Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri çərçivəsində Mehriban xanım Əliyevanın görüşləri


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri çərçivəsində onun xanımı Mehriban Əliyeva Gürcüstanın dövlət başçısı Mixail Saakaşvilinin xanımı Sandra Elizabet Rulovsun müşayiəti ilə Tbilisinin bir sıra elm, təhsil, səhiyyə, mədəniyyət ocaqlarına getmiş, gürcü xalqının qədim tarixi ənənələri ilə yaxından tanış olmuşdur.

Mehriban xanım Əliyeva iyunun 14-də xanım Sandra Elizabet Rulovsla birlikdə tanınmış gürcü modelyeri Teya Lomidzenin moda salonuna gəldilər. Modelyer yüksək qonaqları səmimiyyətlə qarşılayaraq, burada görülən işlər və gürcü xalqının milli dəyərlərinin qorunması və inkişaf etdirilməsi sahəsində salonun həyata keçirdiyi tədbirlər barədə geniş məlumat verdi. Mehriban xanım Əliyeva salonla tanışlıqdan məmnunluğunu söylədi və əl işlərindən ibarət olan sənət nümunələrinin onda xoş hisslər, duyğular yaratdığını bildirdi.

Mehriban xanım Əliyeva, xanım Sandra Elizabet Rulovs və modelyer xatirə şəkli çəkdirdilər.

Sonra dövlət başçılarının xanımları Tbilisinin uca nöqtəsinə qalxaraq, buradan şəhəri seyr etdilər. Mehriban xanım Əliyevaya Tbilisi şəhəri haqqında ətraflı məlumat verildi.

Xanım Sandra Elizabet Rulovs "Tbiliseli" klubunda Mehriban xanım Əliyevanın şərəfinə ziyafət verdi. Ziyafətdə Gürcüstan parlamentinin sədri Nino Burcanadze də iştirak edirdi.

Sonra Mehriban xanım Əliyeva Gürcüstan Prezidentinin xanımının müşayiəti ilə ölkənin qədim paytaxtı Msxeta şəhərinə gəldi. Burada qədim şəhərin tarixi, bu yerlərin özəllikləri barədə qonağa ətraflı məlumat verdilər. Mehriban Əliyeva qədim kilsəni də ziyarət etdi. XIII əsrdə tikilmiş kilsə bu günə qədər xalqın inam və inanc yeri kimi qorunub saxlanılır. Mehriban xanım Əliyeva "Svetisxoveli" məbədini də ziyarət etdi, gürcü xalqının adətinə uyğun olaraq, hər iki məbəddə şam yandırdı.

Burada jurnalistlər Mehriban xanımdan bunun səbəbini soruşdular.

SUAL: Xanım Əliyeva, Siz kilsədə şam yandırdınız. Bunu nə üçün etdiniz?

CAVAB: Məsələ bundadır ki, hər hansı adam məbəddə olanda, dini etiqadından asılı olmayaraq, şam yandırır və bu zaman onun qəlbində hansısa fikirlər və arzular olur. Şamı yandırdıqda da bu barədə düşünür.

Azərbaycan Prezidentinin xanımı uşaq təcili tibbi yardım mərkəzinə də getdi və bu sağlamlıq ocağının fəaliyyəti ilə tanış oldu.

Səfərin ikinci günü Mehriban xanım Əliyeva xanım Sandra Elizabet Rulovsun müşayiəti ilə Tbilisidəki İncəsənət muzeyinə gəldi.

Gürcüstanın qədim tarixi, mədəniyyəti ilə bağlı zəngin nümunələrin toplandığı muzey Mehriban xanım Əliyevada xoş hisslər, duyğular oyatdı. O dedi ki, burada hər şey çox gözəldir. Təəssüf ki, hamısına istədiyin kimi baxmaq üçün vaxt azdır. Mən Pirosmani haqqında çox eşitmiş, çox oxumuşam. Onun əsərlərinə baxmaq mənim üçün çox xoşdur. Sizin çox yaxşı muzeyiniz var.

Jurnalistlər fürsətdən istifadə edərək, Mehriban xanım Əliyevaya sual verdilər.

SUAL: Siz bu gün gedirsiniz. Gürcüstanı nə kimi hisslərlə tərk edirsiniz?

CAVAB: Bəli, mən bu gün gedirəm. Biz burada cəmi iki gün olduq. Bu, çox az müddətdir. Sizin şəhəriniz çox gözəldir, adamlarınız çox səmimidir. Mən sizin üçün darıxacağam.


AzərTAc
2004, 17 iyun