Heydər Əliyev Fondu qloballaşma prosesinin mövcud olduğu bir zamanda insanları sülhə və əmin-əmanlığa çağırır
Müasir dövrümüzdə Ümummilli Lider Heydər Əliyevin müdrikliyinə əsaslanan həyat fəlsəfəsi, xalqa xidmət missiyası, ideyaları bir elm olaraq öyrənilir, geniş formada təbliğ olunur. Onun irsinin təbliğində adını daşıyan Heydər Əliyev Fondu böyük missiyanın daşıyıcısı olaraq bu istiqamətdə ardıcıl olaraq işlər görür. Fondun fəaliyyət dairəsi zaman baxımından çox olmasa da görülən işlərin çoxşaxəliyi və miqyası onilliklərə bərabər tutulur.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti humanizm prinsipləri ilə silahlandığından, həyata keçirilən irimiqyaslı layihələrinin əks-sədası inkişaf etmiş, nüfuzlu dövlətlərdən, ən mötəbər beynəlxalq qurumların tribunalarından gəlir. Bu fondun prezidentinin yüksək peşəkarlıq qabiliyyətini, bacarığını, vətənə bağlılığını özündə ehtiva edən amillərdən irəli gəlir. Milli-mənəvi dəyərlərdən qaynaqlanan fondun layihələri qlobal xarakteri və keyfiyyətinə görə hətta beynəlxalq layihələri üstələyir. Bu layihələrin məzmunu müxtəlif olsa da əsasında humanizm prinsipi dayanır. Müasir həyatımızda dünya ölkələrində fondun qeyri-dövlət qurum kimi məxsus yeri və mövqeyi var. Hər dəfə dünyanın beynəlxalq təşkilatlarının təşkilatçılığı ilə keçirilən konfrans və simpoziumlarda və tədbirlərdə çıxış edən Mehriban xanım Əliyeva Azərbaycanı ən yüksək şəkildə təmsil edərək, xalqın dəyərlərini, mədəniyyətini, adət və ənənələrini, onun mövcud problemlərini, ən əsası ilə Qarabağla bağlı məsələləri dünya dövlətlərinin diqqətinə çatdıraraq, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan reallıqlarına yönəldir. Hər zaman öz qarşısına qoyduğu məqsədə doğru addımlayan Heydər Əliyev Fondu mədəniyyətlərarası dialoqun təmin olunması, zorakılığın bütün təzahürlərinin qarşısının alınması, həmçinin, gender bərabərliyi kimi məsələlərə diqqət yetirir, bu və ya digər məsələlərin həllində layihələri həyata keçirməklə yanaşı, beynəlxalq əhəmiyyətli tədbirlərdə qeyd olunan məsələlərə önəm verir.
Elə bu günlərdə Parisdə keçirilən YUNESKO-nun Parisdəki mənzil-qərargahında təşkilatın Baş Konfransının 36-cı sessiyasında çıxış edən Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva Azərbaycan reallıqlarını diqqətə çatdırıb. Dünyanın 193 ölkəsinin nümayəndə heyətlərinin, bir sıra ölkələrin dövlət və hökumət başçılarının və başqa rəsmi nümayəndələrin iştirak etdiyi konfransda çıxış edən Mehriban xanım Əliyeva Azərbaycan reallıqlarını iştirakçıların diqqətinə çatdırmışdır. Ölkəmiz - Azərbaycan üçün münaqişə və onun nəticələrinin sadə sözlər yox, acı həqiqət olduğunu bildirən Mehriban Əliyeva on minlərlə insanın həyatına son qoymuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də ağır nəticələrini yaşadığımızı dilə gətirmişdir. O, müxtəlif xalqları təmsil edən iştirakçıların diqqətinə çatdırıb ki, mövcud münaqişə zəminində Azərbaycan torpaqlarının 20 faizi işğaldadır. Ölkəmizdə bir milyona yaxın qaçqın və məcburi köçkün var. Böyük sayda tarixi və memarlıq abidələri, məktəblər, muzeylər və kitabxanalar işğal olunmuş Azərbaycan torpaqlarında məhv edilib: “Ekspertlərin hesablamalarına görə, əgər münaqişələrin qarşısı alınmasa, iyirmi birinci yüzillikdə 150 milyondan artıq qadın və uşaq həyatını itirə bilər. Həmin müharibələrin əksəriyyəti ədavət və dözümsüzlüyün təşviqi ilə başlanmışdır”. Mehriban xanım Əliyeva dünyanın olduqca mürəkkəb bir prosesdə yaşadığını bildirmişdir. Bəşər aləmində yaşayan insanların müxtəlif dilə və irqə mənsubluğu olsa da onları birləşdirən mədəniyyətlərarası dialoqdur. Bu dialoq vasitəsi ilə qloballaşma prosesinin mövcud olduğu bir zamanda insanları sülhə, əmin-amanlığa sövq etmək ən optimal yoldur. Mehriban Əliyevanın dediyi kimi, dünyanın bir çox ölkələrində on milyonlarla insan irqinə, etnik köklərinə və dininə görə ayrı-seçkilik və təcridolunmanın ağır nəticələri ilə üzləşir. Günahsız insanların həyatına son qoyan terror aktları, siyasi və dini radikalizm bizim və övladlarımızın təhlükəsizliyini sual altına alır. Müharibə və münaqişələr milyonlarla insanı məhv edərək, dünyanın müxtəlif guşələrində davam edir.
Dünyada mövcud olan məsələlərin Mehriban xanım Əliyeva sivil dialoq vasitəsilə aradan qaldırılmasını ən məqsədyönlü hal hesab edir. Elə Azərbaycanın paytaxtında - Bakıda keçirilmiş Beynəlxalq Humanitar Forumunun məqsədi məhz bu problemlərin aradan qaldırılması təşkil edirdi. Azərbaycan hər zaman humanist addımları ilə bəşəriyyətin diqqətində olmuş, sülhə və əmin-amanlığa səs vermişdir. 39 ölkənin nümayəndələrini bir araya gətirən forum çərçivəsində çoxmədəniyyətlilik, müasir texnologiyalar, elmlərin qovuşması, postmodern cəmiyyətdə ənənəvi dəyərlər sistemi kimi məsələlər müzakirə olunmuşdur. Bu müzakirə obyekti olan məsələlər artıq Azərbaycanın məqsəd və prinsiplərini ortaya qoyan göstəricilərdir. Səmimi şəkildə qurulan dialoqlar, sistemli olaraq həyata keçirilən ideyalar Azərbaycanın birmənalı olaraq haqq və ədalət yolunda olmasını göstərir.
Nəzakət
Səs.- 2011.- 3 noyabr.- № 203.- S. 4.