Çap etmək   ⁞     ⁞   Fond haqqında

Keçmişə ehtiram, gələcəyə ümid: Heydər Əliyev Fondu beş illik fəaliyyəti ilə, məhz bu prinsipə əsaslandığını real həyatda sübuta yetirib


“...Ömür boyu mənim həyat amalım belə olmuşdur ki, etmək istədiyin yaxşılığı heç vəchlə gözə çarpdırmaq olmaz. İndi mən bundan, demək olar ki, məhrumam. Birinci xanım statusunda mən elə bir xeyriyyə aksiyası keçirə bilmirəm ki, o, ictimaiyyətin diqqətini cəlb etməsin. Bu isə özünü göstərməkdən tamamilə uzaq adam kimi mənə kifayət qədər çətin olur”.

Mehriban Əliyeva


Heydər Əliyev Fondunun yaranmasının beş illiyi münasibətilə, eyni zamanda, ictimai-siyasi və mədəni həyatımızdakı xidmətlərinə görə, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın Prezident İlham Əliyevin Sərəncamı ilə Heydər Əliyev mükafatına layiq görülməsi vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanıb. Prezidentin bu qərarı həm də Mehriban xanımın fəaliyyətinə dövlət tərəfindən verilən ən yüksək qiymətdir..

Bu mükafat həm də onu təsdiqlədi ki, Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti, ilk növbədə, dünyanın xilasına yönələn mütərəqqi ümumbəşəri və milli idealların cəmiyyətdə daha da möhkəmlənməsinə, ictimai şüura hakim kəsilməsinə, fərqli bəşəri sivilizasiyaların uğurlu dialoquna, keçmişlə gələcək arasında möhkəm körpü salınmasına, insanlara xeyirxahlıq və nəciblik kimi ali dəyərlərin aşılanmasına yönəlmişdir.

Mehriban Əliyevanın özünün də söylədiyi kimi, bu gün bəzi strukturların laqeydliyi, biganəliyi ilə üzləşən, dərdinə əlac axtaran köməksiz insanların sonuncu ümid qapısına çevrilmiş Heydər Əliyev Fondunun fəaliyyət fəlsəfəsində insanlara yaxşılıq kimi sadə olduğu qədər də, bəşəri və müqəddəs bir ideya, amal dayanır. Məhz bu kimi saf amalla Mehriban Əliyeva rəhbərlik etdiyi Fonda üz tutmuş vətəndaşların mənəvi hamisi, qayğıkeşi kimi çıxış edir, imkan daxilində onların üzləşdiyi problemlərin həllinə çalışır. “Keçmişə ehtiram, gələcəyə ümid” postulatına əsaslanan bu xeyirxah missiya köməksizə əl tutmaq, çarəsizin qəlbində bir ümid çırağı yandırmaq, bir sözlə, insanlara səmimi diqqət və qayğı istəyindən qaynaqlanır.

Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu dünyanın ən mötəbər mədəniyyət qurumları ilə əməkdaşlıq çərçivəsində ölkəmizdəki tarixi abidələrin qorunması üçün həyata keçirilən tədbirlərdə də fəal iştirak edir.

Gəncə şəhərində Cavadxan türbəsinin, Comərd Qəssab məqbərəsinin, Bakının Şüvəlan qəsəbəsində yerləşən Pirhəsən ziyarətgahının bərpası, Abdulla Şaiqin ev-muzeyinin təmiri buna parlaq nümunədir. YUNESKO-nun xoşməramlı səfiri Azərbaycanın tanınmış oğul və qızlarının adı ilə bağlı tarixi abidələrin bərpasını yalnız keçmişə hörmət və tarixi həqiqətin bərpası kimi deyil, eyni zamanda, gənc nəsli milli-vətənpərvərlik ruhunda tərbiyə etməyin əsas elementi, azərbaycançılıq ideologiyasının inkişafı kimi qiymətləndirir: “Biz ölkənin maraq dairəsində baş verən hadisələri diqqətlə izləyir və yaranan problemlərin həlli üçün bütün səyləri göstəririk. Mən Azərbaycanın tanınmış oğul və qızlarının adı ilə bağlı tarixi abidələrin bərpasını yalnız keçmişə hörmət və tarixi həqiqətin bərpası kimi deyil, eyni zamanda, gənc nəsli milli-vətənpərvərlik ruhunda tərbiyə etməyin əsas elementi, Heydər Əliyevin azərbaycançılıq ideologiyasının inkişafı kimi qiymətləndirirəm”.

