Çap etmək   ⁞     ⁞   Millət vəkili

Millətin Vəkili…


Bildiyimiz kimi, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva, Milli Məclisdə Bakının Xəzər rayonunu təmsil edir. Ölkəmizin birinci xanımının ad günü ərəfəsində adıçəkilən rayonun sakinlərinin Mehriban Əliyeva ilə bağlı fikirlərini öyrəndik.

Sakinlər bizimlə söhbətlərində əvvəlcə onu qeyd etdilər ki, Ulu Öndərimiz Heydər Əliyevin adı Xəzər rayonunun bütün sakinləri üçün doğma və əzizdir. Çünki xalq onun rifahı üçün çalışan şəxsiyyətin ömrünü belə möhtəşəm bir missiyaya həsr edən insanın əməlini, izlərini, gerçəkləşən arzularını hər addımda görür və qiymətləndirir.

Bu baxımdan onun davamçısı Prezident İlham Əliyevin 27 fevral 2006-cı il tarixli sərəncamı ilə təsdiq olunmuş “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətlənməsinə dair tədbirlər proqramları” rayonun inkişafında öz töhfəsini verib.

Milli Məclisdə Xəzər rayonunu təmsil edən millət vəkili Mehriban Əliyevanın xidmətləri rayonun inkişafına təkan verib. Ölkəmizin birinci xanımının təşəbbüsü ilə qəsəbələrin qaz, elektrik təchizatı, rabitə xidməti yaxşılaşıb, mədəniyyət, təhsil, səhiyyə sahələrində bir sıra problemlər həllini tapıb.

Hazırda Dövlət Proqramına əsasən, rayonun Mərdəkan, Şağan, Şüvəlan, Buzovna, Binə, Pirallahı, Türkan, Zirə, Qala qəsəbələrinin qaz təchizatı sistemi davamlı olaraq yaxşılaşdırılır, elektrik enerjisi sistemi yenidən qurulur. Mövcud rabitə sisteminin təzələnməsi, müasir standartlara cavab verməsi məqsədilə son bir neçə ildə Mərdəkan, Binə, Qala, Türkan qəsəbələrində, Hövsan südçülük, Şimal DRES, Albalılıq yaşayış sahələrində yeni ATS-lər qurulmuş və ya genişləndirilmişdir. Rayon qəsəbələrinin əksəriyyətində yeni poçt şöbələri tikilərək istifadəyə verilib.

Rayon ərazisində məktəb tikintisi böyük sürətlə davam edir. Son bir neçə ildə Albalılıq yaşayış sahəsində, Binə, Qışlaq, Mərdəkan, Buzovna, Pirallahı, Şağan, Zirə, Qala, Şüvəlan, Türkan qəsəbələrində yeni məktəblər istifadəyə verilib, bir sıra məktəblər üçün əlavə korpuslar tikilib, tədris ocaqlarının hamısı demək olar təmir olunub.

Xəzər rayonunda mədəniyyət obyektlərinin yenidən qurulması və əsaslı təmir işinə dövlət qayğı ilə yanaşır. Proqrama əsasən, Mərdəkan qəsəbəsində 17 saylı musiqi məktəbi və kitabxanalar təmir olunub. Mərkəzi rayon kitabxanası yeni müasir binaya köçürülüb.

Mərkəzi Kitabxananın direktoru Ofelya Abdullayevanın dediklərindən: “Çox hörmətli millət vəkilimiz Mehriban Əliyeva bizim yaddaşımızda gözəl xanım, gözəl insan kimi qalıb. Bir neçə il bundan qabaq biz onunla şəxsən tanış olduq. 2005-ci ildə millət vəkili Mehriban Əliyevanın dəstəyi ilə rayon kitabxanası filialları inşa edildi. O, əvvəl bizim problemlərimizlə, çətinliklərimizlə maraqlandı. Biz isə rayonda kitabxana tikintisinə ayırdığı diqqətə görə Mehriban xanıma minnətdarlığımızı bildirdik. Mərkəzi kitabxanaya Heydər Əliyev Fondu tərəfindən yüzlərlə kitab hədiyyə olundu. Bu, böyük bir təşəbbüs idi. Biz onunla görüşəndə çox sadə bir insanla görüşdük.

