Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Beynəlxalq Forum işə başlamışdır
AzərTAc xəbər verir ki, iyunun 10-da Bakıdakı “Gülüstan” sarayında “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda ikigünlük beynəlxalq forum işə başlamışdır.
Heydər Əliyev Fondunun təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə keçirilən forumda dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin birinci xanımları, İSESKO-nun baş direktoru, YUNESKO-nun xoşməramlı səfirləri iştirak edirlər.
Beynəlxalq forumun iştirakçısı olan yüksək səviyyəli qonaqlar “Gülüstan” sarayına gəldilər.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycrini, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanı, Polşanın birinci xanımı Mariya Kaçinskini, Cənubi Afrika Respublikasının birinci xanımı Zanele Mbekini, Anqolanın birinci xanımı Ana Paula duş Santuşu, Latviya Respublikasının birinci xanımı Lilita Zatleri, ABŞ-ın Texas ştatının birinci xanımı Anita Perrini, Rusiya Federasiyası Şurası sədrinin müavini Svetlana Orlovanı, Argentinanın vitse-prezidentinin xanımı Marta Kristina Çeruti Dekobosu, Bəhreyn xarici işlər nazirinin xanımı Şeyxa Veysəli səmimiyyətlə qarşıladı.
Azərbaycanın birinci xanımı qonaqların hər biri ilə xatirə şəkli çəkdirdi.
Sonra forumun rəsmi açılış mərasimi oldu.
Qonaqları Bakıda salamlamaqdan məmnunluğunu bildirən Mehriban xanim Əliyeva Forumda iştirak etmək üçün Bakıya gələn yüksək səviyyəli qonaqları təqdim edən Mehriban xanım Əliyeva bildirdi ki, son 15 ildə alimlər və yazıçılar, din xadimləri və siyasətçilər çox sadə səslənən bir suala cavab axtarırlar: Dialoq, yoxsa qarşıdurma? Bu problem bir çox beynəlxalq forumların və konfransların əsas mövzusu olubdur. Zənnimcə, hər bir belə toplantı özlüyündə dialoq olaraq müxtəlif ölkələrin və mədəniyyətlərin təmsilçilərini bir araya gətirməklə böyük əhəmiyyət kəsb edir. Belə görüşlər ən azı insanların bir-birini daha dərindən tanımasına, fikir və təcrübə mübadiləsinin aparılmasına xidmət edir.
Bu gün biz mədəniyyətlər və sivilizasiyalararası dialoq probleminə qadınların gözü ilə baxmalıyıq, qadın mövqeyini qabartmalıyıq. Qadın olan yerdə həmişə səmimiyyət var, sevgi var, məhəbbət var. Qadın olan yerdə düşmənçiliyə, qarşıdurmaya, nifrətə yer yoxdur. Zənnimcə, qadınlar əzəldən bəri dialoq tərəfdarıdırlar. Məhz ona görə, qadın potensialı dialoqun möhkəmlənməsində böyük rol oynaya bilər. Mən ümidvaram ki, konfransımız səmərəli keçəcək, iki gün ərzində müxtəlif fikir və təkliflər səslənəcək və konfransımızın nəticələri mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə layiqli töhfəsini verəcəkdir.
Forumu açıq elan edən Mehriban xanım Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına təbrik məktubu göndərdiyini bildirdi.
Sonra Prezidentin İcra Aparatının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə dövlətimizin başçısının forum iştirakçılarına təbrikini oxudu.
Sonra İSESKO-nun baş direktoru Əbdüləziz Bin Osman Əl–Tüveycri BMT Baş Məclisinin qərarı ilə 2001-ci ilin sivilizasiyaların dialoqu ili elan olunması ilə mədəniyyətlərarası dialoq ideyasının yeni mərhələyə qədəm qoyduğunu xatırladan İSESKO-nun baş direktoru dedi ki, bugünkü görüşümüz ümumbəşəri mədəniyyətə, sülhə və əmin-amanlığa yeni töhfələr verəcəkdir.
Qadınlar mədəniyyətlərin dialoqunun inkişaf etdirilməsində çox mühüm rol oynayırlar. Onlar gənc nəslin tərbiyəçisidirlər. Onlar cəmiyyəti quran ailənin özəyidirlər. Onlar gənc nəslə ideal dəyərlər və ali prinsiplər aşılayırlar.
Mədəniyyətlər və sivilizasiyalararası dialoqun hamının işi olduğunu bildirən Əbdüləziz bin Osman Əl-Tüveycri diqqətə çatdırdı ki, bu sahədə qadınların rolu danılmazdır. Bunun üçün qadınlar ilk növbədə savadlı olmalı, mükəmməl təhsil almalıdır. Lakin bu o demək deyildir ki, qadınların fəaliyyəti ev işləri və ya təhsillə məhdudlaşır. Əlbəttə, qadınlar fəaliyyət üçün daha çox imkana malikdirlər. Təhsil dedikdə, biz mədəniyyətlərin dialoqundakı dəyərlərə əsaslanan təhsili nəzərdə tuturuq.
Qadınların cəmiyyətdə rolunu yüksəldən əsas amil onların mədəniyyətlərarası dialoqda fəal iştirakıdır. Onlar bu yolla dünyada sülhə və qarşılıqlı anlaşmaya nail ola bilərlər. Bu gün qadınları sivilizasiyaların dialoqunda və ümumi məqsədlərə nail olmaq istiqamətində beynəlxalq hərəkatlara fəal cəlb etməyə ciddi ehtiyac vardır.
Bu forumda yaradılan imkandan istifadə edərək hamını mədəniyyətlərin dialoqunda və millətlər arasında anlaşmanın inkişaf etdirilməsi istiqamətində birlikdə çalışmağa, bununla da sülhün və insanların dinc yanaşı yaşamasının düşmənlərinin irqi, dini və mədəni ayrı-seçkiliyə çağırışlarının qarşısını birlikdə almağa çağırıram.
