Nəcib əməllər sahibi Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə bu statusunu çoxdan təsdiqləyib
Mehriban Əliyeva
Qadınların ictimai fəallığı, o cümlədən, dövlət idarəçiliyi və qanunvericilik müstəvisində aktiv iştirakları günümüzdə sensasiya deyil. Artıq Qərbin bir sıra ölkələrində, konkret olaraq ABŞ-da feminist inqilabının olması barədə ciddi diskussiyalar aparılır.
Tək ona görə yox ki, bu ölkədə qarşıdan gələn prezident seçkilərinin iki ən parlaq favoritinin ikisi də zəif cinsin nümayəndələri ola bilər (Hillari Klinton və Kondoliza Rays). XX əsrin ikinci yarısında müxtəlif ölkələrdə qadınlar aparıcı siyasi liderlər qismində çıxış ediblər. Marqaret Tetçer, İndira Qandi, Qloriya Aroyo, Helen Klark, Qolda Meir, Benəzir Bhutto və s.
Qərb cəmiyyətində sıravi qadın-vətəndaşların ictimai aktivliyinə ölkənin birinci ledisinin həyat tərzi olduqca ciddi təsir göstərir. Siyasi elita təmsilçiləri daimi diqqət mərkəzində olduqlarından prezident ailəsinə ictimai nəzarət ən yüksək səviyyədədir. Bu nöqteyi-nəzərdən ölkənin birinci ledisi zəif cinsin nümayəndələri üçün müəyyən mənada nümunə rolunda çıxış edir.
Sirr deyil ki, misal üçün, ABŞ-ın eks-prezidentinin xanımı Hillari Klintonla hazırkı birinci ledi Lora Buş arasında ciddi fərqlər var. Əgər birinci kifayət qədər aktiv qadındırsa (o, senator olmaqla yanaşı Demokratlar Partiyasının ən fəal üzvlərindən biri, gələcək prezident seçkilərində mümkün və şanslı namizədlərdən sayılır), ikinci respublikaçılara məxsus mühafizəkarlıq ideologiyasının daşıyıcısı, siyasətə qarışmayan obraz yaratmağa çalışır. Müasir demokratik ölkələrdə birinci ledi ilk növbədə həyat yoldaşı - prezidentin imicinin formalaşmasında önəmli rollardan birini oynayır. Hətta belə də demək olar ki, bəzən birinci ledilərin ictimai nüfuzu xanım prezidentlər və ya xanım baş nazirlərin reytinqindən daha yüksək olur. Nəzəri cəhətdən birinci ledilər siyasətdə dekorativ rol oynamalı, qayğıkeş həyat yoldaşı və ana obrazını yaratmalı, dövlət başçısını xarici səfərlərdə və rəsmi qəbullarda müşayiət etməlidir.
Birinci ledilərin aktiv ictimai fəaliyyətə başlamaları XIX əsrin ikinci yarısına təsadüf edir. Bu dövrdən başlayaraq birinci ledilər siyasi problemlərin həlli prosesində yaxından iştirak etməyə başlayır, üzərlərinə müəyyən dövləti vəzifələr götürürlər. Tarixçilər prezident Henri Quverin həyat yoldaşı Lu Quveri daha parlaq şəxsiyyət kimi xarakterizə edirlər. Xanım L.Quver ənənəvi funksiyalarından imtina etməsə də, ölkədə idmanı öz himayəsinə götürərək, bu sahənin inkişafı üçün inqilabi işlər görmüşdür. Betti Ford, Nensi Reyqan və Barbara Buş ölkədə narkotiklərə və alkoqola qarşı kampaniyanın aparıcı simalarından olublar. Rozalin Karter ölkənin səhiyyə sistemini öz patronajlığına götürmüşdü, Lora Buş isə indinin özündə də Amerika kitabxanalarına hamilik və kitab oxumağı təbliğ edir.
