Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

“İtmiş nəslin” bərpasına uzanan əl

Psixoloji portret


Hər bir milləti onun qadını, anası tanıdır. Bəlkə elə bu həqiqətin uzun əsrlər öncədən dərkidir ki, türk qəhrəmanları həmişə xatunlarının təkcə nigaranlıq yox, həm də iftixar duyğulu baxışları altında qılınc çalıb, söz söyləyib. At kişnərtisi yerini xatunun nəsihətinə verəndə, türk kişisi qələbənin nə olduğunu dərk edib, xatunu onu ucaltdığı kimi, o da millətini ucaldıb. Tomrisdən bu tərəfə, Sara xatundan tutmuş Möminə xatuna qədər hər bir türk xatunu "halalı" adlandırdığının namusunu, "Vətəni" adlandırdığının mənafeyini qoruyub, onu ucalardan uca tutub. Qılınclar toqquşanda da ilk sözü söyləyən ərənin qarşısında son sözü xatun deyib, həm də elə uca bir səslə ki, qılınc şaqqıltısı, at kişnərtisi belə bu sözü eşidilməz edə bilməyib. Türk xatununu qalxdığı o ucalıqdan endirməyə heç bir qüvvənin gücü yetməyib.

Zaman dəyişib, türk ailəsində xatunun yeri dəyişməyib. Döyüşlər yerini söz, siyasət meydanına verib, bu meydanda işinin dediyini təsdiqlətdirəcək qadın sözü qədər təsirli ikinci bir vasitə isə hələ tapılmayıb. Azərbaycan boyda çox kişilərin söz demək istədiyi bu meydanda öz sözünü deyəcək xatunlar da hələ var, Azərbaycanın varlığını qoruyub saxlamaq üçün onlara ehtiyacımız da...

Anadan qadın doğulmaq olar, xatun olmaq üçün isə təkcə dünyaya göz açmaq kifayət etməz. Bunun üçün öyünülə biləcək nəslə də, Tanrının bəxş etdiyi gözəlliyə də, sonradan qazanılan şəxsi keyfiyyətlərə də, halalı olduğuna sədaqət andına da gərək var. Sara xatunlarla tanınmış Azərbaycanın dünyanın bu çətin dönəmində onu layiqincə təmsil edəcək bir qadını var. Titulları çoxdur, onu insanlara nur bəxş edən həkim, əsrlərlə tarixi olan mədəniyyətimizə dostlar qazandıran ictimai xadim kimi də, 3 övlad anası kimi də, uşaq evlərinə ilk ayaq açan prezident xanımı kimi də, məmurların illərlə ayaq basmadığı bir kəndə gedib yarımçıq qalmış məktəb tikintisi ilə maraqlanan himayədar və nəhayət, bütün dünyanın qəbul etdiyi "birinci ledi" kimi də təqdim etmək olar. Amma kimin hansına üstünlük verməsindən asılı olmayaraq o, bir xatundur, nəslin arxalanıb dərs gördüyü Heydər Əliyev məktəbinə sadiq qalan, halalına arxalanıb vətəninin hər guşəsində gördüyü gözəllikləri okeanın o tayından tutmuş uzaq Fransaya qədər hər yerdə layiqincə təmsil edib hamıda bu vətənə məhəbbət oyada bilən XATUN. Sənəddə isə o yəqin ki, sadəcə Mehriban Əliyevadır.

O Mehriban Əliyeva ki, uzun illərin ayrılığından sonra Təbrizə ayaq basan ilk "birinci ledi" kimi duyduğu iftixarı gözlərindən oxumaq o qədər də çətin deyildi. Təbriz boyda qədimlikdə müasir dünyanın çək-çevirindən baş çıxarmaq nə qədər çətin olsa da, təkcə 8 milyonluq Azərbaycanın yox, həm də 50 milyonluq Azərbaycan türkünün birinci xanımı olmağın məsuliyyətini, sevincini, iftixarını üzündən oxumaq üçün arif insanlara bircə baxış da yetərdi. Vüqar həmişə türk xatununun bəzəyi olub, qara çadra altında da, son dəbli geyimdə də bu vüqarını qoruyub saxlaya bilən qadın əsl xatundur. Bəlkə Mehriban Əliyeva Təbriz boyda bir ayrılıq dərdini içində bu vüqarı qoruyub saxlamağa qadir olduğu üçündür ki, hələ də dünyaya qara çadra altında baxmağa məcbur edilən milyonlarla Azərbaycan qadını ümid dolu gələcəyə açılan sabahında yanında onu görmək istəyir.

