Daşqın Şikarov: “Mehriban xanım Əliyevanın təşəbbüsü ilə tikilmiş qızlar məktəbi Azərbaycan-Pakistan dostluğunun rəmzinə çevrilib”
Azərbaycanın Pakistanda fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov “Mərkəz” Televiziyasına eksklüziv müsahibə verib.
- Cənab səfir, Azərbaycanla Pakistan arasında hazırkı əlaqələri necə qiymətləndirirsiniz?
- Hazırda Azərbaycanla Pakistan arasında siyasi əlaqələr yüksək səviyyədə inkişaf edir. Ulu öndər Heydər Əliyev 1996-cı ildə Pakistanda səfərdə olmuşdu və həmin səfər ərəfəsində bir çox müqavilə və sənədlər imzalanmışdı. Həmin səfərdə o vaxt Azərbaycan-Pakistan münasibətlərinin təməli çox möhkəm qoyulmuşdu. İndi onun bəhrəsidir ki, bir neçə dəfə siyasi hakimiyyət dəyişikliyi olsa da, bütün zamanlarda yeni hökumətin Azərbaycanla münasibətləri çox yüksək səviyyədə olub. İstər xalq, istər hakimiyyət, istər Pakistan hərbçilərinin Azərbaycana mövqeyi birmənalı şəkildə müsbət olub. Təbii ki, bu da əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin davamıdır ki, bu gün Pakistan xalqı və hökuməti bizə bu cür xoş münasibət göstərir.
- Pakistanda “Azərbaycan” deyəndə sadə pakistanlının təsəvvüründə, ilk növbədə, hansı təəssüratlar formalaşır. Azərbaycanı Pakistanda necə tanıyırlar?
- Pakistan müsəlman ölkəsidir, Pakistanın islam dövlətlərinə münasibəti müsbətdir. Amma İslam dövlətləri içərisində Türkiyə və Azərbaycanın çox önəmli yeri var. Hər bir sadə pakistanlı azərbaycanlı deyəndə əvvəla müsəlman olaraq başa düşür. İslam Azərbaycanda modern islamdır. Azərbaycanda islam digər qapalı ölkələrdəki kimi deyil. Xatirimdədir ki, Pərviz Müşərrəfin dövründə belə bir layihə üzərində işləyirdilər, istəyirdilər ki, Pakistanın özündə də Türkiyə modeli, Azərbaycan modeli islam olsun. Bilirsiniz, bizdə sərbəstlikdir, din dövlətdən ayrıdır, din azadlığı Azərbaycanda inkişaf edib. Pakistandan da bura səfər edənlər görürlər ki, Azərbaycan sürətlə inkişaf edib. Sonuncu dəfə Azərbaycana səfərim avqust ayında olmuşdu. Baxıram ki, çox böyük dəyişikliklər olub. Bu gün pakistanlılar Azərbaycan deyəndə SSRİ respublikaları içərisində ən dinamik inkişaf edən respublika kimi başa düşürlər. Pakistanda azərbaycanlı deyəndə bilirlər ki, Azərbaycanda böyük demokratiya, söz azadlığı var, digər ölkələrdən fərqli olaraq bizdə yüzlərlə qəzet çıxır, 50-dən artıq partiyalar mövcuddur, Azərbaycan vətəndaşları istədikləri yerlərə sərbəst gedirlər, istədikləri məclislərdə istədikləri yeməkləri verə bilirlər. Pakistanda bəzi məhdudiyyətlər var. Amma Azərbaycan tam sərbəstdir, bu gün Azərbaycan bölgədə iqtisadiyyatı güclü inkişaf edən dövlətlərdən birinə çevrilib. Bu gün fəxr edirik ki, bizim büdcəmiz 20 milyarddır. Təsəvvür edin ki, Pakistanın 183 milyon əhalisi var, amma Pakistanın dövlət büdcəsi 32 milyarddır. Azərbaycanın isə 9 milyondan bir az çox əhalisi var, amma büdcəmiz 20 milyarddır. Müqayisə edəndə çox böyük bir fərq yaranır.
Bu gün fəxr etməliyik ki, rəhmətlik ulu öndər Heydər Əliyevin davamçısı İlham Əliyev Azərbaycana rəhbərlik edir. Bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlərin hamısının əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan siyasətin davamıdır. Bu gün cənab prezident İlham Əliyev bu siyasəti çox uğurla davam etdirir. Bunun nəticəsidir ki, Azərbaycan gündən-günə inkişaf edir, əhalinin yaşayış səviyyəsi artır. Hər bir pakistanlı da bu inkişafı görür.
