Çap etmək   ⁞     ⁞   Azərbaycan Mədəniyyətinin Dostları Fondu

Milli Geyimlər Sərgisi


Bu günlər Azərbaycan Tarixi Muzeyinin Şərq salonunda «Azərbaycan milli qadın geyimləri» sərgisi açılıb. Açılışda eyni zamanda «Milli geyim» müsabiqəsinin nəticəsi də elan olunub. Bu iki tədbir keçmişlə müasirliyin ünsiyyəti idi. Çünki müsabiqə məhz milli xüsusiyyətli geyim modelləri üzrə aparılmış və mükafatlar da ən yaxşı eskizlər üçün nəzərdə tutulmuşdur.

Qonaqları və müsabiqə qaliblərini salamlayan akademik Püstəxanım Əzizbəyova sərginin məqsədini, mahiyyətini açıqlayıb, bölgə geyimləri haqqında məlumat verdi. Bakı, Qazax, Şamaxı, Naxçıvan, Şəki, Gəncə, Şuşa xanımlarının geyim dəstləri fərqlənir, göz oxşayır, ruha rahatlıq gətirir, maraq doğurur. Arxalıq, eşmək, çəpkən, kürdü, ləbbadə, araxçın... Hər mövsümə uyğun geyimlər. Onların hər biri yüksək zövqdən xəbər verir. Sərginin diqqət çəkən cəhəti salonun baş tərəfində mötəbər yer tutmuş şəxsi kolleksiyalardır. Bu guşədə Xan qızı Natəvanın zərif əllərindən çıxmış tikmələr, naxışlı işləmələr yüksək zövq nümunəsidir.

Müasir dünyada geyim sənəti mötəbər mövqe tutur. Sivilizasiyaya əvəzsiz töhfələr vermiş bir xalq kimi bu gün də Azərbaycan geyim sənəti özünü dünyaya tanıtmalıdır. Kosmopolit təfəkkürdən uzaq, köklərinə bağlı sənətkarlar bu işin öhdəsindən gələ bilər. Keçirilən müsabiqə də bunu göstərir. Milli geyim modelləri müsabiqəsini təşkil edən Azərbaycan Mədəniyyətinin Dostları Fondu, Bakı geyim modelləri evi və «Adidas» firması onlarca modeldən yalnız üçünə pul mükafatı və digər həvəsləndirici hədiyyələr təqdim etdi.


Sevil Axundova

Ədəbiyyat qəzeti.- 1996.- 7 iyun.- № 22.- S. 3.