Adı kimi mehriban, gülərüz bir insandır. Bizə göstərdiyi köməkliyə görə Mehriban Əliyevaya dərin minnətdarlığımızı bidiririk. Mehriban Əliyevanın Xəzər rayonunda gördüyü işlər əvəzolunmazdır. Fürsətdən istifadə edib sevimli millət vəkilimizi doğum günü münasibəti ilə təbrik edir, ona cansağlığı arzulayırıq”.

Xəzər rayonu Mərdəkan qəsəbə sakini İlahə İsgəndərova deyir ki, bir seçici kimi millət vəkili Mehriban Əliyevanın uğurlarına sevinir: “Mən Mehriban xanımın uğurlarını bir yaxınımın, mənə doğma olan bir insanın uğurları kimi hiss edirəm. Ümumiyyətlə, Xəzər rayonu deyiləndə ilk olaraq Mehriban Əliyevanın adı yada düşür. Demək olar ki, rayonda ən müasir tikililər Mehriban xanımın göstərişi ilə ərsəyə gəlib. Ən böyük uğurlardan biri isə rayona içməli suyun çəkilməsidir ki, bu da birinci xanımın əməyinin nəticəsində reallaşıb”.

Şüvəlan qəsəbə sakini Xuraman Quliyeva deyir ki, son illər rayonda yenidənqurma və abadlıq işləri yüksək inkişaf sferasına qədəm qoyub. Onun sözlərinə görə, rayonda görülən işlərdə millət vəkili Mehriban Əliyevanın da böyük əməyi var: “Gördüyünüz kimi, Xəzər rayonu demək olar ki, özünün yeni libasını geyinib. Hər tərəf abadlaşdırılıb və təmir olunub. Rayonda görülən işlər bizə çox xoşdur. Allah Mehriban xanımın canını sağ eləsin. O, doğrudan da rayonumuzun inkişafı üçün çox işlər görür. Bizim sevimli millət vəkilimizi doğum günü münasibətilə təbrik edir, ona cansağlığı arzulayırıq”.

Xəzər rayonunda yaşayan, Ağdamdan məcburi köçkün düşən Rəşid Bağırov deyir ki, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində Mehriban Əliyevanın gördüyü işlər onu sevindirir.

“Televizorda görəndə ki, Mehriban xanım dünya arenasında Azərbaycan haqqında, Qarabağ haqqında danışır, bu zaman ürəyimiz dağa dönür. Allah onun və Prezidentimiz İlham Əliyevin canını sağ eləsin. Biz hər zaman onların sevincinə, uğurlarına qoşuluruq. İnşallah yaxın gələcəkdə torpaqlarımız işğaldan azad olunar və dövlətimizin sərf etdiyi güc hədər getməz. Mehriban xanım haqqında çox sözlər demək olar. Mehriban xanımın sadəliyi onu sevənləri daha da sevindirir. Ona görə də vətəndaşlar Mehriban Əliyevanı özlərinə yaxın, doğma hesab edirlər. Doğum günü münasibətilə çox hörmətli millət vəkilimiz Mehriban Əliyevanı ailəmiz adından təbrik edirik”.

İxtisasca müəllim olan rayon sakini Səxavət İbrahimov deyir ki, Mehriban xanımın tək Xəzər rayonunda deyil, ümumilikdə respublikamızda təhsil sahəsinə daha çox diqqət ayırması sevindirici haldır. Onun sözlərinə görə, təhsil sahəsinə göstərilən diqqət rayon sakinləri tərəfindən də yüksək qiymətləndirilir: “Cəmiyyətin inkişafında təhsilin müstəsna əhəmiyyəti vardır. Bu baxımdan rayonun ümumtəhsil məktəblərinin mövcud vəziyyəti, tədrisin səviyyəsi daim diqqət mərkəzindədir. Dövlət Proqramı ilə yanaşı, Heydər Əliyev Fondu Xəzər rayonunun İnkişaf Fondu təhsil sahəsində ciddi dəyişikliklərə nail olmağa imkan yaradan bir sıra layihələr həyata keçirib. Quruculuq işləri çərçivəsində təhsil ocaqları yüksək səviyyəli tədris üçün daha geniş imkanlara yiyələnmiş, müasir standartlara cavab verən şəraitə sahib olmuşdur. Görülən bu kimi işlərə görə millət vəkili Mehriban Əliyevaya öz minnətdarlığımızı bildiririk”.


Coşqun Calaloğlu

Mərkəz.- 2012.- 25 avqust.- № 149.- S. 4.