənəvi dəyərlərə bağlılığının və yüksək vətənpərvərliyinin bariz göstəricisidir. “Qarabağ xanəndələri” adlı nəfis albomun buraxılması da Fondun uğurları sırasında özünəməxsus yer tutur. Əslində, bütün Azərbaycana məxsus müğamlarımızın toplandığı alboma ad kimi niyə məhz “Qarabağ xanəndələri” ideoniminin seçilməsinin arxasında dayanan incə siyasi məqamı sezməmək mümkün deyildir. YUNESKO xətti ilə hazırlanmış alboma “Qarabağ xanəndələri” adının seçilməsi ilə bütün dünyaya Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğu, muğamın isə bu torpağın dünyaya bəxş etdiyi nadir sənət nümunəsi sayıldığı nümayiş etdirilmişdir. Mehriban Əliyevanın rəhbərliyi altında “Qarabağ” kitabının çapa hazırlanması isə Azərbaycanın, Qarabağın tarixi keçmişinin öyrənilməsi və təbliği baxımından son dərəcə böyük əhəmiyyət daşıyır. Mehriban xanımın təşəbbüsü ilə və YUNESKO-nun baş katibinin iştirakı ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin təməli qoyulmuşdur.
Azərbaycan mədəniyyətinin təbliği məqsədilə Mehriban Əliyevanın Bakıda “Qafqaz xalq ənənələri evi”nin yaradılması ilə bağlı YUNESKO qarşısında irəli sürdüyü təşəbbüsü də olduqca təqdirəlayiqdir. Belə bir qurumun təşkili Qafqaz xalqlarına məxsus mədəni irsin qorunması, təbliği baxımından böyük faydalar vəd edir. Bu təşəbbüs, eyni zamanda, həm də böyük siyasi əhəmiyyətə malikdir. “Qafqaz xalq ənənələri evi”nin yaradılması Avropa Birliyinin təşəbbüsü ilə Qafqaz regionunda həyata keçirilən “Yeni Qonşuluq Siyasəti”nin icrasına müəyyən töhfə verməklə bərabər, həm də zaman-zaman Azərbaycanın mədəniyyət incilərini oğurlayıb öz adlarına çıxan ermənilərin mənfur hərəkətlərinin qarşısını alacaqdır. Geostrateji mövqeyinə görə Azərbaycan iki dünyagörüşünün, iki həyat tərzinin, iki mədəniyyətin qovuşduğu məkanda yerləşmişdir. Belə bir məkanda yaşayan insanlar bu təmasın təkcə coğrafi deyil, həm də mənəvi təzahürünü, Qərb və Şərq mədəniyyətinin dialoqunu hiss etməkdədirlər. Əslində nə vaxtsa çağdaş dünyanın bizim dövlətçilik irsimizdən mənimsədiyi, tarixin hansı əyyamındasa unutduğumuz bu ənənələrin müstəqil Azərbaycan dövlətində yenidən bərpası faktı isə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.
Milli Məclisin deputatı seçildikdən sonra sırf millət vəkili kimi Mehriban Əliyevanın fəaliyyətində də maraqlı bir məqam diqqəti çəkir. Adətən, seçkiqabağı təşviqat dövründə maraqlı ideyalar gündəmə gətirilir. Mehriban Əliyeva seçicilər qarşısına pafoslu platformalarla çıxmamış, sadəcə, mövcud çətinlikləri dəqiqliklə öyrənmiş, seçkiqabağı kampaniya zamanı seçicilərlə görüşlərdə qaldırılan məsələlərin həlli, verilmiş vədlərin yerinə yetirilməsi vəziyyəti ilə tanış olmaq məqsədi ilə Bakıətrafı qəsəbələrə səfərlərini parlament seçkilərindən sonra daha da intensivləşdirmişdir. Mehriban xanım Əliyevanın Azərbaycan dövləti, xalqı naminə gördüyü işlər bütün bunlarla məhdudlaşmır. O, ölkənin birinci xanımı statusu ilə Azərbaycan cəmiyyətində novatordur. Bəşər sivilizasiyasının ən qədim xalqlarından olan azərbaycanlıların yüksək mənəvi-əxlaqi keyfiyyətlərini, genetik yaddaşını pak və sağlam niyyətlərlə qoruyaraq bütövlükdə milli intibaha, cəmiyyətin pozitiv ruhda inkişafına əsaslı təsir göstərmək, onun tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək Mehriban xanımın fəaliyyətinin əsas qayəsini təşkil edir.
Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti, ilk növbədə, dünyanın xilasına yönələn mütərəqqi ümümbəşəri və milli idealların cəmiyyətdə daha da möhkəmlənməsinə, ictimai şüura hakim kəsilməsinə, fərqli bəşəri sivilizasiyaların uğurlu dialoquna, keçmişlə gələcək arasında möhkəm körpü salınmasına, insanlara xeyirxahlıq və nəciblik kimi ali dəyərlərin aşılanmasına yönəlmişdir.
Mehriban xanım Azərbaycanda yüzlərlə yeni məktəb binasının tikilib istifadəyə veriləcəyini bəyan etmişdir. Təqdirəlayiq haldır ki, Prezidentin regionlara səfərləri zamanı Mehriban xanım Fondun xəttilə aparılan inşaat işləri ilə yaxından tanış olur, lazımi tövsiyələrini verir. Fond yeni təhsil ocaqlarının tikintisi ilə yanaşı, mövcud müəssisələrin əsaslı təmiri və yenidənqurulması işini də diqqət mərkəzində saxlamışdır. Ötən il xüsusi qayğıya ehtiyac duyan uşaqların təhsil aldığı 23 müəssisə əsaslı şəkildə bərpa edilmiş, zəruri avadanlıqlarla təchiz olunmuşdur. Bu, orta hesabla hər ay iki məktəbin normal iş və tədris rejiminə gətirilməsi deməkdir. Bakıda, Sumqayıtda, Xaçmazda, Əli Bayramlıda, Şəkidə, Astarada, İsmayıllıda, Ağdamda, Bərdədə, Beyləqanda, Gədəbəy, Saatlı, Zərdab, Yardımlı, Qax, Göyçay, Qusar, Lerik, Salyanda, habelə bir sıra kəndlərdə qəza vəziyyətində olan məktəblərin yeniləri ilə əvəz olunması insanlarda böyük rəğbət və minnətdarlıq hissi doğurmuşdur. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 22 min nəfərlik şagird yeri yaratmağa nail olması da təqdirəlayiq göstəricidir.
“İstər YUNESKO-nun xoşməramlı səfiri, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Bu, mənim seçimimdir” - deyən Mehriban Əliyeva ulularımızın bizə ərməğan etdiyi xeyirxahlıq, yaxşılıq, şəfqət və mərhəmət kimi ali mənəvi dəyərləri öz fəaliyyətində yaşatmaqla uğurlu bir yoldadır. Mehriban xanımın öz fəaliyyətini ümummilli lider Heydər Əliyevin nurlu ideyaları və Prezident İlham Əliyevin siyasətinə uyğun qurması bu yolun gələcəyinin çox parlaq olacağını şərtləndirir. Təbii ki, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu yarandığı ilk gündən etibarən ölkəmizin ictimai-mədəni həyatında müstəsna rol oynamaqdadır.
Ceyhun Abbas
İki sahil.- 2007.- 15 mart.- № 47.- S. 3.