Mehriban xanım Əliyeva muğamımızı dünyaya tanıtdı
Kanadada 26 avqust tarixi Beynəlxalq Azərbaycan Muğamı Günü kimi qeyd olunacaq
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən və bütün sahələri əhatə edən layihələr ölkə insanının sosial-rifah halının yaxşılaşdırılması ilə yanaşı, mədəniyyətimizin, musiqimizin və tariximizin dünyada təbliğinə də önəmli dəstək olur. Məhz bu layihələrin, həyata keçirilən islahatların uğurlu nəticəsidir ki, artıq Azərbaycan muğamı dünyanı fəth edir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın səyləri nəticəsində muğamımız nəinki YUNESKO-nun qeyri-maddi irs siyahısına salınıb, eyni zamanda, ayrı-ayrı xarici ölkələrdə Azərbaycanın muğam günləri keçirilir. Kanadada 26 avqust tarixinin Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü elan olunması da deyilənləri təsdiqləyir.
Hər il avqustun 26-da Niaqarada Azərbaycan muğamları səslənəcək
Məlumat üçün deyək ki, bununla bağlı qərar Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara Musiqi Festivalının rəhbərliyi tərəfindən qəbul olunub. Bu barədə AzərTAc-a festivalın Azərbaycan üzrə rəhbəri, Bakı Musiqi Akademiyasının dosenti Mikayıl Hacıyev məlumat verib. M. Hacıyev deyib ki, bundan sonra hər il avqustun 26-da Niaqarada Azərbaycan muğamları səslənəcək. Avqustun 24-də start götürən və 28-dək Torontoda və Niaqarada davam edəcək XII Beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycanın simfonik musiqisi və muğamı günləri keçiriləcək.
Əməkdar incəsənət xadimi, Niaqaranın fəxri beynəlxalq artisti İsmayıl Hacıyevin bədii rəhbəri olduğu Kanadanın “İpək Yolu” kamera orkestrinin və XII Niaqara musiqi festivalının bədii rəhbəri, Toronto Kral Konservatoriyasının professoru Atis Bankasın iştirakı ilə keçiriləcək Azərbaycan musiqisi günlərində Güllü Muradova (xanəndə), Sahibə Paşazadə (tar) və amerikalı Cefri Verbaxdan (kamança) ibarət muğam triosunun ifasında Azərbaycan muğamlarının bənzərsiz nümunələri səslənəcək. Konsertlər çərçivəsində “Qarabağ şikəstəsi”, “Cahargah”, “Heyratı” muğamları ilə yanaşı, Üzeyir Hacıbəylinin, Cövdət Hacıyevin, Qara Qarayevin, Müslüm Maqomayevin və digər klassiklərimizin əsərləri Kanadanın “İpək Yolu” kamera orkestrinin ifasında səsləndiriləcək.
Mikayıl Hacıyev beynəlxalq musiqi festivalı çərçivəsində keçiriləcək tədbirləri tarixi hadisə adlandıraraq, Kanadanın mədəni həyatında çox əlamətdar hadisə olacağına əminliyini söyləyib.
Muğam İpək Yolunun xəzinəsidir
Mikayıl Hacıyev onu da deyib ki, ümumiyyətlə, Kanada ilə ABŞ-ın sərhədində yerləşən Niaqarada, müxtəlif mədəniyyətlərin qovuşduğu və turistləri özünə ən çox cəlb edən bu bölgədə Azərbaycan son 5-6 ildə böyük nüfuz qazanıb. Hər il biz Azərbaycan musiqisindən ibarət konsert proqramı ilə çıxış edirik. Azərbaycan musiqisinin, incəsənətinin təbliği Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri sayəsində mümkün olub. Ötən il festival rəhbərliyinin keçirdiyi sorğuya əsasən Azərbaycan günləri çərçivəsində təşkil edilən konsertlər ən maraqlı hesab olunub. Onun sözlərinə görə, budəfəki tədbirlər Heydər Əliyev Fondu və Niaqara festivalının təşkilat komitəsi rəhbərliyinin, Azərbaycanın Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin, Azərbaycanın Kanadadakı səfirliyinin dəstəyi ilə təşkil olunacaq. Azərbaycan musiqisi və incəsənəti ilə bağlı tədbirlər “Ümumi sülh naminə mədəniyyətlərin dialoqu” beynəlxalq layihəsi çərçivəsində həyata keçiriləcək. Azərbaycan simfonik musiqisi və muğamı günləri ilə bağlı tədbirlərə Kanadanın yüksək səviyyəli hökumət və dövlət rəsmiləri, diplomatik korpusun nümayəndələri, mədəniyyət xadimləri dəvət olunublar. Kanadanın Ontario əyalətinin Baş naziri Dalton Makqinti artıq Azərbaycanın təşkilat komitəsinə təbrik məktubu göndərib.
