YUNESKO və Azərbaycan əlaqələrinin qurulmasından 20 il ötür
Beynəlxalq təşkilatlarla ölkəmiz arasında əlaqələrin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır
BMT-nin ixtisaslaşmış təşkilatı olan YUNESKO dünyanın təhsil, elm və mədəniyyət məsələləri sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. 1946-cı ildə 20 üzv-dövlətdən ibarət təşkilat öz rəsmi fəaliyyətinə başlayıb. BMT-nin bu ixtisaslaşmış orqanının vəzifəsi müharibə nəticəsində dağıdılmış ölkələrdə məktəblər tikmək, yaxud elmi nailiyyətləri nəşr etməklə məhdudlaşmamışdır. YUNESKO-nun fəaliyyəti daha ali məqsədə - təhsil, elm, mədəniyyət və kommunikasiya vasitəsilə insanların şüurunda sülhü müdafiə etmək ideyasını möhkəmləndirməyə yönəlmişdir. YUNESKO irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, bütün xalqlar üçün BMT-nin Nizamnaməsində elan edilmiş ədalətə, qanunçuluğa və insan hüquqlarına, habelə əsas azadlıqlara hamılıqla hörmətin təmin edilməsi naminə xalqların təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığını genişləndirməklə sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yardım göstərməyi qarşısına vəzifə qoymuşdur. Azərbaycan - YUNESKO əlaqələrini bu sırada xüsusi olaraq qeyd etməliyik. Bu əlaqələndirici körpünün əsası müstəqillik dövründən başlamışdır. Belə ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə bir sıra əhəmiyyətli beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq siyasəti həyata keçirilmişdir. Öz üzvlərinə dünya səviyyəli mütəxəssislərin, texniki yardımların, həmçinin elmi və pedaqoji kadrların hazırlanması, qlobal elmi layihələrdə iştirak etmək imkanlarından bəhrələnmək imkanı verən YUNESKO ilə əməkdaşlıq etmək qərarına gələn Azərbaycan həmin təşkilata daxil olmuşdur.
YUNESKO - Azərbaycan əlaqələrinin inkişafı ilə bağlı Ümummilli Lider Heydər Əliyev mühüm addım ataraq 1993-cü ilin dekabr ayında Fransa Respublikasında rəsmi səfərdə olarkən YUNESKO-nun Baş Direktoru Federiko Mayorla görüşmüşdür. Tərəflər öz aralarında əməkdaşlığın genişlənməsi məsələsini və onun sonrakı inkişafının perspektiv planlarını müzakirə etmişdilər.
YUNESKO-nun nizamnaməsinə görə, üzv-dövlət təhsil, elm və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətini YUNESKO-nun işi ilə əlaqələndirmək üçün ilk növbədə Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməlidir. Ona görə də YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması üçün lazımi addımlar atılmış və Ümummilli Lider Heydər Əliyev bununla bağlı 21 fevral 1994-cü il tarixində Sərəncam imzalamışdır. Sərəncama əsasən, Milli Komissiya Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində yaradılmış, xarici işlər naziri onun sədri təyin edilmiş və eyni zamanda, sədrə Milli Komissiyanın tərkibini müəyyən etmək səlahiyyəti verilmişdir. Bundan sonra respublikanın müvafiq nazirlik və idarələrin rəhbərlərindən, ziyalılardan və ictimaiyyətin digər nümayəndələrindən ibarət Milli Komissiyanın 25 nəfərlik tərkibi və daimi katibliyi formalaşdırılmışdır. 15 sentyabr 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev YUNESKO ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yeni tərkibi müəyyənləşdirilmişdir. Milli Komissiya Azərbaycanın YUNESKO-dakı siyasətinin əsas istiqamətlərini müəyyən edir.
Bu gün Azərbaycanla YUNESKO arasında əlaqələr davamlı şəkildə həyata keçirilir. Bu istiqamətdə Heydər Əliyev Fondunun apardığı məqsədyönlü fəaliyyəti xüsusi qeyd etməliyik. Azərbaycan maddi və mənəvi irsinin YUNESKO-nun nadir əsərləri sırasına daxil edilməsi beynəlxalq əməkdaşlığın əsas göstəriciləridir. Belə ki, muğam sənətinin, aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin YUNESKO-nun nadir, şah əsərləri sırasına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında olan əməkdaşlığın davamlığını diqqətə çatdırır. Sözsüz ki, sadaladığımız nadir irsin bu siyahıya daxil edilməsində fondun prezidenti Mehriban Əliyevanın rolu xüsusidir. Belə layihələri həyata keçirən fondun prezidentinin humanizm ideyalarının beynəlxalq aləmdə əks-səda doğurmasının nəticəsidir ki, Mehriban Əliyevaya bu təşkilatın xoşməramlı səfiri adı verilmişdir.
Məlum olduğu kimi, bu günlərdə Azərbaycanın YUNESKO-ya üzv qəbul olmasının 20 illiyi münasibətilə Parisdə qurumun baş qərargahında mərasim keçirildi. Tədbirdə Heydər Əliyev Fondu ilə YUNESKO arasında gələcək əməkdaşlıq, qurumun mədəni irs siyahısına Azərbaycandan daha çox mədəni abidələrin daxil edilməsi, YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə hökümətlərarası komitəsinin cari ilin dekabr ayında Bakıda keçiriləcək iclası barədə müzakirələr aparılıb. Azərbaycan ilə təşkilat arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi imzalanıb. İmzalanan saziş təhsil, mədəniyyət, ətraf mühitin qorunması sahələrində Azərbaycan və YUNESKO-nun birgə səylərini dəstəkləyən fondun yaradılması istiqamətində mühüm addımdır. Ölkəmizin bu mötəbər təşkilata üzv olmasının 20 illiyi münasibəti ilə Azərbaycan Respublikası tərəfindən hədiyyə edilən daş at və daş qoç abidələri qərargahının həyətində daimi olaraq sərgilənəcəkdir. Bu heykəllər 12-13-cü əsrlərə aiddir və Tovuz rayonunun Aşağı Ayıblı kəndindən tapılmışdır. Ümumilikdə, daş at və daş qoç fiqurları ənənəvi xalq sənətimizin, milli daş plastikası sənətinin geniş yayılmış növlərindən biridir. Bu cür heykəllər həm atın, həm də qoçun xalqımız tərəfindən güclü və davamlı simvollar kimi qəbul olunduğunu əks etdirir. YUNESKO tərəfindən Mehriban xanım Əliyevanın təhsilin, o cümlədən qızların təhsilinin inkişafına verdiyi töhfələrə və irəli sürdüyü təşəbbüslərə diqqətdən kənarda qalmır. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi və Azərbaycan bir çox rayonlarında məktəblərin inşasını yüksək qiymətləndirilir.
20 il ərzində qurulan bu əməkdaşlıq Azərbaycanın sərvətlərinin beynəlxalq məkanda dəyərləndirilməsində bir körpü rolunu oynayıb.
Səs.- 2013.- 24 iyul.- № 134.- S. 4.