Forumda YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın videomüraciəti nümayiş olundu. Koişiro Matsuura əvvəlcə forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə, xüsusilə də Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirdi. Dedi ki, bu cür yüksək səviyyədə tədbirin keçirilməsi Mehriban xanım Əliyevanın qadınlara göstərdiyi yüksək diqqətin təzahürüdür.
K.Matsuura qeyd etdi ki, bu forumun keçirilməsi gender bərabərliyinin inkişafına təkan verəcəkdir. Tarixən müxtəlif danışıqlar, dialoqlar mövcud olmuşdur, amma bu cür dialoqun aparılması qloballaşan dünyada qadınların rolunu yüksəldəcəkdir. Qadınlar müasirliyin və təfəkkürün formalaşmasında mühüm rol oynayırlar.
Gender bərabərliyi YUNESKO-nun 2008-2010–cu illər üçün qlobal prioritetidir. Ümid edirəm ki, bizim təşkilatımız gələcəkdə bu istiqamətdə yeni mexanizmin yaradılmasında mühüm rol oynayacaqdır.
YUNESKO-nun baş direktoru əmin olduğunu bildirmişdir ki, bu forum qadınların rolunu artırmaqla yanaşı, dünya ictimaiyyətinin məsələyə diqqətini yüksəldəcəkdir. Forumda aparılacaq müzakirələr dünyada qadınların qarşılaşdıqları problemlərin həllində mühüm rol oynayacaqdır.
Mədəniyyətlərarası dialoqun çox vacib məsələ olduğunu qeyd edən Polşanın birinci xanımı Mariya Kaçinski öz ölkəsində tarixən mövcud olan tolerantlıq adət-ənənələrinin davam etdirildiyini bildirdi.
Sözsüz ki, qadınlar gənc nəslin tolerantlıq ruhunda yetişməsində mühüm rol oynayırlar. Ona görə də qadınların potensialından siyasətdə, iqtisadiyyatda, mətbuatda, ümumiyyətlə müxtəlif sahələrdə geniş istifadə olunmalıdır.
M.Kaçinski dedi ki, bəzi ölkələrdə qadınların bir çox hüquqlardan məhrumluğu davam edir. Bu gün qloballaşan dünyada müxtəlif nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə qadınların hüquqlarının qorunması məsələsi xüsusi yer tutur. Mən hesab edirəm ki, mədəniyyətlərarası dialoqlar bu sahədə problemlərin həllinə təkan verəcəkdir.
Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan çıxışında bu cür mötəbər tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, YUNESKO-ya və İSESKO-ya, Azərbaycan dövlətinə xüsusi minnətdarlığını bildirdi. Ölkəmizdə olmasından böyük şərəf duyduğunu deyən qonaq, forumun mədəni dəyərlərin qorunmasına layiqli töhfələr verəcəyinə əminliyini vurğuladı. Ə.Ərdoğan bildirdi ki, hazırda dünyada baş verən proseslərdə qadınların rolu artır. Cəmiyyətin təkanverici qüvvəsi olan qadınların rolunun daha da artması üçün səyləri birləşdirməliyik. Bu cür forumların mədəniyyətlərarası dialoqun inkişafına təsirini nəzərə alaraq Ə.Ərdoğan belə bir tədbirin gələn il Türkiyədə keçirilməsi haqqında qərara gəlindiyini söylədi. Qadınların cəmiyyətin inkişafında əvəzsiz xidmətlərini vurğulayan natiq, bu sahədə inkişaf etməkdə olan ölkələrə kömək göstərməyin vacibliyini vurğuladı.
Anqolanın birinci xanımı Ana Paula duş Santuş Azərbaycanda olmağından və qadın problemlərinə həsr olunmuş belə əhəmiyyətli forumda iştirakdan məmnun qaldığını söylədi. Bildirdi ki, tarixən Azərbaycan Asiya ilə Avropanı birləşdirən mədəni yollar üzərində yerləşən ölkədir. Xanım duş Santuş Azərbaycanın dünya mədəniyyətinə verdiyi töhfələri xüsusi vurğuladı, Azərbaycanın mədəni irsinin zənginliyinin digər xalqlar üçün nümunə olduğunu söylədi.
Anqola Prezidentinin vaxtilə Azərbaycanda təhsil aldığını qeyd edən natiq ölkəmizdə təhsilin yüksək səviyyədə olduğunu diqqətə çatdırdı. Xanım Ana Paula duş Santuş Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq forumun ölkəmizin demokratik dəyərlərə, qadın hüquqlarının qorunmasına və mövcud problemlərin həllinə göstərdiyi diqqətin parlaq təzahürü olduğunu xüsusi qeyd etdi. Natiq qadınların cəmiyyətə inteqrasiyasının həmin cəmiyyətin inkişafına səbəb olacağını, qadın xoşbəxtliyinin həmin cəmiyyətin inkişafının təməlini təşkil etdiyini, eləcə də Bakı forumunun mədəniyyətlərarası dialoqun inkişafına təkan verəcəyinə əminliyini bildirdi.
Latviyanın birinci xanımı Lilita Zatler mədəniyyətlərarası dialoqda qadınların rolu mövzusunun məhz Bakıda müzakirə edilməsinin onu həddindən artıq sevindirdiyini bildirdi. Məşhur yazıçı Kiplinqin Şərqlə Qərbin heç zaman birləşə bilməyəcəyi barədə fikri ilə razılaşmadığını qeyd edən xanım Zatler, bugünkü tədbirin onun qənaətinə bariz nümunə olduğunu dedi, qadınların sivilizasiyanın mühüm tərkib hissəsi olduğunu, kişilərlə bərabər cəmiyyətin idarə edilməsində onların rolunun artırılmasının vacibliyini vurğuladı.
