YUNESKO-da Novruz bayramı təntənə ilə qeyd olunmuşdur
Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı ilə bolluq, bərəkət və xeyirxahlıq rəmzi olan Novruz bayramı qurumun mənzil-qərargahında təntənə ilə qeyd edilmişdir.
Tədbir iştirakçılarını salamlayan YUNESKO baş direktorunun mədəniyyət üzrə müavini Françesko Bandarin təbiətin oyanışından, baharın gəlişindən xəbər verən Novruzun qədim kökləri, təbiətlə əlaqəsi barədə danışmış, sülhü, dözümlülüyü və həmrəyliyi əks etdirdiyini bildirmişdir. Natiq Novruz bayramının Azərbaycanın təşəbbüsü ilə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salındığını və 2010-cu ilin fevral ayında BMT Baş Məclisi tərəfindən "Beynəlxalq Novruz Günü" barədə qətnamə qəbul edildiyini diqqətə çatdırmışdır.
F.Bandarin ötən ildən etibarən Novruz bayramının YUNESKO-da təntənəli şəkildə qeyd olunması təşəbbüsü ilə çıxış etmiş Azərbaycana təşəkkürünü bildirmiş, builki tədbirdə Azərbaycan ilə yanaşı, Əfqanıstan, Qazaxıstan, Özbəkistan və Pakistanın incəsənət ustalarının da bayram konserti ilə çıxış edəcəyini bildirmişdir.
Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev Novruz bayramının heç bir coğrafi sərhəd tanımadığını, Azərbaycandan tutmuş Türkiyəyə, Tatarıstandan, Başqırdıstandan başlamış Orta Asiyaya, Pakistandan, Əfqanıstandan, İrandan tutmuş Balkanlara qədər geniş bir ərazidə milli bayram kimi qeyd olunduğunu bildirmişdir.
Baş nazirin müavini "Novruz" sözünün etimologiyasına toxunmuş, onun əsas mənalarından birinin baharın, yazın ilk günü mənasını verdiyini, təbiətin, torpağın oyanışının məhz Novruza təsadüf etdiyini diqqətə çatdırmışdır. O, Novruzun, eyni zamanda, barışıq bayramı olduğunu, küsülü olanların bu bayram günü bir araya gəlib barışdıqlarını qeyd etmişdir. Bildirmişdir ki, bu bayram günündə biz azərbaycanlıların da bir arzusu vardır. Ermənistan tərəfindən işğal olunmuş ərazilərimiz tezliklə azad edilsin, hərbi təcavüz nəticəsində yurd-yuvasından didərgin düşmüş bir milyondan artıq qaçqın və məcburi köçkün azərbaycanlılar doğma ocaqlarına qayıtsınlar.
Elçin Əfəndiyev bildirmişdir ki, bu gün bizim üçün bir də ona görə əlamətdardır ki, Novruz bayramı dünyanın mədəni beşiyi hesab olunan Parisdə yerləşən YUNESKO kimi nüfuzlu bir təşkilatın binasında qeyd olunur.
Baş nazirin müavini Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra Avropaya inteqrasiyaya xüsusi önəm verdiyini vurğulamış, xalqımızın ümummilli lideri Heydər Əliyevin və hazırda onun yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin daxili və xarici siyasətinin əsas prioritetlərindən birinin məhz sivil dünyaya inteqrasiya təşkil etdiyini diqqətə çatdırmış, bu istiqamətdə mühüm addımlar atıldığını bildirmişdir. Qeyd etmişdir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva son illər Azərbaycanın dünyada tanınması, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində çox böyük işlər görmüşdür.
Sonra Azərbaycanın incəsənət ustaları Qazaxıstan, Özbəkistan, Əfqanıstan və Pakistandan olan musiqiçilərlə birlikdə çıxış etmişlər. Tamaşaçılar azərbaycanlı müğənni Gülyaz Məmmədovanın səsləndirdiyi xalq mahnılarını, R.Behbudov adına Dövlət Mahnı Teatrının rəqs qrupunun ifa etdiyi milli rəqsləri alqışlarla qarşılamışlar.
Bayram şənliyində Fransanın dövlət rəsmiləri, deputat və senatorlar, paytaxt ictimaiyyətinin nümayəndələri, YUNESKO rəhbərliyinin təmsilçiləri, müxtəlif ölkələrin səfirləri, o cümlədən Azərbaycanın Fransadakı səfiri və səfirliyin əməkdaşları, Fransada yaşayan və çalışan Rusiya, Qazaxıstan, Özbəkistan, Əfqanıstan, Türkiyə, Pakistan və digər ölkələrin vətəndaşları, soydaşlarımız və tələbələrimiz iştirak etmişlər.
Tədbirin sonunda qonaqlar Azərbaycan nümayəndəliyi tərəfindən təşkil olunmuş ziyafətdə zəngin mətbəximizin nümunələrinin və süfrələri bəzəyən bayram nemətlərinin dadına baxmışlar.
Əsgər Əliyev,
AzərTAc-ın xüsusi müxbiri, Paris
Xalq qəzeti.- 2011.- 29 mart.- № 64.- S. 3.