- Pakistanın əsas problemi Kəşmir məsələsidir, pakistanlı jurnalistlər bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini öyrənəndə, siz bizim mövqeyimizi necə ifadə edirsiniz?
- Kəşmir məsələsində BMT qətnamə qəbul edib. Biz də Azərbaycan olaraq hazırda BMT-nin Kəşmirlə əlaqədar çıxardığı qətnamələri dəstəkləyirik. Pakistanın özü də həmin qətnamələri qəbul edir. Həmin qətnamələrdə qeyd olunub ki, Kəşmir xalqı özü-öz müqəddəratını həll edə bilər. Biz də təbii ki, BMT-nin çıxardığı qətnamələri dəstəkləyirik və dəstəyimiz Pakistanı qane edir.
- Yaxın zamanlarda Azərbaycan və Pakistan arasında hansısa yüksək səviyyəli səfərlər və ya görüşlər gözlənilirmi?
- Bəli, gözlənilir. Pakistan-Azərbaycan hökumətlərarası birgə komissiyanın iclasını keçirdik. Pakistanın neft və sənaye naziri Azərbaycana səfər etdi. Bundan başqa, Pakistanın iqtisadi inkişaf nazirinin müavininin səfəri oldu. Ümumiyyətlə, son zamanlarda Pakistanla Azərbaycan arasında yüksək səviyyəli görüşlər intensivləşib. Bu yaxınlarda noyabrın 7-8-də Pakistanın baş naziri ilə görüşdüm, onu Azərbaycana dəvət etdim, söz verdi ki, Azərbaycana səfər edəcək. Biz bu səfərin reallaşmasını gözləyirik. Bundan əlavə, Pakistan xarici işlər nazirinin də 2012-ci ildə Azərbaycana səfəri nəzərdə tutulub. Yanvar ayında Pakistanın Birləşmiş Qərargahlar Komitəsinin sədrinin Azərbaycana səfəri planlaşdırılıb. Ümumiyyətlə, yaxın vaxtlarda qarşılıqlı səfərlər olacaq.
- Pakistanın Azərbaycandakı səfiri Azərbaycanla Pakistan arasında birbaşa reyslərin olmamasından və bunun da iqtisadi əlaqələrə mənfi təsir göstərdiyindən danışırdı, bu əlaqələrin yaxşılaşması ilə bağlı hansısa addımlar atılıbmı?
- Hazırda Pakistanla Azərbaycan arasında iqtisadi əlaqələr demək olar ki, zəifdir. Çünki bizim sərhədimiz olmadığından məcburuq ki, üçüncu dövlətin ərazisindən istifadə edək. Birbaşa reysin olmamağı, sərhədin olmamağı iqtisadi əlaqələrə də mənfi təsir göstərir. Birgə komissiyanın iclasında biz bir çox məsələnin həlli üçün müqavilə və protokol layihəsi imzaladıq. Güman edirəm ki, birgə komissiyanın iclasından sonra iqtisadi əlaqələrdə sıçrayış olacaq.
- Pakistanda sel və zəlzələ zamanı Azərbaycan yardım etmişdi. Bu yaxınlarda da Pakistan sel fəlakətindən əziyyət çəkmişdi. Hazırda vəziyyət necədir?
