Heydər Əliyev Fondunun layihələri uğurla həyata keçirilir
Azərbaycanda aparılan inkişaf və tərəqqi siyasətinin bariz nəticəsidir ki, bu gün paytaxtımız Bakı şəhəri və onun ətraf qəsəbələri çox böyük sürətlə inkişaf edir, qəsəbələrdə bir sıra sosialyönümlü obyektlər istifadəyə verilir, burada kommunikasiya xətləri yenilənir, ərazilər abadlaşır. Ötən 2014-cü ildə Səbail rayonunun Badamdar qəsəbəsində də bu istiqamətdə bir sıra işlər görülmüşdür.
Bu barədə Səbail Rayon İcra Hakimiyyəti başçısının qəsəbə nümayəndəliyinin 2014-cü ilin yekunlarına həsr olunmuş hesabat konfransında məlumat verilib.
Hesabat məruzəsi ilə çıxış edən nümayəndəliyin rəhbəri Zaur Əliyev bildirib ki, qəsəbədə hazırda 30 mindən çox əhali yaşayır, həmçinin 3000 nəfər məcburi köçkün məskunlaşıb.
Keçən il noyabrın 25-də Azərbaycan Prezidenti cənab İlham Əliyev qəsəbədə yerləşən Bakı Oksford məktəbinin yeni binasının açılışında iştirak edib. Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Könül” körpələr evi-uşaq bağçası əsaslı təmir olunub, burada əlavə korpus tikilib. Ümumiyyətlə, fondun layihələri qəsəbədə uğurla həyata keçirilir. Badamdar qəsəbəsində tikilən yeni idman kompleksində işlər artıq başa çatıb. Hazırda qəsəbədə idmançılar üçün yeni beşmərtəbəli hotel binasının, 1-ci yaşayış massivində yeni xəstəxana binasının, 3-cü yaşayış massivində 3 ədəd yeni su anbarının, Müasir Avropa Məktəbinin və Bakı Media Mərkəzinin tikintisi davam etdirilir.
Toplantıda çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Prezident İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Badamdar qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışıb. O bidirib ki, RİH tərəfindən görülən işlərdən əlavə, “Abad həyət” layihəsi çərçivəsində digər məhəllələr də abadlaşdırılacaq, məhəllədaxili yollar təmir olunacaq, qəsəbədə yeni xəstəxana və idman kompleksinin, hotel binasının tikintisi başa çatdırılacaq. Ən əsası isə qəsəbənin su və kanalizasiya şəbəkələrinin yenidənqurulması ilə bağlı başlanmış işlər davam etdiriləcək.
Azərbaycan.- 2015.- 14 yanvar.- № 9.- S. 11.