Milli-mənəvi dəyərlərimizin hamisi
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ad günü qeyd edilib
“Heydər Əliyev Fondu Azərbaycanı gələcəyə aparan gözəl bir vasitədir. Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, Azərbaycanın olduğu kimi dünyaya təqdim edilməsi bütün bu şərəfli funksiyalar bu fondun üzərinə düşübdür ”- Prezident İlham Əliyevin bu sözləri Heydər Əliyev Fondunun və onun başçısı Mehriban xanım Əliyevanın fəaliyyətinə verilən ən yüksək qiymətdir.
Birinci xanımın qısa bioqrafiyası
Mehriban xanım Əliyeva Bakıda ziyalı ailəsində anadan olub. Atası Milli Elmlər Akademiyasının akademiki, fizika-riyaziyyat elmləri doktoru, professor, Milli Aviasiya Akademiyasının rektoru Arif Mir Cəlal oğlu Paşayev, anası şərqşünas alim, filologiya elmləri doktoru, professor, Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru olmuş, ərəb ədəbiyyatı sahəsində mütəxəssis Aida Nəsir qızı İmanquliyevadır .
Mehriban xanım Əliyeva 1982-ci ildə Bakıda 23 saylı orta məktəbi qızıl medalla bitirib, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi fakültəsinə daxil olub. İkinci kursdan təhsilini İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda davam etdirib, 1988-ci ildə bu institutu əlaçı diplomu ilə bitirib. 1988-92-ci illərdə Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.
Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun açılmasından - 10 may 2004-cü ildən bu günədək rəhbərlik edir. Fondun işinin əsas istiqaməti ən müxtəlif sahələrdə humanitar fəaliyyətdir. Bura valideyn himayəsindən məhrum olan uşaqlara kömək, uşaq evlərinin, internat-məktəblərin abadlaşdırılması və maddi bazalarının yaxşılaşdırılması da daxildir. Fond təhsil, səhiyyə, mədəniyyət sahələrində irimiqyaslı proqramlar nəzərdə tutub və onları həyata keçirir.
Rusiya, Gürcüstan və Rumıniyada nümayəndəliyi olan fond Azərbaycanın hüdudlarından kənarda da uğurlu layihələr həyata keçirir. Fond ümumbəşəri mədəniyyət abidələrinin bərpasında da iştirak edir.
Mehriban xanım Əliyeva Azərbaycan xalqının rifahı naminə humanitar proqramların effektivliyinin gücləndirilməsi üçün bütün imkanlardan istifadəni öz vəzifəsinin əsas məqsədi hesab edir.
Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən biri və ən başlıcası dünya ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsinin reallıqlarının çatdırılmasıdır. Fond xarici dillərdə kitablar nəşr etdirib dünyada yayır, müxtəlif ölkələrdə Xocalı soyqırımına həsr olunmuş aksiyalar, foto və videosərgilər təşkil edir.
2004-cü ilin avqustunda Mehriban xanım Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin mühafizəsi və inkişafı üzrə yorulmaz səylərinə görə YUNESKO-nun xoşməramlı səfiri elan olunub. İki il sonra birinci xanım müxtəlif sahələrdəki genişmiqyaslı və fədakar fəaliyyətinə, o cümlədən, geniş sivilizasiyalararası dialoq, qayğıya ehtiyacı olan uşaqlara diqqət, onların həyat şəraitinin və təhsilinin yaxşılaşdırılmasında böyük dəstəyinə görə İSESKO-nun xoşməramlı səfiri seçilib.
Belə nüfuzlu beynəlxalq təşkilatların səfiri olmaq çox şərəfli və məsulliyətli missiyadır. Həm YUNESKO, həm də İSESKO nizamnamələrində qeyd olunduğu kimi, qeyri-siyasi institutlardır. Eyni zamanda, bu, Mehriban xanım Əliyevanın öz ölkəsini təmsil etdiyi beynəlxalq arenadır.
Xoşməramlı səfir kimi Mehriban xanım Əliyevanın vəzifəsi elm, mədəniyyət, təhsil ilə islam birliyinə dair bütün imkanları, Qərbin və Şərqin, eləcə də, müxtəlif sivilizasiyaların nə qədər maraqlı və bir-birinə faydalı ola bilməsini göstərməkdir.
2005-ci ildə mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə, təhsil və mədəniyyətin təşkilinə dəstəyinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsində böyük töhfələrinə görə Mehriban xanım Əliyeva Rusiyanın “Yüzilliyin mesenantları ” Beynəlxalq Fondunun “Yaqut xaç” ordeni ilə təltif olunub.
Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsi isə birinci xanımı “Ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə” xüsusi mükafatı ilə qiymətləndirib. Xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində nailiyyətlərinə görə Mehriban xanım Əliyeva 2007-ci ildə “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülüb.
Mehriban xanım Əliyevanın geniş fəaliyyəti bununla məhdudlaşmır. O, 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidentidir. Onun nüfuzu Azərbaycanda bədii gimnastika üzrə beynəlxalq yarışların keçirilməsi barədə qərarın qəbulunda həlledici rol oynayıb.
2005-ci ildə Mehriban xanım Əliyeva fəlsəfə elmləri namizədi elmi dərəcəsi alıb. Həmin il Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə xanım Əliyeva parlamentə deputat seçilib. Mehriban xanımın Leyla və Arzu adında iki qızı, Heydər adında oğlu, Mikayıl və Əli adında iki nəvəsi var.
Humanizmin canlı mücəssəməsi
Humanizm, mərhəmət, vətənpərvərlik, xeyirxahlıq hisslərinə söykənən fəaliyyətilə cəmiyyətdə böyük nüfuz qazanmış Heydər Əliyev Fondunun ölkəmizdə təhsil sisteminin inkişafı ilə bağlı qarşısına qoyduğu başlıca məqsəd Azərbaycanda bu sahənin müasir dövrün əsas tələblərinə uyğun səviyyəyə yüksəldilməsi, potensial kadrların yetişdirilməsindən ibarətdir.
Fondun prezidenti Mehriban xanım Əliyeva 2005-ci ilin əvvəlində paytaxtda internat məktəbləri və uşaq evlərində olduqdan sonra “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı”nın hazırlanıb həyata keçirilməsini məqsədəuyğun hesab edib.
Respublikamızdakı uşaq evləri və internat məktəblərindəki mövcud problemlərin həll olunmasına yönəldilən proqram fondun təhsil sahəsindəki fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrilib. İlkin mərhələdə aparılmış monitorinqdən sonra uşaq müəssisələrində təhsil və sosial sahədə problemlərin həllinə yönələn 4 mühüm istiqamət: texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq prioritet kimi müəyyənləşdirilib.
Bu müəssisələrin böyük qisminin yenidənqurmaya, təmirə və texniki təchizata daha çox ehtiyacı olduğu nəzərə alınaraq, texniki dəstək istiqaməti üzrə işlərə başlanılıb. 50-dək uşaq müəssisəsində aparılan yenidənqurma və tikinti-təmir işləri zamanı onların zəruri avadanlıqla təmin edilməsi, yeni ədəbiyyatla zəngin kitabxanaların yaradılması, informasiya texnologiyalarının tətbiqi, sinif otaqlarının interaktiv təhsil üçün uyğunlaşdırılması təmin edilib.
Heydər Əliyev Fondunun səhiyyə sahəsində ən çox əks-səda doğuran layihələrindən biri məhz “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi olub. Layihə fondun dəstəyi əsasında Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın “Novo Nordisk” şirkəti ilə birgə əməkdaşlıq nəticəsində həyata keçirilib. Layihə çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş 14 yaşınadək uşaqlar 2004 - 2006-cı illər ərzində müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və şpris-qələmlərlə təmin ediliblər.
“Talassemiyasız həyat naminə” layihəsi isə bu xəstəliyin geniş yayıldığı ölkələrdən hesab olunan Azərbaycanda böyük rəğbətlə qarşılanıb. Proqramın daha səmərəli şəkildə həyata keçirilməsi üçün Məsləhət Şurası yaradılıb, bu xəstəlikdən əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün donor xidmətinin inkişafı, bu istiqamətdə əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələlərinə xüsusi diqqət yetirilib. Layihə çərçivəsində inşasına başlanmış Talassemiya Diaqnostika Mərkəzinin 2009-cu il mayın 10-da - ulu önlərin doğum günündə istifadəyə verilməsi fondun ölkə səhiyyəsinə böyük töhfəsidir.
Cəmiyyətdə bir sıra mütərəqqi yeniliklərin təşəbbüskarı kimi çıxış etməklə yanaşı, Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq “birinci xanım” statusunu da öz fəaliyyəti ilə məhz Mehriban xanım Əliyeva formalaşdırıb. Azərbaycanın birinci xanımının timsalında bu status humanist fəaliyyətə, qayğıkeşliyə, eləcə də hansısa problemlərlə qarşılaşan, hansısa məqamda hüquqları pozulan sıravi vətəndaşların ümid, pənah yerinə çevrilib.