Azərbaycan günlərinin təşkilində Torontonun Beynəlxalq Mədəni Dialoq İnstitutunun Türkiyə mədəniyyət mərkəzi də fəal rol oynayır.
Onu da qeyd etmək yerinə düşər ki, Heydər Əliyev Fondunun, onun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xalqımızın zəngin mədəni irsinin dünyada təbliği sahəsində işləri xaricdə də əks-səda doğurur və yüksək qiymətləndirilir. 2008-ci ildə Kanadadan gələn xəbər də Mehriban xanım Əliyevanın fəaliyyətinə dünya miqyasında böyük dəyər verildiyini bir daha təsdiq edib. Məlumat üçün deyək ki, Mehriban xanım Əliyeva Kanadada keçirilən X Beynəlxalq Niaqara Musiqi Festivalı çərçivəsində onun dəstəyi ilə gerçəkləşən “Şərq Qərbdə, Qərb Şərqdə-musiqi sülh uğrunda” muğam günləri layihəsinə görə münsiflər heyəti tərəfindən “Dünyanın Qızılgülü” mükafatına layiq görülüb.
Şimali Amerikanın mədəni həyatında əsl sensasiyaya səbəb olan bu tədbir tarixində ilk dəfə “Muğam İpək Yolunun xəzinəsidir” devizi altında reallaşıb. Niaqara festivalının direktoru, Toronto Kral Konservatoriyasının professoru Atis Bankas bildirib ki, məhz buna görə də, Azərbaycanın birinci xanımı Beynəlxalq musiqi festivalının yüksək mükafatına - dünyada sülh naminə mədəniyyətlərin və sivilizasiyaların yaxınlaşması və inteqrasiyası kimi ali missiyanı həyata keçirən İnsanın qədim simvolu olan “Dünyanın Qızılgülü” mükafatına layiq görülüb.
Dünya Azərbaycanın zəngin mədəni irsi ilə tanış olur
Xatırladaq ki, həmin vaxt Azərbaycan ifaçıları 60 ölkəni təmsil edən 70 musiqiçinin və musiqi kollektivinin iştirak etdiyi bu festivalda, demək olar, bütün Qran-pri mükafatlarını qazanmışdılar. Şərəf Cəlilinin görkəmli Azərbaycan şərqşünası Aida İmanquliyevanın həyat və yaradıcılığından söhbət açan kitabı da festivalın ən yüksək mükafatını almışdı.
Beynəlxalq Niaqara Musiqi Festivalının münsiflər heyətinin bədii rəhbəri, Toronto Kral Konservatoriyasının professoru Atis Bankas həmin vaxt Mehriban xanım Əliyevaya ünvanladığı məktubda yazırdı: “Siz həyata keçirdiyiniz layihələrinizlə Şərq-Qərb dəyərlərinin sintezinə böyük töhfələr verməklə mühüm missiyanı yerinə yetirirsiniz. Heydər Əliyev Fondunun rəhbəri kimi Sizin fəaliyyətinizə görə, dünya Azərbaycanın zəngin mədəni irsi ilə tanış olur və həyata keçirdiyiniz layihələrin nəticəsində, ölkənizin mədəniyyətinin nadir maddi və mənəvi nümunələri dünyaya yayılır. Bu baxımdan, Beynəlxalq Niaqara Musiqi Festivalının rəhbərliyi “Şərq Qərbdə, Qərb Şərqdə-musiqi sülh uğrunda” layihəsinə əsasən qərara alıb ki, bu festivalda “Muğam İpək Yolunun xəzinəsidir” devizi ilə hər il muğam günləri keçirilsin”.
2009-cu ildə isə muğamın beynəlxalq aləmdəki təbliğinə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “XXI əsrin böyük qadını” fəxri tituluna layiq görülmək üçün nominant göstərilib. Beynəlxalq Niaqara Musiqi Festivalının bədii rəhbəri, Toronto Kral Konservatoriyasının professoru Atis Bankas, Moskva Konservatoriyasının professoru, Niaqara Musiqi Festivalının “İpək Yolu” komitəsinin həmsədri Nina Koqan, “İpək Yolu” kamera orkestrinin baş dirijoru və “İpək Yolu” komitəsinin sədri, həmvətənimiz İsmayıl Hacıyev və Beynəlxalq Niaqara Festivalının baş meneceri Virciniya Meynprays bu təkliflə Amerika Bioqrafiya İnstitutunun prezidenti Evansa müraciət ediblər. Müraciətin müəllifləri öz təkliflərini əsaslandırmaq üçün Mehriban xanımın öz ölkəsinin mədəni sərvətlərinin inkişafına, Şərq və Qərb mədəniyyətlərinin yaxınlaşmasına yönəlmiş, mənəvi yaradıcı inteqrasiyaya kömək edən geniş fəaliyyətini vurğulayıblar. Müraciətdə deyilir ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Niaqarada Azərbaycan Muğamı Günləri keçirilməsi, Niaqara Festivalının təşkilati strukturu çərçivəsində “İpək Yolu” komitəsinin yaradılması Şimali Amerikanın mədəni həyatında əlamətdar hadisəyə çevrilib.
