Çap etmək   ⁞     ⁞   Millət vəkili

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakının Əzizbəyov rayonunun qəsəbələrində aparılan tikinti işləri ilə tanış olmuşdur


Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva seçkiqabağı görüşlərdə qaldırılan məsələlərin həlli, verdiyi vədlərin yerinə yetirilməsi vəziyyəti ilə tanış olmaq məqsədi ilə fevralın 8-də Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsində sakinlərlə görüşmüş, yeni tikilən obyektlərə baxmışdır.

Fondun prezidenti qəsəbədəki 10 nömrəli körpələr evi və uşaq bağçasında ötən il də iki dəfə olmuş, 1953-cü ildə inşa edilmiş ikimərtəbəli bu təlim-tərbiyə müəssisəsinin ciddi təmirə, əsaslı şəkildə yenidən qurulmasına zəruri ehtiyac olduğunu, bu işə lazımi kömək göstəriləcəyini bildirmişdi. Mütəxəssislərin rəyi ilə hazırlanmış layihə-smeta sənədlərində binanın memarlıq baxımından əhəmiyyətli olması, buna görə də əvvəlki zahiri görkəminin saxlanmasının vacibliyi də nəzərə alınmışdı. Ötən ilin sonlarından başlayaraq burada aparılan təmir-yenidənqurma işləri xeyli sürətlənmişdir. Binanın dam örtüyü dəyişdirilmiş, özüldə bərkitmə işləri aparılmışdır. Mehriban Əliyeva inşaatçılara tövsiyələrini söylədi, təmir işlərinin tezliklə tamamlanıb binanın yenidən uşaqların istifadəsinə verilməsinin zəruriliyini vurğuladı.

Uşaq bağçasının tərbiyəçiləri və buraya toplaşan valideynlər yararsız vəziyyətə düşmüş bu binaya ikinci ömür bəxş edən Mehriban xanıma minnətdarlıqlarını bildirdilər, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində Şüvəlanda xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı bir çox müəssisənin də əsaslı şəkildə bərpa olunaraq müasir tələblər səviyyəsində yenidən qurulmasını, lazımi avadanlıqla təmin edilməsini təmənnasız mərhəmət, insanpərvərlik, Vətənə, xalqa məhəbbət nümunəsi kimi qiymətləndirdilər. Parlamentdə onları təmsil edən Mehriban xanımın xeyirxahlığı, qayğısı ilə görülən işlərin minlərlə ailəyə sevinc gətirdiyini, təsəlli olduğunu söylədilər. Mehriban Əliyeva xoş sözlərə görə razılığını ifadə etdi, Heydər Əliyev Fondunun işləyib hazırladığı “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirdi. O dedi ki, ölkəmizin iqtisadi potensialı güclənir, büdcə gəlirləri artır, dövlət tərəfindən geniş sosial layihələr işlənib hazırlanır və ardıcıl surətdə həyata keçirilir. Ümummilli liderimizin adını daşıyan fond da bu işdə öz köməyini əsirgəmir. Ötən il respublikanın bölgələrində tam yararsız vəziyyətdə olan 132 məktəb üçün yeni binalar tikilmişdir. Bu il daha 100 məktəb binası tikiləcək ki, onların yarısı Bakıda olacaqdır. Həmin məktəblər müasir tələblərə cavab verən səviyyədə təzə avadanlıqla da təmin ediləcəkdir. Keçən ildən Heydər Əliyev Fondu kor və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair geniş bir layihənin də icrasına başlamışdır. Layihə Şüvəlan qəsəbəsindəki bu tipli məktəbləri də əhatə edəcəkdir. Qəsəbənin “Şimal” DRES-i yaşayış massivindəki 31 nömrəli xəstəxananın yenidən qurulması ilə tanışlıq tibb işçiləri və sakinlərlə görüşdən başladı.