Qadın kimi fərqli gözəlliyə malikdir, dünyanın harasında olmasından asılı olmayaraq hamını özünə, rəftarına, vüqarına, mətinliyinə valeh edə bilər. Gözəllər məskəni Fransada hamını heyrətdə saxlamağa da bacarır, Avropa ilə Asiyanın birləşdiyi məkana-Türkiyədə "bəyaz libaslı kraliça" titulunu da qazanır, vətəni Azərbaycanın illərdir ki, məmur ayağı dəyməyən ucqar bir kəndində bir ananın "boyuna qurban" deyimini ana laylası kimi ruhuna da çəkir. İndi bütün dünyanın ayaqlaşdığı "elitar" adlandırılan (bizlərdə buna sadəcə əsl-nəcabət deyirlər) aləmə mənsubluğunu rəftarının hər nümunəsi ilə bəlkə də bilməyərəkdən büruzə verir. Danışığında, yerişində vüqarlı olduğu qədər səmimi, dinləməyi bacaran, danışmaqdansa iş görmək kimi sadə bir həqiqətin arxasınca gedən, humanist olduğu qədər də qətiyyətli, kişilərin belə acizliyini etiraf etdiyi bir məqamda Azərbaycanın özü qədər qədim mədəniyyətini qorumaq üçün kiçik fürsətləri belə böyük imkanlara çevirən, YUNESKO-nun 22 sülhməramlı səfirindən biri, vətənini tanıtmaq üçün "birinci ledi"lərdən çoxuna örnək olası bir xanım. O, təkcə vətənin bir övladı olduğu üçün yox, həm də Heydər Əliyev ocağının yetirməsi kimi üzərinə düşən və düşməyən vəzifələrin öhdəsindən ata bildiyi bir insanın adına layiq gəlmək zorundadır. Bəlkə elə bu səbəbdəndir ki, Heydər Əliyev Fondunu özündən başqa kiməsə etibar etməyib, məktəb tikintisindən tutmuş uşaq evlərində tərbiyə alan çocuqlar üçün ailə mühitinin yaradılmasına qədər ən çətin işlərdə öz gücünü sınayıb. O, uşaq evlərinə baş çəkən ilk "birinci dedi" olub. İndiyə qədər yetkililərin qapısını açmadığı, dünyadan xəbərsiz böyüyən, "ana" adlı o varlıq barədə ancaq kitablarından oxuyan, bəlkə də "itirilmiş nəsil" adlandırıla biləcək qədər məhrumiyyətlərlə doğulan və elə bu məhrumiyyətlərlə də ömrünü başa vurmalı olan bu çocuqları qucağına götürən zaman gözünün qarşısına övladlarını gətirdiyini də üzündən anlamaq çətin deyil. O, təkcə bütün ölkə üçün "birinci" deyildi, ana qoxusuna tamarzı qalan bu uşaqlar üçün də birinci anaydı. Belə olmasaydı, köksünə qısılıb ona uzadılan şirniyyat payını almaqdansa daha bir neçə dəqiqə onun iyini almağı belə çox arzulamazdı o kiçicik qızcığaz. O qızcığaz bəlkə də, həyatında ilk dəfə idi ki, kitablardan oxuduğu "ana"nı gözünün qarşısında, analı olmağın xoşbəxtliyini əl uzadıb tutacaq qədər yaxında görürdü. "Ana"nın nə necə gözəl olduğunu bəlkə də, ilk dəfə bu qədər yaxından duyurdu və elə buna görəydi ki, buraxmaq istəmirdi. 0 balaca qızcığaz ardan biləydi ki, qucağına qısılıb rahatca oturduğu bu qadını dünyanın hər yerində "birinci dedi" adlandırırlar? Haradan biləydi ki, onun kimi anaya möhtac qalanlar çoxdur, "ana" isə birnəfərdir, məhəbbəti hamıya yetəcək qədər olarsa belə, onu paylamaq üçün zamanı yetməz. Bunları "ev" əvəzində "körpələr evi" adlandırılan o məkanda böyüyən uşaq illər sonra başa düşəcək... özü ana olanda. Hələlik isə 3 övladın anası yüzlərin anası olmaq kimi bir çətinliyin də öhdəsindən gəlmək çətinliyinin altına verib zərif çiyinlərini. Bunu ondan insanlıq, vəzifə və analıq borcu tələb edir. "Birinci ledi" həm də buna görə birincidir...

