Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərin qorunmasını fəaliyyətinin prioritet istiqamətinə çevirib
Heydər Əliyev Fondunun “Hərəmiz bir ağac əkək” təşəbbüsü ilə çıxış etməsi məndə gözəl hisslər oyatdı. Bir yandan fikirləşdim ki, çoxdandır cəmiyyət bu cür humanist təşəbbüslərin sorağında idi və yazın gəlişi ilə sanki yeni təşəbbüslərin də tumurcuqlayıb açması ictimai mahiyyət daşımaqla bərabər, həm də təbii bir hadisədir: Yaz ağzı ağac əkmək ən savab işdir! Digər tərəfdən də Heydər Əliyev Fondunun fəaliyyətə başladığı vaxtdan həyata keçirdiyi tədbirləri xatırladım və bu qənaətə gəldim ki, hələ bundan sonra neçə belə ümumxalq əhəmiyyətli layihələr, proqramlar reallaşdırılacaq.
Son 15 ildə ümummilli liderimiz Heydər Əliyevin titanik fəaliyyəti sayəsində vətənimizdə yaranmış ictimai-siyasi sabitlik, bu sabitliyin Heydər Əliyev işinin layiqli davamçısı cənab İlham Əliyev tərəfindən möhkəmləndirilməsi bir vaxtlar cəmiyyəti narahat edən problemlərin çözülməsinə şərait yaradıb. Xüsusilə respublikamızda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət bir çox məsələlərin yubadılmadan həlli üçün əsas olub. Təki həmin təşəbbüslər xoşməramlı olsun, xalqın ürəyindən xəbər versin. Onda cəmiyyət özü könüllü şəkildə, heç bir inzibati göstəriş olmadan həmin təşəbbüslərə qoşulur, onun arxasınca gedir.
Mən Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Hərəmiz bir ağac əkək” təşəbbüsü ilə gün ərzində görülən işləri mətbuatdan izlədim, ekrandan seyr etdim və məni qəribə bir rahatlıq bürüdü. İnsanlar yüz minlərlə ağac əkmişdilər. Çoxdandı ki, Azərbaycanda bu qədər ağac əkilmirdi. Xeyli vaxt idi ki, biz yalnız meşələrin qırılması, ağacların kəsilməsi kimi məlumatları oxuyub qanımızı qaraldırdıq. Ola bilsin, kimin üçünsə bu tədbir kampaniyaçılığın bir təzahürü kimi görünsün. Amma belə adamlarda mənəvi kasadlığın olması da istisna deyil. Axı, korazehinlik, gördüklərinə qara eynək arxasından baxmaq vərdişi həm də mənəvi kasadlığın nümunəsidir. Əslində həmin tədbir Azərbaycana, onun sabahına sevgidən, gələcək üçün narahatçılıqdan doğan bir təşəbbüsdür və bizim vətənə sevgimizin təzahürüdür. Biz bu il torpağa basdırdığımız tingləri şəxsi həyətlərimizdə, fərdi rahatlığımız üçün yox, hamı üçün, bütün Azərbaycan üçün əkdik. “Əkmək” sözünün arxasında sövq-təbii olaraq “toxum” sözü durur və bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə istər mənəvi və milli dəyərlər, istər sosial, istərsə də ekoloji sahədə əkilən toxumlar sürətlə böyüyür, cəmiyyətimiz üçün milli dəyərlər kompleksinə çevrilir. Həm də bu zaman hər şey ardıcıl surətdə, pillə-pillə, ağıllı şəkildə həyata keçirilir, təşəbbüslər təşəbbüs xatirinə irəli sürülmür, onun nəticələri ilə maraqlanılır, yekunlar təhlil edilir və cəmiyyət üçün, xalq üçün, Azərbaycan üçün bəhrəsi qiymətləndirilir.
Mən sənətlə, musiqi ilə bağlı olduğumdan həmin sahəyə göstərilən qayğı və diqqəti daha yaxından hiss edirəm və açığını deyim ki, bir vaxtlar məni sarmış bədbinlik bu gün öz yerini nikbin ruha, inam və ümidə verib. Heydər Əliyev Fondunun, onun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü işlər, bir an da dayanmadan göstərdiyi fəaliyyət bir tərəfdən xoş hisslər yaradırsa, digər tərəfdən də insanı düşündürür. Bu cür ümummilli maraqları təmin edən tədbirlərin həyata keçirilməsi üçün mən nə edə bilərəm? Hansı köməyi göstərmək imkanındayam? Və inanıram ki, indi cəmiyyətdə bu cür düşünən yüz minlərlə adam var. Elə Heydər Əliyev Fondunun cəmiyyətə verdiyi ən böyük töhfələrdən biri budur: insanlarda vətəndaşlıq ruhunu oyatmaq!