Bəzi birinci ledilər ölkələrində mühüm dövlət vəzifələrini də daşıyıblar. Rozalin Karter ABŞ-ın Latın Amerikası ölkələrində xüsusi nümayəndəsi olub, Hillari Klinton isə səhiyyə sisteminin islahatlarına rəhbərlik edib. Teodor Ruzveltin həyat yoldaşı, 6 uşaq anası Edit Ruzvelt çox nadir hallarda ictimaiyyət arasına çıxarmış, ancaq onun siyasi ideyaları dövlət idarəçiliyində müstəsna rol oynayırmış. Vudro Vilsonun həyat yoldaşı Edit Vilson prezidentin sağlamlığının qayğısına qalmaqla yanaşı, onun katibliyinin rəhbəri vəzifəsini də daşıyırmış. Eleonor Ruzvelt də həyat yoldaşı Franklin Ruzveltdən heç də az populyar olmayıb. O, parlamentdə çıxış edir, mətbuat konfransları keçirir, mühazirə oxuyurmuş. F.Ruzveltin vəfatından sonra o, ABŞ-ın BMT-dəki nümayəndə heyətinə rəhbərlik edir və İnsan Hüquqları Bəyannaməsinin müəllifi olur. Azərbaycanda isə bu tip fəaliyyət forması milli xüsusiyyətlər, yerli tələb və ehtiyaclarla çulğalaşaraq olduqca maraqlı və rəngarəng forma almaqdadır
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili, üç dildə çap olunan, xalqımızı, onun mədəniyyətini, incəsənət və ədəbiyyatını bütün dünyada təbliğ edən "Azərbaycan İRS" jurnalının baş redaktoru olan Mehriban Əliyeva bütün imkanlarını, intellekt və bacarığını xalqımızın azad, firavan həyatı üçün səfərbər edib və bu yolda əzmkarlıqla çalışır.
Bunu təsdiqləyən onlarla, yüzlərlə fakt var. Nəzərəçarpan haldır ki, Azərbaycanın birinci ledisi hansısa ayrıca götürülmüş sahənin inkişafı naminə fəaliyyət göstərmir. Mehriban xanım Əliyeva xeyriyyəçilikdən tutmuş, ölkənin səhiyyə və təhsil sisteminin, mədəniyyət və incəsənətinin inkişafı, Azərbaycanın beynəlxalq aləmdəki reputasiyasının formalaşması sferalarında ciddi və məhsuldar aktivlik nümayiş etdirir.
Bütün bunların mərkəzində, şübhəsiz ki, ilk növbədə xeyirxahlıq, qayğıkeşlik və insanpərvərlik amili durur. Prezidentin xanımı gündəlik həyatında və fəaliyyətində bu amillərə oncül yer verdiyini göstərir: "Zəmanənin ən böyük təzadlarından biri ondan ibarətdir ki, əldə edilən tərəqqi, kommunikasiya imkanları insanların birləşməsinə, daha çox ünsiyyət qurmasına şərait yaratsa da, gerçək həyatda biganəlik, insanlar arasında uçurum artır. Bəzən nəinki bəşəriyyətin səsini eşitmirik, hətta qonşu qonşunu eşitmir, qardaş qardaşa kömək əlini uzatmır. Bu gün dünyanın qarşılaşdığı ən ağrılı problemlərdən biri mənəvi idealların ucuzlaşması, onların saxta ideallarla əvəzlənməsidir".
