Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Qaradağ rayonunda olmuşdur
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva sentyabrın 13-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində olmuşdur.
Qəsəbənin 28 May prospektində Heydər Əliyev parkında görülən işlərlə tanış olan Mehriban xanıma məlumat verildi ki, ümummilli liderimizin adını daşıyan istirahət guşəsi rayonun daxili imkanları hesabına salınır, sahəsi 2,5 hektara yaxındır. Burada ulu öndərin mərmər büstü qoyulmuşdur. Yaşıl xiyabanlar, milli memarlıq üslubunda fəvvarə parka xüsusi yaraşıq verəcəkdir. Ətrafındakı binalar da müasir görkəmə salınmış, bir neçə min ağac və gül kolları əkilmişdir.
Parkın ərazisində Heydər Əliyev muzeyi də tikilir. Sahəsi 240 kvadratmetr olacaq muzey ümummilli liderimizin şərəfli ömür yoluna dair eksponatlarla komplektləşdiriləcək, burada ulu öndərin Qaradağ rayonunun sosial-iqtisadi inkişafına töhfəsini, rayonda keçirdiyi görüşləri əks etdirən ayrıca guşələr yaradılacaqdır. Muzey məktəblilərin, gənclərin dahi şəxsiyyətin irsini öyrənməsində, vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacaqdır. Mehriban xanıma məlumat verildi ki, park və muzeyin tikintisində artıq son tamamlama işləri görülür.
Sonra Mehriban xanım Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində əsaslı şəkildə təmir edilmiş və yenidən qurulmuş, şəhid polis kapitanı, Azərbaycanın Milli Qəhrəmanı Faiq Rəfiyevin adını daşıyan 166 nömrəli məktəbə gəldi. Məktəbin müəllimləri, yuxarı sinif şagirdləri hörmətli qonağı səmimiyyətlə, gül-çiçəklə qarşıladılar.
Mehriban xanım Milli Qəhrəmanın məktəbin qarşısındakı abidəsi önünə tər qərənfillər düzdü.
O, məktəbin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə də gül-çiçək dəstələri qoydu.
Məktəbin direktoru Məhbubə Məhərrəmova Mehriban xanıma məlumat verərək dedi ki, 1936-cı ildə tikilən binada son 20 ildə bir dəfə də təmir işləri aparılmamışdı. 1200 şagirdi olan məktəbdə son üç ayda görülmüş işlər isə bu təhsil ocağının simasını tamamilə yeniləşdirmişdir. Əlavə 8 sinif otağı da tikilmişdir ki, bu da şagird sıxlığını tamamilə aradan qaldıracaqdır. Məktəbin bütün avadanlığı da təzələnmişdir.
Sinif otaqları, fənn kabinetləri ilə ətraflı tanış olan Mehriban xanım 2 kompüter otağının ayrılmasını, burada 20-dən çox kompüterin qoyulmasını yüksək qiymətləndirdi, ixtisaslı kadrların olub-olmaması, onların hazırlıq səviyyəsi ilə maraqlandı, məktəblərdə yeni informasiya texnologiyalarından istifadə edilməsinin vacibliyini bildirdi, bu barədə Dövlət proqramının da qəbul edildiyini xatırlatdı.
Fondun prezidenti məktəb kitabxanasında da oldu, yeni əlifba ilə buraxılan kitabların alınması ilə maraqlandı. Məktəbin direktoru son iki ildə xeyli bədii və siyasi ədəbiyyatın alındığını bildirdi, Heydər Əliyev Fondu tərəfindən məktəbə rus dilində xeyli kitabın hədiyyə olunmasına görə minnətdarlıq etdi, fondun gənc nəslin təlim-tərbiyəsinə, yeni kitabların alınmasına, dərsliklərin nəşrinə göstərdiyi qayğını yüksək dəyərləndirdi.
Daha sonra məktəbin qarşısındakı idman kompleksinə baxan Mehriban Əliyeva ayrıca istilik sisteminin işə salınmasını, işıq, su xətlərinin təzələnməsini xüsusi razılıqla qeyd etdi. O, məktəbin təmirdən əvvəlki və hazırkı vəziyyətini əks etdirən fotoguşə ilə tanış oldu, görülən işlərin keyfiyyətindən razı qaldığını söylədi.
Mehriban Əliyeva müəllim və şagirdlərə, onun gəldiyini eşidərək buraya toplaşan qəsəbə sakinlərinə müraciətlə dedi:
- Bilirsiniz ki, çox qısa zamanda, cəmisi 3 aya bu məktəbin binası əsaslı təmir olundu. Çox rahat, isti, təmiz, gözəl, işıqlı məktəbdir. Mən çox sevinirəm ki, uşaqlarımız bundan sonra belə məktəbdə oxuyacaqlar. Heydər Əliyev Fondunun həyata keçirdiyi proqrama Qaradağ rayonunun da 3 məktəbi salınıb, mən o biri məktəblərdə görülən işlərlə də tanış olacağam. Yaxın zamanlarda ölkəmizdə bütün məktəblər yenidən qurulacaq, təzələri tikiləcək və hamısı belə yüksək səviyyədə avadanlıqla, müasir informasiya texnologiyaları ilə təmin ediləcəkdir. Sizi bir daha təbrik edirəm, məktəblilərə yeni dərs ilində uğurlar, cansağlığı arzulayıram.
Xalq qəzeti.- 2006.- 14 sentyabr.- № 208.- S. 3.