Latviyanın birinci xanımı qeyd etdi ki, cəmiyyətdə bilikləri və mədəniyyəti məhz qadınlar yayırlar. Müxtəlif dinlərə məxsus insanların, xüsusən də qadınların xoş münasibətinin vacibliyini qeyd edən natiq, tolerantlığın qadınların mahiyyətində olduğunu diqqətə çatdırdı, fikrini ölkəsinin nümunəsində izah etdi.
Bildirdi ki, son 20 ildə Latviyada inkişaf üçün əlverişli şərait vardır və qadınlar cəmiyyətdə balansın yaradılmasında mühüm rol oynayırlar.
Cənubi Afrika Respublikasının birinci xanımı Zanele Mbeke Azərbaycan Prezidenti İlham Əliyevə foruma göndərdiyi təbrikə və xoş arzulara görə minnətdarlığını bildirdi.
Azərbaycan paytaxtını sivilizasiyalar arasında körpü, qonaqpərvərlik rəmzi adlandıran xanım Z.Mbeke, artıq tarixi İpək yolunun üzərində yerləşən Bakının zəngin ənənələrə malik olduğunu qeyd etdi, göstərilən qonaqpərvərliyə görə təşəkkürünü çatdırdı.
O, Qərb ilə Afrika arasında fərqlərin yaranmasının səbəblərinin bu qitənin zorla mənimsənilməsindən meydana gəldiyini, lakin cəmiyyətin müsbətə doğru inkişafını nəzərə alaraq zaman keçdikcə bu fərqlərin də aradan qaldırılacağına əminliyini bildirdi. Çünki hazırda sülhün, dialoqun, humanizmin inkişaf etdirilməsi istiqamətində daha real addımlar atılmağa başlanılmışdır.
Xanım Z.Mbeke forum iştirakçılarını daxili zənginliyin artırılmasına, xoş rəftarın və uğurlu işlərin davam etdirilməsinə çağırdı.
Rusiya Federasiyası Federasiya Şurasının sədrinin müavini Svetlana Orlova Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş forumun işinə uğurlar arzuladı, iştirakçıları Federasiya Şurasının sədri Mironovun təbrik məktubunun mətni ilə tanış etdi.
Xanım S.Orlova forumun mövzusunun aktuallığını xüsusi qeyd edərək bunun cəmiyyətdə qadınların rolunu dəyərləndirməyənlərə tutarlı cavab olduğunu vurğuladı. Qadınları ailə ocağının hamisi adlandıran rusiyalı qonaq qeyd etdi ki, qadınların beynəlxalq əlaqələrinin artması öz növbəsində dövlətlərarası və xalqlararası əlaqələrə də mühüm təsir göstərir.
Azərbaycanın, xüsusən onun paytaxtı Bakının son illər sürətlə inkişaf etdiyini, böyük uğurlara imza atdığını xüsusi vurğulayan S.Orlova, dünyaya hər şeydən çox harmoniyanın lazım olduğunu söylədi, bu işdə qadınların üzərinə böyük vəzifələr düşdüyünü, bunun üçün yaxşı anaların sayının artırılmasının vacibliyini bildirdi.
ABŞ-ın Texas ştatının birinci xanımı Anita Perri beynəlxalq Bakı forumunun təhlükəsizliyin artırılması, qadınlara qarşı diskriminasiya ənənələrinə son qoyulması istiqamətində mühüm addım olduğunu söylədi.
A.Perri ABŞ kimi demokratik dəyərlərin inkişaf etdiyi ölkələrdə də qadınların bir sıra problemlərlə üzləşdiyini vurğuladı, insan zorakılığına, ədalətsizliyə qarşı mübarizədə mövcud imkanların birgə təhlilini aparmağın vacibliyini qeyd etdi.
Argentina vitse-prezidentinin xanımı Marta Kristina Çerutti de Kobos qızlara və qadınlara qarşı diskriminasiya hallarının qarşısının alınması məqsədi ilə təhsil sahəsində mövcud imkanları daha da genişləndirməyin zəruri olduğunu söylədi.
Qonaq dedi ki, qadınların cəmiyyətdə, xüsusən təhsil sistemində rolu böyükdür. İntellektual səviyyədə qadınların cəmiyyətdə rolu əvəzedilməzdir. Ən vacib məsələlərdən biri qızların pulsuz təhsillə təmin olunmasıdır.
Forumda çıxış edən ABŞ-ın Con Hopkins Universitetinin professoru Frensis Fukuyama ilk dəfə Bakıda 20 il öncə olduğunu söylədi, budəfəki gəlişində böyük dəyişikliklərin şahidi olduğunu qeyd etdi.
Qlobal tendensiyaların inkişaf etdiyi cəmiyyətdə qadınların rolunun artdığını vurğulayan professor, müxtəlif ölkələrdə qadınlara yanaşmada fərqlərin mövcudluğunu diqqətə çatdırdı.
Bildirdi ki, müasirləşən dünyada artan iqtisadi inkişaf nəticəsində qadınların statusu da dəyişir və bu fərqlər aradan qalxır.
Tarixə ekskurs edən professor Şərqdə qadınların statusunun kişilərin statusundan asılı olduğunu, kişilərin cəmiyyətdəki mövqeyi dəyişdikcə, qadının da mövqeyində fərqlər baş verdiyini söylədi, xüsusən oğul doğan qadınların Şərqdə statusunun yüksək olduğunu, Qərbdə isə qadınların statusunda dəyişikliyin katolik kilsəsinin onlara mülkiyyət hüququ verdikdən sonra meydana gəldiyini bildirdi.