Heydər Əliyev Fondunun hazırlayıb həyata keçirdiyi “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” və digər layihələrin cəmiyyətdə yüksək dəyərləndirildiyini vurğuladılar. Eyni zamanda, ötən parlament seçkilərində yekdilliklə səs verdikləri ölkənin birinci xanımının deputat kimi fəaliyyətindən qürur duyduqlarını söylədilər, seçkiqabağı vədləri yerinə yetirdiyinə, problemlərin həllinə ardıcıl diqqət, tələbkar münasibət göstərdiyinə görə razılıqlarını bildirdilər. Xəstəxananın yenidən qurulması təşəbbüsünə görə də minnətdarlıq etdilər.

Mehriban Əliyeva son vaxtlar respublikamızda səhiyyə sistemində köklü islahatların başlandığını, geniş layihələrin hazırlandığını, müasir tələblərə cavab verən yeni infrastrukturun yaradıldığını bildirdi. O dedi ki, Prezident İlham Əliyevin tapşırığı ilə Bakıətrafı qəsəbələrin sosial problemlərinin həlli üçün geniş dövlət proqramı hazırlanır. Onun həyata keçirilməsi Əzizbəyov rayonunda olan çatışmazlıqların da aradan qaldırılmasına imkan yaradacaqdır. Bu qəsəbədə lazımi tibb xidmətinin təşkili üçün imkan olmamasından təəssüfləndiyini söyləyən Mehriban xanım bildirdi ki, əslində, yenidən tikilən bu binada xeyli təzə şöbələr də açılacaq, müasir tibb avadanlığı alınıb quraşdırılacaq, xəstəxana ixtisaslı həkimlərlə tam komplektləşdiriləcəkdir. Hazırlanan dövlət proqramında burada diaqnostika mərkəzinin inşası da nəzərdə tutulur. Xəstəxana binasında aparılan yenidənqurma işləri ilə ətraflı tanış olan, keyfiyyətə xüsusi diqqət yetirilməsinin zəruriliyini vurğulayan Mehriban Əliyeva fondun əməkdaşlarına tez-tez buraya baş çəkməyi və işlərin gedişi barədə ona məlumat verməyi tapşırdı.

Nizami rayonundakı 1 nömrəli uşaq evinin Şüvəlandakı yay düşərgəsi Heydər Əliyev Fondunun hazırladığı “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramına müvafiq olaraq, əslində, tamamilə yenidən qurulur. Layihəçi və inşaatçılar Mehriban xanıma nəzərdə tutulan işlər barədə ətraflı məlumat verdilər. Bildirildi ki, burada ikimərtəbəli yataqxana, təlim-tədris korpusları, yeməkxana, mətbəx, duşxana, tibbi müayinə otağı və s. tikiləcək, ərazidə idman-sağlamlıq guşəsi, istirahət mərkəzi yaradılacaqdır. Təzə avadanlıq sifariş verilmiş, ərazidə yaşıllaşdırma işlərinə də başlanmışdır. Hazırda 45 nəfərin çalışdığı bu obyekt, nəzərdə tutulduğu kimi, mayın 10-dək istifadəyə veriləcəkdir. Mehriban Əliyeva yardımçı binaların köhnə şəkilləri və yeni layihə sənədləri ilə ətraflı tanış olduqdan sonra düşərgənin payız-qış mövsümündə də fəaliyyət göstərməsi təklifini verdi, bununla bağlı daha hansı işlərin görülməli olduğunu soruşdu. Fikir mübadiləsindən sonra bu kompleksdə digər zəruri tədbirlərin də görülməsinin, xüsusilə qazanxana-istilik sisteminin yenidən layihələndirilməsinin vacibliyi bildirildi. Fondun prezidenti bunun üçün qısa vaxtda müvafiq işlərin görülməsini tapşırdı.

İnşaatçıların qayğı və problemləri ilə də ətraflı maraqlanan ölkənin birinci xanımı onlara uğurlar arzuladı, ümummilli lider Heydər Əliyevin doğum gününə kimi kompleksin istifadəyə verilməsini təqdirəlayiq hesab etdiyini, açılış mərasimində iştirak edəcəyini bildirdi.



Xalq qəzeti.- 2006.- 9 fevral.- S. 3.