Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Xalqa və dövlətə təmənnasız xidmət örnəyi


Cəmiyyətdə nəcibliyin, mərhəmət və xeyirxahlığın, savab əməllərin müqəddəs ünvanına çevrilməklə, zaman etibarilə o qədər də böyük olmayan müddətdə ümumxalq mənafeyi baxımından bir sıra strateji layihələri uğurla gerçəkləşdirməyə nail olmuş Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin hər bir səhifəsi özündə ulu öndərimizin ali ideallarını parlaq şəkildə təcəssüm etdirir. Qloballaşmanın bütün dünyada qarşısıalınmaz prosesə çevrildiyi, kütləvi mədəniyyət stereotiplərinin hakim olduğu bir dönəmdə fond minilliklər boyu formalaşaraq xalqımızın milli varlığının və özünəməxsusluğunun ifadəsi kimi üzə çıxan zəngin mənəvi irsi, milli düşüncə və dəyərlər sistemini, mədəni-intellektual mülkiyyətini neqativ təzahürlərdən qorumaq kimi çətin bir missiyanın öhdəsindən layiqincə gəlir.

Ümid qapısı

Bəşər sivilizasiyasının ən qədim xalqlarından olan azərbaycanlıların yüksək mənəvi-əxlaqi keyfiyyətlərini, genetik yaddaşını pak və sağlam niyyətlərlə qoruyaraq bütövlükdə milli intibaha, cəmiyyətin pozitiv ruhda inkişafına əsaslı təsir göstərmək, onun genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək Heydər Əliyev Fondunun fəaliyyətinin əsas qayəsini təşkil edir. Fondun fəaliyyəti, ilk növbədə, dünyanın xilasına yönələn mütərəqqi ümümbəşəri və milli idealların cəmiyyətdə daha da möhkəmlənməsinə, ictimai şüura hakim kəsilməsinə, fərqli bəşəri sivilizasiyaların uğurlu dialoquna, keçmişlə gələcək arasında möhkəm körpü salınmasına, insanlara xeyirxahlıq və nəciblik kimi ali dəyərlərin aşılanmasına yönəlmişdir. Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın özünün də söylədiyi kimi, bu gün ən müxtəlif hakimiyyət strukturlarının laqeydliyi, biganəliyi ilə üzləşən, dərdinə əlac axtaran köməksiz insanların sonuncu ümid qapısına çevrilmiş Heydər Əliyev Fondunun fəaliyyət fəlsəfəsində insanlara yaxşılıq kimi sadə olduğu qədər də bəşəri və müqəddəs bir ideya, amal dayanır. Məhz bu kimi saf amalla Mehriban xanım Əliyeva rəhbərlik etdiyi fonda üz tutmuş vətəndaşların mənəvi hamisi, qayğıkeşi kimi çıxış edir, imkan daxilində onların üzləşdiyi problemlərin həllinə çalışır. "Keçmişə ehtiram, gələcəyə ümid" postulatına əsaslanan bu xeyirxah missiya köməksizə əl tutmaq, çarəsizin qəlbində bir ümid çırağı yandırmaq, bir sözlə, insanlara səmimi diqqət və qayğı istəyindən qaynaqlanır. Təkcə 2005-ci ildə fonda 3000-dən artıq vətəndaşın müraciət ünvanlaması da bu qurumun ictimai təsisat kimi cəmiyyətdə əlahiddə nüfuz və etimada sahib olduğunu nümayiş etdirir. Mehriban xanım Əliyevanın yüksək hümanizm, mərhəmətlilik və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn bu uğurlu fəaliyyətin qayəsində isə məhz millətə və dövlətə səmimi xidmət istəyi, məramı dayanır. "Bəzən cəmiyyətdə insan elə bir vəziyyətə düşür ki, bütün döydüyü qapılar onun üzünə bağlı qalır. O, öz dərdi ilə, öz problemi ilə təkbaşına qalır və ona elə gəlir ki, heç bir şey və heç kəs ona kömək edə bilməz. Bu halda, o, üzünü bizim fonda tutur. Mən demək istəmirəm ki, biz dərhal onun bütün problemlərini həll edirik. Amma o insan burada nə biganəliklə, nə soyuq münasibətlə rastlaşmaz və hökmən onun problemlərinin həlli üçün mümkün olan bütün vasitələrdən istifadə ediləcəkdir. Yəqin ki, xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətlərdən biridir və biz bu gün Heydər Əliyev Fondu olaraq bu ənənələri davam etdirməyə çalışırıq" - deyən Mehriban xanım Əliyeva qloballaşan dünyada insanın daxili "Mən"inin qorunmasını vacib saymaqla, ali mənəvi dəyərlərin saxta ideallarla əvəzlənməsinə, cəmiyyətdə biganəliyin ağır fəsadlar verən sosial bəlaya çevrilməsinə qarşı qətiyyətlə çıxır.

Azərbaycan cəmiyyəti Heydər Əliyev Fondunun prezidentinin vətəndaşlara diqqət və qayğı nümunələri ilə zəngin olan çoxşaxəli fəaliyyətinə istinadən şəfqətli və xeyirxah əməllərin nə qədər savab olduğunu dərk edir, özünün yaşam fəlsəfəsini bu meyarlara uyğunlaşdırmağa çalışır. Məhz bu məqamında ölkənin Birinci xanımı əbədi liderimizin fəaliyyətinin və ömür yolunun əsas qayəsinə çevrilmiş humanizm və xeyirxahlıq fəlsəfəsini mənəvi miras kimi qəbul etməklə bu möhtəşəm irsin varisinə çevrildiyini təsdiqləyir.