Müasir cəmiyyətdə iqtisadi və texnoloji inkişafın qadınlara da böyük təsir göstərdiyini, ağıl gücünün fiziki gücü getdikcə üstələdiyini qeyd edən natiq, ABŞ-da işçi qüvvəsinin 60 faizinin qadınlardan ibarət olduğunu vurğuladı, bütün dünya üzrə isə bu rəqəmin artıq 50 faizə çatdığını qeyd etdi. Professor vurğuladı ki, cəmiyyətin həyatında qadınların rolunu artırmaq üçün mədəni amillərin inkişafına xüsusi önəm verilməlidir.
Forumun açılış sessiyası başa çatdıqdan sonra tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.
* * *
Fasilədən sonra beynəlxalq forum işini sessiyalarda davam etdirdi.
“İnsan sivilizasiyasının münaqişəsi, yoxsa birliyi?” mövzusundakı sessiyaya Avropa Şurasının sabiq baş katibi, “Sivilizasiyaların Dialoqu” Dünya İctimai Forumunun beynəlxalq əlaqələndirmə komitəsinin sədri Valter Şvimmer sədrlik etmişdir.
Bakı forumunun keçirilməsini yüksək qiymətləndirən V.Şvimmer dedi ki, Azərbaycanın bu foruma ev sahibliyi etməsi onun insan hüquq və azadlıqlarının, eləcə də qadın hüquqlarının qorunmasına verdiyi önəmin xüsusi göstəricisidir. Xanım Mehriban Əliyeva giriş nitqində həlli vacib məsələlərə toxundu. Bu məsələlər əslində təkcə sizi deyil, bütövlükdə Avropanı və dünyanı düşündürən və narahat edən məsələlərdir. Biz çalışacağıq ki, gələcək fəaliyyətimizdə buna xüsusi diqqət yetirək və qaldırılan məsələlərin həllinə nail olaq.
Sonra Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva çıxış etdi.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çıxışı
-Hörmətli xanımlar və cənablar!
İcazə verin, bir daha hörmətli qonaqlarımızı salamlayım. Sivilizasiyaların və mədəniyyətlərin dialoqu kimi çox aktual bir problemi qadınların gözü ilə nəzərdən keçirmək və müzakirə etmək üçün dəvətimizi qəbul etmiş hər kəsi burada görməyə çox şadıq.
Heydər Əliyev Fondu ilk dəfə deyil ki, bu mövzuya müraciət edir. Lakin ilk dəfədir ki, demək olar, bütün qitələrin nümayəndələri belə nüfuzlu, yüksək səviyyəli forumda iştirak etmək üçün Bakıya toplaşıblar. Bizimlə burada olduğunuza görə bir daha sizə minnətdarlığımı bildirirəm.
Bu gün bəşəriyyət planetar miqyaslı təhlükələrlə üz-üzə dayanmışdır. Ekoloji fəlakətlər, qlobal iqlim dəyişikliyi, təbii sərvətlərin, həmçinin enerji ehtiyatlarının tükənməsi, qloballaşma problemi, əhalinin sağlamlığı, qidalanması və rifahı məsələləri bizi düşünməyə vadar edir. Müasir inkişafın reallığından kənar sivilizasiyalararası dialoqdan danışmaq, təbii ki, mümkün deyil. Dialoq haqqında danışarkən biz istər-istəməz inkişaf və gerilik, məşğulluq və işsizlik, təhsil və savadsızlıq problemlərinə də toxunuruq.
Düşünürəm ki, müasir dünyanın çağırışları millətlərin qarşılıqlı anlaşmasına həm kömək edir, həm də çətinlik yaradır. Bu gün qarşılaşdığımız qlobal problemlərin mənbəyinin və səbəblərinin təhlili hazırda dünyanın elmi, siyasi və ictimai fikrinin diqqət mərkəzindədir. Şübhə yoxdur ki, alimlərin və ictimai xadimlərin hələ bir neçə nəsli bu problemlərlə məşğul olacaq və bu suallara cavab axtaracaqdır.
Bir şey tamamilə aydındır: bu gün biz keçən əsrin bir çox illüziyalarından uzaqlaşmışıq. Tarix özü və hadisələrin gedişi doqmatik teoriyaları kökündən silkələmişdir. Belə ki, güclü texniki və texnoloji inkişaf tərəqqiyə və kamilliyə xidmət etməklə yanaşı, bəşəriyyətə indiyədək məlum olmayan, tamamilə yeni çağırış və təhlükələr yaratmışdır. Bu, ekoloji və texnogen faciələr, qlobal istiləşmə problemi, enerji təhlükəsizliyi və sairədir.
Gəlin, detallarına, incəliklərinə varmadan yaşadığımız bugünkü dünyaya, reallığa nəzər salaq. Görəsən, sivilizasiyalara, xalqlara və ayrı-ayrı insanlara bir-birini eşitməyə, anlamağa nə mane olur və nə kömək ola bilər? Bu baxımdan, ilk öncə, sizin diqqətinizi belə bir məqama yönəltmək istərdim: biz mədəniyyətlərin və sivilizasiyaların dialoqu haqqında ayrı-ayrı dillərdə danışırıq. Burada “ayrı-ayrı dillər” dedikdə, müxtəlif xarici dilləri nəzərdə tutmuram. Dialoqdan həm alimlər, həm siyasətçilər, həm də ictimai və mədəniyyət xadimləri söz açırlar. Biz sivilizasiyaların dialoqu və ya qarşıdurması ilə bağlı müxtəlif siyasi və elmi doktrinaları müzakirə edirik. Lakin siyasətdən uzaq, adi insanlar bir yana, çox vaxt peşəkarlar belə məsələdə bir-birini anlamaqda, müəyyən konsensusa gəlməkdə çətinlik çəkirlər.
