Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Moskvada məşhur opera müğənnisi, dünya vokal sənətinin ən parlaq nümayəndələrindən biri, SSRİ xalq artisti Qalina Vişnevskayanın yubileyi qeyd olunmuşdur


Oktyabrın 25-də Moskvada məşhur opera müğənnisi, dünya vokal sənətinin ən parlaq nümayəndələrindən biri, SSRİ xalq artisti, beynəlxalq mükafatlar laureatı, məşhur həmyerlimiz maestro Mstislav Rostropoviçin ömür-gün yoldaşı Qalina Vişnevskayanın yubileyi geniş qeyd olunmuşdur. Yubiley tədbirlərində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da iştirak etmişdir.

Moskvanın Pyotr Çaykovski adına konsert salonunda Qalina Vişnevskayanın Opera İfaçılıq Mərkəzi və Dövlət Akademik Filarmoniyasının yubilyarın şərəfinə təşkil etdikləri "Vişnevskaya, vivat!" adlı qala-konsert olmuşdur. Məşhur dirijor Seyci Ozarın rəhbərliyi altında Rusiya Böyük Teatrının simfonik orkestrinin ifasında səslənən kompozisiyanın sədaları altında Qalina Vişnevskayanın yaratdığı müxtəlif obrazları əks etdirən fotoşəkillər nümayiş etdirilmişdir. Tanınmış sənətşünas Svyatoslav Belzanın müşayiəti ilə səhnəyə çıxan yubilyarı tamaşaçılar sürəkli alqışlarla qarşılamışlar.

Rusiya Prezidenti Vladimir Putinin Qalina Vişnevskayaya təbrik məktubu oxunmuşdur. Gözəlliyi ilə seçilən nadir səs sahibini Moskva şəhərinin meri Yuri Lujkov da təbrik etmişdir.

Rus və Qərbi Avropa bəstəkarlarının operalarında biri-birindən gözəl obrazlar yaradan, bu sahədə ən yüksək zirvələrə çatan, indi isə opera sənətinin incəliklərini yaradıcı gənclərə öyrədən, ustad dərsləri keçməklə onları da sənət zirvələrinə doğru aparan Qalina Vişnevskayanın şərəfinə təşkil edilən qala-konsertdə tanınmış incəsənət ustalarının ifasında məşhur operalardan ariyalar səslənmiş, balet əsərlərindən parçalar, yubilyarın yaradıcılıq dövrlərini əks etdirən qısa retrospektiv film göstərilmişdir.

Elə həmin gün "Metropol" hotelində Qalina Vişnevskayanın şərəfinə ziyafət verilmişdir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva yubilyarı səmimi təbrik etmiş, ona ürək sözlərini, ən xoş arzularını çatdırmışdır. Rusiyanın və bir sıra xarici ölkələrin ictimai və siyasi xadimləri, ziyalılar, incəsənət ustaları və diplomatik korpus nümayəndələrinin iştirak etdiyi ziyafətdə Qalina Vişnevskayaya Vətən qarşısındakı böyük xidmətlərinə və dünya incəsənətinə verdiyi töhfəyə görə "Birinci Yekaterina" ordeni təqdim olunmuşdur.

Yubilyar onunla bu sevinci bölüşmək üçün Moskvaya toplaşan çoxsaylı qonaqlara, eləcə də sənət dostlarına dərin minnətdarlığını bildirmişdir.


Asya Hacızadə,
AzərTAc-ın xüsusi müxbiri, Moskva

Xalq qəzeti.- 2006.- 27 oktyabr.- № 242.- S. 4.