O da real faktdır ki, ölkənin gündəlik həyatından, sıravi vətəndaşların adi qayğılarından, ümumiyyətlə, sadə vətəndaşın həyatında nələr baş verirsə, ondan olduqca aralı, iri məsafədə olan şəxsin bu reallığı bilməsi, onu dilinə gətirməsi və ən əsası bu gerçəkliyin doğurduğu çətinliklərin aradan qaldırılmasına yardım etməsi, umanlara kömək əlini uzatması olduqca təqdirəlayiq haldır. Azərbaycanda birinci ledinin gündəlik fəaliyyəti, həqiqətən də, çox gərgin və eyni zamanda zəngindir. O, YUNESKO-nun xoşməramlı səfiri olaraq Azərbaycan mədəniyyəti və incəsənətini dünyada təbliğ edir, ölkənin beynəlxalq imicinin formalaşması işinə önəmli töhfələrini verir. Azərbaycanın özündə isə Mehriban Əliyeva Heydər Əliyevin adını daşıyan və onun özü kimi əzəmətli olan amallara xidmət edən fond vasitəsilə xeyriyyəçilik missiyasının daşıyıcısıdır.
Son üç ildə Heydər Əliyev Fondunun dövlət və millət maraqları baxımından müstəsna çəkili layihələrin uğurla gerçəkləşdirilib cəmiyyətin etimadını qazanmasında istisnasız olaraq Mehriban Əliyevanın yüksək işgüzarlıq bacarığı və enerjisi, habelə, daxilindən gələn insanpərvərlik hisslərinin mühüm rolu olub. Bütün bu layihələrin əsasında Azərbaycanın milli genefondunun qorunub saxlanması vəzifəsi dayanır. Həcminə görə Azərbaycanda analoqu olmayan "Azərbaycan" informasiya portalının yaradılması, "Yeniləşən Azərbaycana yeni məktəb", "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" layihələr, "Qarabağ xanəndələri" adlı diskin buraxılması, "Qarabağ həqiqətləri" kitabının ərsəyə gəlməsi Mehriban xanımın həyatımızın ən müxtəlif sahələrinə qayğı və himayəsinin, ən əsası isə bu sferalarda olan problemlərin həllinə nail olmaq istəyinin əyani təcəssümüdür.
YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva ölkəmizin ictimai-mədəni həyatında müstəsna rol oynamaqdadır. Bu münasibətlərdə ən mühüm nailiyyət isə Mehriban Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri seçilməsidir. YUNESKO ilə əlaqələrin yeni mərhələsinə bu seçim öz təsirini göstərməkdədir. Mehriban Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri adına layiq görülməsi, həm Azərbaycan Prezidenti, həm də Mehriban xanımın həyat yoldaşı kimi İlham Əliyev üçün, təbii ki, ikiqat önəm daşıyır. Prezident haqlı olaraq hesab edir ki, Mehriban xanım xoşməramlı səfir adını daşımağa layiqdir: "O, həmişə insanlara xoş münasibəti, xoş niyyəti ilə seçilib. Bu, onun xasiyyətinin fərqləndirici cəhətidir. Əminəm ki, bu yeni işdə də fəal çalışacaq və fəaliyyəti ilə ümumi məqsədlərimizə töhfəsini əsirgəməyəcək".
Bu baxımdan, mütəmadi olaraq bu mövzuya müraciət olunmasını, əslində, sosial sifariş diqtə edir. Etiraf edək ki, Fond daha çox gələcəyə hesablanmış addımlar atmağı bacarır və təşkilatın diqqət yetirdiyi sahələr cəmiyyətin olduqca həssas qütbləridir. Bu qütblərin mərkəzində isə milli genefondumuzun inkişafı və xalqımızın minilliklərdən keçirib bu günə çatdırdığı mədəni-etnoqrafik ənənələr dayanır. Fondun fəaliyyəti çoxşaxəlidir, təhsil, səhiyyə, elm və texnologiya, mədəniyyət, ekologiya, idman, sosial problemlər - bütün bu sahələrdə Heydər Əliyev Fondu tərəfindən çoxşaxəli proqramlar hazırlanaraq uğurla həyata keçirilir. Ümumiyyətlə, Heydər Əliyev Fondu öz fəaliyyətini müasir zamanın tələbinə cavab verən şəkildə qurmağa, cəmiyyətdə olan, insanları narahat edən problemləri aşkar etməyə, bu problemlərin həlli yolunda lazımi tədbirləri hazırlamağa, həyata keçirməyə və uğurlu nəticələri əldə etməyə çalışır.