Danılmaz faktdır ki, bu gün dini mənsubiyyətindən və milliyyətindən, siyasi fəallığından və savadlılığından, mədəni inkişafından və rifah səviyyəsindən asılı olmayaraq, hər bir insan bu və ya digər dərəcədə bu məsələ ilə maraqlanır. Hər bir insan istər-istəməz özünə sadə bir sual verir: “Biz hara gedirik? Bizi nə gözləyir?”
Bizim forum bu problemə xüsusi bir prizmadan baxmaq məqsədini güdür. Bu, problemə qadın yanaşması və qadın baxışıdır. Belə hesab edirəm ki, həmin yanaşmanın ən üstün cəhəti ondan ibarətdir ki, o, hamını birləşdirə bilər və hər kəs üçün aydın ola bilər. Səbəbi isə çox sadədir. Axı bu mövqe qadının varlığının mahiyyətini təşkil edən məhəbbətə əsaslanır. Bu, öz övladına, öz yaxınlarına, yer üzündə hər bir varlığa və Tanrıya olan sevgidir. Qadın həyatını ümumən məhəbbətsiz təsəvvür etmək mümkün deyil. Qatı nifrətin, ksenofobiyanın, irqi və dini dözümsüzlüyün qarşısını məhz belə bir sevgi ala bilər.
Mən sizin diqqətinizə bir neçə statistik məlumatı çatdırmaq istərdim. Yalnız keçən il ərzində İraqda gedən hərbi əməliyyatlar nəticəsində 25 min dinc əhali həlak olmuşdur. Fələstin-İsrail qarşıdurması neçə-neçə qadın və uşağın həyatına son qoyur. Ölkəmizdə baş vermiş Xocalı faciəsi zamanı bir gecə ərzində qadın, uşaq və qocalar daxil olmaqla 600-dən çox mülki şəxs qətlə yetirilmiş, 1200 nəfərdən artıq insan isə yaralanmışdır. Ekspertlərin rəyinə görə, zəruri tədbirlər görülməsə, XXI əsrdə müxtəlif konfliktlər nəticəsində 150 milyondan artıq qadın və uşağın həlak olacağı gözlənilir. Bu, quru statistik rəqəmlərdir və zənnimcə, ən dəhşətlisi odur ki, biz artıq bu faktları dinləməyə, eşitməyə, görməyə alışmışıq. Biz bunları haradasa, kiminsə başına gələn hadisə kimi qəbul edirik. İndi isə konkret bir misal çəkmək istərdim.
Təsəvvür edin ki, hansısa bir qadın öz uşağını qucaqlayıb öpərək onu dostları ilə oynamaq üçün həyətə yola salır. Beş dəqiqə sonra onun mina ilə parçalanmış cansız bədəni üzərində göz yaşlarını axıdır. İnanmıram ki, yer üzündə bu faciəyə laqeyd qalan bir insan tapılar.
Sivilizasiyaların dialoqu problemini hansısa abstrakt bir problem kimi müzakirə etməyin vaxtı artıq çoxdan keçibdir. Aydın təsəvvür etmək lazımdır ki, bu problemin arxasında minlərlə insanın taleyi və həyatı dayanır. Sözsüz ki, ilk növbədə, burada ikili standartlar və yanlış stereotiplər siyasətindən uzaqlaşmaq lazımdır. Eyni zamanda, ümumbəşər sivilizasiyasından danışarkən onun yalnız seçilmiş xalqlar tərəfindən yaradıldığı haqqında düşüncələrə də yol vermək olmaz.
Cəmiyyətdə iqtisadi dəyərlərə meyli gücləndirən və altruizmi zəiflədən qüvvələr hər zaman mövcud olmuşdur. Bugünkü inkişaf mərhələsində bəşəriyyət daha çox mənəvi dirçəlişə təkan verən yeni ideyalara ehtiyac duyur.
Azərbaycan Böyük İpək Yolu üzərində yerləşən ölkə kimi tarix boyu yüksək tolerantlıq mühitini yaşatmışdır. Bu, həm mədəniyyətimizdə, həm də cəmiyyətimizdə dərin iz qoymuşdur. İndi də bizim cəmiyyətdə belə bir tolerantlıq ab-havası hökm sürür. Bakı unikal şəhərdir. Artıq uzun müddətdir ki, burada müsəlman məscidi və atəşpərəst məbədi, katolik kilsəsi və sinaqoq, pravoslav məbədi və kirxa yanaşı mövcuddur. Onların coğrafi yaxınlığı faktı belə, yüksək tolerantlıq şəraitində birgə fəaliyyətin mümkünlüyünü nümayiş etdirir və hər bir dinin əsas dəyərlərinin ümumbəşəri dəyərlərlə üst-üstə düşdüyünü təsdiq edir. Bu, təkcə tarixin ayrı-ayrı məqamları deyil. Bu il biz yeni katolik məbədi açmışıq. Tarixi əhəmiyyət daşıyan məscid və kilsələrin bərpası ilə yanaşı, yenilərini də tikirik.
Kiçik bir faktı sizin diqqətinizə yetirmək istərdim. Bakıda məşhur pravoslav kafedral kilsəsi bir zamanlar Azərbaycanın neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin ianələri hesabına inşa edilmişdi. Bir neçə il bundan öncə isə həmin kilsə başqa bir azərbaycanlı iş adamının vəsaiti hesabına bərpa olunmuşdur. Bakını Roma Papası II İoann Pavel, Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksi də ziyarət ediblər. Burada İslam Konfransı Təşkilatına üzv olan ölkələrin bir çox müxtəlif tədbirləri keçirilir. Bu, bir daha sadə bir həqiqəti təsdiq edir.