İnkarolunmaz həqiqətdir ki, yalnız böyük vətənpərvərlik hissləri, pak hisslər insanı olduqca çətin, fəqət, xalqın və dövlətin mənayefi baxımından müstəsna əhəmiyyətli işləri həyata keçirməyə sövq edə bilər. Bu baxımdan, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın istər milli-mənəvi irs və dəyərlərin, istər elm və təhsilin səviyyəsinin yüksəldilməsi, fəal maarifçilik kursunun həyata keçirilməsi, istərsə də səhiyyənin inkişafı, insanların fiziki və mənəvi sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi strateji layihələr onun təşəbbüskar vətəndaşlıq mövqeyinin, mənəvi məsuliyyətinin təcəssümüdür.

Qurumun ən müxtəlif layihələrini mahiyyətcə birləşdirən bir ortaq xətt mövcuddur - milli genefondumuzun qorunması. Bu ali mərama xidmət edən hər bir addım Heydər Əliyev Fondu üçün eyni səviyyədə prioritet səciyyə daşıyır.

Təhsildə milli maarifçilik xətti

Elm və təhsil bəşəriyyətin mövcudluq anından fərd və ictimai toplumların, geniş mənada, xalqların gələcək inkişafının, yaşam fəlsəfəsinin və tarixin əlverişli mərhələlərində qazandığı uğurların başlıca rəhni kimi çıxış etmişdir. Qloballaşan dünyada hər bir dövlətin öncüllüyü, milli inkişaf səviyyəsi və gələcək taleyi bu intellektual-strateji sahələrin səviyyəsilə ölçülür. Praqmatik və peşəkar siyasətçi kimi bu reallığı düzgün qiymətləndirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin elm və təhsilin davamlı inkişaf konsepsiyasının uğurla gerçəkləşdirilməsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Fondun təhsilin inkişafı, bu sahədə həllini gözləyən bir sıra problemlərin tez bir zamanda aradan qaldırılması istiqamətindəki fəaliyyəti Azərbaycanda elmə ictimai təsisat səviyyəsində yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu yöndə səfərbər olunmasına yönəlmişdir. Bu sahəyə yönələn diqqət və qayğının hansı məqsəddən qaynaqlandığını, xalqın, dövlətin gələcəyi baxımından necə böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğulamağa ehtiyac yoxdur. Təhsil, eyni zamanda, elə bir spesifik sahədir ki, buradakı problemlərin həllini təkcə dövlətdən gözləmək və tələb etmək bəlkə də düzgün olmazdı - bu sahədə özünü göstərən bəzi neqativ halların aradan qaldırılmasında vətəndaşların da fəal iştirakı vacibdir. Mehriban xanım Əliyevanın istər xeyriyyəcilik, istərsə də ictimai fəaliyyətinin prioritet istiqamətləri sırasında təhsilin mühüm yer tutması da millətimizin gələcəyini, nicat yolunu təhsilin inkişafında, vətəndaşların maariflənməsində görən ümummilli liderimiz Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinə əsaslanır.

Fondun milli maarifçilik xəttinin həyata keçirilməsi sahəsindəki əzmkar fəaliyyəti hansısa konkret çərçivə ilə məhdudlaşmır - məktəb tikintisindən tutmuş, YUNESKO ilə konkret təhsil proqramlarının həyata keçirilməsinədək - geniş spektri əhatə edir. Qısa müddət ərzində uğurla gerçəkləşdirilən bu layihələr cəmiyyətdə böyük rezonansa səbəb olmuş, rəğbət və ehtiramla qarşılanmışdır. Azərbaycanın zəruri ehtiyaclarını nəzərə alan Heydər Əliyev Fondunun yeni məktəb binalarının tikintisi, mövcud orta ümumtəhsil müəssisələrinin əsaslı təmir və bərpası istiqamətində həyata keçirdiyi tədbirlər xüsusilə təqdirəlayiqdir. İctimai əsaslarla fəaliyyət göstərən fondun ümummilli mənafelərə hesablanmış bu tədbirlərin həyata keçirilməsində cəmiyyətdən ciddi mənəvi-maddi dəstək alması görülən işlərin miqyasını, dinamikliyini və səmərəliliyini daha da artırır.

Heydər Əliyev Fondunun təhsillə bağlı qarşıya qoyduğu strateji məqsəd Azərbaycanda bu sahənin qloballaşan dünyanın tələbləri səviyyəsində qurulması, milli təhsil modelinin gerçəkləşdirilməsinə maddi-texniki və intellektual zəmin formalaşdırılmasıdır. Təhsil infrastrukturunu yeniləşdirmədən, müasir tipli yeni məktəblər inşa etmədən, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi təhsil ənənələrini nəzərə almadan bu məqsədlərə nail olmaq qeyri-mümkündür. Həmin reallıqlardan çıxış edən fond, ilk növbədə, yeni məktəblərin inşası istiqamətində sistemli və ardıcıl iş aparır.

Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü ilə həyata keçirilən, müvafiq hakimiyyət qurumlarının, vətəndaş cəmiyyətinin bəzi strukturlarının, imkanlı iş adamlarının da dəstəklədiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi bu baxımdan cəmiyyətdə daha böyük əks-səda doğurmuşdur. Layihə çərçivəsində yalnız 2005-ci ildə Azərbaycanın ən müxtəlif bölgələrində rekord sayda - 132 ədəd yeni məktəb binasının tikilərək istifadəyə verilməsi və lazımi avadanlıqlarla təchiz olunması dövlətin bu sahədə həyata keçirdiyi işlərə əvəzsiz töhfədir. Müasir tələblərə cavab verən məktəb binaları yeni avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompüterlərlə təchiz olunmuşdur.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında yeni məktəblərin inşası məsələsinə xüsusi diqqət ayrılmışdır. Heydər Əliyev Fondu həmin proqram çərçivəsində müvafiq hakimiyyət strukturlarının həyata keçirdiyi işləri də qabaqlayaraq, bölgələrdə mədəni-intellektual səviyyənin yüksəlməsində yaxından iştirak etmişdir. Cəmi bir il ərzində 132 yeni məktəbin inşası ağır müharibə şəraitində yaşayan, iqtisadiyyatı yenicə inkişaf etməyə başlayan Azərbaycan üçün olduqca böyük nailiyyətdir. Fondun prezidenti Mehriban xanım Əliyeva layihənin ikinci hissəsinin rəsmi təqdimat mərasimi zamanı görülən işlərin bundan sonra da davam etdiriləcəyini, 2006-cı ildə Azərbaycanda 100-dən artıq yeni məktəb binasının tikilib istifadəyə veriləcəyini bəyan etmişdir. Təqdirəlayiq haldır ki, Azərbaycan Prezidentinin regionlara səfərləri zamanı Mehriban xanım Əliyeva fondun xəttilə aparılan inşaat işləri ilə yaxından tanış olur, lazımi tövsiyələrini verir.

Fond yeni təhsil ocaqlarının tikintisi ilə yanaşı, mövcud müəssisələrin əsaslı təmiri və yenidənqurulması işini də diqqət mərkəzində saxlamışdır. Ötən il xüsusi qayğıya ehtiyac duyan uşaqların təhsil aldığı 23 müəssisə əsaslı şəkildə bərpa edilmiş, zəruri avadanlıqlarla təchiz olunmuşdur. Bu, orta hesabla hər ay iki məktəbin normal iş və tədris rejiminə gətirilməsi deməkdir. Bakıda, Sumqayıtda, Xaçmazda, Əli Bayramlıda, Şəkidə, Astarada, İsmayıllıda, Ağdamda, Bərdədə, Beyləqanda, Gədəbəy, Saatlı, Zərdab, Yardımlı, Qax, Göyçay, Qusar, Lerik, Salyanda, habelə bir sıra kəndlərdə qəza vəziyyətində olan məktəblərin yeniləri ilə əvəz olunması insanlarda böyük rəğbət və minnətdarlıq hissi doğurmuşdur. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində 22 min nəfərlik şagird yeri yaratmağa nail olması da təqdirəlayiq göstəricidir.

Fövqəladə bacarıqlı xoşməramlı səfir

BMT-nin ali mədəniyyət qurumu - YUNESKO ilə sıx əməkdaşlıq münasibətləri qurmuş Heydər Əliyev Fondu milli-mənəvi irsimizə, təhsilimizə yüksək bəşəri münasibətə də nail olmuşdur. Azərbaycanın birinci xanımının təşkilatın xoşməramlı səfiri təyin olunması bu əlaqələrə yeni impuls vermiş, strateji əhəmiyyət daşıyan müxtəlif layihələrin müştərək icrasına geniş imkanlar açmışdır. Fondun son iki illik fəaliyyətinin aparıcı istiqamətlərindən biri də məhz ölkənin təhsil problemlərinin həllinə köməkdən, bu məqsədlə nüfuzlu beynəlxalq təşkilatlardan sayılan YUNESKO-nun geniş imkanlarından səmərəli faydalanmaqdan ibarət olmuşdur. Geniş imkanlara malik bu nüfuzlu beynəlxalq təşkilatın ölkəmizin təhsil problemlərinin həllində yaxından iştirakı, təşkilatla birgə reallaşdırılan müştərək layihələr uğurlu nəticələrlə zəngindir. 2004-cü il iyulun 6-da fondun təşəbbüsü ilə Parisdə YUNESKO-nun iqamətgahında "Davamlı inkişaf üçün Azərbaycanda təhsil islahatları" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Əldə olunmuş razılaşmaya əsasən, 2005-ci il avqustun 24-də Bakıda "YUNESKO-Azərbaycan: gələcəyə körpü" mövzusunda mühüm beynəlxalq konfransın keçirilməsi Azərbaycanın təhsil problemlərinin müzakirəsi, onların optimal həlli mexanizmlərinin aranması, habelə təşkilatla əməkdaşlığın gələcək perspektivlərinin müəyyən olunması baxımından böyük əhəmiyyət daşımışdır.

YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva konfransdakı dərin məzmunlu çıxışında Azərbaycan milli təhsilinin problemlərindən söz açmış, həyata keçirilən islahatlar barədə konfrans iştirakçılarına ətraflı məlumat vermişdir. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzünün təhsilimizdə yaratdığı çətinliklər YUNESKO-nun Baş direktorunun və nümayəndə heyətinin nəzərinə bir daha çatdırılmışdır: "Biz işğala məruz qalan ərazilərdə əvvəllər mövcud olan təhsil infrastrukturunu qoruyub saxlaya bilmişik. Bu məktəblər qaçqın-köçkün düşərgələrində yerləşir. Biz həm də müəllim kollektivini saxlaya bilmişik və onlar düşərgələrdə uşaqların təlim-tərbiyəsi ilə məşğul olurlar. Bu, doğrudan da, nadir bir təcrübədir. Mən inanıram ki, bu təcrübə bütün münaqişə zonalarında istifadə oluna bilər".