Fondun prezidentinin şəxsi səyləri nəticəsində Azərbaycan xalqının milli sərvəti sayılan qeyri-maddi irsimiz də, xüsusilə, muğam bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri sırasına daxil edilmişdir. Mehriban Əliyevanın Azərbaycan muğamlarının öyrənilməsi və təbliği ilə bağlı fəaliyyəti onun milli-mənəvi dəyərlərə bağlılığının və yüksək vətənpərvərliyinin bariz göstəricisidir. “Qarabağ xanəndələri” adlı nəfis albomun buraxılması da Fondun uğurları sırasında özünəməxsus yer tutur. Əslində, bütün Azərbaycana məxsus muğamlarımızın toplandığı alboma ad kimi niyə məhz “Qarabağ xanəndələri” ideoniminin seçilməsinin arxasında dayanan incə siyasi məqamı sezməmək mümkün deyildir.

YUNESKO xətti ilə hazırlanmış alboma “Qarabağ xanəndələri” adının seçilməsi ilə bütün dünyaya Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğu, muğamın isə bu torpağın dünyaya bəxş etdiyi nadir sənət nümunəsi sayıldığı nümayiş etdirilmişdir. Mehriban Əliyevanın rəhbərliyi altında “Qarabağ” kitabının çapa hazırlanması isə Azərbaycanın, Qarabağın tarixi keçmişinin öyrənilməsi və təbliği baxımından son dərəcə böyük əhəmiyyət daşıyır. Mehriban Əliyevanın rəhbərliyi ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun bütün əsərlərinin yenidən çap olunması ilə yanaşı, onların SD və DVD-də buraxılması layihəsinin həyata keçirilməsi, “Qarabağ xanəndələri” albomunun ardınca yeni muğam layihələri üzərində işlərin davam etdirilməsi, Azərbaycan, ümumilikdə, ümumtürk musiqi sənətinin əhəmiyyətinə görə muğamdan əsla geri qalmayan başqa bir qolu, aşıq sənətinə də diqqətin artırılması, bu sənətin YUNESKO-nun qeyri-maddi irs siyahısına salınması yönündə ortaya qoyulan səylər də, mədəni irsimizin təbliği sahəsində görülən işlərin bir hissəsi kimi nəzərdən keçirilə bilər. Mehriban xanımın təşəbbüsü ilə və YUNESKO-nun baş katibinin iştirakı ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin təməli qoyulmuşdur.

Azərbaycan mədəniyyətinin təbliği məqsədilə Mehriban Əliyevanın Bakıda “Qafqaz xalq ənənələri evi” nin yaradılması ilə bağlı YUNESKO qarşısında irəli sürdüyü təşəbbüsü də olduqca təqdirəlayiqdir.

Belə bir qurumun təşkili Qafqaz xalqlarına məxsus mədəni irsin qorunması, təbliği baxımından böyük faydalar vəd edir. Bu təşəbbüs, eyni zamanda, həm də böyük siyasi əhəmiyyətə malikdir. “Qafqaz xalq ənənələri evi”nin yaradılması Avropa Birliyinin təşəbbüsü ilə Qafqaz regionunda həyata keçirilən “Yeni Qonşuluq Siyasəti”nin icrasına müəyyən töhfə verməklə bərabər, həm də zaman-zaman Azərbaycanın mədəniyyət incilərini oğurlayıb öz adlarına çıxan ermənilərin mənfur hərəkətlərinin qarşısını alacaqdır. Nəzərə alaq ki, geostrateji mövqeyinə görə Azərbaycan iki dünyagörüşünün, iki həyat tərzinin, iki mədəniyyətin qovuşduğu məkanda yerləşmişdir. Belə bir məkanda yaşayan insanlar bu təmasın təkcə coğrafi deyil, həm də mənəvi təzahürünü, Qərb və Şərq mədəniyyətinin dialoqunu gündəlik həyatımızda hiss etməkdədirlər. Əslində, nə vaxtsa çağdaş dünyanın bizim dövlətçilik irsimizdən mənimsədiyi, tarixin hansı əyyamındasa unutduğumuz bu ənənələrin müstəqil Azərbaycan dövlətində yenidən bərpası faktı isə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Görünür, bunun özü də maraqlı bir qanunauyğunluqdur.