Bütün dünya dinlərinin bir məqsədi, bir məramı var. Biz Tanrıya müxtəlif cür müraciət edə bilərik, ona müxtəlif dillərdə dua edə bilərik, onun şəninə müxtəlif məbədlər ucalda bilərik. Mahiyyət dəyişməz olaraq qalır. Bizim hamımızın bir Tanrımız var və bu nə qədər də sadə səslənməsə, hər bir dinin əsasını təşkil edən dəyərlər ümumbəşəri dəyərlərlə eynidir. Bu, insanları birləşdirən və barışdıran dəyərlərdir. Belə olduğu halda dindən qarşıdurmaların və münaqişələrin yaradılması üçün istifadə olunması dözülməzdir.
Müasir cəmiyyətdə qadın mövqeyindən söhbət açarkən, qeyd etmək lazımdır ki, bu sahədə hər bir ölkənin öz inkişaf yolu, öz konkret xüsusiyyətləri var. Bu gün Azərbaycan cəmiyyətində qadının tutduğu mövqe ilə haqlı olaraq fəxr edirik.
Şərqdə ilk demokratik respublika olan Azərbaycan 1918-ci il İstiqlal Bəyannaməsi ilə qadınlara seçmək və seçilmək hüququ verdi. Xatırladaq ki, bu hüququ Azərbaycan qadınları Avropanın bir neçə ölkəsinin sakinlərindən daha tez almışlar. XX əsrin əvvəllərində təhsil almaq imkanı əldə edən azərbaycanlı qadınlar yalnız orta təhsildə deyil, həm də ali təhsildə gender bərabərliyinə nail oldular.
Bu gün qadınlarımız idarəetmə, hüquq və məhkəmə sistemində təmsil olunur, ölkənin ictimai və siyasi həyatında fəal iştirak edirlər. Onlar ölkə üzrə məktəb müəllimlərinin 71, həkimlərin 61, elmi işçilərin isə 50 faizini təşkil edirlər. Bu yolu Azərbaycan qadını 90 il ərzində keçmişdir. Bütün bunlarla yanaşı, Azərbaycan qadını ailə dəyərlərinin qorunub saxlanması kimi mühüm bir sahədə də öz layiqli töhfəsini vermişdir. Şərq ilə Qərb dəyərlərini özündə birləşdirən Azərbaycan, beləliklə, gender məsələsində də nümunə ola bilər.
Biz qadınları, adətən, iki model ilə üz-üzə qoyurlar. Belə hesab olunur ki, Şərq qadını daha çox ailəyə bağlıdır, Qərb qadını isə cəmiyyətdə yüksək mövqe axtarır. Reallıq isə iki mövqedən də çox-çox uzaqdır. Mən elə hesab edirəm ki, həm Şərq qadını, həm Qərb qadını tarix boyu elə nailiyyətlər əldə edib ki, onlardan biz hamımız faydalana bilərik. Bu yanlış stereotipdən bu məsələdə uzaq olsaq, bu, həm Şərqə, həm də Qərbə kömək edə bilər.
Dünyada bir çox qadın təşkilatları mövcuddur. Onlar bir çox problemləri həll edir, bir sıra aksiyalar həyata keçirir və qadının cəmiyyətdə mövqeyini yaxşılaşdırmağa çalışırlar. Demək olar ki, onlar bir çox nailiyyətlər əldə ediblər. Bu gün, fikrimcə, feminizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun təşkilində əsas yükü öz üzərinə götürməlidir. Mən dünyanın nüfuzlu, böyük təcrübəyə malik olan qadın təşkilatlarını bu sahədə daha fəal olmağa çağırıram.
Bu forumun mənə verdiyi fürsətdən istifadə edərək, bizim dəvətimizi qəbul edib konfransa gəlmiş bütün birinci xanımlara şəxsən müraciət etmək istərdim.
Adətən hər bir ölkənin birinci xanımı öz ölkəsində elmə, mədəniyyətə və təhsilə diqqət yetirir. Birinci xanımların sosial problemlərin həllində göstərdiyi fəallıq bəllidir. Əminəm ki, sizin hər biriniz öz ölkənizdə çoxsaylı layihə həyata keçirir, müxtəlif humanitar təşəbbüslər üçün xeyli güc və enerji sərf edirsiniz. Düşünürəm ki, əgər birinci xanımlar sivilizasiyaların dialoquna dəstək versələr, bu, bir çox müsbət dəyişikliklərə gətirib çıxarar və dialoq probleminin özünü yeni müstəviyə keçirəcəkdir. Ümidvaram ki, Bakı forumu gələcəkdə ənənəvi şəkil almaqla, sivilizasiyaların faydalı dialoqunun formalaşmasına dair hər birimizin öz ideya və məqsədlərimizi həyata keçirmək üçün imkan yarada bilər.
Sonda daha bir aktual problemi sizin diqqətinizə çatdırmaq istərdim. Bu gün insanlar bəzən manipulyasiya obyektinə çevrilir, real hadisələri xəbər reportajlarında təqdim olunduğu kimi qəbul edir. Stereotiplər televiziya ekranlarından, mətbuat səhifələrindən bizim düşüncəmizə təsir edir.
Bu konfransın tribunasından jurnalistlərə, xüsusən qadın jurnalistlərə müraciət etmək istəyirəm. Bu gün dünyada baş verən real hadisələr və bu hadisələrin kütləvi informasiya vasitələrində əksi jurnalistin, televiziya kanalının mövqeyindən və ya hansısa konkret siyasi sifarişdən asılıdır. Hər bir jurnalist ictimai fikirdə hər hansı mənfi obrazların yaradılmasının nə ilə nəticələndiyini çox yaxşı dərk etməlidir. İnsanların dinindən, dilindən və milliyyətindən asılı olmayaraq, onların dini və ya milliyyəti ilə bağlı hisslərini təhqir edən karikatura, məqalə və ya videomaterialın işıq üzü görməsi dözülməz bir haldır. Bu, nə ümumbəşəri əxlaqi dəyərlər sisteminə, nə də jurnalist etikasına uyğun gəlir.
