Heydər Əliyev Fondu humanitar layihələrindən birini Macarıstanda həyata keçirəcəkdir
Heydər Əliyev Fondu beynəlxalq əməkdaşlıq çərçivəsində fəaliyyətini uğurla davam etdirir. Humanitar layihələrdən biri dost Macarıstanda həyata keçiriləcəkdir. Fondun dəstəyi ilə Budapeşt şəhərində korlar üçün uşaq evi, uşaq bağçası və ibtidai məktəbi əhatə edən mərkəzin yeni korpusu inşa ediləcəkdir.
Heydər Əliyev Fondundan AzərTAc-a bildirmişlər ki, Laszlo Batthyany Roma Katolik Evi üçün əlavə yataqxana korpusu mövcud binalar kompleksinə birləşdiriləcəkdir. Bu, uşaqların qidalanması və müalicəsinin daha yaxşı şəraitdə aparılmasına imkan yaradacaqdır.
Mərkəz 1982-ci ildə Macarıstan Katolik Kilsəsi tərəfindən əlil insanlara qayğı göstərmək məqsədilə yaradılmışdır.
Uşaq tərbiyə müəssisəsinə görmə, hərəkət və ünsiyyət qüsurlu, fiziki imkanları məhdud uşaqlar qəbul edilirlər. Onlar burada təhsillə yanaşı müalicə alır, müxtəlif təlimlər vasitəsilə hərəkət qabiliyyətini, fərdi bacarıqlarını artırır, peşə vərdişlərinə yiyələnirlər.
Müəssisənin sahəsi 2800 kvadratmetrdir və 1994-cü ildə əsaslı təmir edilmişdir.
Heydər Əliyev Fondunun dəstəyi ilə yanvarın 16-da mərkəzdə 18 yaşdan yuxarı reabilitasiya keçmiş uşaqlar üçün əlavə korpusun təməli qoyulacaqdır. Beşmərtəbəli, 30 çarpayılıq yataqxana tipli korpusun ümumi sahəsi 1385 kvadratmetrdən çoxdur. Layihəyə görə binada məşğələ, istirahət və yataq otaqları, mətbəx və lift nəzərdə tutulmuşdur.
Təməlqoyma mərasimində Macarıstan Baş Naziri Aparatının xarici siyasət məsələləri və xarici iqtisadi əlaqələri üzrə dövlət katibi, Azərbaycan-Macarıstan hökumətlərarası iqtisadi komissiyasının həmsədri Peter Siyarto, Heydər Əliyev Fondunun nümayəndəsi və ölkəmizin Budapeştdəki səfirliyinin əməkdaşları iştirak edəcəklər.
Azərbaycan.- 2014.- 16 yanvar.- № 8.- S. 3.