- 2005-ci ildə Pakistanda baş vermiş zəlzələ zamanı cənab İlham Əliyevin sərəncamı ilə həkim və xilasedicilərdən ibarət heyət göndərildi. Xilasedicilər Pakistanda çox fəal yaxından iştirak etdilər. Cəsədlərin çıxarılmasında çox böyük fədakarlıq göstərdilər. Eyni zamanda, həkim briqadamız çox sayda yaralıya kömək etdi. Bundan əlavə, həm humanitar yardım, həm pul yardımı oldu. 1 milyon dollar məbləğində yardım oldu, 60 ton miqdarında çadır və generatorlar yardımı oldu. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva həmin zəlzələnin baş verdiyi bölgədə qızlar məktəbi inşa etdirdi. O zaman Pakistanda xarici dövlət tərəfindən inşa olunmuş ilk məktəb idi. Qızlar məktəbinin inşasından sonra Pakistan dövləti bu məktəbi çox geniş təbliğ elədi. Digər dövlətlər də böyük maraq göstərdilər və bizdən sonra Türkiyə də bir neçə məktəb inşa etdi. Təbii ki, ilk olaraq Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın məktəb inşa etdirməyi – pakistanlıların ürəyində Azərbaycana qarşı böyük bir məhəbbət yaratdı. 2010-cu ildə sel fəlakətində cənab prezidentin sərəncamı ilə 2 milyon dollar yardım olundu. Fövqəladə Hallar və Müdafiə Nazirliyinin xətti ilə əlavə yardımlar göstərildi. Bu, Pakistanda çox böyük sevinclə qarşılandı. 2011-ci ilin sel fəlakətində prezident İlham Əliyev 2 milyon dollar yardım ayırdı, bundan başqa səfirliyin əməkdaşları 5 günlük öz əməkhaqqılarını Pakistan tərəfinin təqdim etdiyi hesaba köçürdülər. Səfirliyin bu addımı da Pakistan mətbuatında çox geniş işıqlandırıldı. Pakistanın Xarici İşlər Nazirliyi bu addımı digər səfirliklərə örnək kimi göstərdi. Ən əsas isə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə tikilmiş qızlar məktəbi Azərbaycan-Pakistan dostluğunun rəmzinə çevrilib.
- Cənab səfir, Siz həm də Əfqanıstana akkreditə olunmusunuz. Biz hər gün orada terror hadisələrinin baş verdiyini eşidirik. Bəs oradakı azərbaycanlıların həyatı üçün təhlükə varmı? Onların təhlükəsizliyi necə qorunur?
- Azərbaycanın Əfqanıstanda hazırda 93 nəfər hərbçisi var. Mütəmadi olaraq Əfqanıstanla əlaqə saxlayırıq. Orada az sayda azərbaycanlı iş adamları var, onlar fəaliyyət göstərirlər. Onların təhlükəsizliyi ilə əlaqədar Əfqanıstanın rəhbərliyinə müraciət edirik ki, onların təhlükəsizliyini təmin etsinlər. Onların da təhlükəsizliyi Əfqanıstan dövləti tərəfindən təmin olunur. Eyni zamanda, bizim oradakı hərbçilərimiz tam təhlükəsiz yerdədirlər. Onların olduğu ərazi Kabul aeroportudur. Əfqanıstanı su ilə təchiz edən xüsusi stansiyaların qorunmasında iştirak edirlər. Onlar fəal atışmalarda iştirak etmədiyi üçün həyatları təhlükədə deyil. Biz Əfqanıstanla əlaqə saxlayırıq, oradakı vətəndaşlarımızın həyatı ilə maraqlanırıq. Çox sevindirici haldır ki, bu günə qədər xoşagəlməz hadisə baş verməyib.
- Sizin təmsil olunduğunuz ölkələrlə Azərbaycan arasında tələbə mübadiləsi həyata keçirilirmi?
- Hazırda pakistanlı tələbələr Azərbaycan universitetlərində təhsil almaq üçün maraq göstərirlər. Xüsusilə neft sahəsinə daha çox maraqlanırlar. Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında da pakistanlı tələbə təhsil alır, eyni zamanda, pakistanlı müəllim də dərs deyir. Bakı Dövlət Universitetində şərqşünaslıq fakültəsində urdu dili bölməsi var, orada pakistanlılar dərs deyir. Hazırda Pakistanın Müasir Dillər Universitetindən müəllim cəlb edirik ki, gəlib burada urdu dilində dərs desinlər. BDU-nun rektoru Abel Məhərrəmovla görüşdüm, onunla qərara gəldik ki, Azərbaycana urdu dilindən dərs demək üçün Pakistandan müəllim dəvət edək. Bundan əlavə, urdu dilində təhsil alan tələbələrin Pakistana ezam olunması və yay məktəblərində təhsil məsələsi də müzakirə olunub. Yataqxana məsələsi bir az problemlidir. Ümid edirəm ki, bu məsələ həllini tapandan sonra pakistanlı tələbələr daha çox gələcəklər. Universitetlərimizdə olan şərait Pakistan universitetlərində, demək olar ki, yoxdur.
Nərgiz Ehlamqızı
Mərkəz.- 2011.- 14 dekabr.- № 229.- S. 7.