Əziz dostlar!
Əziz qonaqlar!
Qadının gücü, güc mənbəyi ilk baxışdan çox sadə görünən xeyirxahlıq, sevgi və mərhəmət kimi əbədi duyğulardadır. Bu gücün, bu qüvvənin qüdrətini və təsir dairəsini nəzərə almamaq mümkün deyil. Belə bir qüdrətli amilin mədəniyyətlər və sivilizasiyalararası dialoqa layiqli töhfə verməsi bizim özümüzdən asılıdır.
Diqqətinizə görə çox sağ olun.
* * *
Forumda Avropa mədəniyyətindən danışan Almaniyanın Zigen Universitetinin professoru Eberhard Şnayder bildirdi ki, bu mədəniyyət özündə bir sıra milli mədəniyyətləri ehtiva edir. Şovinist elementlərdən milli maraqlar çərçivəsində istifadə edilməsəydi, bu gün Avropa mədəniyyəti daha çox inkişaf etmiş olardı. Avropa mədəniyyətinin özəl xüsusiyyəti demokratik quruluşların bir-birindən fərqli cəhətləri ilə cəmiyyətə sıx inteqrasiyasıdır. Digər bir xüsusiyyət isə onun xristian mədəniyyətinin daşıyıcısı olmasıdır.
E.Şnayder vurğuladı ki, İslam dininin Qərbdə yayılması Avropa mədəniyyətinin, onun iqtisadiyyatının zəngin formaları ilə əlaqədardır. Bazar iqtisadiyyatı indiki siyasi demokratiyanı əks etdirir. Demokratiya iqtisadi liberallaşmanın əsas şərtidir.
Məlumdur ki, qadınlar dünya tarixinin hər bir dövründə sülhün, əmin-amanlığın təminatçısı olmuşdur. Onlar gələcək nəsillərin maraqlarının müdafiəsi ilə daim məşğuldurlar, ölkələrin və mədəniyyətlərin bir-birini daha yaxşı tanımaları üçün qüvvələrini səfərbər edirlər. Bu baxımdan Beynəlxalq Bakı forumu mühüm əhəmiyyət kəsb edir.
Harvard Universitetinin doktoru, Florida Beynəlxalq Universitetinin dinşünaslıq fakültəsinin islam tədqiqatları üzrə professoru AİŞƏ MUSA beynəlxalq Bakı forumunun yüksək əhəmiyyətini qeyd etmişdir. Qonaq islam dininin yayıldığı ölkələrdə mədəniyyətlərarası əlaqələrin müsbət rolunu vurğuladı, İslam dininin cəmiyyətlərin formalaşmasına təsirini Qurani-Kərimdən sitatlarla diqqətə çatdırdı. Aişə Musa islamda deyildiyi kimi, elmin, təhsilin müsəlman ölkələrinin həyatında öz əksini tapdığını söylədi, insanlara rəğbətin cəmiyyətin sosial inkişafının əsas göstəricisi olduğunu bildirdi.
Birləşmiş Ərəb Əmirliklərinin “Culf News” qəzetinin baş redaktoru Duraid əl-Baikin sədrliyi ilə davam edən ikinci sessiyada əsasən qadınlara cəmiyyətdə hörmət, dünyaya ehtiram məsələləri müzakirə olunmuşdur.
Rusiya Federasiyası Federasiya Şurası sədrinin müavini Svetlana Orlova dedi ki, Azərbaycanın birinci xanımının təşəbbüsü ilə təşkil olunan bu tədbir mədəniyyətlərarası dialoqun başlanğıcı olmaqla yanaşı, bir sıra ciddi problemlərin həllinə imkan yaradacaqdır. Uzun illər qadınlar siyasi problemlərin, münaqişələrin həllində ciddi rol oynamışlar. Onlar hər hansı bir məsələyə özünəməxsus şəkildə, ciddi yanaşırlar. Qadınlar bu gün də problemlərin həllində fəaldırlar. Bunu qonağı olduğumuz Azərbaycanda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın timsalında daha aydın görmək olur. Mehriban Əliyeva ölkəsinin daxili və xarici problemlərinin həllinə olduqca həssaslıqla yanaşır. Azərbaycan Prezidentinin, onun xanımının əməyi göz qabağındadır. Onların səyi nəticəsində Azərbaycan qadını bu gün ictimai-siyasi proseslərdə fəal iştirak edir. Çox istərdik ki, digər ölkələrdə də belə olsun. Ümid edirik ki, bu forumdan sonra bir çox dövlətlər öz siyasətlərində dəyişiklik edəcək, qadınların siyasi proseslərdəki rolunun artmasına imkan yaradacaqlar.
Sonra xanım Orlova Rusiyada qadınlara göstərilən diqqət və qayğıdan söz açmış, son vaxtlar ölkəsinin parlamentində uşaq və qadınlarla bağlı 30-dan çox qanun və hüquqi-normativ sənədin qəbul olunduğunu diqqətə çatdırmışdır.
YUNESKO-nun sabiq baş direktoru Amadu-Mahtar Mbou foruma dəvətə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirdi. O dedi ki, qloballaşan dünyada qadınların rolu durmadan artır. Amma insanlar arasındakı qeyri-müəyyənliyin hələ də qalması, gender problemi qloballaşmada ciddi əngəllər yaradır. Bu problemlərin həlli üçün, ilk növbədə, mənəvi dəyərlərə üstünlük verilməlidir. Çünki bu dəyərlər olmadan qadın hüquqlarından danışmaq yersizdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bu forum bizə problemə bir daha ciddi yanaşmağı tövsiyə edir. İndi biz mədəniyyətlərarası dialoqdan danışırıq və bu bizə daha sıx əməkdaşlıq etməyə imkan verir. Məhz mədəniyyətin sayəsində silahlar susur. Ona görə də biz, ilk növbədə, dünyada elmi, təhsili inkişaf etdirməli, tarixi mədəni irsi qoruyub saxlamalıyıq. Bunun üçün yeni layihələr hazırlanmalı, bu layihələrin reallaşmasında qadınlara daha çox imkanlar yaradılmalıdır.