Konfrans milli təhsilimizin ümumi vəziyyəti ilə bağlı YUNESKO nümayəndələrində tam təsəvvür yaratmaq, onları hərtərəfli məlumatlandırmaq, habelə perspektivdə müştərək layihələrlə çıxış etmək baxımından uğurlu nəticələrlə yadda qalmışdır. Bu mötəbər təşkilatın diqqətinin ölkəmizin təhsil problemlərinə cəlb olunması üçün həyata keçirilən tədbirlər deməyə əsas verir ki, yaxın gələcəkdə münasibətlər daha da dərinləşəcək, YUNESKO maddi və qeyri-maddi mədəni irsimizin qorunması və gələcək nəsillərə çatdırılmasında öz imkanlarından maksimum səmərəli istifadə edəcəkdir.

YUNESKO-nun Baş direktoru cənab Koişiro Matsuura fondun prezidentinin gördüyü işlərin təkcə Azərbaycan üçün deyil, bütövlükdə, dünya üçün müstəsna əhəmiyyətə malik olduğunu hər zaman xüsusi vurğulamışdır: "Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva on il bundan öncə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaratmış və həmin fondun çərçivəsində böyük işlər görülmüşdür. Mən onun bu sahədəki fəaliyyətini izləyir və yaxından öyrənirdim. Mən gördüm ki, bu sahədə Mehriban xanımın xidmətləri əvəzsizdir və belə qərara gəldim ki, o, YUNESKO-nun xoşməramlı səfiri təyin edilsin. O, bu vəzifəyə təyin olunduqdan sonra Azərbaycanda mədəniyyət sahəsində böyük işlər görmüşdür. Biz onun, xüsusilə, təhsilin inkişafı, eləcə də şifahi və musiqi ənənələrinin qorunması sahəsindəki fəaliyyətini xüsusi qeyd edirik".

Təhsil sahəsində Azərbaycan-YUNESKO əməkdaşlığı başqa bir əlamətdar cəhəti ilə də mühüm aktuallıq kəsb edir. Bu da Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün, torpaqlarımızın Ermənistan silahlı birləşmələri tərəfindən işğalının Azərbaycan təhsilində yaratmış olduğu ağır problemlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasından ibarətdir. Bütün dünyada təhsil, maarifçilik hərəkatının geniş vüsət aldığı indiki günlərimizdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti, miqyası barədə beynəlxalq aləmdə obyektiv təsəvvür yaratmaqdan ötrü bu məqam da təbliğati baxımdan böyük əhəmiyyətə malikdir. Azərbaycan isə bu imkandan yetərincə yararlanır.

Sağlam ruh, sağlam sabah uğrunda

Heydər Əliyev Fondunun millətin fiziki və mənəvi sağlamlığı, milli-genetik ruhunun qorunması naminə həyata keçirdiyi sosialyönümlü layihələr sırasında səhiyyəyə yardım, bu sahənin infrastrukturunun yeniləşdirilməsi, vətəndaşlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi mühüm yer tutur. İxtisas etibarilə tibb elminin incəliklərinə dərindən bələd olan fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycan səhiyyəsində mövcud olan problemləri daha yaxşı görməklə, ictimaiyyəti həmin problemlərin həlli istiqamətində səfərbər etməyə, ələlxüsus, tibbi yardıma böyük ehtiyacı olan aztəminatlı vətəndaşlara yüksək diqqətlə, həssaslıqla yanaşmağa çalışır.

Azərbaycanda kimsəsiz uşaqlar üçün nəzərdə tutulmuş müəssisələrə sığınan körpələrin problemlərinin həlli bu gün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qarşıya qoyduğu əsas vəzifələrdən biridir. "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" bilavasitə fondun rrezidentinin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış, Bakıda və ətraf qəsəbələrdə yerləşən uşaq evi və internat məktəblərdə mövcud problemlər öyrənilmiş, onların aradan qaldırılması üçün konkret işlər görülmüşdür. Qısa müddətdə 12 internat məktəbi əsaslı təmir edilmiş, daha 28 analoji təhsil müəssisəsində təmir-bərpa və yenidənqurma işləri uğurla aparılır. Fond uşaq evləri və internat yetirmələrinin sosial-psixoloyi reabilitasiyasına imkan yaradacaq resurs mərkəzinin yaradılmasını da planlaşdırmışdır. Sözügedən proqram üzrə uşaq evləri və internat məktəblərində mövcud problemlərin həll olunması üçün 4 əsas istiqamət müəyyən edilmişdir: texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq. Proqram çərçivəsində yaradılmış işçi qrupu respublikada fəaliyyət göstərən uşaq evləri və internat məktəblərindəki mövcud vəziyyətin monitorinqini apararaq uşaqların sayı, aylıq, illik dövlət təminatına daxil olan qida, geyim, texniki vəsait normativləri, ümumi şərait (təhsil, səhiyyə, yaşayış, istirahət) kimi göstəriciləri müəyyən etmişdir. Belə uşaq müəssisələrinin böyük əksəriyyətinin ilkin mərhələdə əsaslı təmirə və texniki təchizata daha çox ehtiyacı olduğu müəyyən edilmişdir. Heydər Əliyev Fondunun rəhbəri Bakıdakı və ölkəmizin əksər rayonlarındakı uşaq evlərində, internat məktəblərində şəxsən olaraq, proqramın texniki dəstək istiqaməti üzrə işlərin başlanması üçün tapşırıq vermişdir.

