Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun Almaniyanın Köln şəhərində təşkil etdiyi “Azərbaycan gecəsi” böyük maraq doğurmuşdur


Almaniyanın Köln şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Azərbaycan gecəsi” keçirilmişdir. Kölnün tarixi Gürsenix mədəniyyət zalında 3 saatdan artıq davam edən tədbir Almaniyada əsl Azərbaycan ab-havası yaşatmışdır.

Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə çıxış edən səfir Pərviz Şahbazov “Azərbaycan gecəsi”nə gələn qonaqlara təşəkkürünü bildirmişdir. Azərbaycanın siyasi və iqtisadi göstəricilərinə görə Qafqazda lider dövlət olduğunu deyən səfir ölkəmizin zəngin mədəniyyətdən danışmışdır. Diplomat Azərbaycanın bu mədəni və tarixi zənginliklərinin dünyada tanıdılması istiqamətində həyata keçirdiyi layihələrə görə Heydər Əliyev Fonduna və Fondun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirmişdir.

“Şərq ilə Qərb, Avropa ilə Asiya arasında körpü rolunu oynayan Azərbaycanın muğam sənəti YUNESKO-nun mədəni irs siyahısına daxil edilib. Amma Azərbaycanda milli, Şərq musiqisi ilə yanaşı bu gün klassik, Avropa musiqisi də inkişaf edib və Kölndə təqdim olunan konsert proqramı bunun bariz nümunəsidir”, - deyən səfir Pərviz Şahbazov Azərbaycanın musiqi beşiyi olan Dağlıq Qarabağın 20 ildən artıqdır ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu və bu işğal nəticəsində bir milyondan artıq insanın doğma yurdundan qaçqın və məcburi köçkün düşdüyünü bildirmişdir.

Tədbirin aparıcısı, Almaniyanın tanınmış telejurnalistli Co Fexner konsert proqramından əvvəl Azərbaycan barədə məlumat verərək 1918-ci ildə Şərqdə ilk parlament respublikasının məhz Azərbaycanda yaradıldığını, Avropa ölkələrindən əvvəl məhz Azərbaycanda qadınların ilk dəfə səsvermə hüququ əldə etdiyini demişdir. Heydər Əliyev Fondunun digər ölkələrdə həyata keçirdiyi layihələrdən danışan Co Fexner, Fondun Strasburq və Parisdə tarixi kilsələrin, Roma katakombalarının, o cümlədən İkinci Dünya müharibəsi illərində dağıdılan Berlin qəsrinin bərpasında iştirak etdiyini bildirmişdir.

Bu gün müasir Azərbaycanda muğam, caz, klassik musiqi ənənələrinin inkişaf etdiyi qeyd olunmuş, həmçinin 2012-ci ildə Bakının ilk dəfə olaraq “Eurovision” mahnı müsabiqəsinə uğurla ev sahibliyi etdiyi və bu müsabiqənin Təşkilat Komitəsinə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi vurğulanmışdır.

“Azərbaycan gecəsi” daha sonra Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin çıxışı ilə davam etmişdir. Dirijor Fuad İbrahimovun rəhbərliyi altında tamaşaçılara Azərbaycan musiqisinin inciləri təqdim olunmuşdur. Fikrət Əmirovun “Şənlik rəqsi”, Niyazinin “Rast” simfonik muğamı, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyası, Vasif Adığözəlovun “Elegiya”sı, xalq mahnısı “Sarı gəlin” və s. tamaşaçılarda Azərbaycanın musiqi xəzinəsi barədə dərin təəssürat yaratmışdır. Vokalçılar Aygün Zeynalovanın, Samir Cəfərovun, xanəndə Arzu Əliyevanın çıxışları, həmçinin virtuozlar Sahib Paşazadənin tarda, Mehman Nuriyevin balabanda, Ceyla Seyidovanın skripkada ifaları alqışlarla qarşılanmışdır.

Gecədə Azərbaycanın tarixi və mədəni irsinin təəssüratında olan tamaşaçıların “Almanlar Azərbaycanda” foto sərgisi ilə tanışlıq imkanı da var idi. Çoxmillətli və tolerant ölkə olan Azərbaycanın Göygöl rayonunda yaşayan almanların həyatını əks etdirən bu sərgi ilə yanaşı, həmçinin “Almaniya gənc rəssamların gözündə” sərgisi də nümayiş olunmuşdur. Bu sərgi çərçivəsində Almaniyada heç bir vaxt olmayan gənc azərbaycanlı rəssamların gözündə Almaniya həyatı təsvir edilmişdir.

“Azərbaycan gecəsi”ndə qonaqlara, Azərbaycanın milli mətbəxindən təamlar, Heydər Əliyev Fondu tərəfindən nəşr olunan tarix, mədəniyyət, incəsənətə dair müxtəlif kitablar, Azərbaycan muğamı, cazı, klassik və estrada musiqisinə dair disklər də təqdim edilmişdir.

Qeyd edək ki, Heydər Əliyev Fondunun Almaniyada növbəti tədbiri dekabrın 5-də Hamburqda keçiriləcəkdir.

Vüqar Seyidov,
AzərTAc-ın xüsusi müxbiri, Köln

Xalq qəzeti.- 2013.- 22 noyabr.- № 257.- S. 4.