«Sədası bahardır Vətənimizin»
Aprelin 21-də Respublika sarayında xalq artistləri, dövlət mükafatı laureatları Fidan və Xuraman Qasımova bacılarının iştirakı ilə konsert olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev konserti dinləmək üçün saraya gəldi. Salona toplaşanlar dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Respublika Mədəniyyət Nazirliyinin və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşəbbüsü ilə «Sədası bahardır Vətənimizin» devizi altında keçirilən konsertin əvvəlində bədii rəhbər və baş dirijor, xalq artisti Rauf Abdullayevin idarəsi ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Motsartın «Fiqaronun toyu» operasından uvertüra səsləndi. Sonra xalq artistləri Fidan və Xuraman Qasımova bacıları dünyanın, о cümlədən Azərbaycanın görkəmli bəstəkarlarının klassik və yeni əsərlərini ifa etdilər.
Fasilə zamanı Azərbaycan Prezidenti Heydər Əliyev sarayın foyesini gəzdi, ədəbiyyat, elm, mədəniyyət, incəsənət xadimləri ilə, xarici qonaqlarla, səfirlərlə səmimiyyətlə görüşdü.
Konsertin ikinci hissəsində Qara Qarayevin «İldırımlı yollarla» baletindən adajio, gənc bəstəkarların yeni yazdıqları və ilk dəfə səslənən «Bahar duası», «Ulduzlar», «Azərbaycanım mənim» mahnıları, həmçinin klassik bəstəkarların əsərlərindən nümunələr yüksək peşəkarlıqla ifa olundu, musiqisevərlərin hərarətli alqışları ilə qarşılandı.
Müvəffəqiyyətlə keçən konsert başa çatdıqdan sonra Xuraman Qasımova öz adından və bütün ifaçılar adından Heydər Əliyevə dərin minnətdarlığını bildirərək dedi:
− Möhtərəm cənab Prezident, icazə verin Sizə öz təşəkkürümüzü bildirək ki, vaxt ayırıb bizim konsertimizə təşrif buyurdunuz. Hamınıza təşəkkür edirik ki, bizi belə dəstəkləyir, alqışlayırsınız. Çox xoşbəxtik və sevinirik ki, hörmətli Prezidentimiz öz gəlişi ilə bu konsertə xüsusi yaraşıq verdi. Biz sizin hamınıza bütün kollektivin adından «çox sağ olun» deyirik.
Əlbəttə, biz hamımız çox həyəcanlıyıq. Azərbaycan Mədəniyyətinin Dostları Fonduna, onun sədri, daxilən də, zahirən də çox gözəl insan olan Mehriban xanıma mədəniyyətimizə göstərdiyi qayğıya görə təşəkkür edirik. Mədəniyyət Nazirliyinə, konsertimizin baş tutmasına kömək edən bütün insanlara dərin minnətdarlığımızı bildiririk. Çox sağ olun.
* * *
Prezident Heydər Əliyev konsertdən sonra xalq artistləri Fidan və Xuraman Qasımova bacıları, Rauf Abdullayev ilə görüşdü, onları uğurlu çıxışları münasibətilə təbrik edərək dedi:
− Həmişəki kimi, çox yaxşı oxudunuz. Yadınızdadırmı, mən söz vermişdim gələcəyəm və gəldim.
Fidan Qasımova: − Çox sağ olun. Hər zaman olduğu kimi, Siz sözünüzün üstündə durursunuz, bizə qayğı göstərirsiniz, dəstək verirsiniz. Cənab Prezident, proqramımız xoşunuza gəldimi?
Heydər Əliyev: − Yaxşı oxudunuz, çox yaxşı, xoşuma gəldi.
Xuraman Qasımova: − Sizi yormadiq ki?
Heydər Əliyev: − Yox. Bu gün mənim doğrudan da çox ağır günüm idi. Mən saat 2-dən buraya gələnə qədər ağır bir müşavirə keçirirdim. Həddindən artıq yorulmuşdum və oradan çıxıb buraya gəlmişəm. Orkestr də çox xoşuma gəldi. Orkestr xeyli irəliləyibdir.
Fidan Qasımova: − Möhtərəm Prezident, Siz gələndə daim qayğı göstərirsiniz.
Heydər Əliyev: − Bir mən gələndə yox, indi də bu orkestrin səviyyəsi qalxıbdır. Bu, çox gözəldir.
Mədəniyyət naziri Polad Bülbüloğlu: − Cənab Prezident, Siz kömək etdiniz, maaşları qaldırdınız, musiqi alətləri aldınız. Ona görə də səviyyəsi qalxıbdır.
Heydər Əliyev: − Elədir, indi orkestr çox gözəl bir simfonik orkestrdir.
Rauf Abdullayev: − Çox sağ olun, cənab Prezident, Sizə minnətdarıq.
Prezident Heydər Əliyev incəsənət ustaları ilə xatirə şəkli çəkdirdi.
Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, sədrin müavini Yaşar Əliyev, Prezidentin İcra Aparatının şöbə müdiri Fatma Abdullazadə, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev və ailə üzvləri, xarici ölkələrin səfırləri və digər rəsmi şəxslər də konsertdə olmuşlar.
Azərbaycan.- 2000.- 22 aprel.- № 89.-S. 1.