Heydər Əliyev Fondunun 2005-ci ildə görülmüş işlərlə bağlı yekun hesabatı "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində görülmüş işlərin real miqyasını bir daha aşkara çıxarır. Həmin proqram çərçivəsində həyata keçirilən tədbirlər yalnız bu kateqoriyadan olan təlim-tərbiyə müəssisələrinə texniki dəstəklə məhdudlaşmamış, yeni kitabxanalar da yaradılmışdır. Bu kitabxanalar müvafiq tədris vəsaiti və bədii ədəbiyyatla təmin olunmuş, əksər uşaq evləri və internat məktəblərində kompüter avadanlığı quraşdırılmış, sinif otaqları interaktiv təhsil üçün zəruri vasitələrlə təchiz edilmiş, bir çox internatlarda, həmçinin uşaq evlərində həkim və psixoloq otaqları yaradılmış, bu təhsil müəssisələrində qida normativlərinin dəyişdirilməsi məqsədilə təkliflər raketi hazırlanmışdır. Uşaq evlərində, internat məktəblərində tərbiyə olunan uşaqlar, qaçqın və məcburi köçkün ailələrindən olan və təhsildə fərqlənən şagirdlər üçün müxtəlif bayram şənliklərinin təşkili də xoş ənənə halını almışdır.

Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü əsasında uşaqların asudə vaxtının və istirahətinin səmərəli təşkili məqsədi ilə 2006-cı ildə pilot layihəsi kimi Nizami rayonundakı 1 saylı uşaq evi üçün Şüvəlan qəsəbəsində yay düşərgəsinin yaradılması qarşıda dayanan əsas planlardan biridir. Fondun dəstəyi ilə paytaxtda inşa olunan Resurs Mərkəzində isə uşaq evlərinin, internat məktəblərinin müəllim və tərbiyəçiləri üçün müasir tədris və tərbiyə metodikasının tətbiqinə dair treninqlərin keçirilməsi mümkün olacaqdır. Fondun prezidenti bu sahədə dünyanın aparıcı ölkələrinin mütərəqqi təcrübəsindən istifadə olunması zərurətini də önə çəkir. "Konkret problemləri həll edərkən, qlobal problemləri də unutmaq olmaz. Məsələn, uşaq evləri və internat məktəblərinin bütün sisteminin sovet pedaqogikası və təhsilin sovet sistemi ilə idarə olunması çərçivəsində yarandığını nəzərə almaq son dərəcə vacibdir. Ona görə də digər ölkələrin təcrübəsindən faydalanmaq və istifadə etmək üçün qapıları açmaq zəruridir" - deyə o bildirir. Heydər Əliyev Fondunun YUNİSEF-lə birlikdə həyata keçirdiyi "Deinstitutlaşma proqramı" da məhz bu məqsədə xidmət edir. Mehriban xanım hesab edir ki, heç bir dövlət müəssisəsi, ən müasir, gözəl təmir olunmuş, avadanlıqla təmin edilən məktəb belə, heç zaman ailə mühitini əvəz edə bilməz. Fondun ən vacib və böyük məqsədlərindən biri də bu təhsil müəssisələrindəki uşaqların ailə şəraitində tərbiyə almasıdır.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə iki il əvvəl İrlandiyanın Dublin şəhərində keçirilən xəstə uşaqların idman yarışına göndərilən 7 şagirdin hamısı qızıl medalla qayıtmışdır. Ötən ilin dekabrında isə Heydər Əliyev Fondu ilə BMT-nin İnkişaf Proqramı arasında kor və zəif görən insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsinə dair layihə sənədi və əməkdaşlıq sazişi də imzalanmışdır. Əgər bu gün Azərbaycanda gözdən əlil insanların sayının 40 minə çatdığını nəzərə alsaq, bu addımın əhəmiyyəti barədə geniş söhbət açmağa lüzum qalmır. Layihənin əsas məqsədi əhalinin belə qruplarının səlahiyyətlərini genişləndirmək və xüsusilə, onların məşğulluğunun artırılması sahəsində kor və görmə qabiliyyəti zəif olan insanlara yardım göstərməkdən ibarətdir.

Layihənin birinci mərhələsində gözdən əlil insanlar üçün rəqəmsal fərqin aradan qaldırılması üzrə milli strategiya hazırlayıb həyata keçirmək məqsədi ilə Azərbaycanda həmin insanların İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) ehtiyacı müəyyən olunacaqdır. İkinci mərhələdə texniki mütəxəssislər qrupu vasitəsilə xüsusi kompüter avadanlığını quraşdırmaq, proqram təminatını lokallaşdırmaq (tərcümə etmək), internetə çıxışı təmin etmək, tədris-təlim proqramlarını hazırlamaq üçün təhsil sahəsində yerli və xarici ekspertlərin təcrübəsindən istifadə etməkdən ötrü model informasiya-kommunikasiya texnologiyaları sinfi yaradılacaqdır. Üçüncü mərhələdə isə kor və görmə qabiliyyəti zəif olan insanlar üçün yaradılacaq kitabxana və təlim mərkəzində onların audio materiallar və Brayl şriftli kitablardan istifadə imkanları təmin olunacaqdır. Bakının Nərimanov rayonundakı kor və zəifgörən uşaqlar üçün respublika internat məktəbi layihənin yeri kimi müəyyənləşdirilmişdir. Hazırda burada yenidənqurma işləri aparılır və əlil insanlar layihənin geniş imkanlarından faydalana biləcəklər.