Təbii ki, Heydər Əliyev Fondunun çoxsaylı məqsədlərindən biri milli-mənəvi dəyərlərimizin qorunması və Azərbaycan mədəniyyətinin dünyada geniş təbliği ilə bağlıdır. Bir qədər əvvəldə qeyd etdiyim kimi, sənətlə, musiqi ilə bağlı olduğumdan, məsələnin bu hissəsi mənə daha yaxındır – ən azı ona görə ki, mən həmin sahədəki uğurları da, problemləri də bilirəm. Uğurlar öz yerində, onlar haqqında hamı danışa bilər. Amma sənətdəki problemləri bilmək üçün hökmən onun içərisində olmalısan. Çünki "obıvatel" düşüncəsi bir sıra sahələrdə keçəri olsa da, sənətdə keçmir. Sənətlə bağlı problemlər xarakterikdir. Burada hamının istəyini, sevgisini qazanmaq olmur – ən azı ona görə ki, zövqlər müxtəlifdir. Ona görə də bu sahəylə bağlı problemlərin də xüsusiyyətləri başqadır. Burada inzibati metodlar işə keçmir. Əsas məsələ korlanmış zövqləri “bərpa” edib, onu milli maraqlar çərçivəsinə salmaqdır. Çünki söhbət milli-mənəvi dəyərlərdən gedir və dəyişən, qloballaşan, inteqrasiya olunan dünyamızda milli-mənəvi dəyərləri və mental yaddaşı qorumaq çox çətindir. Bax, Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlərin miqyası məhz bu cəhətdən geniş və hərtərəflidir. Səs tezlikləri kimi biri-birinə qarışmış müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisində Azərbaycanın mənəvi və mədəni mənzərəsini canlandırmaq çox çətindir. Çətindir, lakin şərəflidir. Heydər Əliyev Fondu məhz buna nail olub və ona görə də fondun keçdiyi yol şərəfli yoldur.
Musiqi ilə, Azərbaycan mədəniyyəti ilə maraqlananların, özünü bu sahənin fədailəri hesab edənlərin yaddaşına gələr. Bir vaxtlar Azərbaycan muğamlarının nəinki gələcəyi, hətta mövcudluğu ilə bağlı narahatlıqlar tədricən gündəmin əsas mövzusuna çevrilirdi. Böyük siyasi kataklizmlər dövrünü yaşayan Azərbaycan xalqı sanki bir boşluğa düşmüşdü və milli-mənəvi dəyərlər unudulmaqda idi. Yenilərin meydana gəlməsi, üzə çıxması, qurulması bir yana, mövcud olanlar da dağılmaq prosesini yaşayırdı. Muğam sənəti unudulmaqda, mental yaddaşımızın bir sıra dəyərləri aşınmaqda idi. Bax belə bir məqamda Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın təşəbbüsü ilə muğamlarımızı yaşatmaq, onun genetik yaddaşımızdakı kodlarını oyatmaq, təbliğ etmək kimi olduqca vacib bir işə başladı, Müsabiqələr elan etdi, festivallar keçirdi və həm də bu tədbirlər Bakı ilə məhdudlaşmadı, ölkəmizin bütün hüdudlarını əhatələdi. Xüsusilə, 2005-ci ildə Azərbaycan milli musiqisinin incilərindən olan muğamın inkişafı və təbliği ilə bağlı ciddi addımlar atıldı. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görkəmli muğam ustaları ilə birlikdə dəyirmi masalar keçirildi, Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması qərara alındı. Muğam ustaları ilə mütəmadi görüşlərin və məsləhətləşmələrin nəticəsi olaraq Beynəlxalq Muğam Mərkəzinin layihəsi tərtib edildi və Heydər Əliyev Fondunda onun təqdimatı keçirildi. Respublikamızın Prezidenti möhtərəm İlham Əliyevin, YUNESKO-nun baş direktoru cənab Koişiro Matsuuranın iştirakı ilə Dənizkənarı Milli Parkda Muğam Mərkəzinin təməli qoyuldu.