Siyasətə atılmaq üçün də gecikməyib, bəlkə də, əsl vaxtıdır. Yeni nəfəsə ehtiyac olduğu bir zamanı qiymətləndirmək onu həyata keçirmək qədər çətindir. Bunu anlamamış deyil, belə olmasaydı, İlham Əliyev rusiyalı müxbirin bircə özünə məlum olan səbəblərdən verdiyi suallara "qərarı o qəbul edib, məsuliyyətini də yaxşı anlayır" cavabını verməzdi. Millət vəkili olmaq üçün ona deputatlıq statusu lazım deyil, bu statussuz da millətə vəkillik etmək olar. Təki istəyəsən, özündə bu gücü hiss edib onu başqaları üçün sərf etməyi bacarasan. Zamanı zamanında qiymətləndirdiyindəndir ki, bir ildə 132 məktəbin tikintisi kimi məsuliyyətin öhdəsindən bacarıqla gəldi. Bu, təkcə humanistlik, təhsilə verilən önəm nişanəsi deyil, həm də vətənin keçmişinə bəslənilən rəğbətin, bu gününə bəslənilən inamın, gələcəyinə bəslənilən ümidin işartısıdır. Rəqiblərinin ən böyük iradı millət vəkili seçiləcəyi təqdirdə, sadə insanların onu tez-tez görə bilməyəcəyindən idi. Amma bu, heç mandat almadan belə millət vəkillərinin əksəriyyətinin birlikdə görə bildiyindən və ya görmək istədiyindən çox iş görən bir xanım haqqında o qədər cılız səslənirdi ki... Bir xanım kimi onda kifayət qədər qətiyyət də var, idarətemə bacarığı da. Ən azından bunu ona irad tutmaq olmaz. Çox danışmağı sevmir, bunu da hiss etmək çətin deyil. Rəsmi və qeyri-rəsmi mərasimlərdə təkcə gözəlliyi, şux qaməti, zövqlə seçilmiş libasları ilə diqqəti cəlb etmir, həm də söz demək üçün münasib zamanın tapılması kimi uğurlu seçimləri ilə bir çoxlarını kölgədə qoyur. Sadəliyi ona siyasi xadim kimi gələcəkdə daha böyük uğurlar qazandıra bilər, eyni zamanda bəzi hallarda bu sadəliyi kölgədə qoyacaq qətiyyəti də var. İstəklərini imkanlarına uyğun hesablayır. İstəklərin də, imkanların da düz mütənasiblik təşkil etməsi uğurlarının başlanğıcı kimi qiymətləndirilə bilər, deməyə gəlməz, Heydər Əliyev Fondunun rəhbəri kimi, millət vəkili kimi əlində geniş imkanları var. Amma imkanı olub istəyi olmayanların az olmadığı bir zamanda onun əməksevərliyini qiymətləndirməmək olmur...

Mehriban Əliyeva bir də ona görə XATUN adlandırılmağa layiqdir ki, əsl türk xanımı kimi uzun əsrlərin uzaqlığından hu günümüzə gəlib çatan xatunluq keyfiyyətlərini əxz edib yaşamaq qabiliyyətinə malikdir. O, təkcə "birinci ledi" deyil, prezidentin bəlkə də, ən yaxın köməkçisidir. Hər zaman onun yanındadır, təkcə uzaq-uzaq ölkələrdə yox, həm də yaxınlığına baxmayaraq çoxları üçün əlçatmaz görünən bölgələrdə də onunla çiyin-çiyinədir. Bizlər kişini xanımı ilə qiymətləndirməyi bacarırıq, bu da xalqını yaxşı tanımağın bir sübutu. "Prezidentin ən böyük dəstəyi" imicini də heç bir şeyi gözdən qaçırmayan xalq buna görə ona qazandırıb. Türk xatunu döyüşdə də halalı ilə birlikdə olub, qəbir evində də. Qandan gəldiyindəndir yəqin, müsəlman ölkəsinin "birinci ledisi" kimi müasirlikləri ilə öyünən Avropaya uzun illər xatırlanacaq dərs verməyi bacarıb. İzdiham içərisində əlini bərk-bərk tutan halalına təkcə prezident kimi yox, həm də həyat, ömür-gün yoldaşı kimi qayğısına görə baxışları ilə təşəkkür edəndə də nə xatunluğunu unutmuşdu, nə mentalitet adlandırılan o məfhumu, nə də ANA olduğunu. Gözü ətrafında övladlarını gəzirdi...


"El" analitik qrupu

Olaylar.- 2006.- 14 fevral.- № 26.- S. 3.