Uşaqlara arxa duran xanım
“Незаивисимая газета”nın yazdığına görə, bu cür xeyirxahlıq Mehriban Əliyevaya şöhrət gətirir
Dünən Rusiyanın “Незаивисимая газета” mətbu orqanında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın böyük siyasətə qoşulma perspektivlərinə dair məqalə dərc olunub. Bəzi rus ekspertlərinin qənaətinə görə, onun qarşıdan gələn parlament seçkilərində qalib gəlmə ehtimalı yüksəkdir. Lakin bir məsələ maraqlıdır: ölkənin birinci xanımı özü hansı qərarını qəbul edəcək və buna Prezident İlham Əliyevin mövqeyi necə olacaq.
Məqalədə Mehriban Əliyevanın fəaliyyət dairəsinə aid məlumat yer alıb: "O, Seçenov adına Moskva Dövlət Tibb Universitetini əla qiymətlərlə bitirib. 1995-ci ildən özünün təşəbbüsü ilə yaradılan "Azərbaycan Mədəniyyətinin Dostları" yardım Fondunun prezidentidir. Bundan əlavə M. Əliyeva Azərbaycan Gimnastika Federasiyasının, Heydər Əliyev Fondunun prezidenti və YUNESKO-nun xoşməramlı səfiri vəzifələrini də icra edir."
Yazı müəllifinin fikrincə, ona Azərbaycan cəmiyyətində olan hörməti heç də tək sadalananlarla bağlamaq düzgün olmazdı: "Ona cəmiyyətdə hörmət qazandıran ən əsas səbəblərdən biri M. Əliyevanın yetim uşaqların məskunlaşdığı evlərə daim yardımlar etməsi və məktəblərə xüsusi diqqət ayırmasıdır. Birinci xanımın öz sözlərinə görə o, Azərbaycanda bütün internat məktəblərinə baş çəkəcək. Artıq 28 bu tipli ziyarət onun tərəfindən həyata keçirilib." M. Əliyevanın onun dəstəyi ilə görülən işlər barəsində söylədiyi fikirlərdən nümunə gətirən müəllif birinci xanımın ictimaiyyət arasında nüfuzunun artdığını bildirir.
Azad Əliyev
Həftə içi.- 2005.- 7 iyul.- № 126.- S. 2.