Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva Uşaq Kəndi Assosiasiyasında və Dövlət Sənət Muzeyində olmuşdur
Azərbaycan rəhbərinin Özbəkistana dövlət səfəri çərçivəsində Prezident İlham Əliyevin xanımı Mehriban Əliyeva Prezident İslam Kərimovun xanımı Tatyana Kərimovanın müşayiəti ilə Özbəkistan Uşaq Kəndi Assosiasiyasının fəaliyyəti ilə tanış oldu. Regionda yeganə qurum olan bu assosiasiya "SOS kinder dor interneşnl" beynəlxalq humanitar təşkilatının yardımı ilə yaradılmışdır. Dünyadakı 130 anoloji assosiasiya sırasında nüfuzlu qurumlardan biridir. Mehriban xanım Əliyevaya təşkilatın fəaliyyəti, əsas məqsədi barədə ətraflı məlumat verildi. Burada sığınacaq tapan yetim və kimsəsiz körpələr hər cür nəvazişlə əhatə olunmuşlar. Uşaq kəndinin balaca sakinlərinin nümayiş etdirdikləri bədii proqram maraqla qarşılandı. Mehriban xanım uşaqlara müxtəlif hədiyyələr təqdim etdi.
Sonra Mehriban xanım Əliyeva Özbəkistan Dövlət Sənət Muzeyinə gəldi, buradakı nadir və qiymətli eksponatlarla tanış oldu. 50 mindən çox eksponatın toplandığı muzeydə tarixin ən qədim dövrlərinə aid nümunələr də var. XIX əsrə aid olan, zərif əl işləri ilə bəzədilmiş tikmələr, göz oxşayan xalı-xalçalar daha çox diqqəti cəlb edirdi. Qədim Şərq mədəniyyətinin əsrarəngiz, hər ilməsi, hər naxışı az qala min illərin yaddaşını əks etdirən nümunələri bu qədim diyarın insanlarının düşüncə tərzinin, dünyaya baxışının ifadəsidir. Hörmətli qonağa muzeydəki eksponatlar haqqında müfəssəl məlumat verildi.
Mehriban xanım Əliyeva muzeylə tanışlıqdan sonra Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı, muzeyə Azərbaycan rəssamlarının əsərlərini hədiyyə etdi.
AzərTAc
2004, 26 mart