Fond səhiyyə sahəsində də uğurlu və əhəmiyyətli layihələr həyata keçirir. Bu baxımdan, "Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız həyat naminə" layihələri xüsusi vurğulanmalıdır. Fondun, Azərbaycan Diabet Cəmiyyətinin və Danimarkanın "Novo Nordisk" şirkətinin təşkilatçılığı ilə gerçəkləşdirilən bu layihələrlə birgə qaçqın-köçkün uşaqları, uşaq evləri və internat məktəblərinin şagirdləri üçün "Gülüstan" sarayında yeni il şənlikləri keçirilmişdir. Habelə "Talassemiyasız həyat naminə" layihəsi uğurla icra edilmiş, bu layihə çərçivəsində ixtisaslaşdırılmış mərkəz və qan bankı yaradılmışdır. Belə xəstələrin sayı, onların vəziyyəti ətraflı təhlil olunur, talassemiyanın müalicəsi və profilaktikası üçün milli proqramlar hazırlanır. Təkcə keçən il Heydər Əliyev Fondunun dəstəyilə 500-dən çox soydaşımıza bu xəstəliyə görə yardım göstərilməsi Mehriban Əliyevanın xeyirxah fəaliyyətinin nəticəsidir.

2006-cı ildə Talassemiya Mərkəzinin inşasına başlanacaq və bu ağır xəstəliyə düçar olmuş xəstələrin problemləri Azərbaycanda yaradılacaq Talassemiya Mərkəzi çərçivəsində Heydər Əliyev Fondu tərəfindən həll ediləcəkdir. Mehriban xanım Əliyeva deyir: "Tibb işçisi kimi çox gözəl başa düşürəm ki, psixi və fiziki qüsurları olan uşaqlar yalnız nəticədir, çox mürəkkəb ictimai rroseslər zəncirində axırıncı halqadır. Bunun arxasında yoxsulluq, zərərli adətlər və bəzən də sadəcə, müəyyən zəruri tibbi biliklərin yoxluğu dayanır. Bütün bunlar uzunmüddətli proqramların gerçəkləşdirilməsini tələb edir. Biz reallaşdırılması illərlə çəkəcək layihələrdən qorxmuruq, lakin eyni zamanda, gözəl anlayırıq ki, bizdən ani tezliklə yardım və fayda gözləyirlər. Bütün bunları vəhdət halında birləşdirmək mürəkkəb vəzifədir, lakin necə deyərlər, yolun öhdəsindən yolçu gələr".

Bu yol xeyirxahlıq, mərhəmət və nəcibliyə aparan müqəddəs bir yoldur.

Sivilizasiyalararası dialoqun qədim məkanı

Bu gün bütün dünyanın kosmik informasiya əsrinə qədəm qoyması, informasiya texnologiyalarının inkişafı sahəsində əldə olunan fantastik nailiyyətlərin az qala hər gün həyatımızda hansısa dəyişikliyə gətirib çıxarması özlüyündə nə qədər mütərəqqi meyil sayılsa belə, bu inkişaf milli tarixi-mədəni irsə müəyyən təhlükə meyillərini də istisna etmir. Kütləvi mədəniyyət stereotiplərinin hakim olduğu indiki dövrdə milli ənənələrin qorunub saxlanılması, ona yüksək qayğı və diqqətin göstərilməsi son dərəcə vacibdir. Bu gün YUNESKO-nun çoxsaylı vəzifələrindən biri də məhz insanın mənəvi dünyasının, milli kimliyinin qorunması məsələsidir. Planetimizdə məskunlaşmış xalqlardan hər birinin milli "Mən"ini daha parlaq əks etdirən qeyri-maddi irs incilərinin mühafizəsi də ən aktual vəzifəyə çevrilmişdir. Azərbaycanın birinci xanımı çoxlarının hətta diqqət belə yetirmədiyi bu həssas məqamı özünəməxsus fəhm və nəcibliklə ön plana çəkir, insanları dünyanın inkişaf axarını düzgün qiymətləndirməyə çağırır: "Bu gün biz müasir texnika və qloballaşma əsrində yaşayırıq. Fikrimcə, zəmanənin ən böyük təzadlarından biri ondan ibarətdir ki, əldə edilən tərəqqi, kommunikasiya imkanları insanların birləşməsinə, daha sıx ünsiyyət qurmasına şərait yaratsa da, gerçək həyatda biganəlik artır, insanlar arasında uçurum artır. Bəzən nəinki bəşəriyyətin səsini eşitmirik, hətta qonşu-qonşunu eşitmir, qardaş-qardaşa kömək əlini uzatmır. Bu gün dünyanın qarşılaşdığı ən ağrılı problemlərdən biri mənəvi idealların ucuşlaşması, onların saxta ideallarla əvəz edilməsidir" - deyən Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva xalqımızın yüksək əxlaqi-mənəvi dəyərlərinin hər bir ailədə qorunmasının tərəfdarı kimi çıxış edir.

YUNESKO-nun xoşməramlı səfiri kimi fərqli mədəniyyətləri bir araya gətirmək missiyasını öz üzərinə götürmüş Mehriban xanım Əliyevanın bu sahədə fəaliyyəti hələ 10 il əvvələ gedib çıxır. O, hələ 1995-ci ildən "Azərbaycan Mədəniyyətinin Dostları" Xeyriyyə Fondunun rəhbəri kimi ağır böhranın girdabına sürüklənmiş milli mədəniyyətimizə yiyə durmuş, ona böyük qayğı və diqqət göstərmişdir. 1995-ci ildən üzü bəri musiqi təhsili və gələcək nəslin maarifləndirilməsi işi bu fondun daim diqqət mərkəzində olmuş, ardıcıl şəkildə təşkil edilən xeyriyyə konsertləri mədəniyyətimizin zəngin ənənələrinin qorunması işinə töhfə vermişdir. Həmin dövrdən başlayaraq Azərbaycanda musiqi gimnaziyası və musiqi məktəbi əsaslı təmir edilmiş, minlərlə yeniyetmə və gəncin, ələlxüsus, imkansız ailələrdən olan gənclərin yüksək musiqi təhsili almasına əlverişli imkan yaradılmışdır.

