Xalq şairi Zəlimxan Yaqub: "Azərbaycan aşıq sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması siyahısına daxil edilməsi folklorumuzun bu qolunun inkişafında yeni mərhələ açacaqdır"
Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı sayəsində Azərbaycan mədəniyyətinin tarixinə daha bir parlaq səhifə yazılmışdır. Xəbər verdiyimiz kimi, YUNESKO-nun Qeyri maddi-mədəni irsin qorunması üzrə Komitəsinin 4-cü sessiyasında qurumun yekun qərarına əsasən Azərbaycanın aşıq sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Bu əlamətdar hadisə aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu beynəlxalq səviyyədə bir daha təsdiqləyir.
Azərbaycan Aşıqlar Birliyinin (AAB) sədri, xalq şairi Zəlimxan Yaqub AZƏRTAC-a müsahibəsində bu mühüm hadisəni şərh edərək demişdir:
Qəlbimizi riqqətə gətirən hadisədir. Bunun reallaşmasında dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətləri əvəzsizdir. Biz XXI əsrdə yaşayırıq, bütün millətlər öz kökünə qayıdır. Milli mənsubiyyətini, dilini, ruhunu, adət-ənənəsini, mədəni sərvətlərini qorumaq üçün hər bir xalq öz kökünə doğru gedir, xilasını mənəvi dəyərlərinin, əxlaqi sərvətlərinin yenidən dərk olunmasında görür. Bu mənada, Azərbaycanda kökü neçə min illərə söykənən mənəvi bir qaynaq vardır. Ozan sənəti, aşıq sənəti, saz sənəti! Bunun da hamımıza bəlli olan ilk müqəddəs məbədi Dədə Qorqud boylarıdır. Bu boylar bizim bilmədiyimiz, itirdiyimiz qaynaqlardan, köklərdən şirə çəkərək, Dədə Qorqud abidəsi meydana gəlmişdir. Düzdür, bunun bir ucu Orxan-Yenisey abidələrinə də gedib çıxır, onun ifadə tərzində, deyim tərzində və kökündə ozanlıq dayanır, Dədə Qordudluq dayanır, ustadlıq dayanır.
Bu mənada Azərbaycan aşıq sənəti xalqımızın, dünya türklərinin şah damarı olan bir sənətdir. Əgər belə olmasaydı, bütün türk sultanları – Şah İsmayıl Xətai, Qazi Bürhanəddin, Cahan şah Həqiqi, Yunis İmrə, Mövlanə Cəlaləddin Rumi kimi insanlar sazdan qidalanmasaydılar, bu qədər nəhəng ola bilməzdilər. Bu sənət indiyə qədər, həm qazana-qazana, həm də itirə-itirə gəlmişdir. Qazandıqları budur ki, getdikcə cilalanıb, gözəlləşib, saf, duru bir vəziyyətə düşübdür. İtirdikləri budur ki, indiki texniki imkanlar vaxtilə olmadığına görə neçə-neçə dastanımız, rəvayətimiz, nağılımız itmişdir. Bizə gəlib çatan şifahi xalq ədəbiyyatımızın incilərini aşıqlarımız, aşıq sənətimiz qoruyub saxlamışdır.
Sovet dövründə aşıqların bir neçə qurultayı keçirilmişdir. Amma rəsmi şəkildə aşıqlar birliyinin yaradılması, aşıq sənətinin inkişafına diqqət və qayğı ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlə bağlıdır. Məhz bu illərdə Azərbaycan Aşıqlar Birliyinə qüdrətli söz-saz ustadı, xalq şairi Hüseyn Arif rəhbərlik etmişdir. Bu gün ümummilli liderimiz Heydər Əliyevin və unudulmaz şairimizin xatirəsini hörmətlə anmaq bizim şərəf və insanlıq borcumuzdur. Çünki qədim aşıq sənətimizin, saz sənətimizin inkişafında bu iki şəxsin əvəzsiz xidmətləri vardır.
Bu gün əgər aşıq sənətinin qorunmasına və inkişafına dövlət başçısı səviyyəsində, mədəniyyətimizin, təhsilimizin tərəqqisi üçün yorulmaz səylər göstərən Azərbaycanın birinci xanımı səviyyəsində qayğı göstərilirsə, deməli dövlətimiz öz tarixi, milli mənəvi sərvətlərinin sahibi kimi çıxış edir. Ona sahib olur. Azərbaycan sürətlə inkişaf edir, güclənir, qüdrətlənir, eyni zamanda maddi və mənəvi sərvətlərimizə sahib çıxmaq duyğularımızı da gücləndirir. Bundan sonra aşıq sənətimiz həm də YUNESKO tərəfindən qorunacaqdır. Bu uğura görə, möhtərəm Prezidentimiz İlham Əliyevə, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarıq. Azərbaycan dövlətinin şöhrətinə və qədim mədəniyyətinə arxalanaraq, Mehriban xanım uzun illər əziyyət çəkmiş və muğamımızı 2003-cü ildə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinə nail olmuşdur. Bu o deməkdir ki, artıq həm muğamımız, həm də aşıq sənətimiz milli çərçivədən çıxaraq, bütün dünya xalqlarının sərvətinə çevrilmişdir.
Yorulmaz səylərdən sonra Azərbaycana artan maraq bizə daha bir uğur gətirmişdir. Artıq Novruz bayramımız da YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması siyahısına daxil edilmişdir. Bu işdə də Mehriban xanım Əliyevanın nüfuzu, cəsarəti, təəssübkeşliyi öz sözünü demişdir. İndən belə Novruz bayramı yurdumuzda daha böyük təntənə ilə qeyd olunacaq, aşıq sənəti daha da inkişaf edəcək, cilalanacaqdır.