Milli Məclisin deputatı seçildikdən sonra sırf millət vəkili kimi Mehriban xanım Əliyevanın fəaliyyətində də maraqlı bir məqam diqqəti çəkir. Adətən, seçkiqabağı təşviqat dövründə maraqlı ideyalar gündəmə gətirilir. Deputatlığa namizədlər seçki zamanı vətəndaşların dəstəyini qazanmaq üçün xalqa doğru gedərək, ardıcıl görüşlər keçirir, bir-birindən fərqli platformalar açıqlayırlar. Belə bir təsəvvür yaranır ki, bu platformalarda irəli sürülən müddəalar real işə çevrilərsə, qısa müddətdən sonra konkret ərazilərin bütün problemləri öz həllini tapacaqdır. Mehriban Əliyevanın deputatlıq fəaliyyətini fərqli edən ən əsas məqam isə bundan ibarətdir ki, o, seçicilər qarşısına pafoslu platformalarla çıxmamış, sadəcə, mövcud çətinlikləri dəqiqliklə öyrənmiş, seçkiqabağı kampaniya zamanı seçicilərlə görüşlərdə qaldırılan məsələlərin həlli, verilmiş vədlərin yerinə yetirilməsi vəziyyəti ilə tanış olmaq məqsədilə Bakıətrafı qəsəbələrə səfərlərini parlament seçkilərindən sonra daha da intensivləşdirmişdir. Mehriban xanım Əliyevanın Azərbaycan dövləti, xalqı naminə gördüyü işlər bütün bunlarla məhdudlaşmır. O, ölkənin birinci xanımı statusu ilə Azərbaycan cəmiyyətində novatordur.

Bəşər sivilizasiyasının ən qədim xalqlarından olan azərbaycanlıların yüksək mənəvi-əxlaqi keyfiyyətlərini, genetik yaddaşını pak və sağlam niyyətlərlə qoruyaraq bütövlükdə milli intibaha, cəmiyyətin pozitiv ruhda inkişafına əsaslı təsir göstərmək, onun genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək Mehriban xanımın fəaliyyətinin əsas qayəsini təşkil edir.

Həmçinin, Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti, ilk növbədə, dünyanın xilasına yönələn mütərəqqi ümumbəşəri və milli idealların cəmiyyətdə daha da möhkəmlənməsinə, ictimai şüura hakim kəsilməsinə, fərqli bəşəri sivilizasiyaların uğurlu dialoquna, keçmişlə gələcək arasında möhkəm körpü salınmasına, insanlara xeyirxahlıq və nəciblik kimi ali dəyərlərin aşılanmasına yönəlmişdir. Mehriban Əliyevanın özünün də söylədiyi kimi, bu gün bəzi strukturların laqeydliyi, biganəliyi ilə üzləşən, dərdinə əlac axtaran köməksiz insanların sonuncu ümid qapısına çevrilmiş Heydər Əliyev Fondunun fəaliyyət fəlsəfəsində insanlara yaxşılıq kimi sadə olduğu qədər də bəşəri və müqəddəs bir ideya, amal dayanır. Məhz bu kimi saf amalla Mehriban Əliyeva rəhbərlik etdiyi Fonda üz tutmuş vətəndaşların mənəvi hamisi, qayğıkeşi kimi çıxış edir, imkan daxilində onların üzləşdiyi problemlərin həllinə çalışır.

“İstər YUNESKO-nun xoşməramlı səfiri, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Bu, mənim seçimimdir” deyən Mehriban Əliyeva ulularımızın bizə ərməğan etdiyi xeyirxahlıq, yaxşılıq, şəfqət və mərhəmət kimi ali mənəvi dəyərləri öz fəaliyyətində yaşatmaqla, şüurlu həyatını millət yolunda şam kimi əridən maarifpərvər ziyalılarımız, nurlu insanlarımız tək uğurlu bir yoldadır.


A. Hümbətov

Səs.- 2009.- 13 may.-№ 87.- S. 6.