Heydər Əliyev Fondunun bütün təşəbbüsləri milli ruha əsaslanır
Dünya musiqi mədəniyyəti tarixində özünəməxsus yeri olan və ənənələrə çevrilən “Eurovision” mahnı müsabiqəsi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələdə hər il keçirilən musiqi festivalları milli mədəniyyətimiz və incəsənətimizin yorulmaz təbliğatçısı olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu sözlərinin təsdiqidir: “Qədim və zəngin mədəni irs xalqımızın iftixarıdır.
“Eurovision-2012” mahnı müsabiqəsi, Qəbələ beynəlxalq musiqi festivalları kimi tədbirlər Azərbaycanın dünya mədəniyyəti və incəsənətinə verdiyi töhfə və dəyərdir.”
Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr tarixi şəxsiyyət ümummilli liderin gələcək nəslə ərmağan olan irsinin, siyasi fəaliyyətinin əbədi yaşamasını təmin etməklə milli mənəvi dəyərlərimizin təbliğində də misilsiz rola malikdir. Şərqlə Qərb arasında sivilizasiyalararası körpü, dialoq mərkəzi olan Azərbaycan mədəniyyət və incəsənətinin dünyada tanınmasında Mehriban xanım Əliyevanın başçılıq etdiyi qurumun xeyriyyəçilik, humanistlik missiyası çoxşaxəli və davamlıdır.
“Mən bu kürsüdən istifadə edərək bir daha hamını əmin etmək istərdim ki, Heydər Əliyev Fondu Azərbaycanın bu günü və sabahı naminə gələcəkdə də çalışmağa hazırdır. Bu yolda bizə dəstək verən, yardım edən hər bir insana, hər bir quruma-istər dövlət, istər qeyri -dövlət qurumuna,-bizimlə birgə, əməkdaşlıq yaradan beynəlxalq təşkilatlara dərin minnətdarlığımı çatdırıram” söyləyən Mehriban xanım Əliyeva YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, kimi də milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində mühüm işlər görür. Humanistliyi, xeyirxahlığı, gənc nəslin formalaşması istiqamətində həyata keçirdiyi layihələr, onun təşəbbüsü ilə Bakıda keçirilən sivilizasiyalararası dialoq və konfranslar Azərbaycan haqqında məlumatların dünya birliyinə çatdırılması baxımından da əhəmiyyətlidir. Diabetli, hemofiliyalı, fiziki cəhətdən qüsurlu uşaqların sağlamlığı qayğısına qalan Mehriban xanımın bilavasitə diqqət və qayğısı ilə həyata keçirilən “Talassemiyasız həyat naminə”, “ Diabetli uşaqlara ən yüksək qayğı”, “Kor və zəif görən uşaqların İKT-yə çıxışının təmin olunması” kimi layihələr üzrə görülən işlər, Bakıda Talassemiya Mərkəzinin, tələbatı ödəyəcək qədər ehtiyata malik Qan Bankının yaradılması xeyirxahlıq, vətənpərvərlik hisslərini birləşdirən humanist duyğulardır.
Heydər Əliyev Fondunun xətti ilə respublikamızdan kənarda və ölkə daxilində həyata keçirilən tədbirlər Azərbaycanın dünya miqyasında tanınması, milli mənəvi sərvətlərimizin təbliği istiqamətində görülən əhəmiyyətli layihələr olmaqla xeyirxahlıq və humanistlik, mənəvi zənginlik baxımından da fərqlənir.
Azərbaycanın müstəqilliyinin 20 illiyinin qeyd edildiyi günlərdə Fransada, Rusiyada, Almaniyada, İtaliyada, Vatikanda ölkəmizi dünyada tanıdan “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” kimi layihələr keçirən, sərgilər təşkil edən Heydər Əliyev Fondunun xətti ilə Parisdə Notr-Dam, Strasburqda Kafedral kilsələrinin, Versal, Berlin şəhər saraylarının bərpası ilə əlaqədar görülən işlər Mehriban xanımın tolerantlığından irəli gəlməklə müxtəlif din və millətlərə məxsus xalqların bərabər yaşayış prinsipinə verdiyi dəyərdir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda keçirilən “Fransa inciləri: Fransız incəsənəti Renessansdan bu günədək” adlı sərgi maraqla qarşılandığı kimi, hər iki xalqa məxsus dəyərlərin öyrənilməsi baxımından da əhəmiyyətli idi.