Heydər Əliyev Fondu milli mədəni irsimizi, tarixi keçmişi araşdırıb yeni-yeni faktları aşkara çıxaran elm adamlarına da daim dəstək olur. Elə bu amalın nəticəsi kimi, tanınmış elm xadimi, professor Səadət Abdullayevanın Azərbaycan xalq çalğı alətləri kitabı fondun maliyyə yardımı nəticəsində işıq üzü görüb. Fondun təşəbbüsü ilə gənc rəssam Aida Mahmudovanın fərdi sərgisi təşkil olunub. İngiltərənin Çelsi Rəssamlıq Universitetində təhsil alan həmyerlimizin Bakıda ilk dəfə olaraq əsərləri nümayiş etdirilib. Bu kimi faktlar bir daha Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin təmənnasız diqqət və qayğısının bariz nümunəsidir.
Mehriban xanımının rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti, ilk növbədə, dünyanın xilasına yönələn mütərəqqi ümümbəşəri və milli idealların cəmiyyətdə daha da möhkəmlənməsinə, ictimai şüura hakim kəsilməsinə, fərqli bəşəri sivilizasiyaların uğurlu dialoquna, keçmişlə gələcək arasında möhkəm körpü salınmasına, insanlara xeyirxahlıq və nəciblik kimi ali dəyərlərin aşılanmasına yönəlmişdir.
Mehriban Əliyevanın özünün də söylədiyi kimi, bu gün bəzi strukturların laqeydliyi, biganəliyi ilə üzləşən, dərdinə əlac axtaran köməksiz insanların sonuncu ümid qapısına çevrilmiş Heydər Əliyev Fondunun fəaliyyət fəlsəfəsində insanlara yaxşılıq kimi sadə olduğu qədər də bəşəri və müqəddəs bir ideya, amal dayanır. Məhz bu kimi saf amalla Mehriban Əliyeva rəhbərlik etdiyi Fonda üz tutmuş vətəndaşların mənəvi hamisi, qayğıkeşi kimi çıxış edir, imkan daxilində onların üzləşdiyi problemlərin həllinə çalışır. "Keçmişə ehtiram, gələcəyə ümid" postulatına əsaslanan bu xeyirxah missiya köməksizə əl tutmaq, çarəsizin qəlbində bir ümid çırağı yandırmaq, bir sözlə, insanlara səmimi diqqət və qayğı istəyindən qaynaqlanır.
Qeyd edək ki, təkcə Fonda 3000-dən artıq vətəndaşın müraciət ünvanlaması bu qurumun ictimai təsisat kimi cəmiyyətdə əlahiddə nüfuz və etimada sahib olduğunu nümayiş etdirir. Mehriban Əliyevanın yüksək humanizm, mərhəmətlilik və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn bu uğurlu fəaliyyətin qayəsində isə məhz millətə və dövlətə səmimi xidmət istəyi, məramı dayanır: "Bəzən cəmiyyətdə insan elə bir vəziyyətə düşür ki, bütün döydüyü qapılar onun üzünə bağlı qalır. O, öz dərdi ilə, öz problemi ilə təkbaşına qalır və ona elə gəlir ki, heç bir şey və heç kəs ona kömək edə bilməz. Bu halda, o, üzünü bizim fonda tutur. Mən demək istəmirəm ki, biz dərhal onun bütün problemlərini həll edirik. Amma o insan burada nə biganəliklə, nə soyuq münasibətlə rastlaşmaz və hökmən onun problemlərinin həlli üçün mümkün olan bütün vasitələrdən istifadə ediləcəkdir".
M. Kərimov
Səs.- 2007.- 25 avqust.- № 153.- S. 4.