Bədii Gimnastika üzrə dünya çempionatı bütün iştirakçılar üçün unudulmaz xatirəyə çevriləcək
Son illər ölkəmizdə idmanın inkişafı istiqamətində Milli Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi, habelə milli idman federasiyaları tərəfindən böyük işlər görülmüşdür. Xüsusilə idmanın gimnastika növü qısa müddət ərzində möhtəşəm nailiyyətlər qazanmışdır.
Artıq Bakıda bədii gimnastika üzrə bir neçə beynəlxalq yarış keçirilmiş, dünyanın ən güclü gimnastları tamaşaçılar qarşısında ustalıqlarını nümayiş etdirmişlər.
2002-ci ilin oktyabrında Beynəlxalq Gimnastika Federasiyasının konqresində Azərbaycan nümayəndə heyəti ilk dəfə olaraq dünya çempionatını Bakıda keçirmək təklifini irəli sürmüşdür. Bu hadisədən sonra Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi fəal, təşəbbüskar və işgüzar federasiya fəaliyyətini daha da genişləndirdi və təqdirəlayiq işlər gördü. 2003, 2004 və 2005-ci illərdə ölkəmizin paytaxtında dünya kuboku yarışları müvəffəqiyyətlə keçirildi.
Budur, çoxdandır gözlədiyimiz mötəbər turnir yaxınlaşır. Beş gündən sonra bədii gimnastika üzrə XXVII dünya çempionatı bu idman növünün tarixində ilk dəfə olaraq Bakıda, Heydər Əliyev adına İdman - Konsert Kompleksində keçiriləcək.
Bu gündən etibarən nümayəndə heyətləri Azərbaycan paytaxtına gələcəklər. Oktyabrın 3-dən 9-dək keçiriləcək çempionatda idmançılar 9 dəst medal uğrunda mübarizə aparacaqlar.
Onu da qeyd edək ki, bədii gimnastika üzrə ilk dünya çempionatı 1963-cü ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilib. O vaxtkı yarışların mütləq qalibi adını sovet gimnastı Lyudmila Savinkova qazanmışdı. Sonrakı çempionatlarda SSRİ, Çexoslovakiya, AFR, Ukrayna və Rusiya gimnastları ən güclü olublar.
Hazırkı dünya çempionu isə rusiyalı Alina Kabayevadır.
Bakıda keçiriləcək dünya çempionatında Rusiya, Ukrayna, Belarus, Bolqarıstan, Yunanıstan və İspaniya idmançıları "qızıl"a daha iddialıdırlar. Mükafatlar uğrunda digər ölkələrin idmançıları, həmçinin Azərbaycan gimnastları da mübarizə aparacaqlar. Ölkəmiz üç idmançı - dünya kubokunun mərhələ yarışlarının gümüş, 2005-ci il Moskva "Qran-pri" yarışlarının bürünc mükafatçısı Dinarə Gimatova, dünya kuboku mərhələ yarışlarının, bir çox beynəlxalq turnirlərin medalçısı Anna Qurbanova və bir sıra beynəlxalq yarışların mükafatçısı Vəfa Hüseynova ilə fərdi hərəkətlərdə, habelə Anna Bitiyeva, Valeriya Yeqay, Dina Qorina, Alina Tryopina, Anastasiya Prasolova və Olesya Alenina ilə qrup hərəkətləri üzrə yarışlarda təmsil olunacaq.
Dünya çempionatı ərəfəsində Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Təşkilat Komitəsinin prezidenti Mehriban Əliyeva demişdir: "Azərbaycanın paytaxtı Bakı bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək. Bu bizim hamımız üçün əlamətdar hadisədir. Bakıda irimiqyaslı bədii gimnastika yarışlarının keçirilməsi ənənə halını alıb və paytaxtımız dünya gimnastları üçün doğma şəhərə çevrilib. Beynəlxalq Federasiyanın üzvü olan bütün ölkələri əmin edirik ki, dünya çempionatı ən yüksək səviyyədə təşkil olunub, keçiriləcək, idmançı və nümayəndə heyətlərinə Bakıda hər cür şərait yaradılacaq... Azərbaycan qonaqpərvərliyi ilə tanınır. İnanırıq ki, dünya çempionatının bütün iştirakçıları Bakıdan xoş təəssüratlarla ayrılacaq və bu turnir onlar üçün unudulmaz xatirəyə çevriləcəkdir".
Beynəlxalq Gimnastika Federasiyasının prezidenti, professor Bruno Qrandi çempionata hazırlıqdan çox razıdır: "Görülmüş yüksək səviyyəli işləri bir daha alqışlamaq və bu gözəl arzunu reallığa çevirənlərə, həmçinin yüksək rütbəli dövlət məmurlarına, Bakı şəhərinin rəhbərliyinə, eləcə də Azərbaycan Gimnastika Federasiyasına, reklama dəstək verənlərə, tamaşaçılara, ümumiyyətlə, Beynəlxalq Gimnastika Federasiyasının həyatında mühüm rol oynayan dünya çempionatının keçirilməsində əməyi olan hər kəsə dərin minnətdarlığını bildirmək istəyirəm".
Rizvan Cəfərov
Azərbaycan.- 2005.- 28 sentyabr.- № 225.- S. 6.