Avropa Gimnastika İttifaqı rəsmilərinin Bakıya səfəri basa çatıb
Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatına hazırlıq səviyyəsini yoxlamaq üçün paytaxtımıza gəlmiş Avropa Gimnastika İttifaqı (UEG) nümayəndə heyətinin səfəri başa çatıb.
Bu təşkilatın direktoru Manfred Kuxt və Texniki Komitəsinin prezidenti Hayde Bruneder Bakıda olduqları müddətdə Təşkilat Komitəsinin iclasında iştirak edib, Heydər Əliyev adına İdman-Konsert Kompleksinə baş çəkib, "Lider-TV"nin nümayəndələri ilə görüşüb və ümumilikdə, görülən işlərdən razı qalıblar. Məlum olub ki, Avropa çempionatını "Eurosport" kanalı da yayımlayacaq.
Qonaqlar yola düşməzdən əvvəl səfər barədə fikirlərini bildiriblər. Avropa Gimnastika İttifaqının direktoru Manfred Kuxt təşkilatı işlərdən razı qaldığını və qitə çempionatının uğurla keçəcəyini bildirib: "UEG yarışlara iki həftə qalmış arenanın Təşkilat Komitəsinə təhvil verilməsi barədə dövlət zəmanəti alıb. Bu, imkan verəcək ki, kompleks çempionatın açılış mərasiminə qədər tam yararlı vəziyyətə düşsün.
Düşünürəm ki, bu Avropa çempionatı, səviyyəsinə görə 2005-ci il dünya çempionatından daha yaxşı keçəcək. Axı ən güclü gimnastlar məhz Avropa çempionatında bir yerə toplaşırlar. Gələn il isə onları Pekin Olimpiadası gözləyir.
Hazırda Avropa çempionatlarında Rusiya və Ukrayna gimnastları lider hesab olunurlar. Digər ölkələrin nümayəndələri onlarla rəqabətə girməyə çətinlik çəkirlər. Ona görə də UEG bu idman növünü ayrı-ayrı ölkələrdə inkişaf etdirmək üçün xüsusi proqram hazırlayıb ki, bunun nəticəsində həmin ölkələrin təmsilçiləri liderlərlə real rəqabət apara bilsinlər. Bu mənada, hesab edirəm ki, Azərbaycanı nümunə göstərmək olar. Burada bədii gimnastikanın inkişafı geniş vüsət alıb.
Azərbaycan gimnastları, ən azı, yarışların finalına çıxmaq iddiasında ola bilərlər. Sizin idmançıların inkişafı göz qabağındadır, onlar səviyyələrini günbəgün artırırlar və ümidvaram ki, çempionatda özlərini ən yaxşı tərəfdən göstərəcəklər. Azərbaycanda idmana göstərilən dövlət qayğısı və Azərbaycan Gimnastika Federasiyasının yüksək təşkilatçılıq bacarığını nəzərə alaraq, əminliklə deyə bilərəm ki, 2007-ci il Avropa çempionatı yüksək səviyyədə keçəcək".
Avropa Gimnastika İttifaqı Texniki Komitəsinin prezidenti Hayde Bruneder də yarışa hazırlığın gedişindən razı qaldığını vurğulayıb. O, bu çempionatda bir sıra rekordların qeydə alınacağını bildirib: "Xalça sahibləri doğma divarlar arasında sürprizə imza ata bilərlər. Moskva və Tye turnirlərində bürünc medallar qazanmış Aliyə Qarayevanın və son illərdə Azərbaycan bədii gimnastikasının əldə etdiyi nailiyyətlər onu deməyə imkan verir ki, sizin idmançılar liderlərlə rəqabətə girmək iqtidarındadırlar.
Qeyd edim ki, bu çempionatdan bəzi rekordlar da gözləyirik. Məsələn, mən Avropa çempionatında 25 qrup komandasının iştirak etdiyini xatırlamıram!
Təşkilati işlərlə bağlı onu bildirmək istəyirəm ki, Avropa çempionatına hazırlıq yüksək sürətlə gedir və bu da sevindirici haldır. Təşkilat Komitəsinin iclasında gördüyüm anons çarxı məni heyrətə gətirdi. Yarışların yüksək səviyyədə keçəcəyi məndə zərrə qədər də olsun, şübhə doğurmur.
Bakıya qitənin ən güclü gimnastları gələcəklər. Bu, o deməkdir ki, biz gərgin mübarizənin şahidi olacağıq. Həm də bu çempionat Patrasda keçiriləcək lisenziya xarakterli dünya çempionatına hazırlıq mərhələsi kimi dəyərləndirilir.
Aprelin 26-da Texniki Komitənin kollektivi ilə yenidən Bakıya gələcəyəm. Mən komitənin altı üzvü ilə iclas keçirəcəyəm. İki gün sonra (aprelin 28-də) isə Avropa çempionatının püşkü atılacaq və fərdi gimnastların, eləcə də qrup komandalarının çıxışlarının ardıcıllığı müəyyənləşəcək.
Xatırladım ki, Bakıda fərdi yarışlarda 31 ölkənin təmsilçiləri mübarizə aparacaqlar. İştirakçı komandaların siyahısı isə iyunun 6-dan gec olmayaraq müəyyənləşəcək".
Olimpiya dünyası.- 2007.- 21-23 aprel.- № 27.- S. 3.