Mehriban xanım Əliyevanın 2004-cü ilin sentyabrında YUNESKO-nun "Xoşməramlı səfiri" seçilməsi ilə fondun milli irsin mühafizəsi, elm və mədəniyyətin inkişafı sahəsindəki fəaliyyəti bir qədər də genişlənmişdir. Azərbaycanın bir sıra görkəmli alimlərinin, yazıçı və bəstəkarların yubileylərinin keçirilməsi, habelə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, YUNESKO-nun "Dünya irs siyahısı"na İçərişəhərin Şirvanşahlar Saray Kompleksi ilə birgə daxil edilməsi, bu siyahıya Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil olması üçün ilkin sənədlərin hazırlanması bu fəaliyyətin təqdirəlayiq məqamları kimi vurğulana bilər. Fondun prezidentinin şəxsi səyləri nəticəsində Azərbaycan xalqının milli sərvəti sayılan muğam həmin mötəbər təşkilatın vasitəsilə bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri sırasına daxil edilmişdir. Mehriban xanım Əliyevanın Azərbaycan muğamlarının öyrənilməsi və təbliği ilə bağlı fəaliyyəti onun mənəvi dəyərlərə bağlılığının və yüksək vətənpərvərliyinin bariz göstəricisidir. "Qarabağ xanəndələri" adlı nəfis albomun buraxılması da fondun ötənilki uğurları sırasında özünəməxsus yer tutur.

Əslində, bütün Azərbaycana məxsus müğamlarımızın toplandığı alboma ad kimi niyə məhz "Qarabağ xanəndələri" ideoniminin seçilməsinin arxasında dayanan incə siyasi məqamı sezməmək mümkün deyildir. YUNESKO xətti ilə hazırlanmış alboma "Qarabağ xanəndələri" adının seçilməsi ilə bütün dünyaya Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğu, muğamın isə bu torpağın dünyaya bəxş etdiyi nadir sənət nümunəsi sayıldığı nümayiş etdirilmişdir. Mehriban Əliyevanın rəhbərliyi altında "Qarabağ" kitabının çapa hazırlanması Azərbaycanın, Qarabağın tarixi keçmişinin öyrənilməsi və təbliği baxımından son dərəcə böyük əhəmiyyət daşıyır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun bütün əsərlərinin yenidən çap olunması ilə yanaşı, onların SD və DVD-də buraxılması layihəsinin həyata keçirilməsi, "Qarabağ xanəndələri" albomunun ardınca yeni muğam layihələri üzərində işlərin davam etdirilməsi, Azərbaycan, ümumilikdə ümumtürk musiqi sənətinin əhəmiyyətinə görə muğamdan əsla geri qalmayan başqa bir qolu, aşıq sənətinə də diqqətin artırılması, bu sənətin YUNESKO-nun qeyri-maddi irs siyahısına salınması yönündə ortaya qoyulan səylər də YUNESKO ilə əməkdaşlıq çevrəsində görülən işlərin bir hissəsi kimi nəzərdən keçirilə bilər. 2005-ci il avqustun 24-də isə YUNESKO-nun baş katibinin iştirakı ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin təməli qoyulmuşdur. Qısa müddətdən sonra bu mənəviyyat məbədinin qapıları bütün muğamsevərlərin üzünə açılacaqdır.

Mehriban xanım Əliyevanın rəhbəri olduğu Azərbaycan Mədəniyyətinin Dostları Fondu dünyanın bu mötəbər mədəniyyət qurumu ilə əməkdaşlıq çərçivəsində ölkəmizdəki tarixi abidələrin qorunması üçün həyata keçirilən tədbirlərdə də fəal iştirak edir. Gəncə şəhərində Cavadxan türbəsinin, Comərd Qəssab məqbərəsinin, Bakının Şüvəlan qəsəbəsində yerləşən Pirhəsən ziyarətgahının bərpası, Abdulla Şaiqin ev-muzeyinin təmiri buna parlaq nümunədir. YUNESKO-nun xoşməramlı səfiri Azərbaycanın tanınmış oğul və qızlarının adı ilə bağlı tarixi abidələrin bərpasını yalnız keçmişə hörmət və tarixi həqiqətin bərpası kimi deyil, eyni zamanda, gənc nəsli milli-vətənpərvərlik ruhunda tərbiyə etməyin əsas elementi, azərbaycançılıq ideologiyasının inkişafı kimi qiymətləndirir: "Biz ölkənin maraq dairəsində baş verən hadisələri diqqətlə izləyir və yaranan problemlərin həlli üçün bütün səyləri göstəririk. Mən Azərbaycanın tanınmış oğul və qızlarının adı ilə bağlı tarixi abidələrin bərpasını yalnız keçmişə hörmət və tarixi həqiqətin bərpası kimi deyil, eyni zamanda, gənc nəsli milli-vətənrərvərlik ruhunda tərbiyə etməyin əsas elementi, Heydər Əliyevin "azərbaycançılıq" ideologiyasının inkişafı kimi qiymətləndirirəm".

Mehriban xanım Əliyevanın Bakıda "Qafqaz xalq ənənələri evi"nin yaradılması ilə bağlı YUNESKO qarşısında irəli sürdüyü təşəbbüsü də olduqca təqdirəlayiqdir. Belə bir qurumun təşkili Qafqaz xalqlarına məxsus mədəni irsin qorunması, təbliği baxımından böyük faydalar vəd edir. Bu təşəbbüs, eyni zamanda, həm də böyük siyasi əhəmiyyətə malikdir. "Qafqaz xalq ənənələri evi"nin yaradılması Avropa Birliyinin təşəbbüsü ilə Qafqaz regionunda həyata keçirilən "Yeni Qonşuluq Siyasəti"nin icrasına müəyyən töhfə verməklə bərabər, həm də zaman-zaman Azərbaycanın mədəniyyət incilərini oğurlayıb öz adlarına çıxan ermənilərin mənfur hərəkətlərinin qarşısını alacaqdır.