Türkiyənin dövlət naziri Nimet Çubukçu dedi ki, eyni tarixi, mədəni köklərə malik olan Azərbaycan ilə Türkiyə mədəniyyətlərarası dialoqa, dünyada qadınların rolunun artırılmasına eyni həssaslıqla yanaşır. Biz bilirik ki, qloballaşan dünyada qadınlar çox böyük potensiala malikdirlər. Azərbaycan bunu görür, başa düşür və bugünkü tədbir də bunun nümunəsidir. Bu gün Türkiyə də mədəniyyətlərarası dialoqa xüsusi önəm verir. İnanırıq ki, bu cür tədbirlər bizi daha da yaxınlaşdıracaq, əməkdaşlığımızı genişləndirəcək, qadınlara hörmətin artmasında, onların siyasi həyatda, iqtisadiyyatda, problemlərin, münaqişələrin həllində, sülhün bərqərar olmasında rolunu artıracaqdır.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu dünya siyasi proseslər kafedrasının müdiri Marina Lebedeva yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirdi və dedi ki, müəyyən inteqrasiyaya nail olsaq da, Qərb və şərq qadını arasında oxşar və fərqli cəhətlər hələ də qalmaqdadır. Ən başlıcası, hər iki cəmiyyətdə qadınların problemlərlə üzləşməsinə tez-tez rast gəlinir.
Nəzərə alınmalıdır ki, qadının cəmiyyətin gələcəyi olan uşaqlara təsiri çox güclüdür. Bu baxımdan qadın cəmiyyətin sosial həyatının inkişaf prioritetinin gələcək istiqamətlərini müəyyənləşdirir. Qadınların ailələrdə sosial problemlərlə qarşılaşması müxtəlif ölkələrdə cəmiyyətlərin inkişafından da asılıdır. Qadını dünyada baş verən bütün proseslərə cəlb etməyin vacibliyini vurğulayan qonaq Şərq və Qərb qadını arasında dialoqun yaradılmasının zəruriliyini söylədi və bu baxımdan beynəlxalq Bakı forumunun təşkilini yüksək qiymətləndirdi.
Misirin Ayn Şəms Universitetinin yəhudi dini fəlsəfə və müqayisəli dinşünaslıq üzrə professoru Məhəmməd Havari bir çox Qərb ölkələrində islama qarşı yaranmış mənfi stereotiplərdən danışdı. O, ABŞ-da baş vermiş 11 sentyabr hadisələrinin Qərbdə İslama qarşı ksenofobiyanın yayılması ilə nəticələndiyini söylədi və bu hadisələrin dünyanın Şərq və Qərb cəbhələrinə parçalanmasına təkan verdiyini vurğuladı. Qonaq Qərb cəmiyyətində İslam mədəniyyəti haqqında düzgün olmayan informasiyanın yayılmasından narahatçılığını ifadə etdi. Mətbuatın islam qadınının mənfi obrazda təbliğinin islam mənəviyyatına, islami dəyərlərə zidd olduğunu söylədi və buna qarşı ciddi mübarizə aparmağın vacibliyini bildirdi.
Böyük Britaniya Lordlar Palatasının üzvü Baronessa Udin forumun mədəniyyətlərarası dialoqda mühüm rol oynayacağını söylədi, onun təşkilatçılarına, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya xüsusi minnətdarlıq etdi. Qadınların cəmiyyətdə mövqeyinin möhkəmlənməsi istiqamətində forumda iştirak edən birinci xanımların digər qadınlar üçün nümunə olduğunu vurğulayan xanım Udin Böyük Britaniyada qadınların cəmiyyətin həyatında iştirakının artırılması ilə bağlı görülən tədbirlər haqqında məlumat verdi, bu gün Böyük Britaniya parlamentində qadınların deputatların 20 faizini təşkil etdiyini diqqətə çatdırdı.
Azərbaycan qadınlarının da cəmiyyətin həyatında fəal rol oynadıqlarının şahidi olmasından sevindiyini vurğulayan natiq, bunun sivilizasiyalararası dialoqda önəmli rola malik olduğunu qeyd etdi. Baronessa Udin mədəniyyətlərarası dialoqun müsbət nəticələr verməsi üçün, ilk növbədə, icma quruculuğunda fəallığın artırılmasının vacibliyini qeyd etdi, icmaların inkişafına investisiyaların yönəldilməsinin vacibliyini bildirdi.
Yaponiya Parlamentinin üzvü, professor Akiko Yamanaka forum iştirakçılarının diqqətini müharibələr və münaqişələrə, onların aradan qaldırılmasında qadınların rolunun artırılması məsələlərinə yönəltdi. Bildirdi ki, bu gün demokratik dəyərlər uğrunda mübarizənin getdiyi bir dövrdə heç bir ölkənin öldürmək hüququ ola bilməz.
Münaqişələrin həllində qadınların xüsusi rolunu konkret faktlarla göstərən natiq, müharibə şəraitində yaşayan insanların düşmən yox, qurban olduqlarını bildirdi. Dedi ki, qadınlar bütün hallarda sülhün tərəfində olmalıdırlar, yalnız bu zaman təhlükəsizliyi təmin etmək mümkün olacaqdır.
Sonra müzakirələr oldu, iştirakçılar rəy və təkliflərini bildirdilər.
Bununla da forumun birinci iş günü başa çatdı.
AzərTAc
2008, 10 iyun