Mən Almaniyanın Münxen şəhərində bir saz dükanı gördüm. Sevincimdən özümü içəri atmaq istədim, dedilər darıxma, bu, erməni dükanıdır. Bu qədim sənətimizin YUNESKO-nun mədəni irs siyahısına daxil edilməsi sazımızı bədnam qonşularımızın əlindən aldı və ulu bir sənət kimi dünyanın yaddaşına həkk elədi. YUNESKO-nun bu qərarı başda Aşıqlar Birliyinin rəhbəri Zəlimxan Yaqub olmaqla bütün Azərbaycanın böyük ustadları, şagirdləri, bu sənətə bağlı olanlar qarşısında böyük məsuliyyət qoyur. Bir “yük” sözü vardır, aşığın yükü, “Divani”dən “Müxəmməs”ə qədər. Bu qərar imkan verəcəkdir ki, aşıqdan tələb edim: bu “yük” səndə yoxdursa, sazını yerə qoy, başqa işlə məşğul ol. Mən, necə deyərlər sazın çanağından çıxmış adamam. Mən saza ilahi məhəbbəti də görmüşəm, lağlağı münasibəti də. Bax bu mənada Aşıqlar Birliyinin qarşısında böyük vəzifələr durur.
Fikrim var ki, AAB seriyasından kitablar çap etdirəm, Qurbanidən üzü bəri bütün aşıqların yaradıcılığını toplayaq, çap etdirək, hər bir aşığın yaradıcılğının araşdırılması ilə məşğul olan mütəxəssislə işbirliyi yaradaq, müqavilə bağlayaq, öz vəsaitimizlə “Azərbaycan aşıqları” adlı zəngin bir kitab, aşıqların muzeyini yaradaq. Orada aşıqların portretlərini asaq, musiqi alətlərini, səsləri yazılmış lentləri, barələrində müfəssəl məlumatları qoruyaq, səsyazma arxivi, aşıqların xüsusi geyim formasını yaradaq.
Biz dastançılığı, sinəsi sözlə, hikmətlə dolu olan aşıqlarımızı, qıfılbəndləri, bağlamaları bu sənətə qaytarmalıyıq. Mən akademik Ramiz Mehdiyevin bu günlərdə mətbuatda getmiş çox gözəl, çox aktual məqaləsini oxudum. Artıq televiziya kanallarında kökə, millətə dəxli olmayan, gənclərimizin tərbiyəsini düzgün istiqamətləndirməyən, millətin mənəviyyatına təxribat olan verilişlərin qarşısını almağın vaxtı çatmışdır.
Azərbaycan Aşıqlar Birliyinin problemləri də vardır. Bizim hələki münasib yerimiz yoxdur.
- Zəlimxan müəllim, təşkilati məsələlər, yer məsələsi həll olunduqdan sonra yəqin ki, yaxın vaxtlarda aşıqların qurultayı və başqa rəsmi tədbirlər keçiriləcəkdir.
- Qurultay təzə keçirilib. Əvvəlcə birliyin kökündən yeniləşdirilməsi gərəkdir. Aşıq sənəti məhdud çərçivədə qala bilməz. Hazırlıq işlərinə xeyli vaxt sərf olunmalıdır.
AAB-nin üzvlərinin vəsiqələri yenisi ilə əvəz olunacaqdır. Aşıqlardan illik yaradıcılıq hesabatları tələb ediləcəkdir. Perspektiv planlarımız vardır. Hər bir aşığın yaradıcılığına fərdi şəkildə yanaşılacaq, onlara dövlət qayğısı göstəriləcəkdir.
- Bütün bunlar həll olunduqdan sonra türkdilli xalqlarla əlaqələr yəqin ki, daha da genişlənəcəkdir.
- Doğru deyirsiniz. Yeri gəlmişkən, Cənubi Azərbaycanda, Türkiyədə, Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda, Kiprdə, Kərkükdə, Dərbənddə və başqa yerlərdə aşıqlarla bağlı tədbirlərdə iştirak etmişəm. Bu günlərdə Bayburtdan yenicə gəlmişəm. Tartufda, Adanada “Qaracaoğlan günləri”ndə iştirak etmişəm. Yeri gəlmişkən, deyim ki, burada mənə Türk Dünyası Uluslararası Araştırmalar Akademiyasının (TDUAA) “Türk Dünyasına xidmət” beynəlxalq mükafatı verildi və məni TDUAA-nın fəxri üzvü seçdilər. Bu səfər çərçivəsində aşıqlarla, folklorşünaslarla danışıqlar aparmışam. Mən təşkilatla bağlı işlərimi formalaşdırandan sonra Türk dünyası aşıqlarının Bakıda toplantısını keçirmək fikrindəyəm. Bunu artıq Təbrizdə, Türkiyədə aşıqlarla və onların səlahiyyətli qurumları, mədəniyyət nazirlikləri ilə ətraflı müzakirə etmişəm. Yəni birliyimizin fəaliyyəti təkcə Azərbaycanla bağlı olmayacaq, bütün türk dünyası, hətta Qərb ölkələrinin folklorşünasları ilə əlaqə yaradacağıq. Çox yerdən - Belçikadan, ABŞ-dan, İsveçdən, Danimarkadan, Hollandiyadan birliyimizə müraciətlər edilir. Bunların hamısı YUNESKO ilə bağlı görülən işlərin nəticəsidir.
Xalq qəzeti. - 2009.- 9 oktyabr. - № 224. - S. 5.