Milli mənəvi irsimizi bəşəri dəyərlərlə vəhdətdə inkişaf etdirən, Azərbaycan qadınının simvolu olan Mehriban xanım Əliyevanın fəaliyyətinə verilən beynəlxalq səviyyəli qiymət xeyirxah-humanistlik, insanlıq missiyasının göstəricisi olmaqla ölkəmizin iqtisadi, mədəni, elmi inkişafının təcəssümü kimi diqqəti cəlb edir. “Qızıl ürək” və Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatına layiq görülən Mehriban xanımın “Əsrlərin xeyriyyəçiləri” Beynəlxalq Fondunun Yaqut Xaç ordeninə, “XXI əsrin böyük qadını” laureatı adına, YUNESKO-nun “Qızıl Motsart” medalına, Krans Montana Forumunun qızıl medalına layiq görülməsi illərdən bəri çəkilən zəhmətə beynəlxalq səviyyədə verilən dəyərdir. Ölkə daxilində və dünya arenasında həyata keçirdiyi layihələrin əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev Mehriban xanım Əliyevanı Vətənimizin ən ali mükafatı, “Heydər Əliyev mükafatı” ilə təltif edərkən bildirmişdir ki, Fondun bütün təşəbbüsləri milli ruha əsaslanır: “Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, Azərbaycanın olduğu kimi dünyaya təqdim edilməsi- bütün bu şərəfli funksiyalar bu Fondun üzərinə düşür.”
Fransanın “Şərəf Legionu” ordeninə layiq görülən, “XXI əsrin böyük qadını” fəxri titulunun nominantı Mehriban xanımın xeyriyyəçilik işlərində fərqlənməsi , bəşəriyyətin ali ideyalarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə beynəlxalq səviyyəli sorğularda daha çox reytinq toplaması Azərbaycan qadınının ictimai-siyasi işlərdə zəngin təcrübəyə malik olduğunu göstərməklə, dünya birliyində fəal mövqe tutmasının nümunəsidir. Mehriban xanımın söylədiyi kimi, öhdəsinə götürdüyü hər bir işə çox məsuliyyətlə yanaşması vətənpərvərlik və mərhəmətlilik məsuliyyətindən irəli gəlir.
Heydər Əliyev Fondunun son illərdəki fəaliyyəti, Mehriban xanım Əliyevanın təşəbbüsləri, YUNESKO və İSESKO-nun xətti ilə Azərbaycanda keçirilən beynəlxalq səviyyəli konfrans və simpoziumların əhəmiyyət və mahiyyətinə diqqət yetirməklə Azərbaycanın birinci xanımının xidmətləri barədə ətraflı olmasa da, sadəcə təsəvvür yaratmaq mümkündür.
“Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir.”
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində milli mədəniyyətimizin inkişafı naminə həyata keçirilən layihələr xüsusilə fərqlənir. ONUN təşəbbüsü ilə bəşəriyyətin şifahi və qeyri- maddi irsinə dair şah əsərləri dünya siyahısına daxil olunan muğam sənətinin qorunub saxlanılması və təbliği istiqamətində görülən misilsiz işləri təqdirəlayiqdir.
Çoxillik tarixə, zəngin mədəni və mənəvi irsə malik Azərbaycanın dünyada tanınmasında , siyasi, iqtisadi, mədəni sahədə əldə etdiyi uğurların təbliğində misilsiz əhəmiyyətə malik “Eurovision- 2012” mahnı müsabiqəsinin dünyada yaratdığı möhtəşəmlik barədə bu gün də danışılır, xarici mətbu orqanlarında biri-birindən maraqlı yazılar dərc olunur. Azərbaycana belə maraqlı, səmimi münasibət ölkəmizin müstəqilliyini istəməyən daxili və xarici qüvvələrə layiqli cavab olmaqla dünya birliyində mövqeləri möhkəmlənən respublikamızın daha böyük uğurlara nail olmaq imkanlarının və potensialının tükənməz olmasını da təsdiqlədi. Mahnı müsabiqəsi təşkilat komissiyasının sədri kimi Mehriban xanım Əliyevanın “Eurovision”- un yüksək səviyyədə keçirilməsi üçün göstərdiyi səylər bəhrəsini verdi. Müasir tələblərə cavab verən görünüşü ilə qonaqları heyrətə gətirən Azərbaycanda qısa vaxt ərzində müsabiqəyə belə möhtəşəm hazırlıq hər kəsi təəccübləndirdi. Bənzərsiz “ Baku Cristal Hall” , Dənizkənarı Parkda təşkil olunmuş şərait iştirakçıları heyran etdi. Şərq memarlıq nümunələri ilə Avropa üslubunu özündə birləşdirən müasir Bakının gözəlliyi, təkrarsız aurası, ən tələbkar xarici qonaqların belə istəyinə uyğun yaradılan şərait ,insanların qonaqpərvərliyi Azərbaycanın bugünkü həqiqətləridir ki, bu uğurların əldə olunmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın xidmətləri əvəzsizdir.