Bir sözlə, millət vəkili Qənirə Paşayevanın da Türkiyənin tanınmış və nüfuzlu jurnallarından olan “First Business”in avqust nömrəsindəki məqaləsində qeyd etdiyi kimi, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Niaqarada Azərbaycan Muğamı Günlərinin keçirilməsi, Beynəlxalq Niaqara Musiqi Festivalının təşkilati strukturu çərçivəsində “İpək Yolu” komitəsinin yaradılması Şimali Amerikanın mədəni həyatında əlamətdar hadisəyə çevrilib.
Əməli fəaliyyət öz bəhrəsini verməkdədir
Lakin bu, Azərbaycan muğamının təbliği istiqamətində atılan yeganə addım deyil. Belə ki, YUNESKO-nun xoşməramlı səfiri kimi Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə sözügedən beynəlxalq qurumun qərargahında Azərbaycanın böyük şəxsiyyətlərinin yubileyləri qeyd olunur, ölkəmizin mədəniyyətini təbliğ edən çoxlu sayda tədbirlər keçirilir. Eyni zamanda, Azərbaycanın birinci xanımının təşəbbüsü ilə 2005-2007-ci illərdə respublikada muğam müsabiqələri, 2009-cu ildə Azərbaycanda dünyanın müxtəlif bölgələrindən gələn muğam ifaçılarının iştirakı ilə Beynəlxalq Muğam Müsabiqəsi keçirilib. Muğamın daha geniş təbliği nəticəsində dünya bu böyük musiqi ilə daha yaxından tanış olmaq imkanı qazanıb.
Fondun milli-mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti olan Muğam Mərkəzinin inşasıdır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə belə bir mədəniyyət ocağının tikilməsi, muğamın daha da inkişaf etdirilməsi və təbliğində əhəmiyyətli rol oynayıb. Prezident İlham Əliyevin Sərəncamı əsasında inşa olunan Beynəlxalq Muğam Mərkəzi xalqımızın qədim mədəni irsinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğama möhtəşəm abidənin ucaldılması istiqamətində ciddi addım oldu.
Heydər Əliyev Fondunun həyata keçirdiyi “Azərbaycan muğamları” layihəsi çərçivəsində 24 virtuoz muğam ustadının ifaları toplanmış “Qarabağ xanəndələri” musiqi albomu isə muğamın dünyada tanıdılması istiqamətində xüsusi əhəmiyyət kəsb edir. Fond tərəfindən hazırlanan “Muğam ensiklopediyası” qədim musiqi irsimizin qorunması və inkişafı yolunda sanballı nəşr kimi dəyərləndirilir. Heydər Əliyev Fondunun muğamın qorunması və təbliği istiqamətindəki növbəti uğurlu layihələrindən biri də “Muğam aləmi” nəşridir. Məlumat üçün deyək ki, “Muğam aləmi” toplusu Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda keçirilmiş Beynəlxalq Muğam Festivalına həsr olunub. Toplu Azərbaycan, rus, ingilis dillərində kitab və Azərbaycan muğam operalarının, simfonik muğamların, klassik Azərbaycan muğamlarının, tanınmış xarici musiqiçilərin çıxışlarının və etnocaz nümunələrinin toplandığı 33 DVD-dən ibarətdir.
Nəhayət, qeyd etdiyimiz kimi, Azərbaycanın qədim musiqisi olan əsrarəngiz muğam YUNESKO-nun qeyri-maddi irs siyahısına salınıb. Həm bu, həm də yuxarıda bəhs etdiyimiz məqamlar isə Mehriban xanım Əliyevanın muğamın yaşadılması ilə bağlı həyata keçirdiyi layihələrin öz bəhrəsini verdiyini bir daha təsdiqləyir.
Nadir Azəri
Yeni Azərbaycan.- 2010.- 26 avqust.- №155.- S. 3.