Heydər Əliyev Fondu təhsilin, səhiyyənin, mədəniyyətin, incəsənətin, idmanın inkişafına xidmət edən konkret layihələrlə yanaşı, regional inkişaf tədbirlərinə də yaxından dəstək verir.
“Tanrı bağışlayanları sevir”
Azərbaycanın birinci xanımı üzərinə götürdüyü xoşməramlı missiya ilə həm də insan hüquqlarının qorunmasına, vətəndaş cəmiyyəti ideyalarının cəmiyyətdə daha da möhkəmlənməsinə, habelə, cəza siyasətinin humanistləşdirilməsi prosesinə öz töhfələrini verir.
Cəmiyyətdə insanpərvərlik və humanizm ideyalarının möhkəmlənməsinə çalışan Mehriban xanımın ulu öndər Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə hələ 2007-ci ilin may ayında parlamentə təqdim etdiyi amnistiya aktı layihəsi də ümummilli liderin humanist siyasətinə sədaqətin əyani nümayişi oldu. Mehriban xanım Əliyeva tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun kəsb edir.
Amnistiya aktının qəbulu ilə bağlı Milli Məclisə müraciət edən Heydər Əliyev Fondunun prezidenti deyib: “Bu təşəbbüsü irəli sürərkən mən hesab edirdim ki, səhv etmiş, cinayət törətmiş insanlara bir daha imkan verməliyik ki, onlar azad həyata qayıtsınlar, ailələrinə, yaxınlarına qovuşsunlar, cəmiyyətdə öz yerlərini tapa bilsinlər. Ağır cinayət törətməyən insanları bağışlayaraq biz həm onları normal həyata qaytarırıq, həm də müstəqil Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf etdiyini nümayiş etdiririk. Mən əminəm ki, cəmiyyətdə bütün ağır, çətin problemləri xeyirxahlıqla, insansevərliklə, mərhəmətlə həll etməyə çalışmaq lazımdır. Bu, vətəndaş cəmiyyətinin formalaşmasında ən əsas şərtlərdən biridir”.
Amnistiya aktı nəticəsində azadlıqdan məhrum etmə qismində cəza çəkən məhkumlardan təqribən 1500 nəfər cəzaçəkmə müəssisələrindən azad edilib, habelə, azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan cəzalara məhkum olunmuş təqribən 7500 nəfər şəxs cəzasından azad edilib.
Müasir qloballaşma dövründə hər bir sivil cəmiyyətdə insan haqlarının təminatına və ümumbəşəri humanist dəyərlərin bərqərar olmasına xidmət edən amnistiya aktları olduqca yüksək dəyərləndirilir. Amnistiya yunan dilindən tərcümədə “unutma”, “bağışlama” mənasını verir.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 1996-2003-cü illərdə 7 amnistiya haqqında qanun qəbul edib, 21325 məhkum azadlığa buraxılıb, ümumilikdə, 78 mindən artıq məhkuma amnistiya aktları şamil edilib.
Bu siyasəti inamla davam etdirən Azərbaycan Prezidenti son 5 ildə əfvlə bağlı 13 fərman imzalayıb, 2000-ə yaxın məhkum cəzasının çəkilməmiş hissəsindən tam və yaxud qismən azad edilib. Bu, Azərbaycanda insan hüquqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət edən siyasi kursun layiqincə davam etdirildiyini göstərir.
Amnistiya qərarlarının qəbulu ilə bağlı ölkədə formalaşmış müsbət ənənənin Heydər Əliyev Fondu tərəfindən geniş miqyasda davam etdirilməsi Azərbaycanda humanist dəyərlərin ictimai şüurda möhkəmlənməsinə xidmət edir. Ümummilli liderin humanist siyasətinə daim yüksək sədaqət nümayiş etdirən fondun prezidenti Mehriban xanım Əliyeva humanizm və sevgi hisslərini oyadan milli bayramımız olan Novruz münasibətilə növbəti amnistiya təşəbbüsü irəli sürərək bununla bağlı qərar layihəsini Milli Məclisə təqdim etdi.
Ölkə parlamenti və Prezident İlham Əliyev tərəfindən təsdiq edilən Amnistiya aktı nəticəsində təqribən 9 min nəfər amnistiya aktının təsiri altına düşdü, 1.700 məhkum azadlıqdan məhrumetmə yerlərindən azad edildi.
Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın son 5 ildə iki dəfə amnistiya təşəbbüsü ilə çıxış etməsi yüksək insani dəyərlərin, mərhəmət hissinin cəmiyyətə aşılanmasına, ictimai şüura hakim kəsilməsinə yönəlib.
Fond cəmiyyəti mərhəmət və humanizm ruhunda kökləməyə yönəlmiş nəcib addımlarını bu gün də inamla davam etdirir. Cəmiyyətdə tam bir inam var ki, Heydər Əliyev Fondu bundan sonra da insan hüquq və azadlıqlarının keşiyində etibarlı dayanmaqla vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu siyasətinə töhfələrini verəcək.
“Yalnız elmlə, başqa cür heç kəs...”
“Heç kəsə üstünlük eyləyə bilməz”. Dahi Azərbaycan şairi bu müdrik kəlamı ilə elmin və təhsilin insan həyatında ən qiymətli sərvət olduğunu göstərib. Azərbaycanın birinci xanımının ən böyük amalı xalqın elmlənməsi, maariflənməsi və dünyada layiq olduğu yüksək yerə çıxmasıdır.
Məhz bu məqsədlə fond bütün imkanlarından istifadə etməklə məktəb tikintisinə daha çox diqqət ayırır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənib. Bu sahədə real vəziyyəti qiymətləndirmək üçün fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə respublikada məktəb binalarının vəziyyəti yoxlanılıb.
“Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 2005-2007-ci illərdə 184 məktəb binası inşa olunaraq lazımi avadanlıqla təchiz edilib. Proqram çərçivəsində tikilən və infrastrukturu yerli tələbata və imkana uyğunlaşdırılan məktəblər müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompüter avadanlığı ilə təchiz olunub.
“Təhsilə dəstək” layihəsi çərçivəsində hər yeni dərs ilinin əvvəlində məktəblilərə çanta və digər məktəb ləvazimatlarının verilməsi Heydər Əliyev Fondunun ənənəsidir. 2004-cü ildən başlayaraq fond hər il qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini, eləcə də Gürcüstanda yaşayan soydaşlarımızı yeni dərs ili ərəfəsində hədiyyə etdiyi çanta və dərs ləvazimatı ilə sevindirir.
2008-2009-cu dərs ili ərəfəsində həyata keçirilən aksiyanın miqyası isə daha geniş olub. “Təhsilə dəstək ” layihəsi çərçivəsində fondun dəstəyi ilə hazırlanan 140 adda plakat ölkənin bütün ümumtəhsil məktəblərini əyani vəsaitlə təmin etməyə imkan verəcək.
Fond xeyriyyəçilik missiyasını bir neçə xarici ölkədə də davam etdirir. Gürcüstanda yaşayan azərbaycanlıların təhsillə bağlı problemlərinin aradan qaldırılması üçün hər il dövlət xətti ilə yanaşı, fond tərəfindən də böyük yardım edilməsini soydaşlarımız dərin minnətdarlıq hissi ilə qarşılayırlar. Rusiya paytaxtında və ayrı-ayrı şəhərlərdə fəaliyyət göstərən Azərbaycan məktəblərinə göstərilən müntəzəm qayğı da bu qəbildəndir.
Fondun son illərdəki başlıca fəaliyyət istiqamətlərindən biri də ölkənin təhsil problemlərinin həllində nüfuzlu beynəlxalq təşkilatlardan sayılan YUNESKO-nun geniş imkanlarından səmərəli şəkildə faydalanmaqdan ibarət olub. Azərbaycanla YUNESKO arasında bir neçə istiqamətdə əməkdaşlıq münasibətləri qurulub. Bu əlaqələr, əsasən, “Təhsil hamı üçün” proqramını, “Assosiativ məktəblər”, texniki-peşə sahəsində əməkdaşlıq, inklüziv təhsil layihəsi, ali məktəblərdə YUNESKO kafedralarının yaradılması və digər sahələri əhatə edir.
Təhsilin məzmunca yeniləşdirilməsi, məktəblərdə informasiya texnologiyalarının geniş tətbiqi və digər bu kimi planlar da bu qurumla əməkdaşlığa daxil olan əsas məsələlərdəndir.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin yayında Bakıda YUNESKO-nun “Dünyada savadlılığın dəstəklənməsi” üzrə regional konfransının keçirilməsi də, ümumilikdə, Azərbaycanın təhsil sahəsində mühüm beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyini əminliklə söyləməyə əsas verir.