İstər “Eurovision”un keçirildiyi günlərdə, istərsə də hələ də davam edən ənənəvi Qəbələ musiqi festivallarında maraq doğuran Azərbaycan muğamlarının dünyada təbliğində də Mehriban xanım vətəndaşlıq borcunu layiqincə yerinə yetirir.
Muğamın insanlara bəxş etdiyi mənəvi zövqün, zənginliyin, duyğuların heç nə ilə əvəz oluna bilməməsini diqqətə çatdıran Heydər Əliyev Fondunun prezidenti bildirdi ki, muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır: “ Torpağa, köklərə bağlılıq , vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik- bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur ki, desəm muğam gözəlliyin və məhəbbətin rəmzidir- səhv etmərəm.”
Digər tarixi abidələr kimi Azərbaycan muğamı 2003-cü ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin inciləri siyahısına salınıb. “Bizim üçün muğam sənəti tarixinin hər səhifəsi, hər anı çox əzizdir, doğmadır” söyləyən, mədəniyyət və incəsənətimizin hamisi Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, Azərbaycan musiqi mədəniyyətinin elə bir janrı yoxdur ki, orada muğamın təsiri hiss olunmasın. Çünki muğam tarixi min illərlə hesablanan və qədim mədəni irsə malik bir xalqın ruhundan qaynaqlanan, insanlara xeyirxahlıq, mətanət aşılayan ölməz, əbədiyaşar sənətdir.
Qəbələdə keçirilən və musiqi bayramı ovqatı yaradan musiqi festivalı çərçivəsində Azərbaycan incəsənətində xüsusi yeri olan maestro Niyazinin, dünya şöhrətli sənətkar Müslüm Maqomayevin, baletləri ölkə-ölkə dolaşan Fikrət Əmirovun yubileylərinin qeyd edilməsi, əsərlərinin səslənməsi yaradıcı insanlara verilən dəyərdir.
Mehriban xanımın Azərbaycanın milli mənəvi dəyərlərinin qorunub, inkişaf və təbliğ olunması istiqamətində apardığı tarixi xidmətlər arasında Dağlıq Qarabağ həqiqətlərinin, Xocalı soyqırımının dünya xalqlarına çatdırılması üçün göstərdiyi vətəndaşlıq mövqeyi də təqdirəlayiqdir. Heydər Əliyev Fondunun xətti ilə müxtəlif dövlətlərdə təşkil olunan dinləmələr, keçirilən aksiyalar, münaqişə nəticəsində hüquqları pozulan azərbaycanlıların haqq səsinin, tələblərinin beynəlxalq təşkilatlarda səsləndirilməsində də Heydər Əliyev Fondunun, şəxsən Avropa və Qərb dövlətlərində böyük siyasi nüfuza , hörmətə, ehtirama layiq Mehriban xanımın xidmətləri böyükdür.
Xocalı soyqırımının 20 illiyi günlərində dünyanın hər bir yerində faciə qurbanlarının xatirələrinin yad olunması, keçirilən çoxsaylı tədbirlər illərdən bəri çəkilən zəhmətin bəhrəsidir ki, Azərbaycan naminə həyata keçirilən hər bir layihənin reallaşması Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın vətənə, milli ruha bağlılıq duyğularının ifadəsi və təcəssümüdür.
Xuraman İsmayılqızı
İki sahil.- 2012.- 1 avqust.- № 138.- S. 18.