Çap etmək   ⁞     ⁞   UNESCO

Akademik Yusif Məmmədəliyevin yubileyi Parisdə YUNESKO-nun iqamətgahında qeyd edilmişdir


Parisdə YUNESKO-nun iqamətgahında görkəmli Azərbaycan alimi akademik Yusif Məmmədəliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Tədbirdə iştirak etmək üçün Parisə gəlmiş Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanı YUNESKO-nun iqamətgahında təşkilatın baş direktorunun xanımı Takaka Matsuura, baş direktorun müavini Valter Erdelen və digər rəsmi şəxslər qarşılamışlar.

Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu foto həvəskarı olan alimin vaxtilə çəkdiyi fotoşəkillərdən ibarət sərgi barədə Mehriban xanım Əliyevaya və qonaqlara məlumat verərək bildirmişdir ki, bu fotolar dünya şöhrətli alimin maraq dairəsinin genişliyini, eyni zamanda Vətəninə, xalqına bağlılığını əks etdirir.

Mehriban xanım və yubiley mərasiminin iştirakçıları Yusif Məmmədəliyevin çəkdiyi fotoşəkillərə maraqla tamaşa etmişlər.

Yubiley mərasimi Y. Məmmədəliyevin həyat və fəaliyyətindən bəhs edən "Zamanın zirvəsi" sənədli filminin nümayişi ilə başlanmışdır.

YUNESKO-nun baş direktoru adından onun müavini Valter Erdelen, habelə Fransa Kimya Cəmiyyətinin prezidenti Arman Latt və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov mərasimdə çıxış etmişlər.

Natiqlər akademik Yusif Məmmədəliyevin 100 illiyinin YUNESKO-nun iqamətgahında keçirilməsinin bu qurum üçün böyük şərəf olduğunu vurğulamış, alimin kimya elminin, müasir neft kimyası sənayesinin inkişafında əvəzsiz xidmətlər göstərdiyini, onun 200-dən artıq elmi məqalənin və 6 monoqrafiyanın müəllifi olduğunu, alimin ixtirasının məhsulu olan yeni yanacaq texnologiyasının İkinci Dünya müharibəsində qələbənin qazanılmasında böyük rol oynadığını, Sumqayıtda kimya müəssisələrinin yaradılmasında xüsusi əmək sərf etdiyin ölkəsini beynəlxalq elmi məclislərdə layiqincə təmsil etdiyini vurğulamış, Azərbaycanda Şamaxı Astrofizika Rəsədxanasının, beş yeni elmi-tədqiqat institutunun fəaliyyətə başlamasının məhz Yusif Məmmədəliyevin adı ilə bağlı olduğunu bildirmişlər.

Alimin nəvəsi Yusif Məmmədəliyev çıxışında bu mərasimin təkcə babasının xatirəsinə deyil, bütün Azərbaycan elminə həsr edildiyini, alimin xatirəsinin əbədiləşdirilməsində ulu öndərimiz Heydər Əliyevin böyük xidmətləri olduğunu xüsusi vurğulamışdır. O, babasının adını daşımasından fəxr duyduğunu söyləmiş, belə bir mötəbər tədbirin keçirilməsinə görə YUNESKO-nun baş direktoru Koişiro Matsuuraya və Azərbaycan Prezidenti İlham Əliyevə Məmmədəliyevlər ailəsi adından təşəkkür etmişdir.

YUNESKO-nun xoşməramlı səfir Mehriban Əliyeva mərasimdə çıxış etmişdir.

YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çıxışı

- Hörmətli xanımlar və cənablar!

Bu gün Azərbaycanın görkəmli alimi Yusif Məmmədəliyevin 100 illiyinə toplaşan bütün qonaqları ürəkdən salamlayıram. Bu yubiley bayramının təşkilində əməyi olan hər bir insana, xüsusilə YUNESKO-nun rəhbərliyinə və əməkdaşlarına öz dərin minnətdarlığımı bildirirəm.

Son zamanlar Azərbaycanla YUNESKO arasındakı münasibətlər çox parlaq şəkildə özünü büruzə verir. Bu, çox sevindirici haldır. Bu, keçirilmiş tədbirlərdə, bizim rəsmi və qeyri-rəsmi görüşlərimizdə, YUNESKO-nun baş direktoru cənab Koişiro Matsuuranın ölkəmizə səfərlərində, ən əsası, adi insanlarda bu quruma olan məhəbbətdə və diqqətdə əks olunur. Mən çox şadam ki, bu gün yubiley mərasimləri həm Azərbaycanda, həm də Fransanın paytaxtı Parisdə keçirilir.

Yusif Məmmədəliyevin 100 illik yubileyinin YUNESKO-nun təqviminə salınması onun elmi fəaliyyətinə verilən yüksək qiymətdir. Bu insan həm şəxsiyyəti, həm də elmin və təhsilin inkişafı sahəsində gördüyü işləri ilə tarixdə və insanların qəlbində yaşayır. Biz indi deyə bilərik ki, görkəmli Azərbaycan alimi YUNESKO-nun ideyalarına xidmət etmişdir.