Ölkəmizdə təhsilin sürətli inkişafı, gələcək nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, onların Azərbaycanın layiqli vətəndaşları kimi yetişməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü məqsədyönlü işlər, ilk növbədə, milli ruha söykənən vətənpərvərlik hissinin təcəssümüdür.
Dövlətlər iqtisadiyyatı, millətlər mədəniyyəti ilə tanınır
Azərbaycan mədəniyyəti Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsində özünə etibarlı hami tapıb. Ötən 5 ildə Azərbaycanın görkəmli alimlərinin, yazıçı və bəstəkarlarının yubileylərinin keçirilməsi, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, YUNESKO-nun “Dünya irs siyahısı”na İçərişəhərin Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil edilməsi Azərbaycanın birinci xanımının milli mədəniyyətin dünya miqyasında təbliği sahəsindəki fəaliyyətinin bir istiqamətidir.
Bu sahəyə qayğını fəaliyyətində daim əsas tutan Heydər Əliyev Fondunun prezidenti xalqın varlığını özündə yaşadan mənəvi-intellektual irsə yüksək həssaslıqla yanaşır, onun dünya arenasında təbliğində fəal iştirak edir.
Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində böyük işlər görülür. Azərbaycan muğamının YUNESKO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması bilavasitə bu fəaliyyətin nəticəsidir.
Fondun milli mədəniyyətin təbliği sahəsində həyata keçirdiyi ən uğurlu layihələrdən biri də “Qarabağ xanəndələri” albomunun hazırlanması olub. YUNESKO xətti ilə hazırlanmış alboma “Qarabağ xanəndələri” adının seçilməsi ilə bütün dünyaya Qarabağın əzəli və əbədi Azərbaycan torpağı, muğamın isə ən nadir nümunələrinin bu torpağa məxsus olduğu nümayiş etdirilib.
2009-cu ilin mart ayında Azərbaycanın birinci xanımının təşəbbüsü ilə keçirilən Beynəlxalq Muğam Festivalı Azərbaycan mədəniyyətinin, musiqisinin bütün dünyada tanıdılması və təbliği istiqamətində mühüm tədbirlərdən biri kimi yadda qalıb. Tədbirdə YUNESKO-nun baş direktoru Koişiro Matsuura, habelə, dünyanın 17 ölkəsindən çoxsaylı qonaqlar iştirak ediblər.
Heydər Əliyev Fondunun dəstəyi ilə 2009-cu il avqustun 13-dən 23-dək Qəbələdə Beynəlxalq Musiqi Festivalı və pianoçuların müsabiqəsi keçirilib. On gün davam edən festival çərçivəsində gənc pianoçuların beynəlxalq müsabiqəsi, klassik musiqi axşamları, muğam konserti təşkil edilib. Musiqi festivalında dünyanın 15 ölkəsindən nümayəndələrin iştirak etməsi tədbirin çox mühüm əhəmiyyət kəsb etdiyini sübuta yetirib.
Ümumiyyətlə, fondun diqqət yetirdiyi sahələr cəmiyyətin olduqca həssas qütbləridir və bunun mərkəzində milli genefondun inkişafı, xalqın minilliklərdən keçirib bu günə çatdırdığı mədəni, milli, əxlaqi dəyərlər sistemi dayanır.
Qurumun müxtəlif layihələrini birləşdirən ortaq nöqtə isə məhz milli genefondun qorunmasıdır. Bu ali mərama xidmət edən hər bir addım Heydər Əliyev Fondu üçün eyni səviyyədə prioritet mahiyyət daşıyır.
Sonda:
Öz dövrünün böyük ictimai xadimi, görkəmli şəxsiyyəti adını hər əsrdə yalnız bir neçə qadın qazana bilir. Yalnız dünya miqyasında tanınmış, böyük ictimai fəaliyyətdə bulunmuş, humanist ideyaları həyata keçirmək üçün çalışmış qadınlar “Əsrin böyük qadını” fəxri tituluna layiq görülürlər. Ötən ayın sonlarında Azərbaycanın birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bu beynəlxalq səviyyəli titula layiq görülmək üçün nominant kimi irəli sürülüb. Hər bir azərbaycanlı inanır ki, birinci xanımımız bu yüksək ada layiq görüləcək. O, buna layiq olduğunu çoxdan sübut edib. “Səs”in kollektivi Mehriban xamını ad günü münasibətilə təbrik edir, birinci xanıma uzun ömür, can sağlığı və öz müqəddəs missiyasında uğurlar arzulayır.
Elçin Bayramlı
Səs.- 2009.- 27 avqust.- № 160.- S. 8-9.