Geostrateji mövqeyinə görə Azərbaycan iki dünyagörüşünün, iki həyat tərzinin, iki mədəniyyətin qovuşduğu məkanda yerləşmişdir. Belə bir məkanda yaşayan insanlar bu təmasın təkcə coğrafi deyil, həm də mənəvi təzahürünü, Qərb və Şərq mədəniyyətinin dialoqunu gündəlik həyatımızda hiss etməkdədirlər. Maraqlı cəhət burasındadır ki, dünyanın ən müxtəlif qütblərində siyasi qarşıdurmalara çevrilən bu dialoq Azərbaycan mədəniyyətində hər hansı çatışmazlıqlara səbəb olmamış, əksinə, bu məmləkətdə bənzərsiz bir mədəni mühit formalaşdırmışdır. Çünki əsrlərdən üzü bəri yol gələn, zaman-zaman saf çeşmə kimi daha da durulan, cilalanan zəngin Azərbaycan mədəniyyəti bütün kənar müdaxilələrə sinə gərmək gücündədir. Azərbaycan malik olduğu mədəni potensialla bu dialoqda öz sözünü deyir və mövqeyini sübuta yetirir.

Azərbaycanın qədim ənənələrini, tarixi İpək yolunun regiondakı rolunu nəzərə alan Latın Mədəniyyəti Akademiyasının 2006-cı il aprelin 19-da Bakıda keçirilmiş sayca XIII konfransının gedişi bu reallığı bir daha təsdiqləmiş, respublikamızın sivilizasiyalararası dialoqun mərkəzinə çevrildiyini nümayiş etdirmişdir. 30-dan artıq latın mənşəli görkəmli mədəniyyət və ədəbiyyat xadiminin iştirakı ilə Heydər Əliyev Fondunda keçirilən konfransda çıxış edən YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva demişdir: "Bu gün biz sivilizasiyalararası dialoqun keçmişindən söhbət açaraq xüsusi vurğulamalıyıq ki, qədim və çox zəngin Yunan-Roma sivilizasiyasının ilk varisi məhz Şərq olubdur. Müsəlman renessansı kimi tarixə düşən bu dövrdə müsəlman ölkələrində ən mütərəqqi, ən qabaqcıl ideyalar yaradılıb, inkişaf etdirilibdir. Şərq alimlərinin və filosoflarının əsərləri ilə zənginləşən bu irs orta əsrlərdə yenidən Avropaya qaytarılıbdır. Bütün Şərqin, müsəlman aləminin bu irsin qorunmasındakı rolu əvəzsizdir. 2006-cı ildə konfransın məhz Bakı şəhərində keçirilməsini ölkəmizin mədəniyyətlərarası dialoq səviyyəsində çox müsbət təcrübə toplaması ilə əlaqələndiririk. Həqiqətən də, əsrlər boyu Böyük İpək yolu üstündə yerləşən ölkəmiz çox yüksək tolerantlığa malik və müxtəlif mədəniyyətləri birləşdirən bir məkan kimi tanınır. Bu bizim qürur duyduğumuz uğurumuz, keçmişimizdir və inanıram ki, gələcəkdə də bu sahədə Azərbaycan öz müsbət rolunu oynayacaqdır".

* * *

Azərbaycan xalqı bütün zamanlarda özünün zəkalı, nəcib və xeyirxah qadınları ilə fərəh duymuş, iftixar etmişdir. Tarixin müxtəlif mərhələlərində Azərbaycan qadınları həm də fədakarlıq, mətinlik rəmzi kimi öz adlarını ədəbi salnamələrə, eposlara yaza bilmişlər. Bu gün də qadınlar müstəqil Azərbaycanın daha da inkişafı, dövlətçilik ənənələrinin möhkəmlənməsi, dünya miqyasında tanınması naminə əzmlə çalışırlar. Azərbaycan qadını üçün səciyyəvi olan bu humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali keyfiyyətlərin bariz təcəssümünü bu gün Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın timsalında müşahidə edirik. İnsanı riqqətə gətirən əsas məqam bundan ibarətdir ki, onun gördüyü böyük işlərin hamısı səmimiyyətə, Azərbaycana və azərbaycanlılara intəhasız məhəbbətdən qidalanan can yanğısına və təmənnasızlığa söykənir. "İstər YUNESKO-nun xoşməramlı səfiri, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir" - deyən Mehriban xanım Əliyeva ulularımızın bizə ərməğan etdiyi xeyirxahlıq, yaxşılıq, şəfqət və mərhəmət kimi ali mənəvi dəyərləri öz fəaliyyətində yaşatmaqla, şüurlu həyatını millət yolunda şam kimi əridən maarifpərvər ziyalılarımız, nurlu insanlarımız tək uğurlu bir seçimdə və yoldadır. Bu yol ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi, onun layiqli siyasi davamçısı - Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi yoldur. Bu seçim əbədi liderimizin strateji siyasət kursunun həyata keçirilməsinə dəstək verməyə, bu siyasətin hər bir vətəndaşın həyatında, rifahında və xoşbəxtliyində öz konkret töhfələri ilə iştirakına yönəlmişdir.


Xalid Niyazov

Azərbaycan.- 2006.- 6 avqust.- № 174.- S. 3.