Y. Məmmədəliyev sanki bir ömürdə bir neçə həyat yaşamışdır. İlk növbədə, bu, istedadlı alimin tədqiqatçı həyatıdır. O, Azərbaycanda üzvi kimya məktəbinin əsasını qoymuşdur. Onun adı neft elmi və neftə aid olan elmi sahələrlə sıx bağlıdır. Ölkəmizin ən böyük sərvətlərindən olan neft, sanki, bu insana öz sirlərini açmağa qərar vermiş, onun tükənməz enerji mənbəyinə çevrilmişdir. Biz Yusif Məmmədəliyevin hər hansı tədqiqatına nəzər salsaq, orada belə bir sözə rast gələrik: ilk dəfə. Ona görə də təsadüfi deyil ki, bütün dünya Y. Məmmədəliyevi sanballı tədqiqatçı və novator kimi tanıyır. Yusif Məmmədəliyevin həyatı mürəkkəb bir dövrə təsadüf etmişdir. İkinci Dünya müharibəsi zamanı o, elmi-tədqiqat işləri ilə bağlı fəaliyyətini davam etdirirdi. XX əsrin 40-cı illərin-də keçmiş Sovet İttifaqında hasil edilən neftin 70-80 faizi Azərbaycanın payına düşürdü. Ölkəmiz həm təbil ehtiyatları hesabına, həm də elmi potensialı ilə faşizm üzərində qələbənin qazanılmasında çox böyük rol oynamışdı.

Yusif Məmmədəliyev həm də böyük bir maarifçi həyatı yaşamışdır. Demək olar ki, görkəmli alim müəllimlik istedadına da malik idi. 0, ilk dəfə dərs demək üçün sinfə daxil olanda cəmi 16 yaşı vardı. Azərbaycan Dövlət Universitetinin dosenti, kafedra müdiri, professoru və nəhayət rektoru olarkən belə, o, öyrənmək və öyrətməkdən çox böyük zövq alan bir insan idi. Alimin qoyub getdiyi irs təkcə onun kitablarında və elmi ixtiralarında yox, həm də bir çox gənclərin taleyindədir.

YUNESKO-nun yarandığı 1945-ci ildə Y. Məmmədəliyev Azərbaycan Elmlər Akademiyasının banilərindən biri kimi, onu təsis etmişdir. Qısa bir müddətdən sonra akademiyanın prezidenti seçilmiş və müasir tələblərə cavab verən elm ocağı yaratmışdır. Bu insanın ömrü təzadlarla da dolu idi. Y. Məmmədəliyev çox sülhsevər insan idi. Lakin onun yaratdığı maddələr inanılmaz gücə malik idi. O, çox təmkinli adam idi. Lakin onun ixtiraları maşınların, təyyarələrin sürətinin artmasına imkan vermişdir. O, olduqca açıqqəlbli bir insan idi. Lakin kifayət qədər bağlı cəmiyyətdə yaşayıb-yaradırdı.

Yusif Məmmədəliyevin ömrü çox qısa, lakin çox parlaq olmuşdur. O, işlədikcə, yaratdıqca, qurduqca yenə də işləməyə, yaratmağa və qurmağa çalışırdı. Sanki harayasa tələsirdi. Kim bilir, bəlkə də qeyri-adi intuisiya ona xəbər verirdi ki, vaxt az, amma görüləsi işlər çoxdur.

Bu gün Y. Məmmədəliyevin 100 illik yubileyinin YUNESKO-da keçirilməsinin çox böyük rəmzi mənası var. Bu insan bütün ömrünü elmə, təhsilə və mədəniyyətə həsr etmişdir. YUNESKO, əslində, bu gün öz sadiq əsgərlərindən birinin yubileyini qeyd edir. Məhz bu mənada mən deyərdim ki, Yusif Məmmədəliyev xoşbəxt insan idi.

Əziz dostlar, çıxışımın sonunda mən sizi bu bayram münasibətilə bir daha təbrik edirəm. Azərbaycanla YUNESKO-nun əməkdaşlığına yeni uğurlar və böyük gələcək arzulayıram. Çox sağ olun!

Mehriban xanımın çıxışı sürəkli alqışlarla qarşılanmışdır.

Tədbirin sonunda Azərbaycan incəsənət ustalan geniş konsert proqramı ilə çıxış etmişlər. Konsert zamanı milli rəqslərimiz ifa olunmuş, Azərbaycanı tərənnüm edən mahnılar səslənmişdir.

Konsertin gedişi zamanı ölkəmizin zəngin tarixi abidələrini, gözoxşayan mənzərələrini, Bakı və Parisin görməli yerlərini əks etdirən sənədli filmlərdən parçalar da nümayiş etdirilmişdir.

Mehriban Əliyeva konsertdən sonra incəsənət ustalarımıza təşəkkürünü bildirmiş, onlarla xatirə şəkli çəkdirmişdir.

Yubiley mərasimindən sonra Azərbaycan mətbəxinin ləziz yeməklərinin təqdim edildiyi ziyafət verilmişdir.


Xalq qәzeti.- 2005.- 15 sentyabr.- № 214.- S. 3.