Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun nəşr etdirdiyi “Qarabağ həqiqətləri” toplusunun nüsxələri Latviya parlamentinə göndərilmişdir


Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AzərTAc-a bildirmişlər ki, Azərbaycanın Latviyadakı səfirliyi Xocalı soyqırımının 14-cü ildönümü ilə əlaqədar tədbirlər keçirmişdir.

Faciənin ildönümü ərəfəsində səfir Tofiq Zülfüraqov Latviya Seyminin beynəlxalq məsələlər komitəsinin sədri xanım Vayra Paeqle ilə görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermiş, Ermənistanın işğal etdiyi ərazilərin xəritəsini təqdim etmişdir. Ermənistanın təcavüzkar siyasətinin bariz nümunəsi kimi Xocalı soyqırımından söz açan T. Zülfüqarov, səfirliyin bununla əlaqədar hazırladığı məlumatlar toplusunu “Xocalı: məhv edilmiş şəhər” filmi ilə birlikdə V. Paeqleyə vermişdir.

Seymin deputatları Andris Berzins, Boris Sileviç və Oskar Kastenslə görüşdə də səfir Ermənistanın işğalçılıq siyasətinin regional əməkdaşlığa və inteqrasiyaya vurduğu zərərdən, sülh və sabitlik üçün yaranmış təhlükədən danışmışdır. Diplomat Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ həqiqətləri” toplusunun nüsxələrini onlara təqdim etmişdir.

Səfirlik Xocalıdan olan məcburi köçkünlərin BMT, Avropa Şurası və ATƏT-ə ünvanlanmış müraciətini Latviya Seyminə göndərmişdir. Bundan əlavə, diplomatik nümayəndəliyimiz Azərbaycan Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının ildönümü ilə əlaqədar hazırladığı “Diplomatiya aləmi” jurnalının xüsusi buraxılışının və “Qarabağ həqiqətləri” toplusunun nüsxələrini Latviya Prezidentinin Dəftərxanasına, Parlamentə, ölkənin Xarici İşlər Nazirliyinə, digər dövlət orqanlarına və səfirliklərə göndərmişdir.

T.Zülfüqarov Latviyada nəşr olunan və Avropa İttifaqı məkanında rus dilində ən böyük tiraja malik “Vesti seqodnya” qəzetinə müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, hazırki vəziyyətdən, o cümlədən ermənilərin Xocalıda törətdiyi vəhşiliklərdən söz açmışdır.


Azərbaycan.- 2006.- 2 mart.- № 46.- S. 5