Heydər Əliyev Fondunun muğam sənətimizin inkişafı və qorunması istiqamətində həyata keçirdiyi tədbirlərdən biri “Azərbaycan muğamları” layihəsi çərçivəsində “Qarabağ xanəndələri” musiqi albomunun tərtib olunması və “Gülüstan” sarayında təqdimat mərasiminin keçirilməsidir. Albomda səs yazısı olan 24 sənətçinin ifasında səslənən muğam parçaları, bənzərsiz muğam ustalarından Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məhəmmədin, Məşədi Məhəmməd Fərzəliyevin, Məcid Behbudovun, Seyid Şuşinskinin, Xan Şuşinskinin, İslam Abdullayevin, Bülbülün, Zülfü Adıgözəlovun, Əbülfət Əliyevin, habelə müasir muğam ustalarının ifaları xalqımızın qədim və zəngin mədəniyyəti barədə əyani təsəvvür yaradır. Bu layihənin məhz Qarabağ xanəndələrinə həsr edilməsi xüsusi diqqət çəkir. Bu, həm xalqımızın Qarabağ ağrısını əks etdirir, həm də Azərbaycanın haqq səsini dünyaya çatdırır. Eyni zamanda hər bir azərbaycanlıya belə bir fikri aşılayır ki, belə nadir sənətkarlar yetirən, möcüzəli musiqinin beşiyi olan Qarabağ torpağı düşmən əlində qala bilməz. Bir faktı da vurğulamaq yerinə düşər ki, 2005-ci ilin martında YUNESKO-nun qərargahında xoşməramlı səfirlərin illik toplantısında təqdim olunmuş “Qarabağ xanəndələri” musiqi albomu iştirakçıların böyük diqqətinə səbəb olub. Mərasimdə belə bir fikir vurğulanıb ki, muğam artıq yalnız Azərbaycanın yox, bütün dünyanın mənəvi sərvətinə çevrilib. Hazırda Heydər Əliyev Fondunun təşəbbüsü ilə muğam ensiklopediyası hazırlanır. Mən bir musiqiçi kimi deyə bilərəm ki, həmin ensiklopediya bütövlükdə Azərbaycan xalqının tarixində mühüm hadisələrdən biri olacaq.
2005-ci il iyulun 10-u Azərbaycan mədəniyyət və musiqi tarixinin unudulmaz günlərindəndir. Məhz həmin gün Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyovun anadan olmasının 120 illiyinə həsr edilmiş və “Space” televiziyasının keçirdiyi ”Televiziya muğam müsabiqəsi – 2005”-in finalçılarının konserti oldu. Həmin telemüsabiqə barədə nə isə yazmağı artıq hesab edirəm. Çünki müsabiqənin gedişini bütün Azərbaycan xalqı izlədi və bəlkə də ilk dəfəydi ki, televizorların düyməsi məhz həmin müsabiqəni izləmək üçün bir kanalın üzərində dayanmışdı. Final konsertinin açılışı mərasimində Mehriban xanım Əliyevanın müsabiqə iştirakçılarına ünvanladığı müraciətindəki bir fikri mən aforizm kimi qəbul edərdim: muğam sənətinin gözəlliyi bir daha nümayiş olundu!
Bu günlərdə Heydər Əliyev Fondunun Azərbaycan Dövlət Televiziyası ilə birgə daha bir muğam müsabiqəsinin keçirəcəyi bərədə elanlarını eşitdikdə, bir daha əmin oldum ki, Heydər Əliyev Fondu artıq milli-mənəvi dəyərlərin qorunmasını öz fəaliyyətinin prioritet istiqamətinə çevirib. Bu cür fəaliyyət onun amalıdır və həmin yolda fonda, onun prezidenti Mehriban xanım Əliyevaya uğurlar diləmək və çoxminli musiqiçilər, mədəniyyətimizin cəfakeşləri adından minnətdarlıq etmək isə bizim vətəndaşlıq borcumuzdur.
Milli-mənəvi dəyərlər də ağac kimidi. Onlar hər bir ürəkdə əkilməli, qorunmalı, inkişaf etməli, ona qayğı göstərilməlidir. Əksi olarsa, biz bir millət, bir xalq olaraq sıradan çıxa bilərik. İndi dünyada Azərbaycan mədəniyyəti, Azərbaycan musiqisi anlayışı yalnız mütəxəssislər və tədqiqatçılar üçün bəlli deyil, yer üzünün yüzlərlə xalqı bu mədəniyyətin, musiqinin, incəsənətin vurğununa çevrilib.
Həsənağa Qurbanov,
Bakı Şəhər Mədəniyyət İdarəsinin rəisi, Əməkdar incəsənət xadimi
Xalq qəzeti.- 2007.- 11 aprel.- № 75.- S. 4.